KİYEVDƏ HEYƏTİ-NƏŞRİYYAT TƏŞKİLİ
Hər bir millətin gələcəyi o millətin cavanlarından asılıdır; cavanlar da qabil və kamil olub milli vəzifələrini düşünməlidirlər, ana dillərini mükəmməl öyrənib tərəqqisinə çalışmalıdırlar ki, o millətin səadətinə, tərəqqi və təməddününə səbəb olalar.
Məhz bu fikri qüvvədən felə keçirmək üçün Kiyev ali məktəb tələbələrindən bir nəşriyyat heyəti təşkil olunub, studentlərimiz arasında türk dilinin ehya və intişarına çalışıb studentlərimizi türk dilinə tərğib və təşviq etmək üçün Rusiyanın çox şəhərlərinə məktublar göndərilib müsəlman studentlərini rus və qeyri millətlərin ədiblərindən türkə tərcümə etməyə dəvət edilir. Tərcümə olunmuş kitablar heyət tərəfindən çap olunub satışa qoyulur və hasil olan məbləğdən bir hissə də mütərcimə verilir.
Əsl fikir studentlərimizi ana dilinə rəğbətləndirməksə də, camaatımıza da böyük xidmət olunur: nəfli kitabçalar bir ədəbiyyata dair olmayıb, siyasi, tibbi, tarixi, iqtisadi məsələlərdən də bəhs edəcəklər. Bunlardan əlavə, el ədəbiyyatı da unudulmayıb, bu yolda da xidmət olunacaq: bayatı, el nəğmələri, atalar sözü, qaravəlli, məsəllər, ağı, vəsfi-hal və nağıllar kibi şeylər də toplanıb çap olunacaqlar… Hələlikdə heyət tərəfindən “Məlik Məhəmməd” ünvanlı uşaqlara məxsus bir kitabça çap olunub satışa qoyuldu; satılıb pullar hasil olan kibi tibbə və ya qeyri bir seyə dair yenə bir kitabça buraxılacaq.
Ümidimiz budur ki, studentlərimiz hümməti və camaatına qeyrəti sayəsində Kiyev Nəşriyyat Heyətinin gözəl fikri quru sözdən ibarət olmayıb nəfli meyvələr hasil edər. Hər halda kitabçalarımız vaxtında satılarsa, yeni kitabça buraxmağına əminik.
Peterburq, Moskva və Varşavadan aldığımız məktublardan məlum olur ki, müsəlman tələbələrinin yüzdə beşi isə də ana dilinə lazımınca malik deyillər; bunlar da məlum çinovnik, hökumət məktəblərindəki şagirdlərimiz kibi türk dilini rus kəlmələrilə qarışdırıb gülünc bir hala gətiriblər. Ona görə kitablarımızda səhv və xəta olsa, möhtərəm oxucularımızdan əfv qılmaqları rica olunur.
Kiyev Darülfünununun tələbələrindən
Yusif Vəzirov
Dostları ilə paylaş: |