Milli azadlıq hərəkatının mərhələləri və onların səciyyəsi. Milli azadlıq hərəkatı Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Başlanğıcını 1875-ci ildən götürən bu hərəkat dörd dövrə bölünür. Birinci dövr 1875-ci ildən 1904-cü ilə qədərki dövrü əhatə edir. Şərti olaraq «Əkinçi dövrü» adlanan bu illərdə hərəkatın ideya cücərtiləri yaranmış, onun ideoloji prinsipləri, nəzəri əsasları hazırlanmış, milli oyanış baş vermişdir. 1905-1917-ci ilin fevralı hərəkatın ikinci dövrüdür. Bu illərdə hərəkat açıq siyasi mübarizə səhnəsinə çıxaraq öz siyasi tələblərini Rusiya imperiyasının yüksək dövlət idarələri qarşısında qoydu. Onlar təkcə tələb irəli sürməklə məqsədə çatmağın mümkün olmadığını görüb siyasi partiyalar (İttifaqi-müslimin, Difai, Müsavat) və təşkilatlar yaratdılar. Milli azadlıq hərəkatının üçüncü dövrü 1917-ci ilin fevralından 1918-ci ilin mayına qədər davam etmişdir. Bu dövrdə milli hərəkat Rusiyanı demokratik federativ respublikaya çevirmək, onun tərkibində Azərbaycan türklərinin milli-muxtar cümhuriyyətini yaratmaq səviyyəsinə qalxıb keyfiyyətcə yeni bir mərhələyə – islamçılıq, «ümmətçilik» buxovunu qırıb türkçülük mövqeyinə yüksəldi. 1918-ci ilin martından sonra hərəkat müstəqil milli dövlətin yaradılması uğrunda mübarizəyə qalxmış və onu uğurla başa çatdırmışdır. Dördüncü dövr 1920-ci ilin aprelindən 1991-ci ilin 18 oktyabrına qədərki dövrü əhatə edir. Bu mərhələdə sovet işğal sisteminə qarşı müxtəlif yollarla, açıq və ya gizli, güclü və ya zəif formada olsa da, mübarizə aparılmış, bunun üçün gizli təşkilatlar yaradılmış, respublikada yaşayan vətənpərvərlər, ölkəni tərk etmiş siyasi liderlər mühacir təşkilatlarını, mətbuatını yaratmış, nəhayət SSRİ-də süqutu ilə bağlı yaranan daxili və xarici vəziyyətdən istifadə edərək 1991-ci il oktyabrın 18-də Dövlət müstəqilliyi bərpa edilmişdir. Məlumdur ki, çar Rusiyası XIX əsrin əvvəllərində Azərbaycanı işğal etməyə başlayarkən qarşısında milli birliyini anlamış bir Azərbacyan deyil, bir-birinin müqəddəratına laqeyd xanlıqlardan ibarət zəif bir məmləkət görmüşdü. Ancaq bu dağınıqlıq yalnız Azərbaycana məxsus olmayıb, feodalizm dövrünü yaşayan qonşu ərazilərə də aid idi. Qonşulardan fərq yalnız burasında idi ki, Azərbaycan dağınıqlıqdan əvvəl əsrlər boyu davam edən vahid dövlət həyatını da yaşamış olduğunu xatırlayırdı. Bu zəngin siyasi keçmişlə yanaşı, Azərbaycan qüdrətli bir ədəbiyyata, maddi və mənəvi mədəniyyətə malik idi. Bu səbəbdən Azərbaycan işğalçı Rusiyadan mədəni səviyyəcə heç də geridə qalmırdı, əksinə üstün idi. Belə ki, Rusiyada qədim dövrlərdən 1861-ci ilə qədər rəsmi bir köləlik rejimi mövcud idi. Belə rejimdə hər cür haqq və hüquqdan məhrum kəndli bazarda bir əşya kimi satılırdı. XIX əsrin rus qəzetlərində və jurnallarında tez-tez belə elanlar oxumaq mümkün idi: «Köhnə bir araba və iki qız satılır. Gənc və sağlam olan qızlar toxumaq da bacarırlar. Təcrübə üçün baxmaq mümkündür».
