Məsələ 2674: Əgər vəsi, ölənin işlərini hərçənd başqasını vəkil və ya əcir tutmaqla da təkbaşına yerinə yetirə bilməsə, şəriət hakimi başqasını ona köməkçi tə`yin edər
Məsələ 2674: Əgər vəsi, ölənin işlərini hərçənd başqasını vəkil və ya əcir tutmaqla da təkbaşına yerinə yetirə bilməsə, şəriət hakimi başqasını ona köməkçi tə`yin edər. Məsələ 2675: Əgər meyyitin malından bir miqdarı vəsinin əlində tələf olsa, belə ki, onu saxlamaqda səhlənkarlıq və ya israfçılıq etsə, məsələn; ölən şəxs, «filan şəhərin fəqirlərinə bu qədər ver» – deyibsə, o da malı başqa bir şəhərə apararkən yolda aradan getsə, zamindir. Əgər səhlənkarlıq və israfçılıq etməyibsə, zamin deyildir. Məsələ 2676: Əgər insan, bir şəxsi vəsi tə`yin etsə və «o şəxs ölsə, filankəs vəsi olsun» – deyərsə, birinci vəsinin ölümündən sonra, vəsiyyəti ikinci vəsi yerinə yetirməlidir. Məsələ 2677: Ölənə istitaətlə vacib həcc, borclar və ödənməsi vacib olan xums, zəkat, məzalim kimi verilməsi vacib olan hüquqlar gərək meyyit onlar üçün vəsiyyət etməmiş olsa da, onun malının əslindən versinlər. Amma kəffarələr, nəzirlər, o cümlədən nəzr olunan həcc vəsiyyətlə, onun malının 3-də birindən yerinə yetirilməlidir. Məsələ 2678: Əgər meyyitin malı borcdan, vacib həccdən və ona vacib olan məzalim, zəkat və xums kimi hüquqlardan artıq gəlsə, belə ki, vəsiyyət etmiş olsa ki, malın 3/1-i, ya 3/1-nin bir miqdarını bir xərcə çatdırsınlar, gərək onun vəsiyyətinə əməl etsinlər, əgər vəsiyyət etməyibsə, qalan şey vərəsənin malıdır. Məsələ 2679: Meyyitin tə`yin etdiyi xərc, malın 3/1-dən artıq olarsa, onun malın 3/1-dən artıq olan miqdardakı vəsiyyəti, yalnız varislərin bu vəsiyyətə sözlə, ya əməllə icazə verdikləri təqdirdə səhihdir. Təkcə onların qəlbdə razı olması kifayət deyildir. Əgər onun ölümündən bir müddət keçdikdən sonra da icazə verərlərsə, səhihdir. Əgər varislərdən bə`zisi razı olub bə`ziləri isə rədd edərlərsə, vəsiyyət yalnız vəsiyyətə razı olanların hissəsində səhih və keçərlidir. Məsələ 2680: Əgər meyyitin müəyyən etdiyi xərc onun malının 3/1-dən çox olsa və vərəsələr də icazə versələr, öz icazələrindən dönə bilməzlər. Əgər vəsiyyət edənin sağlığında rədd ediblərsə, ölümündən sonra icazə verə bilərlər. Amma əgər o öləndən sonra rədd etsələr, ondan sonra icazə vermələrinin faydası yoxdur. Məsələ 2681: Əgər vəsiyyət etsə ki, malının 3/1-dən xums, zəkat, ya başqa bir borcu versinlər və onun orucu və namazı üçün əcir tutsunlar, həmçinin fəqirlərə təam vermək kimi müstəhəbb bir iş yerinə yetirsinlər, gərək əvvəl onun borcunu malının 3/1-dən versinlər. Əgər bir şey artıq qalsa, onun namaz və orucu üçün əcir tutsunlar. Əgər ondan da bir şey artıq qalsa, müəyyən etdiyi müstəhəbb işlərə çatdırsınlar. Belə ki, onun malının 3/1-i ancaq borcuna çatsa və vərəsələr də onun malının 3/1-dən çox xərclənməsinə icazə verməsələr, onun namaz və orucu üçün, həmçinin müstəhəbb işlər üçün etdiyi vəsiyyət batildir. Məsələ 2682: Borclarının verilməsini, namaz və oruclarına əcir tutulmasını və müstəhəbb bir işin də edilməsini