Açar sözlər: təbii-iqtisadi potensial, aqrar bölmə, struktur siyasəti, ərzaq bazarı, rentabellik, vergiqoyma, stimullaşdırma.
Müstəqillik qazanan hər bir ölkə üçün ən mühüm məsələlərdən biri özünün təbii-iqtisadi potensialına uyğun gələn və mütərəqqi struktura malik olan sağlam milli iqtisadiyyat yaratmaqdan ibarətdir. Bu, iqtisadiyyatın bütün sahələrinə, o cümlədən ölkənin ərzaq təhlükəsizliyinin və əhalinin məşğulluğunun təmin olunmasında, sənayenin bir sıra sahələrinin xammala olan tələbatının ödənilməsində müstəsna əhəmiyyət kəsb edən aqrar bölməyə də aiddir. Statistik məlumata görə ölkəmizdə yaradılan ÜDM-in 5,3%-i, əsas fondların 7,9%-i kənd təsərrüfatının payına düşür, məşğul əhalinin 40%-ə qədəri bu bölmədə çalışır, kənd əhalisinin əldə etdiyi gəlirin 20%-i burada istehsal olunan məhsulların satışından əldə edilən vəsait hesabına formalaşır.
Bütün bunlar onu göstərir ki, aqrar bölmə bir tərəfdən Azərbaycan iqtisadiyyatında əhəmiyyətli mövqeyə malikdir, digər tərəfdən isə bu sahə üzrə makroiqtisadi göstəricilər ümumi inkişaf meyarları baxımından qənaətləndirici deyildir. Odur ki, aqrar bölmədə vəziyyətə tam aydınlıq gətirmək və onun strukturunun təkmilləşdirilməsi istiqamətlərini müəyyən etmək üçün aqrar sahənin spesifik xüsusiyyətlərinin nəzərdən keçirilməsi və konkret göstəricilər əsasında inkişaf səviyyəsinin təhlil edilməsi və qiymətləndirilməsi böyük əhəmiyyətə malikdir. [5, s. 185].
Məlum olduğu kimi, aqrar bölmədə struktur siyasəti iqtisadiyyatın bu, çox mühüm sahəsində iqtisadi artımın təmin edilməsi baxımından iqtisadi, texniki və sosial ünsürlərin uyğunluğu və əlverişliliyinin təmin olunması ilə əlaqədar həyata keçirilən tədbirlər sistemi deməkdir. Aqrar iqtisadiyyatda həyata keçirilən struktur siyasəti öz ifadəsini bu sahədə çalışanların əmək şəraitinin yaxşılaşmasında, onların daha yüksək nəticələrə nail olmalarında və həyat səviyyələrinin yüksəlməsində, sənayenin kənd təsərrüfatı məhsulları və xammallarına olan tələbatının daha dolğun ödənilməsində, dayanıqlı və rəqabət qabiliyyətli məhsulların istehsalının təşkilində, istehlak bazarının sabitləşməsi və kəndin sosial problemlərinin həll edilməsində tapır [4, s. 68].
Ona görə də aqrar sahədə struktur siyasətinin mahiyyəti, məqsədi və araşdırılması, kənd təsərrüfatının dayanıqlı inkişaf etdirilməsində onun xüsusiyyətlərinin nəzərə alınması çox vacibdir. Aqrar struktur anlayışı özündə təbii, sosial, iqtisadi və siyasi xarakterli tədbirləri, bu sahənin bütün komponentlərinin-istehsalın, emalın və məhsulların reallaşdırılmasının və i.a. – qarşılıqlı əlaqəsini ehtiva edir. Bununla əlaqədar olaraq struktur siyasətində aşağıdakıların nəzərə alınmasına xüsusi diqqət yetirilməsi məqsədəuyğun olardı:
1) aqrar iqtisadiyyatın istehsal potensialının strukturu və ölkənin ayrı-ayrı iqtisadi rayonlarında onun paylanması;
2) kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrində istehsalın mövcud strukturu;
3) aqrar iqtisadiyyatda mülkiyyətin ayrı-ayrı formalarına mənsub olan təsərrüfat subyektlərinin ölkə və regionlar üzrə sayı;
4) kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və reallaşdırılması sahəsində mövcud vəziyyət.
