Iv blok mövzu 1 İNCƏSƏNƏt və İCTİMAİ ŞÜurun diGƏr formalari



Yüklə 264,99 Kb.
səhifə7/10
tarix07.01.2024
ölçüsü264,99 Kb.
#209140
1   2   3   4   5   6   7   8   9   10
4 blok

Gözəlliyin komponentləri və ya sabit əlamətləri harmoniya (ahəngdarlıq), simmetriya, ritm, mütənasiblik (proporsionallıq), ölçü, tamlıq (bütövlük), məqsədəuyğunluq, düzüm, kamillik, nizama salınma və sairədir. Doğrudan da, gözəllikdən o vaxt danışmaq olur ki, bütün detallar həm rəng, həm ölçü, həm üslub, həm müasirlik və s. baxımdan bir-birinə uyğun gəlsin, harmonik vəhdət təşkil etsin.
Estetikanın digər kateqoriyalarında olduğu kimi, gözəlliyin də özünün modifikasiyaları (şəkildəyişmələri) mövcuddur. Bunlara harmoniya, qrasiya və ideal aiddir. Bundan başqa, kateqoriyaların ortaq modifikasiyaları da olur. Məsələn, ideal həm gözəlliyin, həm də ülviliyin, qəhrəmanlıq həm ülviliyin, həm də faciəviliyin modifikasiyasıdır.
Gözəlliyin formaları müxtəlifdir: 1)təbiətdəki gözəllik; 2)cəmiyyətdəki gözəllik; 3)insan əli ilə yaradılmış gözəllik (bunu cəmiyyətdəki gözəlliyə də aid etmək olar); 4)insan gözəlliyi. Təbiətdəki gözəllik adətən niyyətsiz və təmənnasız gözəllik hesab edilir. Çünki təbiətdə gözəllik heç bir niyyətlə yaradılmır. Sadəcə olaraq, Allahın yaratdığı hər bir şeyin gözəl olması aksiomdur. Allah hər şeyi insan üçün təmənnasız yaradıb. Təbiət gözəlliyindən həzz alan insan bunun əvəzini vermək barədə heç düşünmür də. Muzeyə və ya kinoya gedən insan isə mütləq bilet almalıdır. Pullu çimərlik və ya dəniz gəzintiləri də bu qəbildəndir. İnsan cəmiyyətdə gözəllik yaratmaq üçün çəkdiyi xərcin əvəzini tələb edir.
Cəmiyyətdə insan əli ilə yaradılmış gözəlliklərə parklar, landşaftlar, gözəl memarlıq abidələri, insanın mənəvi fəaliyyətinin nəticələri, həmçinin incəsənət aiddir.
İncəsənətdə gözəllik problemindən danışarkən belə ifadələr işlənir: "gözəlliyin təsviri" və ya "təsvirin gözəlliyi". Birinci halda söhbət təsvir obyektinin gözəl olmasından gedir. Məsələn, təbiət gözəlliyinin təsviri, gözəl insan sifətinin təsviri, gözəl insan obrazının yaradılması (müsbət personaj), xeyirxah əməllərin təsviri və s. İkinci halda təsvirin obyekti yalnız gözəl yox, həm də eybəcər, rəzil, komik və s. ola bilər. Söhbət obyektin gözəl təsvirindən gedir. Yəni sənətkar əsəri gözəl işləyib, aktyor mənfi və ya müsbət obrazı gözəl yaradıb. Rəssam insanın sifətini (hətta üzü qırışlarla dolu qocanın da) gözəl çəkıb. Təsvirin gözəl olması insəsənət üçün vacib şərtdir, çünki gözəllik incəsənətin əsas komronentidir, yəni sənət əsəri ilk növbədə gözəl olmalıdır.
İnsan gözəlliyi zahiri və daxili gözəlliyə bölünür. İnsan zahirən gözəl, daxilən eybəcər, və ya əksinə, zahirən eybəcər, daxilən gözəl ola bilər. Antik estetikanın əsas terminlərindən olan kalokaqatiya (yunanca «kalos» - gözəl, «aqathos» - yaxşı, mənəvi cəhətdən kamil) fərdin gözəlliyinin əsas şərtini onun xarici və daxili cəhətlərinin vəhdətində görürdü.
Gözəllik hissinin mövcudluğu, gözəlliyin dərk edilməsi bacarığı insanı daha xeyirxah və ədalətli edir, ona düzgün yaşamağı öyrədir.
Eybəcərlik - gözəlliyin antipodu, mənfi estetik kateqoriyadır. Gözəlliklə sıx əlaqədə olan bu kateqoriya gözəlliyin əksinə olaraq neqativ estetik keyfiyyətləri ifadə edir. Əgər gözəllik məzmun və formanın vəhdətindən ibarətdirsə, eybəcərlikdə bu vəhdət və harmoniya pozulur.
Gözəllik və ülvilikdən başqa bütün digər kateqoriyalar, o cümlədən eybəcərlik təbiətdə mövcud deyil, çünki Tanrının yaratdıqları yalnız gözəl və ülvidir! Eybəcərlik və rəzillik kimi mənfi, faciəvilik və komiklik kimi emosional hadisələr məhz cəmiyyətdə yaranır, insanlar arasındakı münasibətlərdə təzahür tapır. Ədalətsizlik, insanın insan tərəfindən istismarı, insanların bir-birinə münasibətində bəşəriyyətin əldə etdiyi humanist prinsiplərdən və ümumbəşəri əxlaq normalarından imtina edilməsi cəmiyyətdəki eybəcərliyə misaldır.
Təbiətdəki bəzi cisim, hadisə və proseslər insanda mənfi emosiyalar oyatdığı üçün onların eybəcərlik kimi nəzərdən keçirilməsinə də təsadüf edilir. Bura iyrənc və çirkin quruluşa malik olan heyvanlar, insanın həyatı və səhhəti üçün təhlükəli olan bataqlıqlar və s. aiddir. Lakin bunlar daha çox subyektiv xarakter daşıdığı üçün «təbiətin eybəcərliyi» adlandırıla bilməz. Çünki müəyyən heyvanlar bəzi insanlarda ikrah hissi oyatdığı halda, digərləri onları evdə saxlayaraq əzizləyir, ən başlıcası isə – onlardan iyrənmirlər. İlan zəhərindən, gölməçələrdəki zəlilərdən və s. canlılardan isə hətta xalq təbabətində və müasir səhiyyədə geniş istifadə edilir. Peyzajçı-rəssam başqalarının diqqətini cəlb etməyən təbiət mənzərələrindən gözəl sənət əsəri yarada bilir. Bütün bunlar bizə cəsarətlə «təbiətdə eybəcərlik yoxdur» deməyə imkan verir.
İncəsənətdə eybəcərliklə də bağlı maraqlı ifadələr işlənir: «eybəcərliyin təsviri» və «təsvirin eybəcərliyi». Burada da birinci halda söhbət təsvirin obyektinin eybəcər olmasından gedir, cəmiyyətdə baş verən, insan tərəfindən törədilən, insanın xarici görkəminə aid olan və s. eybəcərliklərdən bəhs edilir. Bunlar adətən mənfi obrazlar vasitəsilə təcəssüm olunur, ələlxüsus, komik qəhrəmanlar, bir qayda olaraq mənfi adamların prototiplərindən yaranır. İkinci halda isə, təsvirin obyekti yalnız eybəcər deyil, həm də gözəl, ülvi, faciəvi və s. ola bilər ki, burada söhbət obyektin «necəliyindən» yox, «nə cür təsvir olunmasından», sənətkarlığın səviyyəsindən, sənətkarın yaradıcı qabiliyyətindən və sairədən gedir. Yəni sənətkar əsəri pis işləyib, rəssam şəkli pis çəkib, aktyor bu rolu pis oynayır, pianoçu bu əsəri pis çalır. Bu hallarda məhz təsvir eybəcər olur. Halbuki təsvirin obyekti eybəcər olmaya da bilər. Aktyor yalnız mənfi rolu deyil, müsbət rolu da pis oynaya bilər, rəssam gözəl üzü eybəcər təsvir edə bilər.
İncəsənətdə bədii obrazlar vasitəsilə gözəllik və eybəcərliyin dialektikasını da təcəssüm etdirmək mümkündür. Bu, daxili gözəlliklə xarici eybəcərliyin (məs. V.Hüqonun «Paris Notrdam kilsəsi» romanında Kvazimoda surəti) və ya xarici gözəlliklə daxili eybəcərliyin (Mehdi Hüseynin «Alov» pyesində Əmin Bəxtiyarov obrazı) vəhdətindən ibarət olan insanların obrazlarıdır.
Bəzən elə hallar olur ki, adi vaxtlarda eybəcərlik kimi qarşılanan hadisələr xüsusi situasiyalarda gözəlliyə çevrilir. Məsələn, yalan danışmaq eybəcərlikdir, lakin başqalarını kədərləndirməmək və ya hər hansı cinayətin üstünü açmaq üçün söylənilən yalan, həkimin xəstəyə vəziyyətinin ağır olmadığına inandırmaq üçün söylədiyi yalan və ümumiyyətlə xeyirxah məqsədlərə xidmət edən hər hansı yalan eybəcərlikdən gözəlliyə çevrilə bilər.
Eybəcərliyin də digər kateqoriyalar kimi modifikasiyaları mövcuddur: çirkinlik, kifirlik, dəhşət, disharmoniya, qrotesk və s. Sonuncu həm də komiklik kateqoriyasının modifikasiyasıdır.
Beləliklə, təbiət və cəmiyyətin mənfi tərəflərini ifadə edən eybəcərlik insan tərəfindən tam dərk edildiyinə və insanın iradəsinə tabe ola bildiyinə görə bəşəriyyət üçün ciddi təhlükə deyil. Çünki insan onun öhdəsindən gələ bilir, məsələn, həşəratlara qarşı dərman icad edir, bataqlıqları qurudur və s.
Ülvilik də gözəllik kimi həm təbiətdə, həm də cəmiyyətdə mövcuddur. Təbiətdəki ülviliyə okean sularının hüdudsuzluğu, ecazkar şəlalələr, səma və onunla birlikdə götürülmüş səma cisimlərinin təkrarsızlığı, əlçatmaz və əzəmətli dağlar, qorxunc təbiət hadisələri və s. aiddir. Cəmiyyətdəki ülvilik insan əməlləri ilə bağlı olub, çox vaxt etik xarakter daşıyır. Bura qəhrəmanlıq, insanların humanist hərəkətləri, yüksək mənəvi ideallar uğrunda mübarizəsi, ülvi məhəbbət, insanın zəngin daxili aləmi, insan əli ilə yaradılmış nəhəng tikililər, ictimai tərəqqiyə xidmət edən işlər, həmçinin bütün bunları özündə təcəssüm etdirən incəsənətin şah əsərləri və s. aiddir.
Ülvilik çox vaxt keyfiyyətcə gözəllik kimi müəyyənləşdirilsə də, bu keyfiyyət sifətin çoxaltma dərəcəsini xatırladaraq «hədsiz gözəllik», «yüksək səviyyədə gözəllik», «hüdudsuz gözəllik» kimi başa düşülür. Bu gözəlliyin qavranması adətən «daha sözüm yoxdur!» nidası ilə nəticələnir. Çünki ülviliyə aid olan cisim, fakt və hadisələr insanda heyrət, pərəstiş, təəccüb, sevinc, fərəh, qorxu hisslərini vəhdətdə oyadır. Ülviliyi bu hisslərin vəhdətindən kənarda təsəvvür etmək mümkün deyil. Əgər predmet bizdə bu hisslərdən birini (sevinc, qorxu, təəccüb və s.) ayrılıqda oyadırsa, aydındır ki, onun ülviliyindən bəhs etmək olmaz. Məsələn, biz hər hansı bir çiçəyi görəndə sevinc hissi keçirə bilərik. Çiçəyin duyğularımıza xoş təsir edən ətri, rəngi onu bizə sevdirir və çiçək bizdə heyrət, pərəstiş və qorxu hisslərini deyil, yalnız rəğbət hissini oyatdığından, nəzərimizdə gözəl kimi canlanır. Uca dağlar isə bu hisslərin hamısını birdən oyadır: dağın gözəlliyi bizdə sevinc hissi oyadır, belə bir gözəlliyi gəlib görməyimiz və ya onun öz torpağımızda mövcud olması bizi fərəhləndirir, dağın hündürlüyü bizdə heyrət, görünüşü "nə gözəldir!" kimi ilk təəccüb nidası doğurduğundan düşünürük ki, İlahi, nələr yaratmısan! Biz dağın əzəmətinə pərəstiş edir və ona oxşamağa çalışırıq, «dağ vüqarlı» olmaq istəyirik. Nəhayət, dağın ətəyində dayanarkən onun uçacağından vahimələnir, zəlzələ, qar və ya daş uçqunu ehtimalından qorxu hissi keçiririk.
Cəmiyyətdəki ülvilik də hər dəqiqə baş vermir: nə qəhrəmanlığa, nə də ülvi məhəbbətə hər addımda rast gəlmirik. Təsadüfi deyil ki, belə hadisələrə bədii əsərlərdə daha çox təsadüf edilir. Məsələn, azərbaycan xalq dastanları içərisində məhz qəhrəmanlıq dastanları və məhəbbət dastanları mühüm yer tutur. Azərbaycan xalq nağılları da bu mövzularla zəngindir. Əsərlərdə olan ülvi məhəbbət adətən nakam, qovuşmayan məhəbbət olur, çünki sevgililərin sonrakı həyatı adiləşə bilər.
Ülvilik zahirən gözəlliklə eyni səviyyədə görünsə də, əslində bu belə deyil. Çünki ülvi olan hər bir şey həm də gözəl olduğu halda, gözəl olanlar hələ ülvi demək deyil. Çünki ülvi olan məhz orijinal, nadir, təkrarsız, sayca az, gec-gec təsadüf olunan cisim və hadisələrdir. Məsələn, okean ülvi, dəniz gözəldirsə, bu, okeanların dənizlərə nisbətən keyfiyyətcə zəngin, kəmiyyətcə az olması ilə əlaqədardır. Yəni okean cəmi dörddür, dənizlərin isə sayı qat-qat çoxdur. Okean dənizə nisbətən daha dərin, daha geniş, daha böyük, daha zəngin (flora və fauna baxımından), daha qorxuludur.
Rəzillik - ülviliyin antipodu, mənfi estetik kateqoriyadır. Rəzillik dəhşət və eybəcərliyin ən yüksək forması olub, neqativ estetik hadisədir. Eybəcərlikdən fərqli olaraq, rəzillikdə insanın azadlığı məhdudlaşır, rəzilliyin təbiəti eybəcərlik qədər tam dərk edilmədiyinə və insanın iradəsinə tabe olmadığına görə o, bəşəriyyət üçün təhlükədir. Rəzillik şər qüvvələrlə bağlıdır. Adətən rəzil insanın istək və arzuları ictimai ideala və əxlaqa zidd olur. Belə insan eyni zamanda zahirən gözəl və kamil ola bilər.
Rəzilliyə müharibələr, faşizm, militarizm, nüvə silahı, insanın insan tərəfindən istismarı, insan azadlığının və hüquqlarının məhdudlaşdırılması, antihumanist hərəkətlər, o cümlədən yalan, alçaqlıq, əxlaqsızlıq, zülm və s. misal ola bilər. Alkoqol və narkotikdən asılılıq da bu qəbildən olub, insanı yarımheyvana çevirir. Ümumiyyətlə, incəsənətdə xüsusən də bədii ədəbiyyatda, kinoda və teatrda rəzil obrazlar 2 cür olur: 1)real və 2)mifoloji. İncəsənət gerçəkliyin obrazlı inikası olduğu üçün incəsənətdəki real rəzil obrazlar həyatdakı rəzil insanların, hadisələrin, situasiyaların təcəssümüdür. Mifoloji rəzil obrazlar isə bütün dövrlərdə müxtəlif xalqların şifahi xalq ədəbiyyatında mövcud olub. Azərbaycan nağıllarında əjdaha, ilan (çox vaxt yeddibaşlı), div (xeyirxah yox, məhz bədxah), təpəgöz, küp qarısı (bu obraz həm real, həm də mifoloji ola bilər, bunu yarıreal-yarımifoloji də adlandırmaq olar), müxtəlif bədheybət varlıqlar və s. rəzilliyə misaldır. Sonuncular fantastik əsərlərdə də mövcud ola bilər. Rus folklorunda küp qarısının analoqu olan Baba Yaqa, ölməz Koşey, real obrazlardan Qoqolda Plyuşkin, fransız Balzakda Qobsek və s. də bu qəbildəndir. Real rəzil obrazlar Azərbaycan ədəbiyyatında da az deyil. İlyas Əfəndiyevin «Atayevlər ailəsi» əsərində Ziyad Şahsuvarov, Mehdi Hüseynin «Alov» əsərində Əmin Bəxtiyarov, Süleyman Rəhimovun «Mehman» əsərində Qaloş, Mirzə İbrahimovun «Böyük dayaq» əsərində Yarməmməd, Lal Hüseyn və Salman üçlüyü, Əlfi Qasımovun «Adilənin taleyi» əsərində Həmzə və s.
Faciəvilik. Obyektiv əsası insanın iztirab və ölümü ilə əlaqədar olsa da həyəcana səbəb olan hər cür iztirab və ölüm hadisəsi incəsənətdə hələ faciə deyil.
Faciəviliyi fərqləndirən əsas 2 cəhət: 1)münaqişədə olan qüvvələrin böyüklüyü, əhəmiyyətliliyi; 2)insanın ölümünə, ictimai hərəkatın, idealların məhvinə səbəb olan konfliktin həlledilməzliyi.
Əlbəttə, incəsənətdəki faciəvilik gerçəklikdəki faciəviliyin eyni və təkrarı deyil. Həyatda təsadüf etdiyimiz hər bədbəxt hadisə, hər fəlakət və ölüm eynilə incəsənət əsərinə köçürülə bilməz. Ölümün faciəvi təsir bağışlaması üçün onun ictimai-bəşəri mahiyyətə malik olması gərəkdir.
Faciəvilik kateqoriyası çox vaxt ülvilik kateqoriyası ilə uzlaşır. Çünki adətən faciə qəhrəmanının ölümü ülvi hisslərin təsdiqi kimi meydana çıxır. Qəhrəmanlıq - hər iki kateqoriyanın ortaq modifikasiyasıdır. Faciəvilik bəzən komikliklə də vəhdət təşkil edir. Məsələn, Servantesin «Don Kixot» əsərinin qəhrəmanı daim təqib və tənələrə məruz qaldığı üçün iztirab çəkir. Bu baxımdan onun halı faciəvidir. Digər tərəfdən, o, gerçəkliyi anlamadığına görə komikdir.
Faciə janr kimi ilk dəfə Qədim Yunanıstanda e.ə. V əsrdə yaransa da Dünya ədəbiyyatında ilk faciə əsəri Babillərin «Hər şeyi görmüş haqqında» («Gilqamış haqqında») dastanı, ilk faciə qəhrəmanı isə Gilqamışdır. Gözəl faciə nümunələri yaratmış Esxil, Sofokl, Evripid - bu janrın baniləridir.
Aristotelin «Poetikası» boyu faciə problemi diqqət mərkəzindədir. Aristotelin «Poetika»sında önəmli yer tutan problemlərdən biri də «katarsis»dir. Bir çox mənalarda işlənən bu terminə Aristotel çox güman ki, etik mənada yanaşaraq onu insanların faciə əsərləri vasitəsilə mənəvi təmizlənməsi kimi nəzərdən keçirmişdir. Faciənin yaratdığı qorxu və mərhəmət insanı əxlaqi cəhətdən saflaşdırır.
Evripiddən sonra faciə janrı tarixində iki min ildən çox müddət ərzində fasilə oldu. Faciənin antik dövrdən sonra ikinci dirçəlişi Vilyam Şekspirin (1564-1616) yaradıcılığı ilə başlanır. Şekspir faciəni yunan mifoloji süjetlərindən və "allahlarından" ayırıb onu insan ehtirasları və taleyi haqqında bir janra çevirdi, əxlaqi və fəlsəfi ideyalarla zənginləşdirdi.
Azərbaycan ədəbiyyatında faciənin tarixi Nəcəf bəy Vəzirovun «Müsibəti–Fəxrəddin» (1896) əsəri ilə başlayır. Dahi Hüseyn Cavid faciənin kamil nümunələrini - «Maral» (1912), «Şeyx Sənan» (1914, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə), «İblis»i (1918) yaratmışdır.
Komiklik yunanca "komikos» sözündən olan «şən», «gülməli» mənalarını bildirir. Komiklik - həm də tənqidin özünəməxsus formasıdır. O, gerçəkliyə tənqidi surətdə yanaşma ilə əlaqədardır.
Komikliyin özünəməxsusluğu onun həmişə gülüşlə bağlı olmasıdır. Lakin estetika hər bir gülüş hadisəsini deyil, onun ümumi qanunauyğunluqlarını və tipik hadisələrini öyrənir. Komiklik həmişə gülüşlə müşayiət edildiyi halda, hər bir gülüş heç də həmişə komik sayılmır. Adi gülüşdən fərqli olaraq komiklik estetik idealla bağlı olub, geniş ictimai məna daşıyır.
Memarlıqdan başqa, incəsənətin bütün növləri komikliyi ifadə edə bilər. İncəsənətdə komikliyin ən samballı forması komediya janrı və onun müxtəlif növləridir. İncəsənətin ayrı-ayrı növlərində müxtəlif komik janrlar və vasitələr mövcuddur: şarj, karikatura, klounada, epiqramma, yumoristik hekayə, roman və ya dram formasında olan satira, yumor, istehza, sarkazm, ironiya (kinayə), fars, komediya, mübaliğə (qrotesk, hiperbola), komiks və s.
Təsviri sənətdə, xüsusən qrafikada insanın yumoristik təsviri dostluq şarjı, satirik təsviri isə karikatura vasitəsilə verilir. Musiqidə komikliyin ən böyük forması komik operalar, operettalar və s.-dir. Komik opera janrı XVIII əsrin 30-cu illərində İtaliyada opera-buff meydana gələn vaxt formalaşdı. XX əsrdə musiqili komediya janrı geniş inkişaf tapır. Azərbaycan musiqisində onun klassik nümunələrini Üzeyir Hacıbəyli yaratmışdır. O, «Ər və arvad», «O olmasın, bu olsun» və «Arşın mal alan» kimi operettaları ilə Azərbaycan musiqisində bu janrın da təməlini qoymuşdur. Lakin komiklik – komediya janrına nisbətən daha geniş məna daşıyır, çünki o, gündəlik həyatda, sosial gerçəkliyin müxtəlif sahələrində mövcuddur.
Qədim yunan komediyasının banisi Aristofan hesab edilir. Komiklik haqqında antik nəzəriyyələr də məhz buna əsaslanır. Yeni antik komediyanın nümayəndəsi Menandr (e.ə.IV-III əsr) məişət mövzularına müraciət edir. Bu ənənəyə qədim Romanın komediya ustaları – Plavt və Terensi də müraciət edirdilər (e.ə. III-II əsrlər). İlk komediya nəzəriyyəsi Aristotelin adı ilə bağlıdır.
Komediya janrı sonrakı dövrlərdə müəyyən inkişaf pillələri keçir: Lope de Veqa, Servantes, Şekspir, Molyer, Qoldoni, Bomarşe, Bernard Şou, Volter, Çexov, Qriboyedov, Qoqol və s. Azərbaycan dramaturgiyasında isə M.F.Axundovun (nəinki Azərbaycanda, həm də Yaxın və Orta Şərqdə komediya janrının banisi) «Hekayəti – Molla İbrahimxəlil kimyagər», «Hekayəti – müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur», «Hekayəti – xırs quldurbasan», «Sərgüzəşti – vəziri – xani – Lənkəran», «Sərgüzəşti – mərdi-xəsis (Hacı Qara)», «Mürafiə vəkillərinin hekayəti (Şəhri Təbrizdə)» komediyalarını, Nəcəf bəy Vəzirovun «Ev tərbiyəsinin bir şəkli», «Yağışdan çıxdıq, yağmura düşdük», C.Məmmədquluzadənin «Poçt qutusu», «Usta Zeynal», «İranda hürriyyət», «Qurbanəli bəy» hekayələri, «Ölülər», «Dəli yığıncağı» komediyaları, Süleyman Sani Axundovun «Tamahkar», Mirzə İbrahimovun «Kəndçi qızı», «Yaxşı adam», Sabit Rəhmanın «Toy», «Xoşbəxtlər», «Aydınlıq», «Nişanlı qız», «Əliqulu evlənir», Məcid Şamxalovun «Qayınana», Şıxəli Qurbanovun «Əcəb işə düşdük», «Özümüz bilərik», «Olmadı elə, oldu belə», Anarın «Adamın adamı» komediyalarını, müasir dramaturqlardan Əli Əmirlinin "Varlı qadın" s. əsərləri göstərmək olar.



Yüklə 264,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin