Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ



Yüklə 476,68 Kb.
səhifə44/93
tarix25.12.2016
ölçüsü476,68 Kb.
#3185
1   ...   40   41   42   43   44   45   46   47   ...   93
Şəkil 1. Aqrobiznes mühitində bazar seqmentlərinin strukturunun sistem əmələ gətirən elementləri arasında əlaqələrin sadələşdirilmiş sxemi
Aqrobiznesin iqtisadi və idarəetmə aspeklərində təkmilləşdirilməsi tədbirlərinin əsaslandırılması, əsasən iki istiqamətdə aparılır: məhsul və xidmətlərin artırılması, onlara çəkilən məsrəflərin aşağı salınması. Əlbəttə, bu istiqamətləri yalnız şərti olaraq ayırmaq və hər hansı birinə tədqiqatın məqsədi baxımından üstünlük vermək olar. İqtisadi təhlilin mövcud sistemi, vasitə və alətləri məsrəflərin minimumlaşdırılması aspektlərində daha geniş tətbiq arealına malikdir.

Aqrobiznes koordinasiyanın müxtəlif formalarını reallaşdırmaqla sahələrarası əlaqələrdə məsrəflərin azaldılmasını təmin edir. İnstitusional iqtisadiyyatın əsaslarında göstərildiyi kimi, məhsulun mübadiləsi məsrəfsiz başa gəlmir. Başqa sözlə, inteqrasiya effekti, ilk növbədə institusional iqtisadiyyatda tranzaksiya məsrəfləri adlanan həmin məsrəflərin aşağı salınması ilə şərtlənir. Şaquli inteqrasiya tranzaksiyaların idarə edilməsi üçün əlverişli mühit formalaşdırmaqla, müqavilə münasibətlərinin təkmilləşdirilməsi məsələlərini gündəliyə çıxarır. Aqrobiznesin inkişafının tranzaksiya məsrəflərinin təhlilinə həsr olunmuş tədqiqatlarda (6, s.509-523) şaquli inteqrasiya əlaqələrinin kütləvi surətdə pozulmasının nəticələri xarakterizə edilmişdir. Odur ki, bir çox mənbələrdə haqlı olaraq aqrobiznesin inkişafının iqtisadi qloballaşma və postsənaye dövrü prosesləri ilə, yaşıl və informasiya iqtisadiyyatı ilə sıx əlaqədar olduğu göstərilir.

Qeyd olunan əlaqələr postsənaye dövrünün mühüm çağırışına dayanıqlı inkişaf tələblərinə adekvat olmalıdır. Ayrıca götürülmüş aqrobiznes subyektinin iqtisadi fəallığının ekoloji tələblərə məhdudlaşdırılması prosesi, gələcək nəsillərə zərər verməyən inkişafın obyektiv zərurət olduğunun hərtərəfli əsaslandırılması və iqtisadi-inzibati tənzimləmə sisteminin formalaşdırılması ilə müşayiət olunmalıdır. Artım iqtisadiyyatına alternativ kimi formalaşan yaşıl iqtisadiyyatın meyarları kreativ aqrobiznes proseslərini fəallaşdırılmalı, bu prosesdə informasiya cəmiyyətinin artan potensialı istifadə edilməlidir.

Struktur baxımından aqrobiznes aqrar-sənaye kompleksinə yaxın olsa da, təsərrüfatçılıq subyektlərinin sahibkarlıq fəaliyyətinə əsaslandığından fərqli meyarlar üzrə formalaşır. Cəmiyyətin simasında dövlət aqrobiznesin inkişafı prioritetləri qismində, ilk növbədə iqtisadi artımın sürətləndirilməsi və sosial rifahın yüksəlməsini önə çəkir. Təbii ki, ölkənin iqtisadi təhlükəsizliyinin təminatı da həmin prioritetlər sırasında öncül yer tutur.

