İşığın təbiəti haqqında təsəvvürlərin inkişafı
İşıq — insanların görə biləcəyi elektromaqnit şüalanmadır.
İşiq 1 saniyədə 300 000 km qət edir.Tam olaraq 299,792,458 m/s'dir. (Daha ətraflı:İşıq sürəti)
Bu şüalanma təxminən 380-780 nanometr dalğa uzunluğuna və yaxud 789-385 THs arasında yerləşən tezliyə uyğun gəlir. Ancaq dəqiq sərhəddini təyin etmək çətinlik yaradır. Çünki, insan gözünün həssaslığı işığın sərhədində tədricən azalandır.
Fizikada işıq həm də bütün elektromaqnit dalğaları əhatə edir.
C.Maksvelin elektromaqnit nəzəriyyəsi (XIX əsrin 60-cı illərində irəli sürülmüşdür) elektrik və maqnit hadisələrinin əsas qanunlarının ümumiləşdirilməsi kimi zamanında mövcud olmuş eksperimentlərin nəticələrini izah etməklə yanaşı, yeni hadisələri də öncədən xəbər vermişdir. (Məsələn, elektromaqnit dalğalarının məkanda sonlu sürətlə yayılan, dəyişkən elektromaqnit sahəsinin varlığını öncədən söyləmişdir. Sonradan sübut olundu ki, vakumda sərbəst elektromaqnit sahəsinin yayılma sürəti işıq sürətinə bərabərdir).
İşığın elektromaqnit nəzəriyyəsinə görə işıq elektromaqnit dalğalarından ibarətdir. Elektromaqnit dalğalarını ilk dəfə alman fiziki Hers (1857-1891) aşkar etdi. O elektromaqnit dalğalarının Maksvel nəzəriyyəsi ilə tam izah olunduğunu təcrübi olaraq sübut etdi, əsaslandırdı, 1895-ci ildə rus fiziki və elektrotexniki A.S.Papov elektromaqnit dalğalarının praktikada tətbiqinə nail olaraq dünyada ilk dəfə hers vibratorundan dalğa qaynağı kimi istifadə edərək, radioqəbuledici cihaz hazırladı.
İşığın dalğa xassəsi
İşığın təbiətini aydınlaşdırmaq üçün çox əsrlər keçmiş və bu dövrlərdə müxtəlif fərziyyələr bir-birini əvəz etmişdir. Görləmlik Azərbaycan filosofları Ə.Bəhmənyar və N.Tusi işığın təbiəti haqqında fikir söyləmiş, onun zərrəcik və dalğa xassəsinə malik olduğunu bildirmişlər. İşığın təbiəti haqqında təsəvvürlər XVII əsrin sonunda inkişaf etdirildi. Müəyyən edildi ki, işıq yayılarkən enerji daşıyır. Enerjinin daşınması isə dalğa və ya zərrəciklərin hərəkətilə baş verir. Buna müvafiq olaraq işığın təbiəti haqqında 2 fərziyyə yarandı: Korpuskulyar (zərrəcik) və dalğa.
Korpuskulyar nəzəriyyəyə görə işıq xüsusi zərrəcik – korpuskul selindən ibarətdir. Bu fərziyyənin banisi İ.Nyuton olmuşdur. Bu nəzəriyyəyə görə işıq mənbədən buraxılan və böyük sürətlə həhəkət edən zərrəcik selidir.
Nyutonun nəzəriyyəsi ilə təxminən eyni vaxtda X.Hüygens dalğa nəzəriyyəsinin əsasını qoydu. Bu nəzəriyyəyə görə işıq mənbə tərəfindən yaradılan və efir adlanan xüsusi mühitdə yayılan dalğalardır. O, işıq hissəciklərinin varlığını inkar etmirdi. Hesab edirdi ki, işıq hissəcikləri işıq saçan cismdən şüalanmır, ətrafa səpələnmir, ancaq bütün məkanı doldurur. O, işığın yayılmasını hissəciklər arasında qarşılıqlı təsirin ardıcıl ötürülməsi kimi təsvir edir. İşığın dalğa xassəsi işığın interferensiyası və difraksiyası hadisələrində daha əyani təzahür edir.
Hər iki fərziyyə o vaxt işığın xassələrinə dair bir sıra məsələləri izah etdi. 18-ci əsrdə Nyutonun böyük nüfuzunun təsiri ilə Hyügensin dalğa nəzəriyyəsi təqribən bir əsr unuduldu. Lakin vəziyyət XIX əsrdə dəyişdi. XIX əsrin əvvəllərində T.Yunq və O.Frenel elə işıq hadisələrini (interferensiya, difraksiya və s.) müəyyən etdilər ki, onları yalnız dalğa nəzəriyyəsinin köməyi ilə izah etmək mümkün oldu.
Müasir təsəvvürlərə görə işıq elektromaqnit xassəli olub, eyni zamanda dalğa və zərrəcik xassələrinə malikdir. Bu xassələr bir-birini inkar etmir, əksinə, tamamlayır. Müəyyən hadisələrdə işıq özünü dalğa, digər hadisələrdə isə, zərrəcik seli kimi aparır. İşıq haqqında müasir nəzəriyyədə dalğa və zərrəcik təsəvvürləri vəhdətdədir.