Aqrar iqtisadiyyatda bunlar texniki, iqtisadi və sosial ünsürlərlə səciyyələndirilir. Texniki ünsürlərə istehsal amilləri, məhsulun istehsalı və satışı; iqtisadi ünsürlərə maliyyələşdirmə, istehsalın stimullaşdırılması, məhsul istehsalçılarının gəlirləri, istehsal olunan məhsulların reallaşdırılmasından əldə edilən mənfəət; sosial ünsürlərə isə kənd əhalisinin əmək şəraiti və həyat səviyyəsi, təhsil və mədəniyyət; səhiyyə, informasiya və rabitə xidməti və s. aid etmək olar.
Hazırda həyata keçirilən struktur siyasətinin adları çəkilən bu ünsürlərinin müasir tələblərə cavab verdiyini demək sadəlövhlük olardı. Çünki hazırda ölkəmizin kənd təsərrüfatında kiçik ölçülü fərdi sahibkar, ailə kəndli təsərrüfatları üstünlük təşkil edir; bir sıra məhsul növləri üzrə rentabellik səviyyəsi olduqca aşağıdır; məhsul istehsalçılarının dövlətin maliyyə dəstəyinə ciddi ehtiyacları vardır; kreditləşdirmə və vergitutmada güzəştlərin müəyyən edilməsi üçün tədbirlərin görülməsi zəruridir; kənd təsərrüfatı məhsullarının satınalma qiymətləri çox aşağı olduğuna görə bəzi hallarda o, istehsal xərclərini ya ödəmir, ya da qismən ödəyir; bu məhsulların qiymətləri ilə onların istehsalında istifadə olunan maddi-texniki resursların qiymətləri arasında kəskin fərqlər hələ də qalmaqdadır və s. və i.a. [5, s. 189-193].
Azərbaycan dövləti tərəfindən həyata keçirilən struktur siyasətinin nəticəsidir ki, son illərdə aqrar sahənin inkişafında müşahidə olunan müsbət meyillər kəndin sosial həyatında dəyişikliklərin baş verməsinə - kənddə yeni iş yerlərinin açılmasına, bölgələrdə yaşayan əhalinin gəlirlərinin artmasına və deməli, rifahının yaxşılaşmasına gətirib çıxarmışdır. Lakin bunlarla yanaşı, kənddə hələ də öz həllini gözləyən çoxsaylı sosial-iqtisadi problemlər də mövcuddur. Kənddə səhiyyənin, rabitənin səviyyəsi hələ də müasir tələblərə cavab vermir, əhalinin həyat səviyyəsini səciyyələndirən göstəricilər şəhər yerlərində yaşayan əhalinin həyat səviyyəsindən aşağıdır, kənd təsərrüfatı məhsulları istehsalçılarına xidmət göstərən sahələr kifayət qədər inkişaf etməmişdir və i.a. Bütün bunlar əhalinin kənd yerlərindən şəhərlərə axınının güclənməsinə rəvac verir, burada fəaliyyət göstərən məhsul istehsalçılarının dövlətin aqrar siyasətindən irəli gələn vəzifələrin yerinə yetirilməsində fəal iştirakına mane olur. Odur ki, həyata keçirilən struktur siyasətində ölkə iqtisadiyyatının aqrar bölməsinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla bu sahədə aşağıdakı məsələlərə xüsusi diqqət yetirilməsi məqsədəuyğundur:
-kənd təsərrüfatı məhsulları istehsalçılarının stimullaşdırılması sisteminin təkmilləşdirilməsi;
-fərdi sahibkar və ailə kəndli təsərrüfatlarının könüllülük prinsipi əsasında iri istehsal kooperasiyalarında birləşmələri üçün maarifləndirici tədbirlərin həyata keçirilməsi;
-aqrar sahənin maddi-texniki təchizat səviyyəsinin yaxşılaşdırılması yolu ilə əmək məhsuldarlığının yüksəldilməsi və itkilərin azaldılması əsasında bu bölmədə çalışan işçilərin gəlirlərinin artırılması və tədriclə iqtisadiyyatın digər sahələrində çalışanların gəlirləri səviyyəsinə çatdırılması;
- kəndin sosial-istehsal infrastrukturunun daha da inkişaf etdirilməsi;
-ASK-da bazar mexanizmlərinin təkmilləşdirilməsi və aqrar-sənaye müəssisələrinin rəqabət qabiliyyətinin yüksəldilməsi;
-yerli məhsul istehsalçılarına dövlət dəstəyinin gücləndirilməsi və bu məqsəd üçün büdcədən ayrılan vəsaitin artırılması;
-kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və emalının daha da yaxşılaşdırılması üçün lazımi tədbirlərin görülməsi;
- kənd təsərrüfatı məhsulları istehsalçılarının və emal müəssisələri işçilərinin məlumatlandırılması üçün məlumat mərkəzlərinin yaradılması və ya onların işinin canlandırılması;
-istehsal olunan məhsulların reallaşdırılmasında özünü göstərən çətinliklərin aradan qaldırılması məqsədilə marketinq xidmətinin yaxşılaşdırılması.
Lakin aqrar bölmənin, xüsusilə də kənd təsərrüfatının özünə məxsus spesifik xüsusiyyətlərə malik olması bəzi hallarda bu sahədə sturuktur dəyişikliklərinin ziddiyyətli cəhətlərinin olduğunu da göstərir. Bu isə özünü hər şeydən əvvəl kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə vəziyyətlərində çətinliklərin olmasında büruzə verir.
Ölkənin milli təhlükəsizliyinin təmin olunmasında kənd təsərrüfatının çox böyük rol oynaması aqrar sahədə struktur dəyişiklikləri aparılmasının daim diqqət mərkəzində saxlanmasını zəruri edir. Başqa sözlə, bu prosesin hər hansı bir məqamda artıq başa çatdığını söyləmək düzgün olmazdı. Bunun nə dərəcədə həqiqətə uyğun olduğunu əsaslandırmaq üçün aqrar sahədə struktur dəyişikliklərinə təsir edən amilləri nəzərdən keçirmək lazımdır. Aqrar bölmədə struktur dəyişikliklərinə daxili və xarici amillər təsir göstərir. Daxili amilləri kəmiyyət və keyfiyyət amillərinə bölmək olar. Kəmiyyət amillərinə aqrar islahatların aparılması və mülkiyyətin özəlləşdirilməsi nəticəsində yaradılmış təsərrüfat subyektlərinin sayını, keyfiyyət amillərinə isə aqrar bölmədə formalaşmış məhsul istehsalı subyektləri arasındakı qarşılıqlı əlaqələrin formalarını misal göstərmək olar. Qeyd etmək lazımdır ki, iqtisadi nemətlər istehsalı artırsa, lakin cəmiyyətin tələbatı yenə ödənilmirsə, deməli, yeni tələbatlar meydana çıxır və bunun nəticəsində iqtisadiyyatın strukturu yeni keyfiyyət halına keçmiş olur. Yəni bu, yeni təkliflərin meydana gəlməsinə səbəb olur. Bu isə öz növbəsində ümumi tələblə ümumi təklif arasındakı tarazlığın ya qorunub saxlanmasına, yaxud da pozulmasına gətirib çıxarır. Buradan da aqrar iqtisadiyyatın strukturunda müəyyən dəyişikliklərin aparılmasının zəruriliyi meydana çıxır. Bütün bunlar onu deməyə əsas verir ki, kənd təsərrüfatı təbii-iqlim şəraitindən asılı və çox riskli sahə olduğu üçün struktur dəyişiklikləri apararkən onun spesifik xüsusiyyətləri hər bir konkret şəraitdə nəzərə alınmalıdır [3, s. 295].
Təcrübə göstərir ki, aqrar iqtisadiyyatda struktur dəyişikliklərinə təsir göstərən ən mühüm amillərdən biri məhsul istehsalçılarına dövlət dəstəyi göstərmək məqsədilə ərzaq məhsullarının idxal-ixracının tənzimlənməsi ola bilər. Bu, qloballaşmanın gücləndiyi, ölkəmizin ÜTT-ə daxil olmaq üçün danışıqlar apardığı müasir dövrdə taleyüklü məsələ hesab olunur. Bununla əlaqədar olaraq ölkədə aparılan struktur dəyişikliklərinə xarici amillərin təsirini aydınlaşdırmaq lazımdır. Bu, özünü hər şeydən əvvəl olkənin əməkdaşlıq etdiyi ölkələrdə sosial, iqtisadi və siyasi vəziyyətin dəyişməsi, onların bəzi hallarda əməkdaşlıqdan təzyiq vasitəsi kimi istifadə etmələrində, dempinq siyasəti yeritmələrində və s. göstərir. Odur ki, struktur dəyişiklikləri ilk növbədə kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə vəziyyətinin yaxşılaşdırılmasına, sahələr arasında tarazlığın təmin olunmasına və nəticə etibarilə istehsalın səmərəliliyinin yüksəldilməsinə yönəldilməlidir. Bunlarla yanaşı, bu siyasətdə istehsal olunan məhsulların reallaşdırılması üçün satış kanallarının seçilməsi, itkilərin azaldılması üçün tədbirlər nəzərdə tutulmalıdır.