Postsovet məkanı ölkələrində aqrobiznesin iqtisadi münasibətlər sistemindəki mövqeyi ilkin təşəkkül mərhələsindədir. Bu və digər səbəblərdən postsovet məkanında hələ ki, aqrar sahədə biznes proseslərinin rolu lazımınca qiymətləndirilmir. Halbuki, qabaqcıl xarici təcrübədən göründüyü kimi nəinki, iqtisadi inkişafın və həyat səviyyəsinin yüksəlməsində aparıcı rola malik kiçik, orta və iri sahibkarlığın öz potensialını reallaşdırılmasında, həmçinin ərzaq təhlükəsizliyinin təminatında aqrobiznesin imkanları genişdir. Aparılmış tədqiqatlar aqrobiznesdə mülkiyyət formalarının müxtəlifliyinin bir sıra iqtisadi sosial və institusional xarakterli çətinliklərə baxmayaraq bazar iqtisadiyyatı tələblərinə uyğun fəaliyyətinin həmin imkanları reallaşdırmaq və rəqabət qabiliyyətli məhsul istehsal etmək iqtidarında olduğunu söyləməyə əsas verir. Azərbaycanda iqtisadi islahatlar kənd təsərrüfatında fəal bazar transformasiyaları ilə müşayiət olunur. Kənd təsərrüfatı və onunla əlaqədar sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün təsərrüfat subyektlərinin və aqrobiznesin inkişafının ön plana çəkilməsi sosial-iqtisadi münasibətlərin xarakterini dəyişir. Aqrobiznes, intensiv və innovasiyalı inkişaf şəraitində kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması, daşınması və son istehlakçıya qədər çatdırılması sisteminin inkişafını müəyyən edən mühüm amil rolunda çıxış edir.

Aqrobiznesin inkişafının tempi və miqyası, artıq qeyd olunduğu kimi ölkənin ərzaq təhlükəsizliyi və vətəndaşların sosial rifahının təmin olunmasına ciddi təsir göstərir. Bu inkişaf mühiti milli aqrar istehsalçıların dünya aqrar-ərzaq bazarında mövqeyinin gücləndirilməsi, ümumi iqtisadiyyatın və mülkiyyətin müxtəlif formalarının inkişafı, aqrar siyasətin təkmilləşdirilməsi kimi proseslər üçün poliqon rolunu oynayır. Açıq iqtisadiyyatın reallıqlarına və dövlətin fəal dəstəyinə əsaslanaraq aqrobiznes, kiçik, orta və iri müəssisələrin yüksək rentabelli məhsul istehsalında öz potensiallarını gerçəkləşdirməyə imkan verir.

Aqrar fəaliyyət növlərinin qarşılıqlı əlaqəli məcmusu kimi aqrobiznes özündə aqrar-sənaye kompleksinin komponentlərini, başqa sözlə, üç əsas sahəni birləşdirir. Birinci sahəyə istehsalı vəsaitlərlə təmin edən və eləcə də kənd təsərrüfatına istehsal-texniki xidmət göstərən sahələr aiddir. Son beş ilin məlumatlarına görə istehsal olunmuş məhsulun ümumi həcminin 14%-i, istehsal fondunun 13%-i və işçilərin 22%-i birinci sahənin payına düşür. İkinci sahəyə bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan müəssisə və təşkilatlar daxildir. İkinci sahə son məhsulun 48%-ni istehsal edir. Üçüncü sahəyə tədarüklə, kənd təsərrüfatı məhsulunun emalı ilə və istehsal olunan məhsulun istehlakçıya çatdırılması ilə məşğul olan müəssisələr qoşulur. Üçüncü sahə müəssisələrinin payına məhsul istehsalının ümumi həcminin 38%-i, bütün istehsal fondunun 19%-i və işçilərin isə 18%-i düşür.

Aqrobiznesin uğurlu inkişafını təmin etmək üçün son məhsulun alınmasında bütün tərəfdaşların maddi maraqlarını uzlaşdırmaq, onların üzvi vəhdətini əldə etmək başlıca şərtdir. Sənaye müəssisələri tərəfindən ikinci sahəyə yönəldilən material resursları, texnika, avadanlıq və başqa istehsal vasitələrinin qiymətləri və kənd təsərrüfatı məhsulları arasında müşahidə olunan disparitetlik aqrar-sənaye münasibətlərinin tənzimlənməsi baxımından yüksək aktuallıq təşkil edir. Mübadilənin ekvivalentliyinə riayət olunması sahələrarası iqtisadi münasibətlərin dayanıqlığının təmin edilməsi baxımından əsas problem olaraq qalır. İstehsal və istehlak, tələb və təklif arasındakı əlaqə qiymət vasitəsilə həyata keçirilir ki, burada da tələb və təklifin balanslaşdırılması funksiyasının təzahürləri meydana çıxır. Bu prosesdə qiymət, istehsal və məhsulun istehlakçıya doğru hərəkətində disproporsiyaların əmələ gəlməsinin əsas indikatoru kimi çıxış edir. Həmin disproporsiyaların aradan qaldırılması üçün sistemli tədbirlər görülməlidir.

İstehsala yalnız səmərəlilik meyarları ilə yanaşsaq, istənilən istehsal səmərəli olmalıdır, əks halda belə müəssisənin fəaliyyəti iqtisadiyyat üçün əhəmiyyətsizdir. Səmərə (effekt) latın sözü olub nəticə, yəni özündən sonra hansısa bir hadisə, proses, tədbiri şərtləndirən deməkdir. “Effekt” (səmərə) anlayışı insan fəaliyyətinin, o cümlədən onun əməyinin, material və pul məsrəflərinin nəticəsi kimi məhsulun meydana çıxmasını nəzərdə tutur. Əlbəttə, səmərə heç də həmişə məhsul kimi meydana çıxmaya bilər. Belə ki, bazar iqtisadiyyatında istehsal xərcləri kapital xərcləri kimi çıxış edə bilər. Burada əsas məqsəd mikro səviyyədə gəlirin əldə olunmasıdır. İstehsalın səmərəliliyi həmin gəlirin norması ilə xarakterizə olunur.

Aqrobiznes subyektini investisiya qoyuluşu zamanı son nəticə olaraq hansı səmərənin alınacağı maraqlandırır. Məhz qoyulmuş kapitaldan alınan gəlir sahibkarı investisiya yatırmağa həvəsləndirir. Araşdırmalar göstərir ki, aqrar istehsal müəssisələri investisiya fəallığından irəli gələn müsbət dinamikalı fəaliyyət nümayiş etdirirlər. Belə ki, son illərdə Azərbaycanda bu sahədə əsas kapitala qoyulan investisiyaların yüksək artım tempi aqrobiznesin inkişafı üçün əhəmiyyətli imkanlar açır.

Kənd təsərrüfatı məhsulları istehsalı və satışının birgə təşkili bazar barədə informasiyanın natamamlığı problemi ilə qarşılaşır. Sahədə istehsal-kommersiya fəaliyyətinin nəticələrinin qiymətləndirilməsinin bir çox nəzəri və təcrübi məsələləri aktual olaraq qalır. O cümlədən, baş verən hadisələrin düzgün anlaşılması və kənd yerlərinin gələcək inkişafını təmin etmək məqsədi ilə bütün fəaliyyət növlərinin dəstəklənməsində, iqtisadi və sosial yardım strategiyalarının hazırlanmasında mükəmməl informasiya bazası artan rola malikdir.

Aqrobiznesin aktual problemləri sırasında hazırda maliyyələşmə, satış, vasitəçilik məsələləri xüsusi qeyd olunmalıdır. İstehsalçıların maliyyə durumu, onların etibarlı aqrobiznes tərafdaşı kimi çıxış etməsində maliyyə resursları ilə təminat məsələsi daim gündəlikdədir. Kənd təsərrüfatı məhsullarının istehsalçıdan son istehlakçıya çatdırılması prosesinin optimallaşdırılmasında istehsalçıların kredit resurslarına olan tələbatının ödənilməsinə kompleks yanaşma təcrübəsi özünü doğruldur. Bu halda aqrobiznesin canlanmasına xidmət edən aşağıdakı meyillər müşahidə olunur: məhsulun satışı müqavilələrinin həyata keçirilməsi prosesində maliyyə intizamı möhkəmlənir; kənd təsərrüfatı istehsalçılarının texniki və digər təyinatlı resurslarla təminatı yaxşılaşır; innovativ intensivləşmə imkanları genişlənir; daxili bazarda yerli istehsalçıların mövqeyi möhkəmlənir; ixracyönümlü fəaliyyətə maraq artır və i.a.

Ölkənin milli iqtisadi təhlükəsizliyinin ən mühüm tərkib hissəsini ərzaq təhlükəsizliyi təşkil edir. Ərzaq təhlükəsizliyi əhalinin ərzaq təminatının sosial-iqtisadi tərəflərini özündə əks etdirir. Ərzaq təhlükəsizliyinin təmin edilməsi bütövlükdə bəşəriyyətin inkişafı üçün həlledici əhəmiyyət kəsb edən, enerji təminatı, ekoloji təhlükəsizlik, savadsızlığın və yoxsulluğun aradan qaldırılması kimi problemlərlə bir sırada dayanır. Milli ərzaq təhlükəsizliyi isə ölkədə bütün vətəndaşların fəal və sağlam yaşamasına imkan verə biləcək səviyyədə ərzaq təminatının mövcud olması ilə səciyyələnir. Məhsuldar qüvvələrin inkişafı, elmi-texniki nailiyyətlərin geniş tətbiqi XX əsrin ikinci yarısından başlayaraq dünyada ərzaq istehsalının həcminin sürətlə artırılmasına geniş imkanlar açmışdır. İnkişaf etmiş dövlətlər öz əhalisinin ərzaq məhsulları ilə təminatı problemini həll etmiş və eyni zamanda ərzaq ixracını artıra bilmişlər. Həmin nəticələrdə aqrobiznesin səmərəliliyinin yüksəldilməsi amili həlledici rol oynamışdır.

Dünya əhalisinin böyük bir qisminin tam qidalana bilməməsi, bu və ya digər dərəcədə aclıq çəkməsi, mühüm meqa və makro amillərin təsirinin, demoqrafik, iqtisadi, siyasi və ekoloji meyillərin əlverişsiz kombinasiyasının yekunudur. İnkişaf etmiş ölkələrdə sənaye əsaslı kənd təsərrüfatı aqrobiznesə transformasiya etmiş, üçüncü dünya ölkələrində isə ənənəvi təsərrüfatçılıq staqnasiya halında qalmışdır. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən bu sahədə fəal iş aparılır. 1996-cı ildə BMT-nin üzvü olan dövlətlər «Dünya ərzaq təhlükəsizliyi haqqında» bəyannamə qəbul etmişlər. Bəyannaməyə qoşulan ölkələr bütün dünyada ərzaq təhlükəsizliyinə nail olmaq, aclığın yaranması səbəblərinin aradan qaldırılması üçün səy etmək, 2015-ci ilə qədər aclıq çəkən insanların sayının iki dəfə azaltmaq barədə öhdəliklərini təsdiq etmişlər. Ərzaq təhlükəsizliyinə nail olmaq üçün ayrı-ayrı ölkələrin əsas məsuliyyətləri həmin ölkələrin hökumətlərinə həvalə edilir. Bu hökumətlər zəruri texniki və maliyyə resurslarını səfərbər edib, onlardan istifadə etməlidirlər. Ərzaq təhlükəsizliyi ilə bağlı beynəlxalq institutsional mexanizmlər formalaşdırılır. Həmin mexanizmlərin işlək olması aqrobiznesin inkişafı üçün yaradılan mühitin xarakteristikalarından asılıdır. Təsadüfi deyildir ki, əksər forumlarda postsənaye dövrünün tələbləri və aqrobiznesin fəallaşdırılması çağırışları birgə səslənir.

Əhalinin ərzaq təminatı milli səviyyədə də daim prioritetliyə malik olan problemdir. Ərzaq təhlükəsizliyi dövlətin milli təhlükəsizlik sisteminin bir hissəsi kimi çıxış edir və cəmiyyətin sabit həyat fəaliyyəti üçün şərait yaradır. Odur ki, bu və ya digər ölkənin aqroiqlim və intellektual potensialının səfərbər edilməsi aqrobiznes üçün yaradılan fəallıq mühitinə yeni baxış tələb edir.

Ərzaq təhlükəsizliyinin strategiya və taktikasında aqrobiznesin yeri və roluna inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində və postsovet ölkələrində fərqli münasibət vardır. Məsələ ondadır ki, fəaliyyətin bazar prinsiplərinə uyğunlaşma məsələləri, məhz postsovet və qismən postsosialist ölkələri üçün daha aktualdır. ABŞ, Avropa İttifaqının üzvü olan ölkələr və Yaponiya müvafiq dövlət proqramları əsasında ölkənin özünün ərzaqla təmin etməsinin müəyyən səviyyəsini nəzərdə tutan milli ərzaq təhlükəsizliyi konsepsiyasını hazırlayarkən aqrobiznesin məqbul inkişaf imkanlarına əsaslamışlar .

Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi aqrobiznes mühitinə yeni tələblər qoyur. Bu istiqamətdə aparılan elmi araşdırmalar həm nəzəri, həm də praktiki cəhətdən diqqətə layiqdir. Aqrar sahədə fəallığın mühüm vasitəsi kimi aqrobiznes ərzaq təhlükəsizliyini və ölkədə sosial sabitliyi qoruyub saxlamağın şərtlərindən biridir. Ərzaq təhlükəsizliyi strategiyanın hazırlanmasında aqrobiznesin koordinasiyaedici rolu, həmin strategiyanın əsaslandırılması baxımından o cümlədən ərzaq təhlükəsizliyinin meyarları və aqrar sahədə istehsal- kommersiya fəaliyyətinin göstəricilərinin təhlili sayəsində qiymətləndirilə bilər.

Tənzimlənən bazar şəraitində aqrar sahədə biznes proseslərinin ərzaq təhlükəsizliyi meyarlarına uyğun nizamlanması aktual məsələ olaraq qalır. Məsələ ondadır ki, minilliyin çağırışları və xarici ticarətin liberallaşdırılması üzrə beynəlxalq miqyasda təkidlə yedirilən tövsiyələr milli aqrobiznesin maraqlarını, heç də həmişə nəzərə almır. Odur ki, yaranan ziddiyyətli məqamlara xarici ticarətin liberallaşması və milli aqrobiznesin inkişafına himayə tədbirləri vahid müstəvidə nəzərdən keçirilməklə, kompromis axtarışları fəallaşdırılmaqla aydınlıq gətirilə bilər.



Ölkədə ərzaq təhlükəsizliyinin səviyyəsinin qiymətləndirilməsi bir sıra kəmiyyət və keyfiyyət göstəricilərindən (indikatorlardan) istifadə etməklə ərzaq təhlükəsizliyinin məqsəd, vəzifə, strategiya və taktikasını müəyyənləşdirməyi nəzərdə tutan mürəkkəb prosesdir. Həmin prosesdə aqrobiznes mühitinin yaxşılaşdırılması prioritet olmaqla, müvafiq iqtisadi və institusional islahatlar dərinləşdirilməlidir. Dövlət və qeyri-dövlət orqanları həmin göstəricilərdən ərzaq təhlükəsizliyinin daxili və xarici amillərinin monitorinqi, təhlil edilməsi və proqnozlaşdırılması üçün istifadə edə bilərlər. Eyni zamanda ərzaq təhlükəsizliyini qiymətləndirmək üçün ekspert qiymətləndirməsi, ssenarilərin təhlil edilməsi, optimallaşdırması və digər təhlil metodları tətbiq edilə bilər. Göründüyü kimi, ərzaq təhlükəsizliyinin təminatı aqrar sahədə biznes fəallığını yüksəltməyi, müvafiq proseslərin səmərəliliyinin artırmağı nəzərdə tutmalıdır. Yuxarıda qeyd olunan proqnozlaşdırma üsullarının hər birinin əsaslandığı idarə olunan parametrlər, bu və ya digər dərəcədə aqrobiznesin inkişafının tempi və miqyası ilə bağlıdır.

Yüklə 476,68 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin