6) İnternet resursların və təhsil müəssisələrinin genişzolaqlı İnternet bağlantılarının yaradılması
- Təhsil Portalının hazırlanması;
- Məktəblərin və təhsil şöbələrinin İnternet resurslarının yaradılması;
- Elektron tədris vəsaitlərinin İnternet variantlarının yaradılması və açıq istifadə üçün yerləşdirilməsi və s.
- Genişzolaqlı internet bağlantısının təşkili
6) Təhsilin informasiyalaşdırılmasında informasiya təhlükəsizliyinin təmin olunması
İKT-nin sürətli inkişafı yeni imkanlar açmaqla yanaşı, həm də bir sıra problemlər yaradır. Təhsil sistemində bu daha çox uşaqların informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlıdır. Yeni informasiya mənbələrinə daxil olan uşaqlar daha çox aşağıdakı təsirlərə məruz qalırlar:
• Psixiki-bioloji – uşaqlara mənfi psixoloji və fiziki təsir göstərən;
• Mədəni – uşaqların milli və mədəni özgürlüyünə təhdid yaradan;
• Sosial-iqtisadi – keyfiyyətli təhsil almaq imkanının bərabərsizliyini artıran.
Bundan əlavə müxtəlif məzmunlu informasiyadan nəzarətsiz istifadənin və başqasının intellektual mülkiyyətindən icazəsiz istifadənin təsirləri də nəzərə alınmalıdır.
Bütün bu təsirlərin aradan qaldırılması üçün aşağıdakılar gerçəkləşdirilməlidir:
- İnformasiya təhlükəsizliyi məsələləri bütün elmi-texniki proqramlarda və təhsilin informasiyalaşdırılma layihələrində və proqramlarında nəzərə alınmalıdır;
- İnformasiya təhlükəsizliyi üzrə təşkilati, normativ və texniki sənədlər hazırlanmalıdır;
- İKT-dən istifadə ilə bağlı təhlükəsizlik məsələləri müəllimlərə, məktəblilərə, valideynlərə, təhsil sisteminin rəhbərlərinə və ictimaiyyətə çatdırılmalıdır;
- Uşaqlarda müəllif hüququna və özgəsinin intellektual mülkiyyətinə hörmət hissi aşılanmalıdır;
- İnformasiya texnologiyalarının uşaqlara təsirləri ilə bağlı mövcud xarici təcrübə öyrənilməli və müvafiq tədqiqatlar aparılmalıdır.
7) Təhsildə informasiyalaşdırmanın elmi və tədris-metodiki təminatı
Təhsildə informasiya texnologiyalarının tətbiqinin inkişaf tendensiyası analiz olunmalı, dünya təcrübəsi öyrənilməlidir. Bu sahədəki tədqiqatlar informasiya cəmiyyətinin formalaşma istiqamətlərini və sosial-iqtisadi proseslərin qanunauyğunluqlarını öyrənməyə və müasir İKT-dən daha effektiv istifadə edilməsinin nəzəri və metodoloji aspektlərini həll etməyə imkan yaratmalıdır.
İKT-nin təhsilin müxtəlif sahələrində tətbiqinin nəzəri-metodoloji və tətbiqi aspektlərinin hazırlanması aşağıdakıları nəzərdə tutur:
• Kompüter siniflərinin, proqram təminatının, şəbəkələrin və idarəetmə sistemlərinin ən optimal konfiqurasiyalarının hazırlanması;
• İKT-nin təhsildə tətbiqinin yeni, daha effektiv variantlarının hazırlanması;
• Müxtəlif informasiya sistemlərinin, məsafədən təhsil və multimedia vasitələrinin tətbiqi ilə bağlı meydana çıxan yeni nəzəri məsələlərin öyrənilməsi;
• Kadrların yenidən hazırlanması sahəsində İKT nəzəriyyəsinin və istifadə metodologiyasının hazırlanması;
• Təhsilin müxtəlif sahələrində yerli və qlobal şəbəkələrin effektiv tətbiqinin elmi əsaslarının hazırlanması;
• Ekspert sistemlərinin və intellektual tədris proqramlarının alqoritmik, texnoloji və formalaşma əsaslarının hazırlanması;
• Təhsildə İKT-nin tətbiqinin gedişi ilə bağlı elmi-praktik konfransların keçirilməsi.
8) Təhsilin informasiyalaşdırılması sahəsində hüquqi-normativ bazanın yaradılması
• Mövcud təhsil qanunvericiliyi təhsildə İKT-nin tətbiqi ilə bağlı tədris və təhsil prosesinin bütün sahələrində yaranan münasibətlərin tənzimlənməsinə uyğunlaşdırılmalıdır;
• İKT-nin tətbiqi ilə bağlı təhsil standartları təkmilləşdirilməli, müxtəlif fənlərin tədrisində İKT-nin tətbiqinə yönələn müddəalar öz əksini tapmalıdır;
• Məktəblərə verilən avadanlığın və proqram texniki-təminatın standartları hazırlanmalıdır;
• İKT avadanlığından və İnternetdən məktəbdə istifadə üzrə sanitar-gigiyenik qaydalar və normalar hazırlanmalıdır;
• Təhsilin informasiyalaşdırılmasının tədqiq edilməsi üçün Monitorinq Sistemi və onun elmi-metodiki təminatı hazırlanmalıdır;
• Məktəblərə verilən kompüter sinfi və proqram təminatına qoyulan tələblər hazırlanmalıdır.