Məlumdur ki, çar Rusiyası Azərbaycanda siyasi, iqtisadi və mənəvi sahələrdə müstəmləkəçi siyasət həyata keçirirdi. İmperatorluq əsarət atlına saldığı xalqların, o cümlədən Azərbaycan türklərinin milli varlığını danmağa çalışırdı. Ümumdövlət idarəçiliyi sistemində əsir xalqların torpaq, ərazi bütövlüyünü göstərə biləcək «Azərbaycan», «Gürcüstan» kimi anlayışlar yox idi. Bunların əvəzində ancaq «Bakı quberniyası», «Yelizavetpol quberniyası», «Tiflis quberniyası» adlı vilayətlər yaradılmışdı. Bununla yanaşı, azərbaycanlılara qarşı daha sərt ayrı-seçkilik həyata keçirilirdi. Çar Rusiyası gürcü torpaq sahiblərinin mülki və siyasi hüquqlarını tanıyaraq onları rus zadəganlarına bərabər tuturdu. Ancaq Azərbaycan xan və bəylərinin mülkiyyət hüququ yalnız 6 dekabr 1846-cı il qanunu ilə tanındı və onlar «ali müsəlman zümrəsi» adlandı. Siyasi cəhətdən hüquqsuzluq isə yenə davam edirdi. Rus və gürcü zadəganlarının siyasi hüquq və imtiyazları ali müsəlman zümrəsinə aid edilmədi. Belə siyasətin nəticəsində gürcü zədəganlarından Nakaşidze, Amilaxvari kimi adamlar Azərbaycanda qubernator vəzifəsini tuturdular. Azərbaycan xan və bəylərindən isə bir kimsə qubernatorluğa yüksələ bilməmiş, yalnız bir neçəsi qəza rəisi, barışıq hakimi kimi orta çeşidli dövlət vəzifəsi daşımışdı. Rusiyada kapitalizmin inkişafı milli ucqarlarda, o cümlədən Azərbaycanda da islahatlar keçirməyi tələb edirdi. Buna görə Azərbaycanda kəndli, məhkəmə, şəhər və inzibati idarə sahəsində islahatlar keçirildi. Müstəmləkəçilik və milli ayrı-seçkilik siyasəti burada da özünü göstərdi. Ölkənin xammala olan ehtiyacını ödəmək məqsədilə çar hökuməti Zaqafqaziyada 1870-ci il may ayının 14-də aqrar islahatı keçirdi. Kəndlilərinin torpaq quruluşu haqqında olan bu «Əsasnamə» Zaqafqaziya quberniyasının Yelizavetpol, Bakı, İrəvan və qismən Tiflis quberniyaları ali müsəlman silkindən olan şəxslərin, həmçinin məliklərin torpaqlarında sakin olan dövlət kəndlilərinə şamil edilirdi. Lakin Rusiyadan fərqli olaraq Şimali Azərbaycanda dövlət kəndliyə pay torpağını satın alıb öz mülkiyyətinə keçirmək üçün maddi yardım – borc pul vermirdi, pay torpağını satın almağa məcbur edilmirdi. Torpağın satınalma qiyməti də Rusiyaya nisbətən yüksək müəyyənləşdirilmişdi. Milli müstəmləkəçilik siyasətinin nəticəsi olan bu fərmanı səciyyələndirən H.Baykara doğru olaraq yazırdı ki, köləlik rejiminin ləğv edilməsinə aid fərmanda bu hüquq rus və gürcü kəndlilərinə aid edilmiş, Azərbaycan kəndlisindən isə əsirgənmişdi. Çünki torpaq mülkiyyətinə sahib olan kəndli maddi və mənəvi cəhətdən inkişaf edə bilərdi, öz müqəddəratının sahibi olardı. Mədəni və siyasi hüquqlar əldə etməyə çalışardı. Siyasi bərabərsizlik özünü məhkəmə islahatında da göstərdi. 1864- cü il məhkəmə islahatı zamanı Qafqazda «andlı iclasçıların» iştirakı nəzərdə tutulmurdu. Guya cinayət etmək Qafqaz xalqlarının təbiətindən irəli gəldiyi üçün andlı iclasçılar onları bağışlaya bilərdi. Mühakimə işinə yalnız rusca baxılırdı. Barışıq hakimlərinin dindirilmə zamanı arabir yerli dillərdən istifadə edilməsinə icazə verilməsi kəskinliklə pislənərək yasaq edilmişdi.
Bələdiyyə sahəsində də vəziyyət yaxşı deyildi. Belə ki, 1870-cı il qanunu üzrə «xaçpərəst olmayan» əhali Qafqaz şəhər idarələrinə yalnız «qlasnıların» yarıya qədərini seçə bilərdi. Xristian millətlərdən (rus, erməni, gürcü və s.) 499 kişinin səsvermə hüququ 2900 «xaçpərəst olmayan» kişinin səsvermə hüququna bərabər idi. Bu, Bakıda, Yelizavetpolda və başqa şəhər bələdiyyə idarələrində Azərbaycan xan, bəy, tacir və ziyalıların milli hüququnun kobud şəkildə pozulmasına səbəb olmuşdu. Müstəmləkə siyasəti əsgəri xidmət məsələsində də aparılırdı. Çar Rusiyası azərbaycanlı gənclərə silahı etibar etmədiyi üçün onları orduya aparmırdı. Doğrudur, xan-bəy ailələrindən gənclər 1846-cı il qanunu üzrə çar əsgəri məktəblərində oxuduqdan sonra orduda zabit və general rütbəsinə yüksələ bilərdi. Amma onlar barmaqla sayılacaq qədər az idilər. Məhz bu səbəbdən 1917-ci ildə gürcü, erməni, Volqaboyu tatarları rus nizami ordusunda hazırlıq keçmiş gənclərdən asanlıqla ordu hissələri yarada bilmişdilərsə, Qafqaz müsəlmanları üçün bu çox böyük çətinlik yaratmışdı. Hətta I Dünya müharibəsi də bu sahədə vəziyyəti dəyişmədi. Bu dövrdə azərbaycanlı əhali orduya çağırılsa da onlardan yalnız arxa cəbhədəki işlərdə istifadə edilirdi. Çar hökumətinin Azərbaycanda müstəmləkəçilik siyasəti imperiyanın digər milli ucqarlarına nisbətən daha sərt idi. Özünün ruslaşdırma siyasətini gücləndirən çarizm Azərbaycan kəndlilərinin torpaqlarını əllərindən zorla alaraq İran, Türkiyə və Rusiyadan köçürülənlərə verirdi. Köçürmə mahiyyət etibarı ilə Azərbaycanda ruslara, xristianlara əksəriyyəti təmin etmək məqsədi daşıyırdı. C.Zeynaloğlu «Müxtəsər Azərbaycan tarixi» əsərində bu məsələdən bəhs edərkən doğru olaraq qeyd edir ki, «Azərbaycanda xristianlara əksəriyyəti təmin etmək və hüquq boylarında İran və Osmanlı dindaşları ilə Azərbaycanın təmasını yasaq etmək üçün buralara erməni, alman və daxili Rusiyadan xoxol, malakan deyilən rus kəndlilərini məskunlaşdırdığı kimi, mühacirəti asanlaşdırmaq üçün bir də mühacirətin müdiriyyətini təsis etmişdi. Bütün bu təşkilatlar Azərbaycanı ruslaşdırmaq və xristianlara Azərbaycanda əksəriyyəti təmin eyləmək üçün edilmişdir». Bundan başqa, köçürmə siyasətinin arxasında Azərbaycanın iqtisadi sərvətlərinə sahib olmaq istəyi dururdu. Qeyd edək ki, köçürmə siyasəti yalnız kəndlərdə deyil, şəhərlərdə də sistemli şəkildə aparılırdı. Bu cəhəti nəzərə alaraq M.Ə.Rəsulzadə doğru olaraq yazırdı ki, «Qafqaziyanın istilası əsnasında tək bir rus əhalisi olmayan Şərqi Qafqaziyanın halhazırda nüfuzi-ümumiyyəsinin 10 faizi rusdur. Hələ şəhərlərin, bilxassə Bakının ruslaşdırılması təci bir hadisədir. Bakı nüfuzunun 30 faizi rusdur. Rus idarəsi türk Qafqaziyanın yalnız rus ünsürünü deyil, erməni ünsürünü, dəxi qismən təkviyə etmişdir. Məsələn, Bakı xanlığında, erməni əhalisi 3-5 ailəyə münhəsir ikən, hal-hazırda erməni əhalisi miqdarca şəhərin üçüncü ünsürünü təşkil etməkdədir». Müstəmləkəçilik siyasətinin həyata keçirildiyi istiqamətlərdən biri mənəvi sahələri əhatə edirdi. Bu istiqamətdəki zülm daha ağır idi. Hökumət ana dilli məktəblərin, qəzetlərin açılmasına icazə vermirdi. Çox böyük çətinliklə açılanlar isə təqib edilirdi. Məsələn, jandarm görkəmli maarifpərvər İsmayıl bəy Qaspıralının «üsulu-cədid» məktəbləri üçün «Üsulu-sövt» (səs) ilə yazdığı əlifba və qiraət kitabının Azərbaycana buraxılmasını qadağan etmişdir. Əvəzində isə burada onun yerinə A.O.Çernyayevskinin eyni üsul ilə yazdığı «Vətən dili» qiraət kitabını yaymışdı. Yeni məktəblərdə ana dili məcburi fənn deyildi. Ona çox az saat verilirdi. Ana dili müəllimləri hüquqi baxımdan başqa müəllimlərlə bərabər tutulmurdu. Ruhanilər və ruhani idarələri polis nəzarəti altında idilər. Ruhani olmaq üçün rus dilini bilmək tələb olunurdu. Məscidlərin tikilməsi də nəzarət altına alınmışdı. Bakının Nikolayev küçəsində ikiqatlı uca minarəsi olan gözəl Cümə məscidinin tikilməsi yasaq edilmişdi. Səbəb isə o idi ki, yerli pravoslav keşişləri Rusiya sinoduna bildirmişdi ki, imperatorun adını daşıyan küçədə belə bir məscidin ucaldılması yaxındakı Aleksandr Nevsk kilsəsini kölgədə buraxacaq və «onlarda milli hisslərin» oyanmasına kömək edəcəkdir. Bu pravoslav kilsəsi Azərbaycanın tarixi abidələrindən olan Şirvanşahlar sarayını söküb yerində kilsə tikdirmək istəyirdi. Çar məmurları Şirvanşahlar sarayını, Şəkidəki Xan sarayını və digər tarixi abidələrimizi anbarlara çevirmişdi.