vəsiyyət edərsə və bunların malın 3/1-dən verilməsini vəsiyyət etməzsə, onun borcunu malın əslindən verməlidirlər. Əgər bir şey artıq qalsa, onun 3/1-ni namaz və oruca, həmçinin müəyyən etdiyi müstəhəbb işlərə çatdırsınlar. Malın 3/1-i onlara kifayət etməyən halda əgər vərəsələr icazə versələr, gərək onun vəsiyyətinə əməl olunsun. Əgər icazə verməsələr, gərək namaz və orucunu malın 3/1-dən versinlər. Əgər bir şey artıq qalsa, müəyyən etdiyi müstəhəbb işlərə çatdırsınlar. Məsələ 2683: Əgər bir şəxs, «meyyit bu qədər məbləğin mənə verilməsini vəsiyyət etdi» – deyərsə, iki adil kişi onun sözünü təsdiq edərsə və ya and içsə və bir adil kişi onu təsdiq etsə, ya bir adil kişi və iki adil qadın onun sözünü təsdiq edərsə, ya da dörd adil qadın onun sözünü təsdiq edərsə, söylənilən miqdar ona verilməlidir. Əgər bir adil qadın şahidlik edərsə, istədiyi malın 4/1-i ona verilməlidir. Əgər iki adil qadın təsdiq edərsə, onun yarısını, əgər üç adil qadın təsdiq edərsə onun 4/3-nü ona verməlidirlər. Həmçinin, şəhadət verəcək bir müsəlman tapılmasa öz dinlərində adil sayılan iki kitab əhli olan kafir, onun sözünü təsdiq etdikdə də tələb etdiyi şeyi ona verməlidirlər. Məsələ 2684: Əgər bir şəxs, «mən meyyitin malını hər hansı bir yerdə istifadə etməkdə onun vəsisiyəm»– deyərsə, iki adil kişi onun sözünü təsdiq edən halda, yaxud şəhadət vermək üçün bir müsəlman olmazsa, öz dinlərində adil olan iki zimmə əhlinin təsdiqi ilə, habelə vərəsənin iqrar etməsi ilə də onun sözü sübut olunur. Məsələ 2685: Malından bir şeyin, bir şəxsin malı olmasını vəsiyyət edərsə və o şəxs də qəbul və ya rədd etməzdən qabaq ölərsə, onun vərəsələri vəsiyyəti rədd etməyənə qədər o şeyi qəbul edə bilərlər. Amma bu hökm, vəsiyyət edənin öz vəsiyyətindən dönmədiyi təqdirdədir. Əgər vəsiyyətindən dönərsə, o şeydə haqqları yoxdur.
İRSİN HÖKMLƏRİ Məsələ 2686: Qohumluq vasitəsilə irs aparan şəxslər üç dəstədir: 1. Meyyitin ata-anası və övladıdır. Övlad olmayanda isə övladın övladı və nə qədər aşağı getsə, bunlardan hər kəs ki, meyyitə daha yaxın olsa, irs aparır. Bu dəstədən bir nəfər qalana qədər ikinci dəstə irs aparmazlar. 2. Baba, nənə, bacı və qardaşdır. Qardaş və bacı olmayanda isə onların övladından hər kəs ki, meyyitə daha yaxındır, irs aparar. Bu dəstədən bir nəfər qalana qədər üçüncü dəstə irs aparmazlar. 3. Əmi, bibi, dayı, xala və onların övladıdır. Meyyitin əmilərindən, bibilərindən, dayılarından və xalalarından biri sağ olana qədər onların övladı irs aparmazlar. Amma ölənin fəqət ata tərəfindən olan əmisi ilə həm ana, həm də ata tərəfindən olan əmisi oğlu olarsa, dayı və xalası olmazsa, miras, ana və ata tərəfindən olan əmisi oğluna düşər və təkcə ata tərəfindən olan əmisi miras almaz. Əgər əmi və əmisi oğlanları bir neçə nəfər olsa, yaxud da meyyitin əyalı həyatda olsa, bu hökm işkalsız deyildir. Məsələ 2687: Əgər meyyitin özünün əmisi, bibisi, dayısı, xalası, həmçinin onların övladı və övladının da övladı olmasa, onda meyyitin atasının və anasının əmi, bibi, dayı və xalası irs apararlar. Əgər bunlar da olmasa, onların övladı irs apararlar və əgər bunlar da olmasa, o halda babasının və nənəsinin əmisi, bibisi, dayısı və xalası, əgər bunlar da olmasa, onların övladları irs apararlar. Məsələ 2688: Ər və arvad sonradan deyiləcək təfsil ilə bir-birindən irs apararlar.
Birinci dəstənin irsi Məsələ 2689: Əgər meyyitin varisi birinci dəstədən ancaq bir nəfər olsa, məsələn; ata, ya anası, ya bir oğlu, ya bir qızı olsa, meyyitin malının hamısı ona çatar. Əgər bir oğlu və bir qızı olsa, malı elə bölməlidirlər ki, oğul qızdan iki dəfə artıq aparsın. Məsələ 2690: Əgər meyyitin varisi ancaq onun ata və anası olsa, malı üç yerə bölərlər, onun iki hissəsini ata və bir hissəsini ana aparar. Amma əgər meyyitin iki qardaşı, ya dörd bacısı, ya bir qardaş və iki bacısı olsa ki, onların hamısı müsəlman, azad və onların atası meyyitin atası ilə bir olsa, istər onların anası meyyitin anası ilə bir olsunlar, istər olmasınlar, və bu şərtlə ki, dünyaya gəlmiş olsunlar, baxmayaraq ki, meyyitin ata-anası olana qədər bunlar irs aparmır, amma əgər bunlar olarsa, ana malın 6/1-ni aparır, qalanını isə atasına verərlər. Məsələ 2691: Meyyitin varisi yalnız ana, ata və bir qız olarsa, əgər meyyitin əvvəlki məsələdə deyilən şərtlərlə, qardaşı və ya bacısı olmazsa, malı beş qismə bölərlər, ana və ata hər biri bir pay, qız isə üç pay alar. Əgər keçən şərtlərlə qardaş, ya bacısı olarsa, ata beşdə bir və ana altıda bir pay, qız isə beşdə üç pay alar. Yerdə qalan üçdə birdə isə vacib ehtiyata görə bir-biri ilə sülh etməlidirlər. Belə ki, onun üçdə birinin ananın, 4/3-nün qızın və 4/1-in atanın olması ehtimal verilir. Məsələ 2692: Əgər meyyitin varisi ata-ana və bir oğul olsa, malı altı yerə bölərlər, ata və ananın hər biri onun bir hissəsini, oğul isə dörd hissəsini aparar. Əgər bir neçə oğlu, ya bir neçə qızı olsa, o dörd hissəni öz aralarında bərabər bölərlər, əgər həm oğlan və həm də qız olsalar o dörd hissəni elə böləcəklər ki, oğul qızdan iki dəfə artıq aparsın. Məsələ 2693: Əgər meyyitin varisi ya ata, ya da ana və bir ya bir neçə oğul olsa, malı altı yerə bölərlər. Onun bir hissəsini ata, ya ana, beş hissəsini isə oğul aparar. Əgər bir neçə oğlu olsa, onlar beş hissəni bərabər halda bölərlər. Məsələ 2694: Əgər meyyitin varisi ancaq ata ya ana, bir neçə oğul və qız ilə olsalar, malı altı hissəyə bölərlər. Onun bir hissəsini ata ya ana aparar, qalanını isə elə böləcəklər ki, oğul qızdan iki dəfə artıq aparsın. Məsələ 2695: Əgər meyyitin varisi ancaq ata, ya ana və bir qız olsa, malı 4 hissəyə bölərlər, onun bir hissəsini ata ya ana, qalanını isə qız aparar. Məsələ 2696: Əgər meyyitin varisi ata, ya ana və bir neçə qız olsa, malı 5 hissəyə bölərlər, onun bir hissəsini ata ya ana, qalan dörd hissəsini isə qızlar öz aralarında bərabər bölərlər. Məsələ 2697: Əgər meyyitin övladı olmasa, onun oğul nəvəsi qız da olsa, meyyitin oğlunun səhmini aparar. Onun qız nəvəsi oğlan da olsa, meyyitin qızının səhmini aparar, məsələn; əgər meyyitin öz qızından bir oğlu və oğlundan bir qızı olsa, malı üç yerə böləcəklər, onun bir hissəsini qızının oğluna, iki hissəni isə oğlunun qızına verəcəklər. Nəvələrin irs aparmasında ata və ananın olmaması şərt deyil.
İkinci dəstənin irsi Məsələ 2698: Qohumluq vasitəsilə irs aparan ikinci dəstə meyyitin babası, nənəsi, qardaşı və bacısıdır. Əgər bacı və qardaşı sağ olmasa, onların övladı irs aparar. Məsələ 2699: Əgər meyyitin varisi ancaq bir qardaş, ya bir bacı olsa, malın hamısı ona çatar. Əgər ata-anadan bir olan bir neçə qardaşı, ya ata-anadan olan bir neçə bacısı olsa, malı öz aralarında bərabər böləcəklər. Əgər ata-anadan bir olan bir neçə bacı-qardaşı olsa, hər qardaş hər bacıdan iki bərabər çox aparacaq. Məsələn; əgər ata-anadan bir olan iki qardaşı və bir bacısı olsa, malı beş yerə böləcəklər, hər qardaş onun iki hissəsini, bacı isə bir hissəsini aparacaq. Məsələ 2700: Əgər meyyitin ata-anadan bir olan qardaş və bacısı olsa, atadan bir, anadan ayrı olan qardaş və bacısı irs aparmaz. Əgər ata-anadan bir olan qardaş və bacısı olmasa və əgər ancaq atadan bir olan bir bacı, ya bir qardaşı olsa, malın hamısı ona çatar. Əgər ata tərəfdən bir olan bir neçə qardaş, ya bir neçə bacı olsa, malı öz aralarında bərabər böləcəklər. Əgər atadan bir olan həm qardaşı və həm də bacısı olsa, hər qardaş hər bacıdan iki bərabər çox irs aparacaq. Məsələ 2701: Əgər meyyitin varisi ancaq anadan bir olub, atadan ayrı olan bir bacısı ya bir qardaşı olsa, malın hamısı ona çatar. Əgər anadan bir olan bir neçə qardaş ya bir neçə bacı ya bacı və qardaş olsa, malı bərabər öz aralarında böləcəklər. Məsələ 2702: Əgər meyyitin həm ata-anadan bir olan qardaş və bacısı, həm atadan bir olan qardaş və bacısı, həm də anadan bir olan bir qardaş ya bir bacısı olsa, atadan bir olan bacı və qardaş irs aparmaz. Malı altı yerə bölərlər, onun bir hissəsini anadan bir olan qardaş və ya bacı öz aralarında bərabər böləcəklər. Qalanını isə ata-anadan bir olan qardaş və bacıya verərlər ki, hər qardaş hər bacıdan iki dəfə çox aparacaq. Məsələ 2703: Əgər meyyitin varisi ancaq ata-anadan bir olan qardaş və bacı, atadan bir olan qardaş və bacısı və anadan bir olan bir neçə qardaş və bacısı olsa, atadan bir olan bacı-qardaş irs aparmaz, malı üç yerə böləcəklər, onun bir hissəsini anadan bir olan qardaş və bacı aparacaq və öz aralarında bərabər şəkildə böləcəklər, qalanını isə ata-anadan bir olan qardaş və bacıya verəcəklər ki, hər qardaş bacıdan iki dəfə çox aparacaq. Məsələ 2704: Əgər meyyitin varisi ancaq atadan bir olan qardaş-bacı və anadan bir olan bir qardaş və ya bir bacısı olsa, malı altı yerə böləcəklər, onun bir hissəsini anadan bir olan qardaş və bacı aparar, qalanını isə atadan bir olan qardaş və bacıya verəcəklər ki, hər qardaş hər bacıdan iki dəfə çox aparacaq. Məsələ 2705: Əgər meyyitin varisi ancaq atadan bir olan, bacı və qardaş, anadan bir olan bir neçə bacı və qardaş olarsa, malı üç yerə böləcəklər: bir hissəsini anadan bir olan bacı və qardaş öz aralarında bərabər böləcəklər, yerdə qalanın atadan bir olan bacı qardaşa verəcəklər, hər qardaş iki bacı payı qədər irs aparar. Məsələ 2706: Əgər meyyitin varisi ancaq qardaş, bacı və arvadı olsa, arvad ər-arvad irsində deyildiyi kimi təfsilatı ilə deyiləcək kimi öz irsini aparacaq, qardaş və bacı isə yuxarıda deyildiyi kimi öz irsini aparacaq. Həmçinin əgər bir qadın ölsə və onun varisi ancaq qardaş, bacı və əri olsa, əri malın yarısını aparacaq, qardaş və bacı isə əvvəldə deyildiyi kimi öz irsini aparacaqlar. Amma ər ya arvadın irs apardığına görə anadan bir olan qardaş və bacının səhmindən bir şey azalmaz, amma ata-anadan ya təkcə atadan bir olan qardaş və bacının səhmi azalar. Məsələn; əgər meyyitin varisi ər və anadan bir olan qardaş və bacı, həmçinin, ata-anadan bir olan qardaş və bacısı olsa, malın yarısı ərinə çatacaq və malın əslinin üç hissəsindən bir hissəsi anadan bir olan qardaş-bacının malıdır və qalanını ata və anadan bir olan bacı və qardaşın malıdır. Beləliklə, əgər onun malı 6 manat olsa, üç manat ərinə, iki manat anadan bir olan qardaş-bacısına, bir manat isə ata-anadan bir olan qardaş-bacısına çatacaq. Məsələ 2707: Əgər meyyitin bacı-qardaşı olmasa, onların irsdəki payını övladlarına verəcəklər və anadan bir olan qardaş və bacısının uşaqlarının səhmi onların arasında bərabər bölünəcək, amma atadan, ya ata-anadan bir olan qardaş və bacısının uşaqlarının səhmində isə, məşhura əsasən, hər oğlan qızdan iki dəfə çox aparacaq. Amma bunların da arasında bərabər bölünmə uzaq deyil, amma vacib ehtiyata əsasən öz aralarında razılaşmalıdırlar. Məsələ 2708: Əgər meyyitin varisi ancaq bir baba ya bir nənəsi olsa, istər ata tərəfdən olsun, istər ana tərəfdən, malın hamısı ona çatacaq. Meyyitin babası ola-ola onun babasının atası irs aparmaz. Əgər meyyitin varisi ancaq ata tərəfdən olan babası və nənəsi olsa, mal üç yerə bölünər, iki hissəsini baba, bir hissəsini isə nənə aparacaq. Əgər ana tərəfdən olan babası və nənəsi olsa, mal onların arasında bərabər bölünəcək. Məsələ 2709: Əgər meyyitin varisi ancaq ata tərəfdən bir olan baba ya nənə və ana tərəfdən olan bir baba ya nənəsi olsa, mal üç yerə bölünəcək, onun iki hissəsini ata tərəfdən olan baba ya nənə, bir hissəsini isə ana tərəfdən olan baba ya nənə aparacaq. Məsələ 2710: Əgər meyyitin varisi ata tərəfdən olan baba-nənəsi və ana tərəfdən olan baba-nənəsi olsa, mal üç yerə bölünəcək, onun bir hissəsini ana tərəfdən olan baba-nənəsi öz aralarında bərabər böləcəklər, iki hissəsini isə ata tərəfdən olan baba-nənəsinə verəcəklər ki, baba nənədən iki dəfə çox aparacaq. Məsələ 2711: Əgər meyyitin varisi ancaq arvadı, ata tərəfindən olan baba-nənəsi, həmçinin ana tərəfdən olan baba-nənəsi olsa, arvad öz irsini sonradan deyiləcək kimi aparacaq. Əsli malın üç hissəsindən bir hissəsini ana tərəfdən olan baba və nənəyə verəcəklər ki, öz aralarında bərabər bölsünlər. Qalanını isə ata tərəfdən olan baba və nənəyə verəcəklər ki, baba nənədən iki dəfə çox aparacaq. Əgər meyyitin varisi əri, baba və nənəsi olsa, əri malın yarısını aparacaq, baba və nənəsi isə keçən məsələlərdə deyildiyi kimi öz irsini aparacaq. Məsələ 2712: Qardaşın ya bacının ya qardaşların və bacıların baba ya nənə, ya babalar ya nənələr ilə cəmlənməsinin bir neçə surəti vardır: 1. Baba ya nənənin hər biri və qardaş ya bacı, hamısı ana tərəfdən olsunlar. Bu halda onların arasında kişi və qadın olmaqda müxtəlif olsalar da, bərabər bölünəcək. 2. Onların hamısı ata tərəfindən olsunlar, bu halda hamısı kişi və ya hamısı qadın olsa, mal onların arasında bərabər bölünəcək. Əgər kişi və qadın olmaqda müxtəlif olsalar, hər kişi qadından iki dəfə çox aparacaq. 3. Baba və ya nənədən hər biri ata tərəfdən olsun və bacı ya qardaş ata-anadan olsun. Bunun hökmü keçən haldakı hökm kimidir. Mə`lum oldu ki, meyyitin ata tərəfdən olan bacı, ya qardaşı əgər ata-anadan bir olan bacı ya qardaşla cəm olsa, ata tərəfdən olanlar irs aparmır. 4. Babalar, ya nənələr, ya hər ikisi həm ata tərəfdən olsun, həm ana tərəfdən olsun, qardaşlar ya bacılar, ya da hər ikisi də belə olsalar, bu halda ana tərəfdən qohum olan qardaşlar, bacılar, babalar, nənələr, malın 1/3-ni öz aralarında bərabər böləcəklər, kişi və qadın olmaqda müxtəlif olsalar da; Ata tərəfdən qohum olanlara isə malın 2/3-dir ki, hər kişiyə qadından iki dəfə çox veriləcək. Əgər onların arasında kişi və qadın olmaqda ixtilaf olmasa və hamısı kişi, ya hamısı qadın olsa, onların arasında bərabər bölünəcək. 5. Ata tərəfdən olan baba ya nənə, ana tərəfdən olan qardaş ya bacı ilə cəm olsun. Bu halda qardaş ya bacı təkdirsə malın 1/6-ni aparacaq, əgər tək deyilsə, onun 1/3-ni bərabər öz aralarında böləcəklər, qalanını isə baba ya nənənin malıdır. Əgər baba ya nənə hər ikisi olsa, baba nənədən iki dəfə çox aparacaq. 6. Ana tərəfdən olan baba ya nənə, ata tərəfdən olan qardaş ya qardaşlar ilə cəm olsun. Bu halda baba, ya nənə üçün malın 1/3-dir, əgər hər ikisi sağ olsa, 1/3-i bərabər olaraq bölərlər, onun 2/3-si isə qardaş ya qardaşlar üçündür. Əgər o baba ya nənə ilə ata tərəfdən bacı olsa, tək olan halda malın yarısını aparacaq, əgər çox olsalar, 2/3-ni aparacaqlar, hər halda baba ya nənə üçün malın 1/3-dir. Buna görə də əgər bacı tək olsa, meyyitin malının 1/6-i onlardan artıq qalır. Bunun da bacıya verilməsi və ya baba ilə nənə arasında bölünməsi ehtimalı var. Bu halda vacib ehtiyata əsasən bir-birləri ilə sülh etməlidirlər. 7. Babalar, nənələr, ya hər ikisi həm ata tərəfdən, həm də ana tərəfdən olsun və onlar ilə ata tərəfdən bacı ya qardaş olsun, istər tək olsun, istərsə də çox, bu halda ana tərəfdən olan baba ya nənə üçün malın 1/3-dir. Əgər çox olsalar öz aralarında kişi və qadın olmaqda müxtəlif olsalar da, bərabər böləcəklər. Ata tərəfdən olan baba ya nənə üçün və ata tərəfdən olan bacı ya qardaş üçün qalan malın 2/3-dir. Əgər kişi və qadın cəhətindən müxtəlif olsa, kişilər qadından 2 dəfə çox aparacaq. Əgər o babalar ya nənələrlə bir anadan olan bacı ya qardaş olsalar, bir anadan olan babaya ya nənəyə, bir anadan olan bacı ya qardaş ilə birlikdə 1/3 düşəcək və onların arasında bərabər bölünəcək. Kişi və qadın cəhətindən müxtəlif olsa belə və ata tərəfdən olan baba ya nənə üçün 2/3-dir. Baba nənədən iki qat artıq pay aparır. 8. Qardaş ya bacıların bə`zisi ata tərəfdən, bə`zisi isə ana tərəfdən olsun və onlar ilə ata tərəfdən olan baba ya nənə olsun, bu surətdə, ana tərəfdən olan bacı ya qardaş üçün tək olan surətdə malın 1/6-dir. Əgər çox olsalar, malın 1/3-dir ki, öz aralarında bərabər böləcəklər. Ata tərəfdən olan bacı ya qardaş üçün ata tərəfdən olan baba ya nənə ilə birlikdə malın qalanıdır. Kişilər qadınlardan iki qat artıq pay aparacaq. Əgər o qardaş ya bacılar ana tərəfdən olan baba ya nənə ilə birlikdə olsa, ana tərəfdən olan baba ya nənə üçün ana tərəfdən bacı qardaş ilə birlikdə malın 1/3-dir ki, öz aralarında bərabər böləcəklər, ata tərəfdən olan bacı ya qardaş üçün irsin 2/3-dir irs aparır. Kişi qadından iki dəfə çox irs aparır. Məsələ 2713: Meyyitin qardaş və bacısı olduğu təqdirdə meyyitin qardaşının və ya bacısının uşağına yetişməz. Lakin bu hökm qardaşın və ya bacının övladının qardaş və bacının mirasına bir əngəl təşkil etmədiyi hala aid deyil. Məsələn; əgər meyyitin ata tərəfdən olan qardaşı və ana tərəfindən olan babası olursa, ata tərəfindən olan qardaşı malın 2/3-ni və ana tərəfindən olan babası malın 1/3-ni miras alır, bu təqdirdə meyyitin ana tərəfindən olan qardaşoğlu da olarsa, o qardaşoğlu babası ilə malın 1/3-də şərik olur.
Üçüncü dəstənin irsi Məsələ 2714: Üçüncü dəstə əmi, bibi, xala, dayı və onların övladıdır ki, əgər birinci və ikinci dəstədən bir kəs olmasa, bunlar irs aparacaqlar. Məsələ 2715: Əgər meyyitin varisi ancaq bir əmi ya bir bibi olsa, istər meyyitlə ata-anadan bir olsun, istər atadan bir olsun, istərsə də anadan bir olsun, malın hamısı ona çatar. Əgər bir neçə əmisi, ya bir neçə bibisi olsa və hamısı ata-anadan, ya atadan, ya anadan bir olsa, malı öz aralarında bərabər böləcəklər. Əgər həm əmi və həm bibisi olsa, əmi bibidən iki dəfə çox aparacaq. Məsələ 2716: Əgər meyyitin varisi əmi və bibi olsa və onların bə`zisi atadan, bə`zisi anadan, bə`zisi isə ata-anadan bir olsa, atadan bir olan əmi və bibi irs aparmaz. Məsələn əgər meyyitin ana tərəfdən bir əmisi, ya bir bibisi olsa, malı altı yerə böləcəklər, onun bir hissəsini anadan bir olan əmi ya bibiyə, qalanı isə ata-anadan bir olan əmi və bibiyə, onlar olmayan halda isə atadan bir olan əmi və bibiyə verəcəklər. Əgər anadan bir olan həm əmisi və həm bibisi olsa, malı 3 yerə böləcəklər. İki hissəsini ata-anadan bir olan əmi və bibiyə, onlar olmasa, atadan bir olan əmi və bibiyə, bir hissəsini isə anadan bir olan əmi və bibiyə verəcəklər. Əmi hər bir halda bibidən iki dəfə çox irs aparır. Məsələ 2717: Əgər meyyitin varisi ancaq bir dayı ya bir xala olsa, malın hamısı ona çatar. Əgər həm dayı və həm xalası olsa və hamısı ata-anadan ya atadan ya anadan bir olsalar, uzaq deyil ki, dayı xaladan iki dəfə çox aparsın. Lakin, bərabərçiliyə də ehtimal edilir, buna görə də, vacib ehtiyata görə artıq miqdarda sülh etməlidirlər. Məsələ 2718: Əgər meyyitin varisi ancaq anadan bir olan bir ya bir neçə dayısı, ya bir xalası, ata-anadan bir olan xalası və dayısı, həmçinin atadan bir olan dayı və xalası olsa, atadan bir olan xala və dayının irs aparmaması məhəlli-işkaldır. Hər halda anadan bir olan dayı və ya xalası bir nəfər olsa, 1/6-i, əgər bir neçə nəfər olsa, 1/3-i irs aparır, yerdə qalanı isə atadan ya ata-anadan bir olan dayı və ya xalaya çatır. Hər bir halda dayının xaladan iki dəfə çox irs aparması ehtimal verilir. Amma vacib ehtiyata görə sülh etməlidirlər. Məsələ 2719: Əgər meyyitin varisi bir ya bir neçə dayı, ya bir ya bir neçə xala, ya xala və dayısı və bir ya bir neçə əmi, ya bir və ya bir neçə bibi, ya əmi və bibisi olsa, malı 3 qismə böləcəklər. Bir hissəsini dayı ya xala, ya hər ikisi, qalanını isə əmi, ya bibi, ya hər ikisi aparar. Hər iki dəstənin malı necə bölüşdürülməsi yuxarıda deyildi. Məsələ 2720: Əgər meyyitin əmi, bibi, dayı, xalası olmasa, onların övladına veriləcək. Əgər bir bibi qızı və bir neçə dayısı oğlu olarsa, bibisi qızı 2/3-i qədər, dayısı oğlanları isə 1/3-i aparır və öz aralarında bölürlər. Bu dəstə (dayının, əminin, bibi və xalanın övladları) meyyitin ata və ya anasının əmisi, bibisi, dayısı və xalasından irəlidir. Məsələ 2721: Əgər meyyitin varisi, atasının əmi, bibi, dayı və xalası, həmçinin onun anasının əmi, bibi, dayı və xalası olsa, malı üç yerə böləcəklər. Onun bir hissəsini meyyitin anasının əmisi, bibisi, dayısı və xalası irs aparacaqlar və məşhura əsasən malın, onların arasında bərabər bölünəcəyi yoxsa kişinin iki qadın payı aparmasında nəzər ixtilafı vardır. Vacib ehtiyat sülh etmələridir. Onun qalan iki hissəsini üç yerə böləcəklər: onun bir hissəsini meyyitin atasının dayısı və xalası öz aralarında eyni qayda ilə böləcəklər, o biri iki hissəni isə onun atasının əmisi və bibisi eyni qayda ilə böləcəklər.
ƏR VƏ ARVADIN İRSİ Məsələ 2722: Əgər bir qadın ölsə və övladı olmasa, onun bütün malının yarısı ərinə, qalanı isə o biri vərəsələrə çatacaq. Əgər həmin ərdən, ya başqa ərdən övladı olsa, bütün malının dörddə biri ərinə, qalanı isə o biri vərəsələrə çatacaq. Məsələ 2723: Əgər bir kişi ölsə və övladı olmasa, malının 1/4-i arvadına, qalanı isə başqa vərəsələrə çatacaq. Əgər o qadından ya başqa qadından övladı olsa, malının 1/8 arvadına, qalanı isə başqa vərəsələrə çatacaq. Qadın evin yerindən, bağdan, əkindən və başqa yerlərdən irs aparmaz, nə yerin özündən, nə də onun qiymətindən. Həmçinin bina və ağac kimi havada (torpaqdan yuxarı) olan malın özündən irs aparmaz, amma onun qiymətindən irs aparar. Həmçinin, bağda, əkin sahəsində və başqa yerlərdə olan ağac, əkin və evlərin hökmü də bu cürdür. Amma əri ölən zaman ağacın başında olan meyvələrin özündən irs aparır. Məsələ 2724: Əgər qadın irs aparmadığı şeylərdən, məsələn; məskunlaşmış evin yerini istifadə etmək istəsə, gərək başqa vərəsədən icazə alsın. Həmçinin, vərəsələr arvadın payını verməmiş, arvadın qiymətindən irs apara biləcəyi şeylərdən (məsələn; bina, ağac) onun icazəsi olmadan istifadə etməsi caiz deyildir.