Yaddaşın idarə edilməsi. Kompüterdə çoxlu proqram işlədikdə, hansı proqramın operativ yaddaşın harasında
yerləşdiyini izləmək çox vacibdir. Bu, ƏS-in yaddaşın idarə edilməsi funksiyası adlanır.
ƏS yaddaşın boş hissəsini dolu hissəsindən ayırmağı bacarır. Yeni proqram işə
buraxılarkən ƏS yaddaşı idarə edən utilitdən boş sahə olub-olmadığını öyrənir və bu
proqram üçün lazım olan yaddaş sahəsini ayırmağı tələb edir. Utilit yaddaşda boş sahə
axtarır, tapan kimi tələb olunan ölçüdə yer olub-olmadığını araşdırır, varsa, yer ayırır.
Bəzən işləyən proqram ƏS-dən əlavə yaddaş sahəsi tələb edir ki, dinamik verilənlər
deyilən aralıq nəticələri yerləşdirsin. Bu iş də yaddaşı idarə edən utilitin vəzifəsidir.
Dinamik verilənlərə ehtiyac qalmadıqda onlar silinir. Yaddaşı idarə edən utilit həmçinin
tutulmuş sahəni başqa proqramlardan qoruyur. Yaxşı məlum olan Əs-lərin hamısında
operativ yaddaşın məntiqi modelindən istifadə edilir ki, buna da virtual yaddaş deyilir.
Virtual yaddaş – ƏS-in istifadəçilər və proqramlar üçün yaratdığı ideal kompüterin
yaddaşıdır. Virtual yaddaş vinçesterdə yaradılır. Yəni, bu və ya digər proqrama operativ
yaddaşda yer çatmadıqda vinçesterin müəyyən hissəsi virtual yaddaş adı ilə müvəqqəti
istifadəyə cəlb edilir. Cəlbetmə işi xüsusi keş yaddaşda həyata keçirilir.