K məKitabxanalardatarixvə mədəniyyətabidələrinintəbliği
Tarixi- mədəniyyət abidələri zaman deməkdir. Babaların, nənələrin ötən əsrlərdən zəmanəmizə çatan sözünü-söhbətini, izini, yurdunu, ocağını bu qədim tikililərdə, onların sevgi və məhəbbətini bu abidələrə vurduqları naxış və bəzəklərdə, qürur və əzəmətlərini, döyüş nərələrini ucaltdıqları qala və bürclərdə, inam və etiqadların yadigar qoyduqları məscid və türbələrdə görmək mümkündür. Bu abidələrdə ülvi duyğular, hisslər, bəşər tarixini zənginləşdirən bütün amillər əbədiləşib, nağıllaşıb.
Bəzən yanından biganə keçdiyimiz uçuk-sökük abidə bir tarixdir, bir həyatdır, Dədə Qorqud telli qopuzunun səsidir, azadlıq uğrunda döyüşən qəhrəmanların torpağa hopmuş qan yaddaşıdır, işğalçı niyyətlə vətənimizə ayaq basmış düşmənin arxasınca atılmış nifrət daşıdır. Abidələr tarixin, yaddaşı və şahididir.
Keçmişdən yadigar qalan abidələri qoruyub saxlamaq, öyrənmək və təbliğ etmək, xüsusən də gənclərdə milli sərvətimizə hörmət və ehtiram hissini tərbiyə etmək hər bir azərbaycanlının borcu və vəzifəsidir. Xain düşmənlərimizin vəhşicəsinə dağıdıb talan etdikləri, bir çoxunu öz adlarına çıxaraq mənimsəmək istədikləri tariximizə, keçmişimizə və bu günümüzə məhz, yetişməkdə olan gənc nəsil sahib çıxmalıdır. Bu işdə əsas fəallıq şəhər və rayon icra strukturlarının, Mədəniyyət və Turizm şöbələrinin, MKS-lərin, Tarix-diyarşünaslıq muzeylərinin, tədris müəssisələrininvə kitabxanaların üzərinə düşür.
Müxtəlif dövrlərdə tarixi abidələrimizə münasibət bir mənalı olmayıb. Lakin ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi bu münasibəti tamamilə dəyişdi. Bu böyük şəxsiyyət tarixi abidələrimizə laqeyd durmağın qarşısını almaq məqsədilə, 10 aprel 1998-ci ildə “Tarix və mədəniyyət abidələrinn qorunması haqqında Qanun” və həmin qanunun tətbiq edilməsi barədə fərman (13 iyun 1998) imzaladı. 8 fəsildən ibarət bu Qanunda tarix və mədəniyyət abidələrinin təsnifatı, qorunub mühafizə edilməsi və beynəlxalq hüquqi aktlar öz əksini tapmışdır.
Hər il, ölkəmizdə 18 Aprel “Abidələrin Beynəlxalq Mühafizə Günü” kimi qeyd olunur ki, bu da tarixi abidələrə diqqətin bariz nümunəsidir. Bu günün keçirilməsi hər bir rayon mədəni-maarif müəssisələri, tarix-diyarşünaslıq muzeyləri, xüsusən də kitabxanaların qarşısında mühüm vəzifələr qoyur. Hər bir xalqın bu gününə və sabahına münasibəti onun öz tarixinə, keçmişinə münasibəti ilə ölçülür. Kitabxanalar və kitabxanaçılar bilavasitə, gənc nəslillə daim əlaqələdədir və onlara öz xalqının tarixini, keçmişini, mədəni irsimizin qədim yadigarları olan abidələrimizi öyrənməkdə köməklik etmək əsas vəzifələrdən biridir.
Kitabxanalarda tarixi abidələrlə bağlı keçirilən tədbirlər və kitab sərgiləri onların qarşısında duran ən mühüm məsələlərdəndir. Kitabxanalarda təşkil olunan kitab sərgiləri geniş oxucu kütləsini əhatə edir, onların mütaliəsinə müsbət təsir göstərir və əyani təbliğat vasitəsi olaraq kitablarla yanaşı, qəzet, jurnal materialından da istifadə etməyi tövsiyyə edir.
Oxucuları tədbirə cəlb etmək məqsədilə sərginin başlığı iri hərflərlə, cəlbedici yazılmalıdır. Sərginin maraqlı, təsirli keçməsi üçün illüstrasiyalardan, foto-stendlərdən, abidələrin rəngli şəkillərdən, sitatlardan istifadə etmək lazımdır. Həmin sərgilərin hazırlanmasında, başlıqların yazılmasında, foto-stendlərin tərtibatında məktəblilərin qüvvəsindən də istifadə etmək çox yerinə düşər. Kitabxanaçılar İnternetdə də axtarışlar aparıb informasiya toplamağa çalışmalı, mövzu ilə əlaqədar saytlardan məlumat almaq imkanlardan istifadə etməlidirlər.
Kitabxanalar “18 Aprel Abidələrin beynəlxalq Mühafizə Günüdür” mövzusunda keçirəcəyi geniş oxucu konfransına, kitab müzakirəsinə və söhbətlərə çox məsuliyyətlə yanaşmalıdırlar. Konfransa 1-2 ay əvvəldən hazırlaşmaq lazımdır. Kitabxanaçı konfransın planını tutmalı, məruzəçini və çıxış edən şəxsləri seçməli, onlara lazım olan təlimatları verib, hazırlaşmaq üçün ədəbiyyatla təmin etməlidir. Kitabxanalar belə tədbirləri tarix-diyarşünaslıq muzeylərində, mövcud abidə komplekslərinin ərazisində də keçirə bilərlər. Bu zaman tədbir iştirakçıları bilavasitə xalqımızın tarixi keçmişi ilə bağlı maddi mədəniyyət nümunələri ilə tanış olar, mədəni irsimizin necə qorunub saxlandığının canlı şahidi olarlar. Kitabxanalar- oxucular, orta və yuxarı sinif şagirdləri arasında öz ərazilərində olan abidələr haqqında folklor materiallarını toplayanların müsabiqəsini də keçirə bilərlər. Müsabiqə iştirakçılarını həvəsləndirmək məqsədilə kiçik mükafatlar təsis olunarsa daha maraqlı olar və bu gənclərin müsabiqədə iştirakına güclü təkan verər.
Bundan başqa, kitabxanaçılar oxucularla birlikdə diyarşünaslıq, tarixi-mədəniyyət abidələri həvəskarları klubları və dərnəkləri yaratmalı, tarixi abiələri öyrənmək məqsədilə müxtəlif ərazilərə ekskursiyalar təşkil olunmasında yaxından iştirak etməlidir.Vaxtaşırı oxucularla söhbətlər aparmaq, onlarda qədim tarixi abidələrimizə qarşı maraq oyatmaq kimi bir çox məsələlər də vacib şərtlərdəndir. Çünki son illər belə tədbirlərin keçirilməsinə və gənc nəslin tarixi keçmişimizə, mədəni sərvətimizə aid söhbətləri dinləməsinə böyük ehtiyac vardır.
Hazırladı: Metodika və biblioqrafiya şöbəsinin müdiri Babaşova Şəbnəm