Iv blok mövzu 1 İNCƏSƏNƏt və İCTİMAİ ŞÜurun diGƏr formalari



Yüklə 264,99 Kb.
səhifə6/10
tarix07.01.2024
ölçüsü264,99 Kb.
#209140
1   2   3   4   5   6   7   8   9   10
4 blok

Nəzəri əxlaqi şüur əqli əməyin fiziki əməkdən ayrılması, peşələrin yaranması və bu peşə sahiblərinin – filosofların, müəllimlərin, din xadimlərinin, dramaturqların və başqalarının gənclərin təlim-tərbiyəsi ilə məşğul olması, mənəvi həyatın müxtəlif problemlərini nəzərdən keçirməsi ilə əlaqədardır ki, burada da əsas rolu əxlaq fəlsəfəsi olan etika oynayır.
İnsanın hər hansı fəaliyyəti onun tələbatları və maraqları ilə çox bağlıdır. Əxlaqi fəaliyyət yalnız müsbət deyil, həm də mənfi ola bilər. Əxlaqi fəaliyyətin «hüceyrəsi», «kərpici», «hissəciyi» hərəkətdir. Hərəkətlər iki cür olur: 1) əməliyyat xarakterli və 2) əməl xarakterli. Əməliyyat xarakterli hərəkətlərdə digər tərəfin münasibəti tələb olunmur. Məsələn, «O, ağacdan alma dərdi» cümləsi əxlaqi keyfiyyətlərdən bəhs etmir. «O, özgənin ağacından alma dərdi» desək isə söhbət oğurluqdan gedər ki, bu da mühakiməyə səbəb olan hərəkətdir. Adətən, əməliyyata «neytral» hərəkət, əmələ isə etik hərəkət deyilir. Məsələn, «o, mağazadan çörək aldı» neytral hərəkət, yəni əməliyyat, «o, mağazadan xəstə qonşusu üçün çörək aldı» isə etik hərəkət, əməldir. Əməliyyat kortəbii, mexaniki, əməl isə şüurlu işdir.


MÖVZU 3
ANTİK DÖVR
Plan:
1)Antik mədəniyyətin mərhələləri
2)Antik teatr və dramaturgiya
3) Antik memarlıq, dekorativ-tətbiqi və təsviri sənət

Antik mədəniyyət, həmçinin o dövrün təsviri sənət tarixi əsasən 4 mərhələyə bölünür: 1)Homer dövrü (e.ə. XI-VIII əsrlər); 2)arxaik dövr (e.ə. VIII-VII əsrlər); 3)klassik dövr (e.ə. VI əsr–e.ə. IV əsrin I yarısı); 4)ellinizm dövrü (e.ə. IV əsrin II yarısı–eranın V əsri). Bundan başqa, Homerəqədərki dövr də mövcuddur ki, bu da lap qədim dövrləri (e.ə. III-I minillikləri) əhatə edən Krit (Minoy) və Miken (Axey) mədəniyyəti dövrüdür.


Antik mədəniyyətin ən zəngin dövrü olan klassik dövr (e.ə. VI əsr–e.ə. IV əsrin I yarısı) özü də 3 mərhələyə ayrılır: 1)erkən klassika /e.ə. VI əsr/; 2)orta klassika /e.ə. V əsr, təsviri sənət tarixində e.ə. V əsr artıq yetkin klassikadır/; 3)yetkin klassika /e.ə. IV əsrin I yarısı/.
ANTİK TEATR VƏ DRAMATURGİYA
Orta klassika dövründə teatr inkişaf edir. Afina, Demetra və Dionisin şərəfinə xalq ayinləri icra edilir. Yunan dramaturgiyasının meydana gəlməsi Dionis mərasimi ilə əlaqədar idi. Eyni zamanda yunan dramaturgiyası əsas kökləri ilə yunan şifahi ədəbiyyatına bağlıdır.
Faciə janrını məhz Esxil müəyyənləşdirir. Esxilə qədər tamaşada ifa edilən rolların sayı bir idi. Bir neçə (iki, üç) rolu tək bir aktyor ifa edirdi. Esxilin əsərlərində bir neçə rolu bir nəfər deyil, iki nəfər aktyor oynayırdı. Dialoqa üstünlük verilməsi, aktyorların sayının artırılması xorun nəğmələrinin, rəqslərinin azaldılması hesabına olmuşdur.
Sofokla qədər tamaşadakı rolları iki aktyor ifa edirdi. Sofokl tamaşaya üçüncü aktyoru əlavə etdi. Məsələn, onun «Tiran Edip» əsərində yeddi rolun üç aktyor arasında bölüşdürülməsi dram tarixində mütərəqqi addım idi. Aktyorların sayının artması xorun funksiyasını azaldırdı. Üçüncü aktyor xorun dialoqda iştirakını bir qədər də məhdudlaşdırırdı. Sofokl faciənin əsas iştirakçısı olan xoru və onun rolunu azaldır və xoru dramdan ayırır. Onun əsərlərində xor artıq əsas iştirakçı deyil, musiqi vasitəçisinə, lirik vasitəyə çevrilmiş köməkçi obraz olur. Müstəsna hallarda Sofokl fikirlərini xor vasitəsilə verir. Əgər Sofoklun əsərlərindən xor çıxarılsa, məzmuna xələl gəlməz. Esxilin əsərləri isə xorsuz anlaşılmaz qalar.
Real həyat hadisələrinin təsvirində Evripid həm Esxildən, həm də Sofokldan fərqlənir. Evripid faciənin quruluşunda əsaslı dəyişikliklər etdi, xoru əsas hadisələrdən ayırdı, köməkçi vasitəyə çevirdi. Xor faciədən ayrılıb müstəqil musiqi fasiləsi kimi iştirak etməyə başladı. Əgər Esxil baş rolları özü oynayırdısa, Sofokl bunu etmir, Evripid isə ümumiyyətlə əsərdə iştirak etməyərək teatrı dramaturgiyadan ayırır. Deyirlər ki, Esxil arzu etdiklərini, Evripid isə gördüklərini yazırdı. Evripidi əvvəlki dramaturqlardan fərqləndirən cəhətlərdən biri də odur ki, əgər Esxil və Sofoklun qəhrəmanları şah və şah nəslindən olanlar idisə, Evripid səhnəyə aşağı təbəqənin adamlarını - şikəstləri, pozğunları, hətta uşaqları gətirir və əsər qəhrəmanı edir. Onun bu «hərəkəti» çoxlarını, o cümlədən komediya janrının banisi Aristofanı qəzəbləndirir. Aristofan «Qurbağalar» əsərində Evripidi buna görə gülünc vəziyyətdə təsvir edir. Əsərdə onu Esxilə qarşı qoyaraq deyir ki, Esxil əsərləri ilə insanları «tərbiyə edir», Evripid isə «korlayır». Evripidin yaradıcılığı yunan dramaturgiyasında yeni və son mərhələdir.
Avropa komediyasının banisi olan Aristofanın ədəbi görüşləri «Qurbağalar» əsərində aydınlaşır. Əslində, «Qurbağalar» antik dövrdə ədəbi-tənqid sahəsində ən görkəmli sənəddir. Komediyanın əsas hissəsi Esxil ilə Evripidin ədəbiyyat və dramaturgiya məsələləri ətrafında mübahisələrindən ibarətdir. Hər iki dramaturq ədəbiyyatın əsas vəzifəsi haqqında həmfikirdirlər - uşaqları tərbiyə edən müəllim, yaşlıları tərbiyə edən ədəbiyyatdır.

ANTİK MEMARLIQ, DEKORATİV-TƏTBİQİ VƏ TƏSVİRİ SƏNƏT
Antik memarlıq, rəssamlıq və dekorativ-tətbiqi sənət barədə məlumatımız olduqca azdır. Mövcud məlumatlar əsasən maddi mədəniyyət abidələrindən alınıb ki, bunların da çoxu qədim şəhərlərlə birlikdə məhv olub.
E.ə. III-II minilliklərdə adalarda əsil şəhərlər yaranır. O dövrdən də Krit adası əsas mədəni mərkəz olur. Onun hökmdarı əfsanəvi çar Minos olduğu üçün Krit mədəniyyətini bəzən «minoy mədəniyyəti», hətta Minosun Kritdə qızı Ariadna ilə yaşadığı məşhur sarayının adı ilə «knoss mədəniyyəti» də adlandırırlar. Krit memarlığında böyük saray kompleksləri geniş yer tutmağa başlayır ki, bunun da ən görkəmli abidəsi gözəl divar rəsmlərinə və 16 min kv. metrlik sahəyə malik olan Knoss (buna «labirint» də deyilir) sarayıdır. Alimlərin fikrincə, bu saray ən azı 2 dəfə dağılıb və yenidən tikilib. Onun tikintisi bir neçə yüz il çəkib, çox xaotik və plansız görünən bu tikintinin əsas hissəsi e.ə. XVI əsrə aiddir. Miken və ya Axey mədəniyyəti e.ə. XV-XIII əsrlərdə yüksək çiçəklənmə dövrü keçirirdi. E.ə. XVI-XIII əsrlərdə burada minoy sivilizasiyasının təsiri hiss edilirdi. Miken saraylarında Krit saraylarının böyük təsiri duyulur. Mikenlər və minoyların e.ə. XII əsrədək yan-yana yaşaması onların incəsənətinin qovuşmasına səbəb oldu. E.ə. XII-XI əsrlərdə dori tayfalarının gəlişi ilə Yunanıstanda dəmir dövrü başlayır və məhz bu zaman Krit-Miken sivilizasiyasının mövcudluğu sona yetir.
Homer dövründə yeni sənət növü, dekorativ-tətbiqi sənətin parlaq nümunəsi vaza sənəti idi. Homer dövründə insan boyu qədər hündür olan dipilon vazaları da məşhur idi.
Arxaik dövrdə artıq çoxfiqurlu kompozisiyalı vazalar meydana gəlir. O dövrdə qədim yunan rəssamlığı haqqında məlumatı qara (e.ə. VII əsrin sonu) və qırmızı (e.ə. VI əsrin sonu) fiqurlu vazalardan alırıq. Qara fiqurlu vazalar daha məşhur idi. Bu sahədə ən məşhur rəssam Ekseki (e.ə. VI əsr) sayılır. Qara fiqurlu vazaları tədricən qırmızı fiqurlu vazalar əvəz edir. Bunun ən məşhur ustası Yevfroni (e.ə. VI əsrin sonu - V əsrin əvv.) idi.
E.ə. VI əsrdə artıq memarlıq orderləri formalaşır. Antik memarlıqda ionik, dorik və korinf orderlər mövcud idi. İonik order e.ə. V əsrdə yayıldığı halda, dorik order hələ e.ə. VII-VI əsrlərdən, yəni arxaik dövrdən geniş istifadə edilirdi.
Klassik dövrdə, xüsusən e.ə. V-IV əsrlərdə Yunanıstanda memarlıq, heykəltəraşlıq və rəngkarlıq yüksək inkişaf səviyyəsinə çatmışdı.
Perikl dövründə ən gözəl ansambl – Afinada baş məbəd olan Parfenon (e.ə. 447-438), Akropolun girişində təntənəli darvaza olan Propiley (e.ə.437-432), Niki Apteros (qanadsız qələbə, e.ə. 449-420-ci illər arası) məbədlərindən və nisbətən gec, Pelopones müharibəsi zamanı naməlum sənətkar tərəfindən tikilən Erexteyon (e.ə. 421-406) məbədlərindən ibarət olan Afina akropolu (yuxarı şəhər) yaranır.
Fidinin rəhbərliyi ilə tikilən Akropol 156 metr hündürlüyündə idi. Buradakı binalar və heykəllər e.ə. V əsrdə yunan incəsənətinin zirvəsi idi. Parfenonun inşaatçıları İktin və Kallikratdır. Heykəltəraşlıq işlərini Fidi ilə şagirdləri yerinə yetirib.
Bu dövrdə ionik və dorik orderlər daha da təkmilləşir. Epidavrdakı teatr (e.ə. 350-330) binası, Halikarnas mavzoleyi (e.ə.352) də bu dövrə aiddir. O, hal-hazırda Türkiyənin Bodrum şəhərində yerləşir.
