4.Mənsubiyyət kateqoriyası İsimlər kəmiyyət, mənsubiyyət, hal və xəbərlik şəkilçiləri qəbul edərək dəyişir. Hər bir isim bu kateqoriya əlamətlərinin hamısını qəbul edə bilir. Sözə qrammatik kateqoriyanın şəkilçilərindən əvvəlcə kəmiyyət, sonra mənsubiyyət,daha sonra hal və nəhayət, xəbərlik şəkilçisi artırılır. Məsələn:dost-lar (kəmiyyət);-ımız (mənsubiyyət);-dan (hal);-dır (xəbərlik şəkilçisi).
İsimlər mənsubiyyət şəkilçisi qəbul edərək sahib şəxslə mənsub əşya arasındakı əlaqəni ,münasibəti bildirir.
Sahib şəxs və mənsub əşya şərti qrammatik termin olub, bütün mənsubiyyət birləşmələrini əhatə edir. Bu anlayışlar aşağıdakı mənalarda başa düşülür:
II tərəfi bəzi canlı və cansız varlıqların adlarını bildirən isimlərdən ibarət olub,1-ci tərəf həqiqi mənada sahib şəxs,2-ci tərəf həqiqi mənada mənsub əşya bildirir; məs.: mənim atam, sənin kitabın, onun (Səlimin) maşını ;bizim atamız, sizin kitabınız, onların (Səlimgilin) maşını
II tərəf birinci tərəflə əlaqədə müxtəlif insani münasibətləri bildirir; məs.: mənim dostum, sənin qardaşın, onun əmisi, bizim müəllimimiz, sizin uşaqlarınız və s.
II tərəf məkan mənalı isimlərdən ibarət olub, birləşmə məkan münasibətləri ifadə edir; məs.: mənim vətənim, sənin kəndin, onların şəhəri, bizim ərazilərimiz və s.
Tərəflər arasında cüzin küllə, hissənin bütövə münasibəti ifadə olunur: mənim əllərim, onun qaşları, dağın yamacı, evin qapısı və s.
Mənsubiyyət əlaqəsinin yaranması üçün sahib şəxs bildirən sözlər yiyəlik halda olur, mənsub əşya bildirən sözlər mənsubiyyət şəkilçisi qəbul edir. Mənsubiyyət şəkilçiləri aşağıdakılardır:
I şəxsin təkində samitlə bitənlərdə -ım,-im,-um,-üm;saitlə bitənlərdə -m şəkilçisi.
I şəxsin cəmində samitlə bitənlərdə -ımız,-imiz,-umuz,-ümüz;saitlə bitənlərdə -mız,- miz,-muz,-müz şəkilçisi. II şəxsin təkində samitlə bitənlərdə -ın,-in,-un,-ün; saitlə bitənlərdə -n şəkilçisi.
II şəxsin cəmində samitlə bitənlərdə -ınız,-iniz,-unuz,-ünüz; saitlə bitənlərdə -nız,- niz,-nuz,-nüz şəkilçisi.
III şəxsin təkində və cəmində -ı,-i,-u,-ü (-sı,-si,-su,-sü) şəkilçisi.
Mənsubiyyət anlayışı dildə bir neçə üsulla ifadə olunur.
Analitik-sintetik üsul. Birinci tərəf yiyəlik hal ( və ya şəkilçisiz) şəkilçili, ikinci tərəf mənsubiyyət şəkilçili birləşmələrə analitik-sintetik üsullu birləşmə deyilir: mənim atam, sənin evin, onlar üçü və s.
2.Sintetik üsul. Mənsub əşya bildirən söz sahib şəxsi də bildirməklə tək işlənir. Sahib şəxs bildirən söz məntiqi vurğu qəbul etmədikdə ona ehtiyac olmur. Mənsub əşya bildirən sözdəki mənsubiyyət şəkilçisindən əşyanın qrammatik cəhətdən neçənci şəxsə aid olduğu aydın olur. Məs.: atam, anan, qardaşı və s. Bəzən də əksinə olur, sahib şəxs -kı,-ki,-ku,-kü şəkilçisi qəbul edib mənsub əşya bildirən sözsüz də işlənir. Şah qədəhini havada tutmuş olduğu halda susurdu. Miko ilə mən stəkanlarımızı onunkuna vurub içdik.(İ.Ə) Bu üsul sintetik üsuldur.
Analitik üsul. Mənsubiyyət anlayışının ifadəsi üçün bəzən sahib şəxs bildirən söz yiyəlik halda işlənir, lakin mənsub əşya bildirən söz mənsubiyyət şəkilçisi qəbul etmir. Bu hal yalnız birinci və ikinci şəxsin cəminə aiddir: bizim atalar, sizin ellər və s. Bu üsul analitik üsuldur.
Beləliklə, mənsubiyyət anlayışı üç üsulla ̶ analitik-sintetik, sintetik və analitik üsulla ifadə olunur.