İxtisas: Filoloq Fənn: Azərbaycan tarixi Qrup


Naxçıvan məsələsi və həlli yolları



Yüklə 196,58 Kb.
səhifə4/5
tarix21.12.2022
ölçüsü196,58 Kb.
#76894
1   2   3   4   5
İsrafilzadə Nigar

Naxçıvan məsələsi və həlli yolları.
Naxçıvan - Azərbaycanın dövlətçilik tarixində mühüm yeri və rolu olmuş Atabəylər dövlətinin paytaxtı missiyasını şərəflə yerinə yetirmişdir. Səfəvilərin yaratdığı mərkəzləşdirilmiş qüdrətli Azərbaycan dövlətinin əsas dayaq nöqtələrindən biri də Naxçıvan bəylərbəyliyi idi.
Eyni zamanda 1747-ci ildən 1828-ci illəri əhatə edən Naxçıvan xanlığı da Azərbaycanın dövlətçilik tarixinin şərəfli-şanlı səhifələrindən birini təşkil edir. Çar Rusiyasının formalaşdırdığı Naxçıvan mahalı da nəhəng imperiyanın daxilindəki dövlətçilik subyektlərindən biri idi.
1918-1919-cu illərdə fəaliyyət göstərmiş Araz-Türk Respublikası Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin funksiyalarını həyata keçirmiş dövlət qurumu kimi tarixə düşmüşdür.
Bütün bunlarla bərabər, Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusu əldə etməsi və muxtar respublika kimi fəaliyyət göstərməsi bu diyarın çoxəsrlik tarixinin şərəfli hadisəsidir. Muxtariyyət statusu qazanmaq Naxçıvanın qədim Azərbaycan torpağı kimi özünün tarixi yolunu davam və inkişaf etdirməsi və əbədi olaraq Azərbaycanın tərkibində qalmasının ən mühüm səbəblərindən biridir. Eyni zamanda Azərbaycanın üzvi bir parçası kimi Naxçıvan Muxtar Respublikasının yaranması ilə Ermənistanın bu qədim Azərbaycan torpağı haqqındakı iddialarının qarşısına dəmir sədd çəkilmişdir.
Naxçıvanda Azərbaycana bağlı muxtar respublikanın təşkil olunması tarixi zərurətdən yaranmışdır. Rusiya bolşevik hökumətinin köməyi ilə 1919-1920-ci illərdə ermənilərin Zəngəzuru işğal etməsi ilə Naxçıvan diyarının Azərbaycandan ayrı salınması Naxçıvan ərazisində muxtar bir dövlət qurumu yaradılmasını doğuran əsas zəruri şərtlərdən birincisidir. Rusiya Sovet Federativ dövlətinin Qızıl ordunun iştirakı ilə Naxçıvan ərazisini işğal etdikdən sonra burada müstəqil bir Naxçıvan Sovet Sosialist Respublikası yaradıldığını elan etməsi əslində həmin torpaqları bir az sonra Ermənistana vermək planlarının başlanğıcı idi. Ermənistan Sovet Respublikasının Naxçıvana dair ərazi iddiaları da bu qədim Azərbaycan torpaqlarında muxtar bir dövlət qurumunun formalaşdırılması zərurətini doğurmuşdur.
Azərbaycan tarixinin bütün dövrlərində Naxçıvan həmişə doğma ana vətənin ayrılmaz tərkib hissələrindən biri olmuşdur. Bununla belə, Naxçıvanın Azərbaycana bağlı muxtar bir qurum kimi yaşadılmasının əsası Araz-Türk Respublikası ilə qoyulmuşdur. Məhz Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi məsuliyyətli bir dövrdə Əmir bəy Nərimanbəyovun başçılıq etdiyi Araz-Türk Respublikası Naxçıvanın müdafiəsini yaratmış, ermənilər tərəfindən işğal edilməsinin qarşısını almışdır. Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri Araz-Türk Respublikası hökuməti rəsmilərinin başçılığı ilə Naxçıvanda ermənilərin ərazi iddialarına, hərbi müdaxilələrinə qarşı aparılan qətiyyətli mübarizəni yüksək qiymətləndirmişlər.
Naxçıvanın Azərbaycanın tərkibində muxtar qurum kimi yaradılmasının zəruri olmasında Behbud ağa Şahtaxtinskinin təşviqi ilə 1921-ci ilin yanvar ayında keçirilmiş referendum müstəsna dərəcədə mühüm rol oynamışdır. Belə ki, vahid sovet ailəsi kimi ümumi beynəlmiləlçi mövqeni bəhanə olaraq əsas götürmüş gənc Azərbaycan sovet hakimiyyətində Naxçıvan ərazisinin Ermənistan Sovet Respublikasına verilməsinə dair təşəbbüslər olmuşdur. Bu məkrli işin təşkilatçıları olan Azərbaycan Sovet Respublikasının yüksək rəhbər orqanlarında məsul vəzifə tutmuş Anastas Mikoyan və Levon Mirzoyan kimi daşnak-bolşeviklər Rusiya Federasiyasının dəstəyini alaraq Ermənistanda yeni bir sosialist respublikasını qurmaq üçün Naxçıvanın həmin bolşevik hökumətinə verilməsini həyata keçirməyə çalışmışlar. Düşünülmüş şəkildə siyasi mühitə diktə edilmiş “Naxçıvan və Şərursuz Ermənistan yaşaya bilməz” - tezisindən Naxçıvanın Ermənistana verilməsinin əsaslandırılması üçün bəhanə kimi istifadə olunmuşdur.
Bu təhlükəli işin reallaşacağını görən Azərbaycan İnqilab Komitəsinin üzvü və Xalq Ədliyyə Komissarı Behbud ağa Şahtaxtinski heç bir icazə və razılıq almadan, müzakirə açmadan Naxçıvana gələrək, burada əhali arasında Naxçıvanın Ermənistana verilməsi ideyasının əleyhinə və Azərbaycanın tərkibində qalması uğrunda mübarizə edilməsi üçün təbliğat işləri aparmışdır. Yerli əhalini Naxçıvanın Azərbaycana məxsus ərazi kimi saxlanılması üçün referendum tələbi ilə çıxış etməyə təşviq etməsi və buna nail olması Behbud ağa Şahtaxtinskinin Naxçıvanı qoruyub saxlamaq sahəsindəki və sonralar burada muxtar respublikanın yaradılması yollarındakı müstəsna xidmətidir.
1921-ci ilin yanvar ayında Naxçıvanda keçirilmiş referendum zamanı əhalinin 90 faizi Azərbaycanın tərkibində yaşamaq müddəasına səs vermişdir. Bu, Azərbaycan tarixində ölkənin ərazi bütövlüyünün qorunub saxlanılması üçün XX əsrin əvvəllərində həyata keçirilmiş mühüm tarixi hadisədir. Bundan başqa, Behbud ağa Şahtaxtinskinin 1920-1921-ci illərdə RSFSR Xalq Komissarlar Sovetinin sədri Vladimir Leninə göndərdiyi məktublarda Naxçıvanın Azərbaycanın tərkibində qalmasının əsaslandırılmış şəkildə şərh edilməsi də Kreml rəhbərliyində bu məsələyə ehtiyatla yanaşılmasına şərait yaratmışdır.
Nəhayət, Behbud ağa Şahtaxtlının yaxından və fəal iştirakı ilə 16 mart 1921-ci ildə Rusiya Federasiyası ilə Türkiyə Cümhuriyyəti arasında imzalanmış Moskva müqaviləsində Naxçıvanın Azərbaycanın tərkibində muxtar respublika kimi saxlanması haqqında müddəanın özünə yer alması ilə bu məsələ arxa plana keçirilmişdir. Az sonra, yəni 13 oktyabr 1921-ci ildə Rusiya Federasiyasının iştirakı ilə Türkiyə Cümhuriyyəti, Azərbaycan, Gürcüstan və Ermənistan Respublikaları arasında imzalanmış məşhur Qars müqaviləsi ilə Naxçıvan ərazisinin Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublika statusunda fəaliyyət göstərməsi məsələsi birdəfəlik həll olunmuşdur. Hətta Qars müqaviləsində Naxçıvan Muxtar Respublikasına hər hansı bir başqa dövlət tərəfindən müdaxilə edilərsə, Türkiyə Cümhuriyyətinin onu himayə etməsinə dair xüsusi bir müddəanın daxil edilməsi bu anlaşmanın tarixi-siyasi əhəmiyyətini daha da qüvvətləndirmişdir.
Bütün bunlara görə 1921-ci ilin Qars müqaviləsi Azərbaycanın cənub-qərb sərhədlərində ərazi bütövlüyünün qoruyub saxlaması və Naxçıvana muxtariyyət verilməsi baxımından böyük tarixi əhəmiyyətə malik olan siyasi hadisədir. Qars müqaviləsi ilə Ermənistanın Şərqi Anadoluda və Naxçıvanda ərazi iddialarına son qoyulmuş, Zaqafqaziya Respublikaları arasında Ermənistanın yaratdığı gərginlik, separatçılıq fəaliyyəti dayandırılmışdır.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Türkiyə Cümhuriyyətinin Qars şəhərində imzalanmış beynəlxalq statusa malik müqaviləyə yüksək qiymət vermiş, Qars müqaviləsinin müddəalarına əsasən, Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət verilməsini tarixi nailiyyət adlandırmışdır. Hətta XX əsrin sonlarına yaxın Ermənistan tərəfi yenidən Naxçıvan Muxtar Respublikasına hərbi təcavüz edərkən və ərazi iddiaları irəli sürərkən görkəmli dövlət xadimi Heydər Əliyev 24 mart 1992-ci il tarixdə Türkiyə Cümhuriyyətinin rəhbərləri ilə Ankaradakı tarixi görüşü zamanı Qars müqaviləsinin müddəalarını yada salmaqla beynəlxalq ictimaiyyəti mövcud reallıq haqqında məlumatlandırmış, Ermənistan tərəfini bir daha susmağa məcbur etmişdir.
Beləliklə, 1922-ci ildə çağırılmış Zaqafqaziya Sovetlər Qurultayında Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Naxçıvanın muxtar respublika kimi fəaliyyət göstərməsi elan olunmuşdur. Bu vaxtdan etibarən Rusiya Federasiyası rəhbərliyinin Ermənistanın xeyrinə yaratdığı müstəqil Naxçıvan Sovet Sosialist Respublikası ləğv edilmişdir. Buna baxmayaraq, 1922-1923-cü illərdə siyasi-inzibati idarəetmə quruluşu kimi burada respublika deyil, Naxçıvan Diyar Komitəsi formatında qurum fəaliyyət göstərmişdir.
Nəhayət, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 5 dekabr 1923-cü il tarixli qərarında Naxçıvan Diyar Komitəsinin Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi məsələsi özünün qəti həllini tapmışdır. Bütün bunlardan sonra Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 9 fevral 1924-cü il tarixli dekreti ilə Naxçıvan ölkəsinin Azərbaycanın protektorluğunda Naxçıvan Muxtar Sovet Sosialist Respublikası statusunda fəaliyyətə başlaması rəsmiləşdirilmişdir. Ümumnaxçıvan Sovetlər Qurultayının 18 aprel 1926-cı il tarixdə çağırılmış iclasında qəbul olunmuş Naxçıvan Muxtar Respublikasının birinci Konstitusiyasının xüsusi bir maddəsi ilə “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Azərbaycan Sovet Sosialist Respublikasının protektorluğunda olmaqla onun tərkib hissəsi olması” hüquqi cəhətdən də təsdiq olunmuşdur. Beləliklə, uzun və çətin bir mübarizədən sonra Azərbaycan Respublikasının tərkibində Naxçıvan Muxtar Respublikasının yaradılması işi başa çatdırılmışdır.
Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkibində coğrafi prinsiplər əsasında yaradılmış muxtar qurumdur. Qeyd olunduğu kimi, Naxçıvanın muxtariyyət ideyası RSFSR rəhbərliyi tərəfindən Zəngəzurun Ermənistana verilməsi ilə bu torpaqların Azərbaycan Sovet Respublikasının ərazisindən ayrı salınmasından doğan zərurət əsasında meydana gəlmişdir. İkincisi, Naxçıvana muxtariyyət statusu verilərkən onun ərazisinin coğrafi baxımdan bir neçə dövlətlə: Türkiyə Cümhuriyyəti, İran və Ermənistanla sərhəd olması məsələsi də nəzərə alınmışdır. Beynəlxalq əhəmiyyətə malik olan 1921-ci il Moskva və Qars müqavilələrində Naxçıvanın muxtar qurum kimi statusu siyasi cəhətdən də əsaslandırılmışdır.
Sovet hakimiyyəti illərində Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində şərəfli və məsuliyyətli bir yol keçmişdir. Bütün təqiblərə və ideoloji təzyiqlərə baxmayaraq, Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da savadsızlığın ləğv edilərək məcburi orta təhsilin həyata keçirilməsi, aqrar sahə ilə yanaşı, sənaye sektorunun da formalaşdırılması, maarif və mədəniyyət sahələrində müəyyən dirçəlişə nail olunması sovet dövrünün mühüm nailiyyətlərindən hesab oluna bilər.
Bununla belə, XX əsrin 50-60-ci illərində Ermənistan yenidən Naxçıvan Muxtar Respublikasına qarşı ərazi iddialarını davam etdirmişdir. Ermənilər Sovet İttifaqının rəhbərliyində Nikita Xruşşovla Anastas Mikoyanın münasibətlərindən istifadə edərək, Naxçıvanın Ermənistan SSR-nin tərkibinə daxil edilməsinə nail olmağa çalışmışlar. Naxçıvan torpağının yetirmələri olan görkəmli Azərbaycan ziyalıları mərkəzin bu sahədəki qeyri-qanuni planlarının həyata keçirilməməsi üçün açıq və ciddi mübarizə aparmışlar. Böyük vətəndaş-alim Abbas Zamanov 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasında keçirilmiş məsul bir yığıncaqda mərkəzi hökumətin Naxçıvanın Ermənistana verilməsi siyasətini açıq şəkildə tənqid etmişdir. Siyasi xarakter daşıyan bu addımına görə Abbas Zamanov Azərbaycan Dövlət Universitetinin müəllimi vəzifəsindən azad edilmiş, kommunist partiyası sıralarından çıxarılmışdır.


Yüklə 196,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin