2.2.3.2 Bilikdəki qeyri-müəyyənliyin azalması. İnformasiyaya qeyri-müəyyənliyin
antipodu kimi baxılması onu kəmiyyətcə ölçməyə imkan vermişdir ki, bu da həm
kibernetika, həm də informatika üçün olduqca vacibdir.
Hadisədən əvvəl mümkün halların ehtimalları tərəddüd mənbəyi kimi çıxış edir.
Hadisə baş verdikdən sonra tərəddüd yox olur. Məsələn, göyə atılan metal pulun hansı
üzünə düşəcəyini söyləmək nə qədər çətindirsə, pul yerə düşdükdən sonra bir o qədər
asandır. Bu halda əldə edilən informasiya qeyri-müəyyənlik yaradan 2 halı azaldıb 1 hala
çevirir. Oyun zərində bu, 6 halın 1 hala çevrilməsidir. Yəni, 2 üzlü pula nəzərən, 6 üzlü zər
3 dəfə artıq informasiya verir.