2. Əməli fəlsəfə, yaxud əxlaq və hüquq fəlsəfəsi
Bu fəlsəfə insanın əməl və hərəkətlərindən bəhs edir, rəftarının yaxşı və ya pis olduğunu müəyyənləşdirir. Bu növə Əxlaq, Ailə hüquqları, Hüquq və Siyasət daxildir. Müsəlman alimləri fəlsəfənin növləri arasında nəzəri fəlsəfənin birinci hissəsinə, yəni «İlahiyyat»a tədricən daha çox üstünlük verməyə başladılar. İslam filosofları bu elmlə daha ətraflı maraqlanır, nəzəriyyələr irəli sürürdülər. Beləliklə, əvvəllər ümumi ad olaraq bütün əqli elmləri şamil edən fəlsəfə müsəlmanlar arasında «İlahiyyat» kimi qəbul olundu. «İlahiyyat» varlıq aləmini qeydsiz-şərtsiz araşdırır. Bu elmin mövzusu konkret şəkildə nə maddə, nə də metafizikadır. Varlığın, yaxud «vücudun» ümumi qanunları, xüsusiyyətləri və s. bu elm vasitəsilə açıqlanır. Yəni, misal üçün hər hansı bir maddəni götürsək, onunla bağlı olan «səbəbiyyət» qanunu bizim üçün aşkarlanar. Burada söhbət maddənin bir nəticə kimi hansı səbəbdən vücuda gəlməsi, yaxud da bir səbəb kimi hansı nəticələr yaratmasından gedir. Bu qanunun (Səbəbiyyət) həmin maddəyə hakim olması onun maddə olduğundan irəli gəlmir. Sadəcə, maddənin «mövcud olması» onun bu qanunla əlaqəli olduğunu açıqlayır. Lakin bu maddənin qeyri-üzvi, elastik və radioaktiv olub-olmaması, bilavasitə onun maddə olması ilə bağlıdır. Beləliklə, birinci qanun (Səbəbiyyət) fəlsəfənin, sonrakılar (qeyri-üzvilik, elastiklik, radioaktivlik) isə fizikanın mövzularıdır.
Şərq və qədim yunan fəlsəfəsini öyrənmək əsasında X-XIV əsrlərdə ərəbdilli fəlsəfə özünün ən yüksək mərhələsinə çatmışdır. Bu dövrdə ilahiyyata bağlı islam fəlsəfəsi, vəhdəti-vücüd təlimi, xüsusən sufizm (təsəvvüf), yunan filosoflarının, ilk növbədə Platon (Əflatun) və Aristotelin (Ərəstunun) fəlsəfəsi zəminində yaranan, sonralar orijinal təlimə çevrilən Şərq peripatetizmi daha geniş yayılmışdır. Hələ xəlifə Məmin ibn Harun ər-Rəşidin dövründə (813-833) yunan, Roma, hind, fars və başqa mədəniyyətlərin bir sıra əsərləri, o cümlədən fəlsəfi əsərlər ərəb dilinə tərcümə edilmişdir. Bu tərcümələr, xüsusi ilə də Platon və Aristotelin əsərləri islam filosoflarına çox böyük təsir göstərmişdir. Peripatetikliyin Aristotelə, işraqiliyin isə Platona söykənməsi də məhz buradandır.
XII əsrin ikinci yarısından, xüsusən də XIII əsrin əvvəllərindən başlayaraq, islamda fikir müxtəlifliyinin, fərqliliyin meydana çıxması çeşidli məzhəblərin, təriqətlərin, cərəyanların yaranmasına səbəb oldu. Məhəmməd peyğəmbərə istinad edilən bir hədisdə buyrulur ki, «yəhudilər 71, xristianlar 72 qola ayrıldıqları kimi, islam ümməti də 73 qola bölünəcəkdir». Say məsələsi əhəmiyyətli olmasa da, müxtəlif bölünmələrin baş verməsi islam fəlsəfəsində də fərqliliyi ortaya çıxartdı. Müsəlmanların bölünərək bir-birindən fərqli firqələrə — qruplara ayrılması islam fəlsəfəsində müxtəlif baxışların yaranmasına səbəb oldu. Həmin firqələrin bir qismində sxolastika, digər qismində isə mistika özünü daha çox büruzə verirdi. Məsələn, cəbərilər və mütəzililər üçün sxolastik mühakimələr, sufilər və zahidlər üçün isə mistik görüşlər daha səciyyəvi idi.
Dostları ilə paylaş: |