“Xalq qəzeti”.-2015.-30 mart.-N64.-S.8.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
269
Əsl Avropa Oyunları məhz Bakıda keçiriləcək, cənablar!
Allahverdi MEHDİYEV
Ölkəmizdə təşkil olunacaq I Avropa Oyunlarına təxminən ayyarım vaxt qalır. Qitənin ən böyük
idman tədbirinə hazırlıq işləri son mərhələdədir. Oyunların Təşkilat Komitəsi Avropa Olimpiya
Komitəsinin (AOK) dəstəyi ilə qısa müddətdə - cəmi 30 ay ərzində nəzərdə tutulan bütün tədbirləri
yüksək səviyyədə icra edib başa çatdırmaq üzrədir. Artıq yarışların keçiriləcəyi idman obyektlərinin,
demək olar ki, hamısı hazır vəziyyətdədir. Bu yaxınlarda Oyunların açılış və bağlanış mərasımlərinin baş
tutacağı Milli Stadion - ölkənin baş idman arenası qapılarını idmansevərlərin üzünə açmışdır. Avropanın
49 ölkəsinin 6 min nəfərdən çox atleti möhtəşəm idman festivalında 20 idman növündə, o cümlədən 16
olimpiya növündə mübarizə aparacaq. Ümumiyyətlə, “Bakı-2015” çərçivəsində 253 yarış keçiriləcək. Özü
də ilk Avropa Oyunları çox innovativ olacaq və adi yarışlarda olmayan müxtəlif idman növləri ilə
seçiləcək. “Bakı-2015”ə üçlük basketbol, çimərlik voleybolu, karate və s. kimi yeni idman növləri əlavə
ediləcək.
Göründüyü kimi, tarixdə ilk dəfə təşkil olunacaq Avropa Oyunlarının miqyası kifayət qədər genişdir. Belə
bir məsuliyyətli idman tədbirini təşkil etmək o qədər də asan deyil. Şübhə yoxdur ki, AOK 8 dekabr 2012-ci ildə
I Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edərkən Azərbaycanın bu işin öhdəsindən gələ
biləcəyinə əmin idi. Belə ki, ölkəmiz o vaxtadək bir sıra dünya və qitə miqyaslı turnirlərə ev sahibliyi etmiş və
təşkilatçı kimi beynəlxalq idman ictimaiyyətinin təqdirini qazanmışdı. Əldə edilmiş təcrübə qitə Oyunlarını
təşkil etmək üçün yetərli idi.
Eyni zamanda milli müstəqilliyin bərpasından sonra Azərbaycan idmançılarının beynəlxalq turnirlərdə,
xüsusilə Olimpiya Oyunlarında uğurları diqqəti cəlb edir, nəticə etibarilə ölkəmiz idman ənənələri ilə seçilirdi.
Təmsilçilərimizin son Olimpiadada - London-2012-də iştirakı xüsusilə yaddaqalan oldu: olimpiyaçılarımız 2-si
qızıl olmaqla 10 medal qazandılar. Azərbaycan dünya ölkələri arasında 30-cu, Avropa ölkələri arasında isə 15-ci
oldu. Yəqin ki, bu fakt da AOK-un sözügedən qərarına öz təsirini göstərmişdi.
Başqa bir səbəb isə Azərbaycanın son dövrdə sürətli inkişafı ilə bağlı idi. Aydındır ki, iqtisadi-maliyyə gücü
kifayət qədər olmayan bir ölkə Avropa Oyunlarının təşkili kimi məsuliyyətli vəzifənin öhdəsindən gələ
bilməzdi. Odur ki, AOK-un ilk Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərarı tamamilə təbii idi.
Bütün bunlarla yanaşı, Azərbaycanın Avropa idmanı üçün gördüyü tarixi vəzifəyə zaman-zaman kölgə
salmaq istəyənlər də tapılır. Bədxahlar gah idmanı bir tərəfə qoyub cəfəng siyasi “təşəbbüs”lərlə çıxış etməyə,
gah da Avropa Oyunlarının mahiyyəti ilə heç bir əlaqəsi olmayan əsassız fikirlər irəli sürməyə cəhd göstərirlər.
Bir neçə gündür ki, bəzi yerli “media” orqanları Böyük Britaniyanın www.insidethegames.biz internet saytının
“şok” xəbərini tirajlayaraq oxuculara sensasiya təqdim etməyə çalışır. Sayt iddia edir ki, guya “Bakı-2015”
saxtadır, “əsl Avropa Oyunları” Azərbaycan paytaxtında yox, 2018-ci ildə Berlin (Almaniya) və Qlazqo
(Şotlandiya) şəhərlərində keçiriləcək, guya I Avropa Oyunları “2-ci dərəcəli” tədbirdir, Oyunlarda çox da
tanınmayan atletlər iştirak edəcəklər və s.
Əvvəla, qeyd edək ki, görünür, sensasiya həvəskarları Avropa Oyunlarının keçirilməsi proseduru ilə tanış
deyillər. Onlar başa düşmürlər ki, qitə Oyunlarının keçirilməsi haqqında qərarı hansısa başqa təşkilat yox, məhz
AOK qəbul edir. Alternativ Oyunların təşkili isə sadəcə olaraq ağlasığmazdır. Çünki Avropa Oyunları dörd
ildən bir keçiriləcək. Üç ildən sonra “əsl Oyunlar”in keçirilməsi, bir il sonra isə II Avropa Oyunlarının
keçırılməsi sadəcə olaraq gülüncdür. Digər tərəfdən, Olimpiya Oyunları da daxil olmaqla hansısa irimiqyaslı
beynəlxalq idman tədbirində bu və ya digər tanınmış idmançının bu və ya digər səbəbdən iştirak etməməsində
qeyri-adi heç nə yoxdur. İdman tarixində belə misallar çoxdur. Odur ki, bəzi idmançıların “Bakı-2015”dən
kənarda qalmasında sensasiya gözləməyə dəyməz.
Bədxahların istinad etdiyi ingilis saytının əksinə olaraq, qitənin olimpiya hərəkatında ən mötəbər mənbə
Avropa Olimpiya Komitəsidir. Sensasiya həvəskarlarının iddialarına ən kəskin reaksiya da bu mənbədən
gəlmişdir. AOK-un prezidenti Patrik Hikkinin sözügedən saytın “şok xəbər”inə münasibəti birmənalı olmuşdur:
“Avropa Olimpiya Komitəsinin prezidenti kimi mən həmişə Avropa idmanını inkişaf etdirmək və Avropa
atletlərinin tam potensialını göstərmək üçün təşkil olunan bütün tədbirləri dəstəkləyirəm. Lakin başqa ildə
keçiriləcək və daha az idmançı, daha az atletlə təşkil olunacaq bu tədbir Avropa Oyunlarından tamamilə fərqli
təşəbbüsdür”.
AOK prezidenti həmçinin bu il Bakıda keçiriləcək ilk Avropa Oyunlarına ən yaxşı atletlərin qatılacağını
vurğulayaraq “Bakı-2015”i böyük hadisə kimi qiymətləndirmişdir: “Fikrimcə, bu, Avropa Oyunlarını qitə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
270
idmanının ən yüksək zirvədə dayanan idman tədbirinə və artıq yeni yaradılmış brendə çevirəcək. Bu daha yaxşı
nəticələr əldə etmək üçün bir başlanğıc olacaq. “Bakı-2015” Avropa Oyunları 55 ölkədə yayımlanacaq. Biz artıq
2019-cu il Avropa Oyunlarını keçirməklə bağlı 6 ölkədən ciddi istək almışıq və artıq növbəti ev sahibi ölkənin
müəyyənləşdirilməsi məsələsi yekunlaşmaq üzrədir”.
Yəqin ki, həm xaricdəki, həm də ölkə daxilindəki “şok xəbər” aludəçiləri AOK prezidentinin bəyanatını
eşitdikdən sonra məyus olacaqlar. Onlar anlamalı olacaqlar ki, əsl Avropa Oyunları Berlin, Qlazqo, yaxud başqa
bir Avropa şəhərində yox, məhz Bakıda keçiriləcək!
“Azərbaycan”.-2015.-31 mart.-N 65.-S.10.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
271
Azərbaycanın bədxahlarına ağır zərbə
Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki: "Bakıda keçiriləcək birinci Avropa Oyunları
böyük hadisədir"
Ceyhun Abasov,
Pərvanə Sultanova
İlk Avropa Oyunlarının baş tutmasına artıq sayılı günlər qalıb. 2015-ci il 12 iyunda baş tutacaq bu mötəbər
idman bayramına hazırlıq işlərini Azərbaycan söz verdiyi kimi 3 il ərzində böyük ölçüdə tamamlamağa nail
olub. Məlumdur ki, hələ 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Olimpiya
Komitəsinin 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarına çox müsbət
reaksiya verərək bu münasibətlə Azərbaycan xalqını təbrik edib. O zaman Prezident İlham Əliyev Avropa
Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda
keçirilməsi haqqında qərarın qəbul edilməsini böyük tarixi hadisə kimi dəyərləndirib:
"Bu, doğrudan da tarixi hadisədir. Çünki bu vaxta qədər Avropa Olimpiya Oyunları keçirilməyib və ilk
oyunların Bakıda keçirilməsi böyük tarixi hadisədir, ölkəmizin böyük uğurudur. Bu qərarın qəbul edilməsində
iştirak etmiş bütün insanlara, Avropa Olimpiya Komitəsinə böyük minnətdarlığımı, təşəkkürümü bildirmək
istəyirəm. Qeyd etmək istəyirəm ki, Azərbaycan bu oyunları yüksək səviyyədə keçirəcək. Beləliklə, Bakı şəhəri
birinci oyunların keçirilməsində böyük xidmətlərinə görə Avropa Olimpiya Oyunlarının tarixinə daxil ediləcək.
Bu qərarın qəbul edilməsində bir neçə amil öz rolunu oynayıb. İlk növbədə, ölkəmizin beynəlxalq nüfuzu özünü
göstərib. Azərbaycan bu gün dünyada böyük hörmətə malik olan bir ölkədir. Dünya birliyində bizim rolumuz,
təsir imkanlarımız artır və dünya birliyi Azərbaycana böyük hörmətlə və etimadla yanaşır".
Lakin birinci Avropa Oyunlarına hazırlıq müddətində Azərbaycanın uğurlarını gözü götürməyən, ona
qısqanclıqla yanaşan bəzi xarici və daxili qüvvələr tərəfindən mütəmadi şəkildə qara kampaniyalar aparılaraq,
dövlətimizin bu uğuruna kölgə salmağa çalışılıb. Hər kəsə məlum olduğu kimi belə qüvvələrin əsas məqsədi
Azərbaycanın dünyada artan nüfuzuna xələl yetirmək, beynəlxalq ictimaiyyəti ölkəmizin bütün sahələrdə geriyə
qaldığına inandırmaq, xüsusilə insan hüquq və azadlıqları sarıdan problemli ölkə olduğu təsəvvürünü
formalaşdırmaq idi. Hərçənd xarici donorlar tərəfindən maliyyələşdirilərək illərdir aparılan bu qara kampaniya
öz nəticəsini vermədi. Çünki hazırlanan qərəzli hesabatlar, verilən riyakar bəyanatlar, təşkil olunan etiraz şouları
heç bir əsasa malik deyil.
Bütün bunların əksinə olaraq, bir neçə gün əvvəl açıqlama verən Avropa Olimpiya Komitələrinin prezidenti
Patrik Hikki səslənən iddiaları alt-üst edərək, Birinci Avropa Oyunlarını "qitə idmanının ən yüksək zirvəsində
dayanan idman tədbiri" olaraq dəyərləndirib. Patrik Hikki Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının
hazırlıq işlərini yüksək qiymətləndirib və bu mötəbər idman turnirini böyük hadisə adlandırıb.
O bildirib ki, Avropa Olimpiya Komitələrinin prezidenti kimi həmişə Avropa idmanını inkişaf etdirmək və
Avropa atletlərinin tam potensialını göstərmək üçün təşkil olunan bütün tədbirləri dəstəkləyir: "Lakin 2018-ci
ildə Berlin və Qlazqo şəhərlərində daha az idmançı, daha az atletlə təşkil olunacaq oyunlar Avropa
Oyunlarından tamamilə fərqli təşəbbüsdür".
P. Hikki bu il Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına qitənin ən yaxşı atletlərinin cəlb olunacağını
bildirib. Onun sözlərinə görə, bu, Avropa Oyunlarını qitə idmanının ən yüksək zirvədə dayanan idman tədbirinə
və artıq yeni yaradılan brendə çevirəcək: "Bu, daha yaxşı nəticələr əldə etmək üçün bir başlanğıc olacaq. Bakı
2015 Avropa Oyunları 55 ölkədə yayımlanacaq, 20 idman növü üzrə yarışlar təşkil olunacaq.
Biz artıq 2019-cu il Avropa Oyunlarını keçirməklə bağlı 6 ölkədən ciddi istək almışıq və artıq növbəti ev
sahibi ölkənin müəyyənləşdirilməsi məsələsi yekunlaşmaq üzrədir".
Qeyd edək ki, bir neçə gün əvvəl 2018-ci ildə Qlazqoda velosiped, avarçəkmə və triatlon yarışları, Berlində
isə yüngül atletikaya aid olan idman növləri üzrə təşkil olunacaq yarışların "Əsl Avropa Oyunları" olması ilə
bağlı bəzi KİV-lərdə xəbər yayılıb. Lakin Avropa Olimpiya Komitələrinin prezidentinin bu açıqlaması isə bir
daha Azərbaycana qarşı qara kampaniya aparan qüvvələrin mənfur niyyətlərini ürəklərində dəfn edib.
Avropa Olimpiya Komitələri Koordinasiya Komissiyasının sədri cənab Spiros Kapralos isə bildirib ki, Bakı
2015 tarixdə ilk möhtəşəm Avropa Oyunlarını həyata keçirmək yolunda sürətlə irəliləyir. İndi Bakı Avropa
Oyunları Əməliyyat Komitəsi hazırlıqların son mərhələsinə qədəm qoyub və oyunlara sayılı günlər qalıb:
"Lakin onlar bu vaxta kimi tikinti ilə bağlı bütün işləri çatdırıblar və mən əminəm ki, Bakı Oyunlara vaxtında
hazır olacaq. Bundan əlavə, bu innovativ Oyunlar gələcəkdə Avropa Oyunlarına ev sahibliyi edəcək şəhərlər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
272
üçün möhtəşəm nümunə olacaq. İyun ayında Bakı 2015 Avropa Oyunlarının açılış mərasimi üçün buraya
qayıtmağı səbirsizliklə gözləyirəm".
İlk Avropa Oyunları əleyhinə aparılan kampaniya Azərbaycanın inkişafını gözügötürməzlikdən irəli
gəldiyini deyən millət vəkili Nizami Cəfərov qeyd edib ki, bu mötəbər yarışın Azərbaycanda keçirilməsi
dünyada çoxlarını sevindirsə də, müəyyən qüvvələrin də qəzəbinə, qısqanclığına səbəb olub: "Ona görə də istər-
istəməz müxtəlif səviyyələrdə qarayaxmalar, bu oyunların uğursuz alınmasına yönələn cəhdlər müşahidə olunur.
Bu qarayaxma bədxahlıq məqsədi ilə aparılır. Bunun başqa izahı yoxdur. Burada siyasi, iqtisadi qüvvələr də,
şəxsi maraqlar da var. Ancaq bütün bunlar əbəs yerədir. Çünki Azərbaycanın iradəsi və dünyada böyük nüfuzu
var".
Millət vəkilinin sözlərinə görə, bu bədxahlığın nümunəsi "Eurovision" mahnı müsabiqəsində də özünü
göstərib:
"Burada da bədxahlıq elementləri müşahidə edilib, amma bunun heç bir əhəmiyyəti olmayıb və Azərbaycan
bu musiqi tədbiri ilə bir daha dünyaya özünü yaxşı tərəfdən tanıdıb. İndi idman sahəsində də Azərbaycanın
uğurlarını bütün dünya görür. Ölkəmizin qonaq qarşılamaq mədəniyyəti dünyaya məlumdur və bu mədəniyyət
daha da inkişaf edir. Humanist dünya qətiyyən şübhə etmir ki, ilk Avropa Oyunları Azərbaycanda uğurla
keçiriləcək və özünün yeni standartlarını müəyyənləşdirəcək".
Millət vəkili Rauf Əliyev isə hesab edir ki, ilk Avropa Oyunları ilə bağlı bəzi beynəlxalq qurumların
Azərbaycana qarşı apardıqları qarayaxma kampaniyası paxıllıq, gözügötürməzlikdən irəli gəlir. R. Əliyev
bildirib ki, dünyada böhran olduğu halda Azərbaycanın inkişaf etməsi, iri beynəlxalq layihələr həyata keçirməsi,
dünyada nüfuzunun artması bəzi dairələrdə paxıllıq hissi yaradır: "İlk Avropa Oyunlarının da məhz
Azərbaycanda keçirilməsi onları narahat edir. Təəssüf ki, Azərbaycanın daxilində də bir sıra insanlar bu tədbirin
ölkəmizdə keçirilməsini qəbul edə bilmir. Çünki onların istəyi odur ki, Azərbaycanın adı pis olsun, ölkədə heç
bir irimiqyaslı tədbir keçirilməsin, Azərbaycanın adı yaxşı işlərdə hallanmasın".
R. Əliyev də həmkarının dediyi kimi Azərbaycana qarşı bu qarayaxma kampaniyalarının ilk dəfə həyata
keçirilmədiyini bildirib: "Hər dəfə beynəlxalq tədbirlər öncəsi bu cür çirkin kampaniyanın şahidi oluruq.
"Eurovision" mahnı müsabiqəsi keçirilən zaman da belə kampaniyanın şahidi olduq. Aidiyyəti olmayan
məsələləri ortaya atır və bundan təzyiq vasitəsi kimi istifadə edirlər". O, hesab edir ki, bütün bunlar əbəs
yerədir: "Azərbaycan həmişə olduğu kimi, bu dəfə də bu mühüm tədbirə layiqli ev sahibliyi edəcək. Qısa
müddət ərzində ilk Avropa Oyunları üçün idman infrastrukturu yaradılıb və bütün digər işlər yarışların
başlanmasına qədər tamamlanacaq".
R. Əliyev ilk Avropa Oyunlarının Azərbaycan üçün faydalarından da danışıb: "İlk növbədə, Azərbaycana bu
Oyunları izləmək üçün minlərlə turist, o cümlədən, iş adamları, jurnalistlər gələcək. Azərbaycan bütün dünyanın
diqqət mərkəzində olacaq ki, bu da ölkəmizin dünyada geniş təbliğinə imkan yaradacaq".
Millət vəkili Sahib Alıyev bildirib ki, hazırda 5-ci kolonun təmsilçiləri Bakıda təşkil olunacaq Birinci
Avropa Oyunlarının əleyhinə "Inside the Games" saytında dərc edilən yazı haqda təbliğat aparırlar:
"Onları ruhlandıran məqam həmin yazıda Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının gözdən
salınmasıdır.
"Inside the Games"də bildirilir ki, uyğun şərait yaradılmadığından guya bir çox federasiyalar Bakıda
keçirilən yarışlara qatılmaqdan imtina ediblər, bura gələn idmançılar isə elə də tanınmış və təcrübəli deyillər və
sair və ilaxır. Sonra isə əsl erməni cəfəngiyyatına bənzər belə bir fikir səsləndirilir ki, ilk Avropa Oyunları sən
demə Bakıda yox, 2018-ci ildə Qlazqo və Berlin şəhərlərində keçiriləcək.
Lakin Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikkinin Bakıda keçiriləcək mötəbər idman bayramı
ilə bağlı səsləndirdiyi fikirlər bütün qərəzli bəyanatları alt-üst edib. Avropa Olimpiya Komitələrinin
prezidentinin sözlərindən sonra yəqin artıq şərhə ehtiyac qalmır. Sadəcə, adamı təəccübləndirən budur ki, adını
azərbaycanlı qoyanlar ermənilərin sifarişilə yazılan bir cızmaqaranı nədən belə həvəslə yayır və sürüylə
bəyənirlər? Ermənilərin bizə niyə belə yanaşdıqları aydındır, bəs onlarda öz ölkələrinə və dövlətlərinə nifrət
nədən qaynaqlanır?"
Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət aparılan kampaniyanın yerli iştirakçılarının Azərbaycana
ermənilərdən daha artıq zərbə vurduqlarını deyib: "Ermənistanın Azərbaycanın əldə etdiyi uğurları gözü
götürməməsi təbiidir - aydın məsələdir ki, düşmən ölkə bizim nailiyyətlərimizi heç vaxt obyektiv
qiymətləndirməz. Bu ölkə işğalçıdır, düşməndir və ondan özümüzə yönəlik normal münasibət gözləmək
sadəlövhlük olardı. Amma bəzi azərbaycanlıların - onların arasında siyasi iddialılar da az deyil - ermənilər
qədər, hətta onlardan daha çox Azərbaycanı qaralamağa, gözdən salmağa istiqamətlənmiş məqsədli fəaliyyətləri
məni çox narahat edir. Azərbaycan mediasında aparıcı jurnalistika ilə məşğul olduqlarını iddia edən bəzi
adamların bu məsələdə ermənilərdən daha artıq ermənilik etmələri məndə yumşaq desək, məyusluq yaradır.
Azərbaycanın uğurları sadəcə hakimiyyətin deyil, bütövlükdə dünyadakı əlli milyonluq Azərbaycan xalqının,
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
273
ümumilikdə isə türk dünyasının uğurlarıdır. Bu uğurlara isə yalnız ermənilər başda olmaqla bizim
düşmənlərimiz, onlara rəvac verənlər sevinməyə bilərlər. Lakin biz görürük ki, Azərbaycanda oturub siyasi
müxalifətçilik edən, alternativ jurnalistika ilə məşğul olan bəzi həmkarlarımız da ölkəmizi ermənilərdən daha
çox baltalayırlar".
A. Həsrət əlavə edib ki, guya Avropa Oyunları əhəmiyyətsiz və yalandan ibarətdir, guya Bakıda təşkil
olunacaq Avropa Oyunları gerçək deyil, həmin oyunlar başqa ölkələrdə keçiriləcək və digər cəfəng iddialarla
çıxış edirlər. Onun sözlərinə görə, belə yalan informasiyaları dövriyyəyə buraxanlar Azərbaycana ermənilərdən
daha artıq zərbə vururlar: "Yəni bu adamların xisləti o qədər zaydır ki, özləri o dərəcədə yaramazdırlar ki,
Azərbaycanı hər addımda ermənilərdən on qat artıq səylə baltalamaqla məşğuldurlar.
Açığı, bu adamlara söz tapıb demək də mümkün deyil. Əgər ölkəmiz hansısa uğura imza atırsa, bundan
yalnız hakimiyyətmi faydalanır, bu, Azərbaycanın uğuru deyilmi? Əgər onlar Azərbaycanda siyasi iddia irəli
sürürlərsə, bu uğurlara sevinmək əvəzinə, ölkəmizi baltalayarsınız? Onlar açıq şəkildə anti-Azərbaycan
mövqeyindən çıxış edirlər və mənim kimi düşünən insanlar da sadəcə onları qınamaqla qalmırıq. Fikrimcə, o
adamların ağzı lazımi qaydada yumulmalıdır ki, onlar bir daha həyasız və ədəbsiz ifadələrlə Azərbaycana qarşı
fəaliyyət aparmasınlar. Bunlar ermənidən betər erməni, düşməndən artıq düşməndirlər və ona görə də həmin
adamlara münasibət adekvat olmalıdır".
“525-ci qəzet”.-2015.-31 mart.-№ 54.-S.3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
274
Bakı-2015: Avropa Oyunlarının məşəlinin yandırılacağı tarix dəqiqləşib
İyunun 12-dək 28-dək Bakıda keçiriləcək I Avropa Oyunlarının məşəlinin alovlandırılacağı tarix
dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bu
tarixi hadisənin aprelin 26-da yaşanacağını deyib.
O bildirib ki, məşəl yandırıldıqdan sonra Azərbaycanın region və şəhərlərini gəzəcək. Məşəli ölkəmizin
ərazisində tanınmış şəxsiyyətlər və idmançılar bir-birinə təhvil verəcəklər. Aprelin 26-da yandırılacaq məşəl
iyunun 11-də yenidən paytaxta qaytarılacaq.
Qeyd edək ki, məşəlin 51 şəhərimizdə olması nəzərdə tutulub.
“Xalq qəzeti”.-2015.-1 aprel.-N 66.-S.5.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
275
Aprelin 3-ü “Bakı-2015” ilk Avropa Oyunları könüllülər proqramı üçün son müraciət tarixidir
“Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsi “Alovqoruyanlar” könüllülər proqramının iştirakçısı
olmaq istəyənlər üçün son müraciət tarixinin aprelin 3-ü olduğunu elan edib.
AZƏRTAC xəbər verir ki, minlərlə gənc, eyni zamanda, yerli və xarici namizədlər bu fürsətdən istifadə
edərək “Bakı-2015”də müxtəlif sahələrdə könüllü kimi fəaliyyət göstərə biləcəklər.
“Bakı-2015” “Alovqoruyanlar” könüllülər proqramına rəsmi olaraq ötən il iyunun 12-də start verilib. Bu
müddətdə iştirak üçün 30 mindən çox müraciət daxil olub. Hər həftə işə qəbul mərkəzində müraciət edən
yüzlərlə namizədlə müsahibələr aparılır. Könüllü olmaq istəyənlərlə müsahibələr aprelin sonunadək davam
etdiriləcək. Lakin namizəd olmaq istəyənlər aprelin 3-dək müraciət formalarını göndərməlidirlər.
Oyunlar ərzində “Alovqoruyanlar" əsas rolları icra edəcək, idmançılara və yüksək vəzifəli şəxslərə köməklik
göstərəcək, idman yarışlarında çalışacaq, tamaşaçılara və yaxud media nümayəndələrinə yardım edəcəklər.
Gənclər və idman naziri Azad Rəhimov bu barədə deyib ki, Avropa Oyunlarının könüllü proqramı gənclərin
“Bakı-2015”ə qoşulması və beynəlxalq arenada ölkəmizi dəstəkləməsi üçün gözəl imkan yaradır. Bütün
“Alovqoruyanlar”ımız Azərbaycanda çoxnövlü idman yarışı çərçivəsində daimi irs qoyan proqram sayəsində
ölkəmizin tarixindəki bu möhtəşəm anı paylaşacaq və şəxsi karyeraları üçün çox mühüm təcrübə qazanacaqlar.
Azərbaycan Gənclər Fondunun icraçı direktoru və “Bakı-2015” Təşkilat Komitəsinin üzvü Fərhad Hacıyev
deyib: “Alovqoruyanlar” Oyunların qazanacağı uğurun mərkəzində dayanırlar. Onların iştirakı böyük əhəmiyyət
kəsb edir. Çünki Avropa Oyunları kimi genişmiqyaslı bir tədbir könüllülərin dəstəyi olmadan keçirilə bilməz.
“Alovqoruyanlar” rolunda könüllü kimi çalışmaq Avropa Oyunları ruhunun bir hissəsinə çevrilmək üçün yaxşı
fürsətdir. Avropa Oyunları bizə azərbaycanlı gənclərin xalqın gələcəyinin formalaşmasına cəlb olunmasını
göstərməyə, eyni zamanda, gənclərin bacarığını, peşəkarlığını, işgüzarlığını və bir-biri ilə dostluq əlaqələrini
inkişaf etdirməyə imkan verəcək”.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin işçi qüvvəsi və akkreditasiya direktoru xanım Şeron
MakMaykl könüllü proqramı üçün bu günədək daxil olan müraciətlərdən məmnun qaldıqlarını vurğulayıb. Həm
Azərbaycan, həm də Avropa Oyunları üçün möhtəşəm uğur hekayəsinə çevriləcək proqramın bir hissəsi olmaq
istəyənləri aprelin 3-dək müraciət etməyə çağırırıq. Könüllülərin icra edəcəkləri əksər rollar üçün təcrübənin
olmasına ehtiyac yoxdur. Biz mehriban, səmimi, idmana həvəsi olan və Avropa Oyunlarının uğurlu keçməsini
istəyən şəxslərin axtarışındayıq”.
Avropa Oyunları kimi çoxnövlü idman yarışlarında çalışacaq “Alovqoruyanlar” təlimlərdə iştirak etmək,
“Bakı-2015” uniformalarını ödənişsiz əldə etmək, obyektlərə ictimai nəqliyyatla ödənişsiz getmək, qida və
Oyunların könüllü proqramının rəsmi tərəfdaşı olan “Nar Mobile” şirkəti tərəfindən nömrələrlə təmin edilmək
kimi fürsətlərdən yararlanacaqlar.
Avropanın ilk dəfə keçiriləcək ən böyük idman yarışında çalışacaq bütün könüllülər aşağıdakı link vasitəsilə
qeydiyyatdan keçə bilərlər: http://az.baku2015.com/join-us/article/muraciət-qaydalari-26214.html.
“Azərbaycan”.-2015.-2 aprel.-N 57.-S.3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
276
Dostları ilə paylaş: |