Prezident İlham Əliyev Avropa Olimpiya Komitəsinin 2015-ci ildə
birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı münasibətilə
Azərbaycan xalqını təbrik etmişdir
(10 dekabr 2012-ci il)
Bakı, 10 dekabr (AzərTAc). Xəbər verdiyimiz kimi, Avropa Olimpiya Komitəsi 2015-ci ildə birinci
Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul etmişdir.
Prezident İlham Əliyev bu münasibətlə dekabrın 10-da Azərbaycan xalqını təbrik edərək
demişdir
- Dekabrın 8-də Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Olimpiya
Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bu böyük tarixi hadisə münasibətilə
bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, doğrudan da tarixi hadisədir. Çünki bu vaxta qədər
Avropa Olimpiya Oyunları keçirilməmişdir və ilk oyunların Bakıda keçirilməsi böyük tarixi hadisədir,
ölkəmizin böyük uğurudur.
Bu qərarın qəbul edilməsində iştirak etmiş bütün insanlara, Avropa Olimpiya Komitəsinə böyük
minnətdarlığımı, təşəkkürümü bildirmək istəyirəm. Qeyd etmək istəyirəm ki, Azərbaycan bu oyunları yüksək
səviyyədə keçirəcəkdir. Beləliklə, Bakı şəhəri birinci oyunların keçirilməsində böyük xidmətlərinə görə Avropa
Olimpiya Oyunlarının tarixinə daxil ediləcəkdir.
Bu qərarın qəbul edilməsində bir neçə amil öz rolunu oynamışdır. İlk növbədə, ölkəmizin beynəlxalq
nüfuzu öz rolunu oynamışdır. Azərbaycan bu gün dünyada böyük hörmətə malik olan bir ölkədir. Dünya
birliyində bizim rolumuz, təsir imkanlarımız artır və dünya birliyi Azərbaycana böyük hörmətlə və etimadla
yanaşır.
Keçən il ölkəmizin tarixində böyük hadisə baş vermişdir, Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv
qəbul edilmişdir. Biz bu şərəfə 155 ölkənin dəstəyi ilə layiq görüldük və bir il ərzində Təhlükəsizlik Şurasının
üzvü kimi Azərbaycan öz prinsipial mövqeyini göstərir. Əvvəllər də bəyan etdiyim kimi, biz Təhlükəsizlik
Şurasında beynəlxalq hüquq normalarını və ədaləti müdafiə edəcəyik.
Bir sözlə, beynəlxalq əlaqələrimiz genişlənir, dostlarımızın sayı artır və ölkəmizin beynəlxalq imici də
çox müsbətdir. Digər amil ondan ibarətdir ki, Azərbaycanda uzun illər ictimai-siyasi sabitlik hökm sürür. Bu da
çox vacibdir. Ölkəmizin dinamik, uğurlu inkişafı üçün ictimai-siyasi sabitlik çox mühüm rol oynayır və
Azərbaycan bu baxımdan nümunəvi ölkə kimi dünyada özünü təsdiqləyibdir.
Əlbəttə ki, iqtisadi uğurlarımız da bu qərarın qəbul edilməsində öz rolunu oynamışdır. Son doqquz il
ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edir. İqtisadiyyatımız üç dəfə, yəni, 300 faiz artmışdır.
İqtisadiyyatımızın şaxələndirilməsi prosesi uğurla gedir. Biz bu ilin yekunlarına görə də yenidən gözəl iqtisadi
uğurları görürük və bununla fəxr edirik.
Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 46-cı, MDB məkanında
birinci yerdədir. Bütün əsas beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini hətta böhranlı
illərdə də artırıblar. Yəni, iqtisadi imkanlar da öz rolunu oynamışdır.
Ölkəmizdə və Bakı şəhərində müasir infrastruktur layihələri həyata keçirilir. Onların bir çoxu artıq
tamamlanmışdır. Bakı dünyanın ən gözəl şəhərlərinin siyahısındadır. Təsadüfi deyildir ki, bu amil də öz rolunu
oynamışdır. Növbəti illərdə də Bakının infrastrukturunun genişləndirilməsi, müasirləşdirilməsi istiqamətində
əlavə tədbirlər görüləcəkdir.
Şəhərimizdə müasir infrastruktur, xidmət obyektləri tikilir. Şəhər gündən-günə gözəlləşir. Böyük işlər
görülür, ictimai yerlər, parklar salınır, binalar bərpa edilir. Özəl sektorun inkişafı üçün çox gözəl şərait vardır.
Azərbaycanda investisiya iqlimi çox müsbətdir. Eyni zamanda, iqtisadi, yəni, maliyyə resurslarımız da bizə
imkan verəcəkdir ki, Olimpiadanı yüksək səviyyədə keçirək.
Onu da qeyd etmək istəyirəm ki, Bakıda və bütövlükdə Azərbaycanda idman infrastrukturunun
yaradılması istiqamətində böyük işlər görülmüşdür. Vaxtilə başlanmış layihələrin bir çoxu başa çatmışdır.
Hazırda tikilməkdə olan idman obyektləri yaxın iki il ərzində istifadəyə veriləcəkdir. Yəni, biz Avropa
Olimpiya Oyunlarını keçirmək üçün bütün imkanlara malikik. Həm idman infrastrukturu, eyni zamanda, inkişaf
etmiş şəhərimiz vardır.
Bu xəbər cəmiyyətdə də böyük sevinc hissi ilə qarşılanmışdır. Bu qərarın qəbul edilməsində şübhəsiz ki,
idmançılarımızın uğurları da öz rolunu oynamışdır. Azərbaycan bu gün dünyada və Avropada idman dövləti
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
9
kimi tanınır. Bizim uğurlarımız həm beynəlxalq yarışlarda əldə etdiyimiz medallarla ölçülür, eyni zamanda,
Azərbaycanda, Bakıda yaradılmış müasir idman infrastrukturu da uğurlarımızı tamamlayır. Buna Azərbaycanda
və Bakıda keçirilmiş dünya, Avropa çempionatlarını əlavə etsək, görərik ki, doğrudan da Azərbaycanda idman
uğurla, sürətlə inkişaf edir. İdmanın kütləviliyi təmin edilir və Azərbaycanda Olimpiya hərəkatı çox yüksək
səviyyədədir.
İdmançılarımızın uğurları özünü Yay Olimpiya Oyunlarında da göstərmişdir. Bu il Yay Olimpiya
Oyunlarında biz tarixi qələbə qazanmışıq, on medal qazanmışıq. Dünya miqyasında 30-cu, Avropa ölkələri
arasında isə 15-ci yerə layiq görülmüşük. Yəni, bütün bu amillər bu qərarın qəbul edilməsində öz rolunu
oynamışdır.
Bir daha demək istəyirəm ki, birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərar
böyük tarixi hadisədir. Bu, bizə göstərilən böyük inamdır, böyük etimaddır, böyük hörmətdir, eyni zamanda,
üzərimizə düşən böyük məsuliyyətdir. Mən şübhə etmirəm ki, biz bu sınaqdan da uğurla və şərəflə çıxacağıq, bu
oyunları yüksək səviyyədə keçirəcəyik.
Oyunların keçirilməsi 2015-ci ildə nəzərdə tutulur. Yəni, bizim hazırlıq üçün cəmi iki il vaxtımız vardır.
Əminəm ki, biz bu oyunlara hazırlıqla bağlı bütün tədbirləri görüb onu yüksək səviyyədə keçirəcəyik. Bir daha
dünyaya göstərəcəyik ki, gənc, müstəqil, dinamik inkişaf edən Azərbaycan böyük uğurlara nail olubdur.
Bu gözəl hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Eşq olsun Azərbaycana!
AzərTAc
10 dekabr 2012-ci il
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
10
Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərarın qəbul olunması
Azərbaycan Prezidentinin apardığı siyasətin qələbəsidir
Dekabrın 11-də Milli Məclisin növbəti plenar iclası keçirilmişdir. Əvvəlcə cari məsələlərə baxılmışdır.
Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov çıxış
edərək bildirmişdir ki, dekabrın 8-də Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk
dəfə olaraq Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev də bu münasibətlə xalqı təbrik etmişdir.
Tarixdə ilk dəfə Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərarın qəbulu ölkəmizin
dünyada artan nüfuzunun göstəricisidir. Bu, ölkəmizdə həyata keçirilən siyasətin uğurlarından xəbər verir.
Dövlətimiz öz tarixində ilk dəfə olaraq 2015-ci ildə Avropa Olimpiya Oyunlarını keçirməklə Azərbaycanın
müasir tarixinin çox şərəfli bir səhifəsini yazacaqdır.
Milli Məclisin sədri Oqtay Əsədov bu hadisəni yüksək dəyərləndirərək bildirmişdir ki, bütün bunlar ölkədə
aparılan məqsədyönlü siyasətin uğurlarıdır. Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi barədə
qərarın qəbul olunması Azərbaycan Prezidentinin apardığı siyasətin qələbəsidir. Milli Məclisin sədri bu
münasibətlə Prezident İlham Əliyevi və bütün Azərbaycan xalqını və təbrik etmişdir.
Sonra gündəlikdəki qanun layihələri müzakirə başlanılmış və Azərbaycanın bir neçə ölkə ilə imzaladığı
sazişlər təsdiqləndi. Bu sənədlərin içərisində Azərbaycan Hökuməti və Türkiyə Hökuməti arasında axtarış və
xilasetmə xidmətlərinin əlaqələndirilməsi haqqında, həmçinin bitki mühafizəsi və karantini sahəsində
əməkdaşlıq haqqında Sazişlər, Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsinin
fəaliyyətinin nizamlanması haqqında Protokol, Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsinin təsdiq
edilməsi ilə bağlı qanun layihələri vardır.
Bundan başqa, iclasda Azərbaycan Hökuməti və Belarus Hökuməti arasında odlu silahların, döyüş
sursatlarının, partlayıcı maddələrin və partlayıcı qurğuların qanunsuz hazırlanması və dövriyyəsi ilə mübarizədə
əməkdaşlıq haqqında, həmçinin cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə, o cümlədən mədəni sərvətlərin talanması ilə mübarizə və onların geri
qaytarılmasının təmin edilməsi sahəsində əməkdaşlıq haqqında beynəlxalq sənədlər də təsdiqlənmişdir. Lizinq
fəaliyyətinin genişləndirilməsi üçün əlverişli hüquqi, iqtisadi və təşkilati şəraitin yaradılması haqqında Sazişlər,
Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Krallığı Hökuməti arasında hava əlaqəsi
haqqında, Azərbaycan və Argentina arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Sazişlərin təsdiq edilməsi
barədə qanun layihələri də qəbul olunmuşdur.
Eyni zamanda, iclasda Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında sərhədyanı rayonlarda yaşayan
Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri
haqqında, həmçinin Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşları və İran İslam Respublikası
vətəndaşları üçün sadələşdirilmiş qaydada gediş-gəliş haqqında Memorandumların təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunları da ləğv edilmişdir.
Bu sənədlərlə bağlı məlumat verən parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynli bildirdi ki, bu memorandumlarda SSRİ dövründə mövcud olmuş qaydalar əksini tapmışdır. Hazırda isə
Azərbaycan bütün ölkələrlə münasibətləri tənzimləyən viza sistemi yaratmışdır. Eyni zamanda, sərhəd rejimini,
təhlükəsizliyi tənzimləyən qanunlar mövcuddur. Miqrasiya, vətəndaşların gedib-gəlməsini tənzimləyən
mükəmməl qanunvericilik bazası yaradılmışdır. Hüquqi baxımdan bu memorandumların müddəalarına ehtiyac
qalmamışdır. Ona görə də hər iki dövlətin səlahiyyətli orqanları müddəti başa çatmış bu memorandumların ləğvi
barədə mövqelərini bildirmişlər.
Sonra iclasda İnzibati Xətalar, Cinayət-Prosessual və Cinayət məcəllələrinə təklif edilən redaktə xarakterli
dəyişikliklər təsdiqlənmişdir.
Gündəlikdə olan digər 6 məsələ - Cinayət, Mülki, İnzibati Xətalar və İnzibati Prosessual məcəllələrinə,
həmçinin “Həmkarlar ittifaqları haqqında” və “Mühasibat uçotu haqqında” qanunlara təklif edilən dəyişikliklər
isə siyasi partiyalara dair qanunvericiliklə bağlı idi.
Bildirilmişdir ki, Cinayət Məcəlləsinə 169.1 maddəsinin əlavə edilməsi nəzərdə tutulur. Həmin maddədə
siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur etməyə görə cərimə və cəzalar nəzərdə
tutulmuşdur.
Sonda qanun layihələri səsə qoyularaq qəbul edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
11
İclasda həmçinin Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi, Astara
rayonunun Ərçivan kəndinə qəsəbə statusu verilməsi, “Sosial müavinətlər haqqında” qanunda dəyişikliklər
edilməsi barədə qanun layihələri də səsə qoyularaq qəbul edilmişdir.
Bununla da Milli Məclisin iclası başa çatmışdır
“Xalq qəzeti”.-2012.-12 dekabr.-N 277.-S.13.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
12
İlk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərar
Azərbaycanın böyük uğurudur
Məlum olduğu kimi, Avropa Olimpiya Komitəsi ilk Avropa Olimpiya Oyunlarının 2015-ci ildə Bakıda
keçirilməsi ilə bağlı tarixi qərar verib. Bu, Azərbaycanın inkişafına, sabitliyə, dünya idmanı və Olimpiya
hərəkatının liderlərindən biri olmasına verilən qiymətdir. Ümumiyyətlə, bu gün öz inkişafına görə Cənubi
Qafqazın lider ölkəsinə çevrilən Azərbaycan, eyni zamanda, dünyada aparıcı idman ölkələrindən biri kimi
tanınır. Lakin buna heç də asanlıqla nail olunmayıb. Bu uğurun mərkəzində Azərbaycanda gənclərin dövlət
tərəfindən hərtərəfli qayğı ilə əhatə olunması, həmçinin, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi
üçün atılan addımlar dayanır. Kimsəyə sirr deyil ki, ölkəmizin müstəqilliyinin ilk illərində dövlətin diqqət və
qayğısından kənarda qalan gənclərin öz imkanlarını gerçəkləşdirməsi, cəmiyyətdə bilik və bacarıqlarına
münasib yer tapması üçün şərait yox səviyyəsində idi. Təhsildəki böhranın, işsizliyin, mənəvi boşluğun
yaratdığı vəziyyət gənclər arasında neqativ halların, cinayətkarlığın artmasına təkan verirdi. Digər tərəfdən,
1991-1993-cü illərdə yaşanan siyasi hərc-mərclik və hakimiyyətsizlik mühitində ayrı-ayrı şəxslər, qruplar öz
siyasi ambisiyalarını, şəxsi maraqlarını həyata keçirmək məqsədilə gənclərdən alət kimi istifadə etməyə
çalışırdılar. Bu vəziyyətə isə məhz Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ilin
iyununda siyasi hakimiyyətə qayıdışından sonra son qoyuldu.
Ulu öndər gənclərə böyük etimad göstərirdi
Təsadüfi deyil ki, hələ 1993-cü ildə Ali Sovetin Sədri olarkən Ulu öndər sovetlər dönəmində xarici
ölkələrə, o cümlədən, sovet respublikalarına oxumağa göndərilən gənclərlə, bir sıra gənclər təşkilatlarının
rəhbərləri ilə görüş keçirdi, ölkəmizin keçdiyi yolları bir daha göz önünə gətirdi, xatırlatdı, gənclər siyasətinin
formalaşması ilə bağlı ciddi fikirlər bildirdi. Ulu öndərin həmin görüşdəki çıxışı isə həm ölkə daxilindəki, həm
də xaricdəki qüvvələrə təsirli bir mesaj oldu: “Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin
qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik”.
Beləliklə, Ümummilli liderimizin bu çıxışını özünün fəaliyyət istiqaməti seçən, Heydər Əliyevdən böyük
inam və etimad görən Azərbaycan gəncliyi tezliklə dövlətin və Yeni Azərbaycan Partiyasının ətrafında sıx
birləşdi. 1994-cü ildə Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Gənclər və İdman Nazirliyinin yaradılması isə
gənclərimizin dövlət quruculuğu prosesindəki iştirakına əsaslı təkan vermiş oldu. Eyni zamanda, Ulu öndər
Heydər Əliyevin diqqəti və qayğısı sayəsində gənclərimizin müxtəlif dövlət vəzifələrində çalışmasına şərait
yaradıldı. Özəl sahələrdə də fəallaşan gənclər ictimai-siyasi həyatda aktiv rol oynamağa başladılar. Cənab İlham
Əliyevin 2001-ci ildə YAP-ın II qurultayında partiya Sədrinin birinci müavini vəzifəsinə seçilməsi isə
gənclərimizdə böyük ruh yüksəkliyi yaratdı.
Ulu öndər Heydər Əliyev, eyni zamanda, yeni nəslin müstəqil ölkəyə layiq tərbiyələnməsi və təhsil
alması üçün təhsildə və mənəvi sferada islahatların həyata keçirilməsinə rəhbərlik edirdi. Onu da qeyd edək ki,
müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına
çıxarılmasında Ulu öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumu xüsusi rol oynadı. 1996-
cı il fevralın 2-də keçirilən forum Ümummilli lider Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi
oldu. Ulu öndərin həmin forumdakı çıxışı gənclərimiz üçün bir çağırış rolunu oynadı: “Gənclər özlərini
Azərbaycanın gələcəyi naminə layiqincə hazırlamalıdırlar. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan
Respublikasının həyat yolu kimi qəbul etməlidir. Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan
Respublikasının inkişafına həsr etməkdən ibarət olmalıdır”.
Təsadüfi deyil ki, 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə 2 fevral Azərbaycan
tarixinə Gənclər Günü kimi düşdü. Ümummilli liderin gənclər siyasəti gənclərin inkişafı və onların
potensialından cəmiyyətin tərəqqisi üçün istifadə edilməsində özünü göstərirdi.
Azərbaycanda Olimpiya hərəkatı məhz Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən
sonra dirçəlməyə başladı
Ulu öndər hər bir sferada olduğu kimi, idman sahəsində də gənclərin öz potensiallarını ortaya qoymasına
şərait yaradırdı. Çünki gənclərin idmana cəlb olunması bu sahənin inkişafı ilə bərabər, ölkədə daha sağlam yeni
nəsil yetişdirmək məqsədi daşıyırdı. Daha dəqiq desək, ölkəmizdə idmanın inkişafı, kütləviləşməsi,
Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının əsası məhz Ulu öndər Heydər Əliyev tərəfindən
qoyulub. Ümummilli liderin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtmasından sonra bütün sahələrdə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
13
olduğu kimi idman sektorunda da əsaslı dönüş baş verdi. Azərbaycanda dağılmış idman infrastrukturu, demək
olar ki, yox səviyyəsində olan Olimpiya hərəkatı məhz Ulu öndərin hakimiyyət gəlməsindən sonra dirçəlməyə
başladı.
Belə ki, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) 1992-ci ildə yaradılsa da ilk illərdə bu qurumun
fəaliyyəti o qədər də nəzərə çarpmırdı. MOK Azərbaycanın idman hərəkatına liderlik etmək iqtidarında deyildi.
1992-ci ildə Barselonada keçirilmiş XXV Yay Olimpiya Oyunlarında da ölkəmiz müstəqil dövlət kimi təmsil
oluna bilmədi. Ölkəmizin beş idmançısı MDB-nin birləşmiş komandasının tərkibində Olimpiya Oyunlarında
iştirak etməli oldu. Ümumiyyətlə, 1992-1997-ci illər arasında MOK-un fəaliyyətində qeyd olunmalı işlər əsasən,
Avropa Yeniyetmələrinin Olimpiya Günlərində iştirak, Bakıda Beynəlxalq Qaçış Günlərinin keçirilməsini əhatə
edir. Həmin dövr üçün qeyd olunmalı ən mühüm hadisə isə 1996-cı ildə Azərbaycanın müstəqil dövlət kimi ilk
dəfə Olimpiya Oyunlarına qatılmasıdır. Bu tarixi hadisənin reallaşdırılmasında Ulu öndər Heydər Əliyevin
böyük əməyi oldu. Ulu öndərin Atlanta Oyunlarına hazırlıq haqqında Sərəncamı, hazırlığın daim dövlət nəzarəti
altında saxlanması, idmançılara dövlət tərəfindən diqqət və qayğının gücləndirilməsi öz bəhrəsini verdi. Belə ki,
Azərbaycan Atlantada 23 idmançı ilə təmsil olundu və bir gümüş medal qazanıldı. Sərbəst üsulla güləşən Namiq
Abdullayevin həmin yarışlarda qazandığı gümüş medal isə Azərbaycan milli Olimpiya komandasının Olimpiya
Oyunlarında qazandığı ilk medal idi.
Cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə Azərbaycan idmanında,
Olimpiya hərəkatında yeni və möhtəşəm mərhələnin əsası qoyuldu
Bu məqamda vurğulamaq yerinə düşər ki, MOK-un fəaliyyətinin birinci beşilliyində görülmüş işlər,
ümumiyyətlə, lazımi səviyyədə qurulmamışdı və qənaətbəxş sayıla bilməzdi. İşdə əsaslı dönüş yaratmaq tələb
olunurdu. Beləliklə, MOK-un 1997-ci ilin 31 iyulunda keçirilmiş növbəti Baş Məclisi komitənin yeni idarə
heyətini müəyyənləşdirdi. Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Komitənin
fəaliyyət istiqamətləri müəyyənləşdirildi. Bununla da Azərbaycan idmanında, Olimpiya hərəkatında yeni və
möhtəşəm mərhələnin əsası qoyuldu. Bir qədər irəli gedərək qeyd edək ki, məhz bunun nəticəsidir ki, bu gün
Azərbaycan planetin bir nömrəli idman yarışı olan Yay Olimpiya Oyunları kimi turnirə ev sahibliyi etmək
iddiasını ortaya qoyub.
Həmin vaxtdan etibarən mərhələ-mərhələ həyata keçirilən siyasət Azərbaycan idmanının tarixində şanlı
səhifələrin yazılmasına səbəb olub. Prezident İlham Əliyevin istər dövlət başçısı, istərsə də MOK rəhbəri kimi
gördüyü işlər Azərbaycanı, demək olar ki, Olimpiya ölkəsinə çevirib. Ötən dövrə nəzər salanda Azərbaycanda
idman və Olimpiya hərəkatının inkişafında nə qədər böyük məsafə qət edildiyinin şahidi oluruq. Belə ki, dövlət
başçısının MOK rəhbəri kimi fəaliyyət göstərdiyi ötən illər ərzində gerçəkləşdirilən çoxistiqamətli siyasət
nəticəsində ölkəmizdə idmançı ordusu, fiziki və mənəvi cəhətdən sağlam nəsil, müasir idman infrastrukturu
yaradılıb. Bu gün Azərbaycada 30-dan çox müasir Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. İdman
bazaları demək olar ki, ölkənin bütün bölgələrini əhatə edir. MOK-un fəaliyyətinə ən böyük qiyməti Beynəlxalq
Olimpiya Komitəsinin prezidenti Jaq Roqqe verərək deyib ki, Azərbaycan Milli Olimpiya Komitəsi başqa
Olimpiya komitələri üçün örnək olmalıdır. İdmanda olan nailiyyətlər göz qabağındadır. Bunları danmaq
mümkün deyil. Bu sahədə həyata keçirilən siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda idmanla məşğul olmaq
böyük bir amilə çevrilib.
Yeri gəlmişkən, ölkəmizdə idman bölmələrinə müşahidə edilən axın bir daha göstərir ki, gənclərimiz,
uşaqlarımız idmanla məşğul olmaq istəyirlər. İlk növbədə ona görə ki, idmançı olmaq çox şərəfli bir peşəyə
çevrilib. Digər tərəfdən, idmanla məşğul olan, beynəlxalq yarışlarda böyük qələbələr qazanan idmançılar dövlət
tərəfindən layiqincə mükafatlandırılır, onlara qayğı göstərilir.
Olimpiya oyunlarında qazanılan ardıcıl uğurlar
Beləliklə, Azərbaycanda idmanın inkişafı üçün gözəl şərait yaradılıb. Dövlət başçısının bu sahədə həyata
keçirdiyi siyasət nəticəsində Azərbaycan beynəlxalq idman aləmində artıq öz layiqli yerini tutub və aparıcı
idman ölkəsinə çevrilib. Bunu ötən dövr ərzində Olimpiya oyunlarında qazanılan uğurlar və idmançılarımızın
əldə etdiyi medalların sayının artması da təsdiqləyir.