E.ə.V əsrin sonunda heykəltəraşlıqda monumental qəhrəmanlıq lirik və intim mövzularla əvəz edilir. Klassik dövrdə yunan heykəltəraşlığını bir sıra dahi sənətkarlar təmsil edirdi. Heykəltəraşlıqda hərəkət məqamı probleminin həlli ilk dəfə olaraq Mirona (e.ə. V əsrin ortaları, əsas əsərləri: «Disk atan oğlan», «Afina və Marsi») nəsib olub. Miron kimi Polikletin (e.ə. V əsrin II yarısı, əsas əsərləri: «Dorifor», «Diadumen», «Yaralı amazonka») də heç bir əsəri bizə orijinalda çatmayıb. Dövrün III heykəltəraşı olan Fidi (e.ə.490-430, əsas əsərləri: Afina və Zevsin heykəlləri) sənətə emosionallıq gətirməsi ilə seçilir. Yetkin klassika dövründə incəsənətdə yenə də əsas vəzifə gözəl insan surəti yaratmaq idi. Heykəltəraşlıqda realist meyllər özünü göstərir. Bu dövr sənətkarlarından olan Skopasın (e.ə. IV əsrin I yarısı, əsas əsərləri: «Menada», Attikalı gəncin qəbirüstü, «Gənc Herakl», «Potos») yaradıcılığında dövrün ictimai ziddiyyətləri öz əksini tapır. O, tuncdan imtina edərək tamamilə mərmərdə işləyib. Artıq Praksitelin (e.ə. IV əsr, əsas əsərləri: «Hermes Dionislə», «İstirahət edən satir», «Apollon Saurokoti», «Knidli Afrodita») sənəti antropoloji estetikanın sərhədlərini keçir, o, heykəltəraşlıqda yalnız bədənin ritmik-simmetrik tənasüblüyünə deyil, daxili aləmin açılmasına da fikir verir. Leoxar Makedoniyalı İskəndərin saray rəssamı olub («Belvederli Apollon» əsəri var). Fərdi xarakterlər yaradılmasına fikir verən Lisipp yetkin klassika dövrünün son iri sənətkarı olub (e.ə. IV əsrin sonu, əsas əsərləri: «Apoksiomen», «Hermes», Zevsin 20 metrlik heykəli, Makedoniyalı İskəndərin portreti, «İstirahət edən satir»). O, öz yaradıcılığı ilə klassik dövr heykəltəraşlığına yekun vuraraq, ellinizmin astanasında dayanır.
Ellinizm dövründə məşhur olan fayum portretləri öz dövrünün unikal bədii forması olub, dəfn portretləri idi. İkonaların sələfi olan fayum portretləri IV əsrdə Misirdə, mumiyalaşma sənəti öz əhəmiyyətini itirən vaxt yaranmışdır. İnsan sağ ikən onun portretini çəkib öləndən sonra üzünə geyindirirdilər ki, ruhu öz sahibini tez tapsın. Belə portretlər taxta parçası üzərinə rənglə çəkilirdi. Beləliklə, Misirin eramızın I-III əsrlərinə aid ellinizm və roma dövrlərində yaşayan əhalisinin sifətini təsvir edən fayum portretləri antik rəngkarlığın dövrümüzədək yaxşı qalmış nümunələridir.
Hələ e.ə. VII-VI əsrlərdə Etrussk sənətkarları gözəl binalar inşa etmiş və təsviri sənət nümunələri yaratmışlar. Etrussklar öz məbədlərini bişmiş gildən hazırlanmış heykəllərlə bəzəyirdilər. E.ə. V əsrə aid olan Kapitoliya canavarının tunc heykəli də diqqəti cəlb edir. Canavar sanki körpə Romul və Remi qoruyur.
Roma memarlığının ən gözəl nümunələrindən imperator Trayanın sütunlu forumunu (113-cü il, Dəməşqli Apollodor), Roma forumunu (e.ə. VI əsrdə tikilib, e.ə. I əsrdə rekonstruksiya edilib), Roma Panteonunu (118-128-ci illər, Dəməşqli Apollodor), imperator Konstantinin bazilikasını (310-cu il), Flavilər dörvrünün imperatoru Titin zəfər tağını (81-ci il), antik dövrün 50 min adam tutan ən böyük amfiteatrı, stadionu və sirki olan və əvvəllər Flavilərin amfiteatrı adlanan Kolizey (72/5-80-cı illər, Qavdensi) binasını göstərmək olar. Qladiator döyüşləri keçirilən bu stadiona giriş pulsuz idi

MÖVZU 4
ESTETİKANIN YARANMASI
Plan:
1)Estetikanın problemləri
2)Estetika və sənətşünaslıq
3)Estetikanın kateqoriyaları

Kökü yunanca «estetikos», «estezis» (hiss edən, hisslərlə qavranan) sözlərindən olan «estetika» terminini fəlsəfi ədəbiyyata ilk dəfə 1735-ci ildə alman filosofu A. Baumqarten gətirmişdir. Estetik ideyalar isə ilk dəfə klassik yunan fəlsəfəsində, qədim yunan filosoflarının əsərlərində inkişaf edərək bitkin nəzəriyyə şəklinə düşür.


İlk yunan filosofları gözəllik və incəsənət nəzəriyyələri ilə deyil, təbiət nəzəriyyəsi ilə məşğul olurdular. Milet məktəbinin nümayəndələri Fales, Anaksimandr, Anaksimen məhz belə filosoflardan idi. Estetikanın tarixi isə pifaqorçulardan başlayır. İlk dəfə məhz onlar sənət nəzəriyyəsi ilə məşğul olmağa başladılar.
Antik dövrdən bu günədək məhz gözəllik və incəsənət estetikanın iki qlobal problemi sayılır. Lakin bunlar müasir estetikanın başlıca da olsa, yeganə problemləri deyil. Müasir estetikanın əsas problemləri bunlardır: 1)Estetikanın əsas kateqoriyaları (gözəllik, eybəcərlik və s.); 2)Estetik şüur və onun komponentləri (estetik qavrayış, esteti zövq və s.); 3)Estetik fəaliyyət (əmək estetikası, məişət estetikası, dizayn, incəsənət və s.); 4)İncəsənətin mahiyyəti (bədii obraz, bədii məzmun, bədii metod, üslub, incəsətətin funksiyaları və s.); 5)Estetikanın inkişaf mərhələləri.
«Estetika»ya qısa və nisbətən geniş tərif verməyə çalışaq. "Botanika" bitkilər haqqında, "Zoologiya" heyvanlar haqqında, «Psixologiya» psixika haqqında elm olduğu kimi, «Estetika»nı da estetiklik haqqında elm adlandırmaq olar. Geniş tərif: «Estetika» - təbiət və cəmiyyətdəki estetik keyfiyyətləri və insanın gerçəkliyə estetik münasibətlərini öyrənən fəlsəfi elmdir.
Təbiət və cəmiyyət elmləri sistemində estetika özünəməxsus yer tutur. Ümumi şəkildə elmləri əsasən iki hissəyə bölmək mümkündür: təbiətşünaslıq elmləri (fizika, kimya, biologiya, geologiya, astronomiya və onların yeni şaxələri, fiziki kimya, bionika, biogeokimya, astronavtika və s.), cəmiyyət və insan təfəkkürü haqqında elmlər (tarix, məntiq, fəlsəfə, psixologiya, pedaqogika, estetika, ədəbiyyatşünaslıq və s.). Bütün bu elmlərin hər birinin öz tədqiqat sahəsi, öz araşdırma obyekti vardır. Həmin elmlərin hər biri təbiət və cəmiyyətin xüsusi sahələrinin obyektiv qanunlarını öyrənməklə məşğuldur. Estetikanın özünəməxsusluğu hər şeydən əvvəl bundadır ki, o, müəyyən bir sahədəki hadisə və qanunauyğunluqları öyrənən konkret elmlərdən (etika, siyasi iqtisad, biologiya, botanika, kristalloqrafiya və s.) fərqli olaraq təbiət və cəmiyyətin bütün sahələrinə nüfuz edir, bu sahələri özünəməxsus şəkildə, spesifik cəhətdən öyrənir. Lakin təbiət, məsələn, yalnız fizika elminin tədqiq etdiyi fiziki, yaxud kimya elminin öyrəndiyi kimyəvi və s. keyfiyyət və xassələrdən ibarət deyil. Təbiət və cəmiyyət bütün bu xassə və keyfiyyətləri ilə yanaşı, başqa bir xassəyə və keyfiyyətə də malikdir. Bu məhz estetik keyfiyyətdir. Təbiət insanın nəzərini yalnız fiziki, bioloji və s. baxımdan deyil, estetik baxımdan da cəlb edir. Biz yer, göy və dənizin ülviyyəti və əsrarəngizliyindən, təbiət mənzərələrinin gözəlliyindən, insan bədəninin plastikliyi və lətifliyindən, onun cismani göyçəkliyi və mənəvi zənginliyindən zövq alır, müxtəlif estetik həyəcanlar duyuruq. Həyat ülvi və gözəl, komik və fəci hadisə və keyfiyyətlərlə zəngindir. Bu estetik keyfiyyət və xassələrin özünəməxsus mahiyyəti və qanunauyğunluqları mövcuddur.
Müasir estetika fəlsəfə və sənətşünaslıq (incəsənətin ayrı-ayrı növlərinin konkret tədqiqi, məsələn, teatrşünaslıq, kinoşünaslıq, ədəbiyyatşünaslıq, musiqişünaslıq və s.) arasında bir növ bağlayıcı vasitədir. Estetika özü sənətşünaslığın, bədii tənqidin və texniki estetikanın metodoloji əsasıdır. Estetika, sənətşünaslıq və bədii tənqid incəsənəti öz tədqiqat sahələrinə və vasitələrinə uyğun öyrənir. İncəsənətin ayrı-ayrı növlərini öyrənən sənətşünaslıqdan fərqli olaraq, estetika incəsənətin bütün növlərinin ümumi qanunauyğunluqlarını öyrənən fəlsəfi elmdir. Sənətşünaslıq hərəsi müxtəlif elm sahəsi olan ayrı-ayrı sahələrdən ibarətdir. Bunların hər biri müəyyən ixtisaslaşma tələb edir. İncəsənətin konkret növü ilə əlaqədar olan bu sahələrə teatrşünaslıq, kinoşünaslıq, musiqişünaslıq, ədəbiyyatşünaslıq, dar mənada sənətşünaslıq (yəni təsviri sənət və plastik sənətlər, o cümlədən memarlıq və tətbiqi sənətlə bağlı olan elmlər) aiddir.

ESTETİKANIN ƏSAS KATEQORİYALARI

Dünyanın bu və ya digər şəkildə dərk edilməsi elmin müvafiq anlayışları vasitəsilə baş verir. Elmin fundamental, ümumi anlayışlarına kateqoriyalar deyilir. Belə ümumi anlayışlara, yəni kateqorial aparata digər elmlər kimi estetika da malikdir. Estetikanın əsas, ənənəvi kateqoriyaları bunlardır: gözəllik və eybəcərlik, ülvilik və rəzillik, faciəvilik və komiklik.


Gözəllik - estetikanın ən populyar anlayışı, ən əhatəli kateqoriyasıdır. Məhz bu səbəbdən estetika hələ keçmiş zamanlardan bir çoxları tərəfindən «gözəllik haqqında elm» adlandırılıb. Bu tərifin əslində çoxdan köhnəlməsinə baxmayaraq, bu gün də estetikada belə yanaşmalara təsadüf edilir. Lakin estetikaya yalnız gözəllik elmi kimi nəzər salmaq onun tədqiqat dairəsinə aid olan digər problemləri kölgədə qoya bilər. Çünki estetika yalnız gözəlliyi deyil, həmçinin eybəcərliyi və digər kateqoriyaları, incəsənəti və onun müxtəlif problemlərini, estetik şüur və estetik fəaliyyəti, estetik tərbiyə və estetikanın müxtəlif inkişaf mərhələlərini və s. problemləri tədqiq edir. Bu baxımdan, gözəllik estetikanın əsas da olsa, yeganə problemi deyil.
Heraklit ilk dəfə olaraq gözəlliyin nisbiliyi haqqında fikir söyləmişdi. Yəni bir şəraitdə gözəl olan, digər şəraitdə eybəcərdir. Sokratın fikrincə gözəllik məqsədəuyğunluqla vəhdətdə olmalıdır. Platona görə gözəllik dəyişməz, mütləq, əbədi ideyadır. Çernışevski «Sənətin varlığa estetik münasibətləri» əsərində yazır: «Gözəl – həyatdır… Gözəl o məxluqdur ki, onda biz həyatı öz anlayışımıza görə görmək istədiyimiz kimi görürük; gözəl o predmetdir ki, həyatı ifadə edir və ya bizə həyatı xatırladır».

Yüklə 264,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin