AZƏRBAYCAN RESPUBLİKASI
Əlyazması hüququnda
XX ƏSRİN 20-30-cu İLLƏRİNDƏ AZƏRBAYCAN ƏDƏBİ
TƏNQİDİNDƏ KLASSİK İRS PROBLEMİNƏ MÜASİR
BAXIŞ
İxtisas:
5716.01 – Azərbaycan ədəbiyyatı
Elm sahəsi: Filologiya
İddiaçı:
Aynur Məmməd qızı Məmmədova
Fəlsəfə doktoru elmi dərəcəsi almaq
üçün təqdim edilmiş dissertasiyanın
A V T O R E F E R A T I
BAKI – 2022
2
Dissertasiya Azərbaycan Dillər Universitetinin Azərbaycan
ədəbiyyatı kafedrasında yerinə yetirilmişdir.
Elmi rəhbər:
filologiya elmləri doktoru, professor
Təyyar Salam oğlu Cavadov
Rəsmi opponentlər:
filologiya elmləri doktoru, professor
Gülşən Teymur qızı Əliyeva
filologiya elmləri doktoru, dosent
Xuraman Bəhmən qızı Hümmətova
filologiya üzrə fəlsəfə doktoru
Törə Kamal qızı Məmmədova
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya
Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası Folklor
İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.27 Dissertasiya Şurası
Dissertasiya Şurasınn sədri:
AMEA-nın həqiqi üzvü,
filologiya elmləri doktoru, professor
Muxtar Kazım oğlu İmanov
Dissertasiya Şurasının elmi katibi:
filologiya üzrə fəlsəfə doktoru, dosent
Afaq Xürrəm qızı Ramazanova
Elmi seminarın sədri:
filologiya elmləri doktoru, dosent
Leyla Kamran qızı Məmmədova
3
İŞİN ÜMUMİ SƏCİYYƏSİ
Mövzunun aktuallığı və öyrənilmə dərəcəsi. Azərbaycan
ədəbi tənqidinin tarixi ilə bağlı fundamental araşdırmalarda onun 900
illik bir tarixi inkişaf yolu keçməsindən bəhs olunur. Eyni zamanda
milli və professional ədəbi tənqidin tarixinin Mirzə Fətəli
Axundzadənin bu istiqamətdəki fəaliyyəti ilə başlaması fikri də önə
çəkilir. Bu halda da Azərbaycan ədəbi tənqidinin böyük bir inkişaf
yolu keçməsi həqiqəti ilə qarşılaşırıq.
XX əsrin 20-30-cu illəri milli ədəbi tənqidimizin tarixində ən
zəngin və mürəkkəb bir mərhələdir. Tənqidin ədəbi hərəkatın önündə
getməsi hadisəsi bu mərhələdən başlayır.
20-30-cu illərdə tənqidin aktivləşməsi, ədəbi prosesi arxasınca
aparmaq imkanları sənətin inkişafına ziddiyyətli təsir göstərir.
Tənqid bədii yaradıcılıqda sinfiliyə, məfkurəviliyə, bütövlükdə
ideoloji yönə diqqətini artırır. Ədəbi tənqid sosioloji prinsiplərdən
çıxış edir, bir çox hallarda isə vulqar-sosioloji mahiyyət qazanır.
Tənqid materialları ilə dərindən tanışlıq aydın göstərir ki, bu
mərhələdə ədəbiyyata vulqar-sosioloji yanaşma ilə bərabər, estetik
nöqteyi-nəzərdən baxış da, başqa sözlə, ədəbiyyatı ədəbiyyat qanun-
ları şərh etmək istəyi və tendensiyası da əsas olmuşdur. “Ədəbiyyatın
özünəməxsus qanunları vardır”.
1
Bu fikir 20-ci illər tənqidində uca
səslə elan edilir və mahiyyətində isə sənəti estetik prinsiplər əsasında
şərh etmək tələbi dayanırdı.
20-30-cu illər ədəbi-nəzəri fikrinin, tənqidin materialları ilə
əhatəli tanışlıq aydın göstərir ki, bu mürrəkkəb mərhələdə şifahi xalq
ədəbiyyatına, yazılı ədəbiyyatımızın bütün tarixi dövr və mərhələlə-
rinə kifayət qədər həssas və elmi münasibət olmuşdur. Bu fikri
cəsarətlə səsləndirmək olar ki, indiki ədəbiyyat tarixlərimizin funda-
mental bazasını 20-30-cu illərin tədqiqatları təşkil edir.
20-30-cu illərdə fəaliyyət göstərən tənqidçi və ədəbiyyatşünas-
ların böyük əksəriyyətinin repressiya qurbanları olduğunu nəzərə
almaq lazım gəlir. Bu mahiyyətcə o deməkdir ki, onların elmi-nəzəri
1
Çobanzadə, B. Seçilmiş əsərləri: [5 cilddə] / – Bakı: Şərq-Qərb, – III c. –
2007, – s.308.
4
irsi uzun müddət yasaq olunmuş, elmi düşüncəyə təsir imkanlarından
məhrum edilmişdir. Bu isə o deməkdir ki, həmin dövrün tənqidinin
klassik irsə baxış sistemi, bu sistemin mürəkkəb, ziddiyyətli və eyni
zamanda, inkarçı və orijinal mövqeləri öyrənilməli, araşdırılmalıdır.
Əlbəttə, aydın məsələdir ki, repressiya qurbanlarının elmi-
nəzəri və ədəbi-tənqidi irsi onlara rəsmi bəraət veriləndən sonra bu
və ya digər dərəcədə elmi düşüncənin diqqət mərkəzində olmuşdur.
İlk növbədə, onların zəngin irsinin müəyyən qismi müasir əlifbaya
keçirilmiş, oxucu kütləsinə və elmi ictimaiyyətə çatdırılmışdır. Bu
zaman daha çox ideoloji konveyerdən keçən materiallara üstünlük
verilmişdir. Müstəqillik dövründə ədəbiyyatşünaslıq bu kəsiri müəy-
yən qədər aradan qaldırsa da, bütövlükdə, 20-30-cu illər tənqidinin
sistemli şəkildə, enişli-yoxuşlu tərəfləri ilə, bütün mürəkkəbliyi və
ziddiyyətləri ilə öyrənilməsinə ehtiyac var.
Nəzərə alsaq ki, bu elmi-nəzəri və tənqidi düşüncədə ədəbiyya-
tımızın tarixi inkişaf yolu haqqında kifayət qədər əsaslı, dərin
tədqiqatlar yer almışdır, eyni zamanda, bu mərhələdə söylənilən bir
çox nəzəri müddəa və konsepsiyalar məhz müstəqillik dövrü
ədəbiyyatşünaslığının mövqeyini tamamlayır, onun ədəbi-tənqidi
bazası rolunda çıxış edir, onda bu tənqidin klassik irsə baxışlarının
obyektiv mənzərəsinin yaradılmasının nə qədər aktual və müasir
olduğu meydana çıxar.
Repressiya xofunun davam etməsi 70-80-ci illərə qədər 20-30-cu
illər tənqidinin nümayəndələrinin yaradıcılığını nəşr etmək və
araşdırmağa imkan verməmişdir. Əsasən 80-ci illərdə - milli müstə-
qillik ərəfəsində onların əsərlərinin nəşri və tədqiqi istiqamətində
sürəkli iş başlamışdır. Hənəfi Zeynallının, Əli Nazimin, Salman
Mümtazın, Əmin Abidin və b. əsərləri toplu halında nəşr edilmiş,
həmin kitablara “Ön söz”lər yazılmışdır. Rasim Tağıyevin Hənəfi
Zeynallının “Seçilmiş əsərlər”inə (Bakı, Yazıçı, 1983) “Görkəmli
ədəbiyyatşünas-tənqidçi”, Şamil Salmanovun Əli Nazimin “Seçilmiş
əsərləri”nə (Bakı, Yazıçı, 1979) “Əli Nazimin ədəbi-tənqidi görüşləri”,
Rasim Tağıyevin Salman Mümtazın “Azərbaycan ədəbiyyatının qay-
naqları” (Bakı, Avrasiya-Press, 2006) kitabına “Görkəmli tədqiqatçı-
ədəbiyyatşünas”, Bədirxan Əhmədovun Əmin Abidin “Seçilmiş
əsərləri”nə (Bakı, Şərq-Qərb, 2007) “Görkəmli ədəbiyyatşünas”,
5
Bədirxan Əhmədov və Əli Şamilin Əmin Abidin “Azərbaycan
türklərinin ədəbiyyat tarixi” kitabına (Bakı, Elm və təhsil, 2016) “Ön
söz” müqəddimələrində bu tənqidin nümayəndələrinin yaradıcılığı
haqqında əsasən iki istiqamətdə mülahizələr söylənmişdir: Ədəbiyyat
tarixi və müasir ədəbi proseslə bağlı. Bu yazılarda onların folklor və
ədəbiyyat tarixi istiqamətində gördükləri işlərə ümumiləşdirici dəyər
verilmişdir. Klassik irsimizin ayrı-ayrı nümayəndələrinin həyat və
yaradıcılıq faktlarının üzə çıxarılmasından tutmuş, ədəbiyyat
tariximizin başlanğıcı, dövrləşdirilməsi məsələləri ilə bağlı tənqid-
çilərin fikirləri tədqiq-təhlil süzgəcindən keçirilmişdir.
Tənqidin klassik irsimizlə bağlı apardığı tədqiqatlarla bağlı
fikirlər onlar haqqında yazılan məqalə, portret-oçerk xarakterli yazı-
larda bir qədər də dərinləşdirilmişdir. Bu tipli ilk yazılar sırasında
Nizaməddin Şəmsizadənin “İtmiş nəslin ardınca” silsiləsindən Bəkir
Çobanzadə, Əmin Abid, Mustafa Quliyev, Hənəfi Zeynallı, Atababa
Musaxanlı, Məmməd Kazım Ələkbərli, İsmayıl Hikmət haqqında
oçerklərini xüsusi fərqləndirmək lazımdır.
2
Tənqidin klassik irslə bağlı araşdırmalarının daha əhatəli şəkildə
tədqiqi mənasında onlar haqqında yazılmış monoqrafik əsərləri xüsusi
qeyd etmək lazımdır.
3
Həmin monoqrafiyaların hər birində tənqidçilə-
rin ədəbiyyat tarixi istiqamətindəki fəaliyyəti bir fəslin araşdırma ob-
yekti olur. Nərgiz Qurbanovanın, Qızqayıt Babayevanın, Nizaməddin
Şəmsizadənin tədqiqatlarında klassik irsə münasibətdə tənqidin
vulqar-sosioloji mövqeyi ilə estetik yanaşmalarının fərqləndirilməsinə
xüsusi diqqət yetirilir. Bu tədqiqatlarda tənqidin “klassikləri nəzəri-
estetik cəhətdən təhlil əvəzinə bəzi hallarda inqilabın şüarları ilə təftiş
etməsi”nə
4
və ümumən “marksist sənət konsepsiyası”ndan irəli gələn
mülahizələrinə tənqidi baxış ifadə olunur.
2
Şəmsizadə, N. İtmiş nəslin ardınca. Seçilmiş əsərləri: [3 cilddə] /
N.Şəmsizadə. – Bakı: Elm, – II c. – 2010. – s.233-291.
3
Qurbanova, N. Hənəfi Zeynallı / N.Qurbanova. – Bakı: Yazıçı, – 1989. –
156 s.; Şəmsizadə, N. Əli Nazim. Seçilmiş əsərləri: [3 cilddə] / N.Şəmsizadə. –
Bakı: Elm, – II c. – 2010. – s.11-231.; Babayeva, Q. Mustafa Quliyev /
Q.Babayeva. – Bakı: Ozan, – 1999. – 136 s.
4
Babayeva, Q. Mustafa Quliyev / Q.Babayeva. – Bakı: Ozan, – 1999. – 136
s.
6
20-30-cu illər tənqidinin klassik irslə bağlı mövqeyi müstəqil-
lik dövrünün tədqiqatlarında da davam etdirilir
5
; klassik irs problemi-
nin qoyuluşunun bəzi əsaslı məsələləri metodoloji və elmi-nəzəri
baxımdan tənqid-təhlil süzgəcindən keçirilir. Müstəqillik dövrünün
tədqiqatları üçün klassik irsə baxışda tənqidin milli qolunun bir təma-
yül kimi fərqləndirilməsi, bu cəhətin xüsusən Əmin Abidin, Atababa
Musaxanlının və Bəkir Çobanzadənin yaradıcılığında qabarıq nəzərə
çarpdığını fərqləndirmək, tədqiqatların istiqamətini bu yöndə
genişləndirmək səciyyəvi cəhət kimi diqqəti çəkir. Bu araşdırmalar
məsələyə yanaşmanın metodoloji istiqamətini özündə ehtiva etdiyi
üçün xüsusi əhəmiyyət daşıyır.
Dostları ilə paylaş: |