Bu statistikaya keçməzdən öncə bildirmək yerinə düşər ki, 1998-ci ildə respublikamız ilk dəfə Qış
Olimpiya Oyunlarına qatılıb. Yaponiyanın Naqano şəhərində keçirilən XVIII Qış Olimpiya Oyunlarında
respublikamız 5 idmançı ilə dörd yarışda təmsil olunub. 2002-ci ildə Azərbaycan ikinci dəfə Qış Olimpiya
Oyunlarının iştirakçısı olub. ABŞ-ın Solt Leyk Siti şəhərində keçirilən bu oyunlarda idmançılarımız 3 yarışda
iştirak ediblər. Olimpiya Oyunlarında qazanılan uğurlara gəlincə, məlumat üçün bildirək ki, 2000-ci ildə Sidney
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
14
Olimpiadasında Azərbaycan 31 idmançı ilə 10 idman növü üzrə təmsil olunub və idmançılarımız 3 (2 qızıl, 1
bürünc) medal qazanıblar. Azərbaycan komanda hesabında 199 ölkə arasında 34-cü, Avropa ölkələri arasında
isə 23-cü olub. Bu, həmin vaxta qədər ölkəmizin Olimpiya hərəkatı tarixində ən böyük uğur olmaqla yanaşı,
dövlətin həyata keçirdiyi siyasətin məntiqi nəticəsi idi.
2004-cü ilin avqustunda Afinada keçirilən Olimpiya Oyunlarında isə idman tariximizdə ilk dəfə olaraq 5
medal qazanılıb. Belə ki, Sidney Olimpiya Oyunları ilə müqayisədə bu oyunlarda 38 idmançı ilə 12 idman növü
üzrə uğurla mübarizə aparan Olimpiya komandamız nəticədə 1 qızıl və 4 bürünc medal qazanaraq 202 iştirakçı
dövlət arasında medalların sayına görə 37, keyfiyyətinə görə 50-ci yeri tuta bilib. Bütün bunlar dövlət başçısı
İlham Əliyevin təşkilatçılıq fəaliyyətinin uğurlu nəticələri kimi dəyərləndirilməlidir. Prezident İlham Əliyevin
MOK xəttilə uşaq və gənclərin problemlərini ardıcıl olaraq həll etməsi, onların imkan və bacarıqlarını
reallaşdırmaları üçün hərtərəfli və geniş şərait yaratması dövlətimizin fəaliyyətinin ən mühüm istiqamətlərindən
birinə çevrilib.
Azərbaycan dövlət başçısının həyata keçirdiyi siyasət ötən hər il ərzində daha böyük uğurların
qazanılmasına təkan verib. Məhz bunun nəticəsidir ki, 2008-ci il Pekin Olimpiadasında 44 lisenziya ilə 11
idman növündə təmsil olunan idmançılarımız tarixi zəfərə imza ataraq 7 (1 qızıl, 2 gümüş, 4 bürünc) medal
qazanıblar. Bu artıq hədəflərin yüksəlməsinin, ölkəmizdə Olimpiya hərəkatının daha geniş müstəviyə qədəm
qoymasının carçısı idi.
Hansı ki, biz “İdman ili” elan olunan 2012-ci ildə bunun şahidi olduq. Məlum olduğu kimi, 53 lisenziya
ilə 16 idman növündə təmsil olunan ölkəmizin idmançıları London Olimpiadasında rekord sayda-10 medal
qazanmaqla Azərbaycanın dünya Olimpiya hərəkatındakı lider mövqeyini bir qədər də möhkəmləndirdilər.
Bütün bu göstəricilər Azərbaycanda idmanın dinamik inikşaf tempinə malik olduğunu, idman uğurlarının
davamlı xarakter daşıdığını bir daha təsdiqləyir. Yəni, sadalanan uğurların əsasında idmana dövlət tərəfindən
göstərilən yüksək səviyyəli qayğı durur. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əsasını
qoyduğu bu siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri, reallıqları və
qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi bu istiqamətdə davamlı inkişafın əldə
olunmasını təmin edir.
Dostları ilə paylaş: |