Təcrübədə satış kanalları içərisində məhsulun istehsalçıları ilə emal müəssisələri və ticarət strukturları arasındakı birbaşa əlaqələrə üstünlük verilməlidir. Bu, əlaqədə olan strukturların hər biri üçün daha çox səmərə vermiş olar. Bu əlaqələr həm də məhsulun istehlakçılara çatdırılması müddətinin xeyli ixtisar olunmasına, onun keyfiyyətinin qorunub saxlanmasına, bununla əlaqədar xərclərin azalmasına səbəb olur.
Müasir dövrdə kənd təsərrüfatında aparılan struktur dəyişiklikləri həm məhsul istehsalçılarının, həm də emal müəssisələrinin maraqlarına təsir göstərir. Bu, onunla əlaqədardır ki, aqrar sahə əhalinin ərzaq məhsullarına və sənayenin bir sıra sahələrinin xammala olan tələbatının ödənilməsinə əhəmiyyətli təsir göstərir.
Beləliklə, aqrar iqtisadiyyatda aparılan struktur dəyişiklikləri həyata keçirilən islahatların son məqsədi olmayıb qarşıya qoyulan məqsədə nail olmaq üçün istifadə edilən vasitədir, bir prosesdir [4, s. 91].
İqtisadçıların fikrincə, struktur dəyişiklikləri aparılarkən aşağıdakıların ön plana çəkilməsi zəruridir:
1) Struktur dəyişikliklərinin sistemli şəkildə, müntəzəm olaraq həyata keçirilməsi;
2) Struktur dəyişiklikləri aparılarkən sahədaxili və sahələrarası əlaqələrin nəzərə alınması;
3) Struktur dəyişikliklərinin ölkənin strateji maraqlarına cavab verməsinin təmin edilməsi;
4) Kənd təsərrüfatında təkrar istehsal prosesinin daha səmərəli həyata keçirilməsi ilə əlaqədar çevik mexanizmin formalaşdırılması və zaman keçdikcə mövcud şəraitə uyğun olaraq daha da təkmilləşdirilməsi;
5) Struktur dəyişiklikləri aparılarkən xarici mühit amillərinin nəzərə alınması. Bu ona görə zəruridir ki, həmin amillər daxili və xarici bazarlarda baş verən konyunktur dəyişikliklərinə necə reaksiya göstərməsini özündə ehtiva edir.
6) Tarixilik prinsipi nəzərə alınmalıdır. Burada hər şeydən əvvəl mövcud meyillərin və ölkənin perspektiv inkişafının tarixi aspektləri, bütövlükdə sistemin yeni keyfiyyət xarakteristikasının əsas götürülməsi nəzərdə tutulur.
7) Struktur dəyişiklikləri prosesində kənd təsərrüfatında istehsalın ixtisaslaşdırılması və təmərküzləşdirilməsi də ön plana çəkilməli, bunlar struktur dəyişikliklərinin müxtəlif mərhələlərində nəzərə alınmalıdır.
Beləliklə nəzərdən keçirilənləri ümumiləşdirərək deyə bilərik ki, aqrar iqtisadiyyatda struktur dəyişiklikləri aparılarkən bu sahənin xüsusiyyətləri, ölkənin milli mənafeləri, daxili və xarici amillər, istehsal potensialından istifadənin perspektivləri, istehsal olunan məhsulların tədarükü, emalı və saxlanması imkanları, kənddə öz həllini gözləyən sosial-iqtisadi problemlər, məhsulun satışının təşkili məsələləri və s. nəzərə alınmalıdır. Bütün bunlar ölkəmizin tezliklə inkişaf etmiş ölkələr sırasına daxil olmasına öz töhfəsini verə bilər.
Dostları ilə paylaş: |