(İngilis yazıçısı)
Dünya ədəbiyyatının klassiklərindən biri, ingilislərin bu gün də ən çox müraciət etdiyi Uilyam Somerset Moyem uzunömürlü həyatı və yaradıcılığı boyu yazıçılıq mədəniyyətinə sadiqlik nümayiş etdirmişdir. O, demək olar ki, bütün əsərlərində - hekayə, roman, pyes, esse, məqalə və məktublarında bunun sirrini özünəməxsus çəkildə anlada bilmişdir. Bəs bu sirr nədən ibarətdir? Onun hər hansı bir hazır tərifi, yaxud elmi-nəzəri sistemi varmı? Moyemin qənaəti belədir: hazır resept yoxdur!Moyemə görə, yazıçının mədəniyyəti onun sadə və anlaşıqlı dildə və yalnız oxucu üçün yazmasındadır.
Uilyam Somerset Moyem 1874-cü il yanvarın 25-də Parisdə anadan olub. Bu zaman onun atası Fransada Böyük Britaniya səfirliyində hüquqşünas işləyirid. Buna görə də valideynləri Uilyamın doğuş mərasimini səfirliyin ərazisində həyata keçirirlər. Məhz buna görə də yazıçının Böyük Britaniya ərazisində anadan olduğu iddia edilir.
Moyem uşaqlıqda fransızca danışıb, ingilis dilini yalnız 11 yaşından sonra öyrənib. 1882-ci ilin fevralında anası dünyasını dəyişir, 1884-cü ildə isə atası xərçəng xəstəliyindən ölür. Beləliklə, Moyem hələ erkən yaşlarından yetim qalır və Kent qraflığında yaşayan qohumlarının yanına göndərilir. İngiltərəyə gələn Uilyamın dili topuq vurmağa başlayır və bu şikəstlik ömrünün sonuna kimi onu müşaiyət edir.
Beləliklə, Moyem əmisi Henri Moyemin evində tərbiyə alır, Kanterberidəki Kraliça məktəbinə gedir. Sonra Heydelberq Universitetində ədəbiyyat və fəlsəfəni öyrənir. Daha sonra isə London Tibb Məktəbinə daxil olur, bilik və həyat təcrübəsi qazanır.
O, 1897-ci ildə ilk romanını yazır (“Lambetli Liza” - Liza of Lambeth,), daha sonra yazdığı “Ledi Frederik” romanı ona şöhrət gətirir.
Moyem Birinci dünya müharibəsi zamanı Britaniya kəşfiyyat idarəsi ilə əməkdaşlıq edir və kəşfiyyatçı kimi Rusiyaya göndərilir. Sonralar Moyem bu barədə bir kitab da yazır (“Eşenden, yaxud Britaniya agenti”, Ashenden, or the British Agent, 1928).
Müharibədən sonra Moyem dramaturq kimi tanınır, onun bir neçə pyesi tamaşaya qoyulur.
1919-cu ildə Moyemi Çinə göndərirlər, daha sonra isə Malayziyada hərbi attaşe kimi işləyir, roman və hekayələri üçün çoxlu material və fakt toplayır.
Moyemin “Dövrə” (The Circle, 1921), “Sədaqətli arvad” (The Constant Wife, 1927), “Teatr” (The Theater), “Şeppi”(Sheppi), “İti ülgüclər” (The Razor's Edge), “Ay və Qəpik” (The Moon and Sixpence) və s. əsərləri bir çox dillərə tərcümə olunmuşdur.
Yazıçı 1965-ci il dekabrın 15-də Fransanın Nitse şəhərindəki xəstəxanada sətəlcəmdən vəfat edir; lakin fransız qanunlarına görə meyit yarılmalı idi və buna görə də onun cəsədini bir gün sonra evinə, Fransız şəhəri olan Sen Jan Kap Ferradakı villasına aparırlar. Ertəsi gün, ayın 16-da isə ölüm xəbərini yayırlar. Dekabrın 22-də Moyemin nəşi İngiltərədəki Kanterberiyə gətirilir və burada Kraliça məktəbi nəzdindəki Kitabxana divarına hörülür.
Luİza
Luizanın mənimlə görüşməyə nəyə görə can atmasını heç vaxt başa düşmürdüm. O, məni sevmirdi; arxamca danışanda isə ən nəzakətli tonda pis sözlər deyirdi. Luiza sərt sözləri də birbaşa, lakin həddən artıq mülayim şəkildə ifadə edirdi. Luizanın ikibaşlı sözləri, köks ötürməsi öldürücüydü; amma onun gözəl əllərinin yüngül hərəkətləri tikanlı nitqindən daha əlvan idi. Bu qadın ən zəhərli komplimentlər ustasıydı.
Biz biri-birimizi düz iyirmi beş il idi ki, yaxından tanyırdıq; amma mən heç vaxt inanmırdım ki, köhnə tanışlıq onun üçün nəsə əhəmiyyətli bir şey olsun. Luiza məni kobud, sərt, abırsız və ədəbsiz hesab edirdi. Mən qarışıq suallar içində itib-batmışdım: axı nə üçün o, məndən əl çəkmir? Çox qəribəydi: Luiza məni rahat buraxmır, elə hey səhər yeməyinə, nahara dəvət edirdi.
Luiza şənbə və bazar günləri məni şəhər ətrafındakı bağına bir-iki dəfə nahara dəvət etdi. Nəhayət, başa düşdüm ki, bu, nə məsələdir; Luizaya əzab verən şübhə vardı; o, mənim ona inanmadığımı bilirdi, elə buna görə də məni sevmirdi; bununla belə, mənimlə təmasdan qaçmırdı, çünki mən yeganə adam idim ki, onu ciddi qəbul edirdim, bu da onu qəzəbləndirirdi.
Luiza daim narahat idi; çalışırdı ki, mən ona təslim olum, səhvlərimi boynuma alım. Görünür, Luiza dumanlı da olsa, hiss etmişdi ki, mən onun iç üzünü tanımağa başlamışam. O da dəridən-qabıqdan çıxırdı ki, məni öz həqiqətinə inandırsın, lakin mən inadımdan əl çəkmirdim; amma Luizanın xalis yalançı olmasına sona qədər əmin deyildim. Ola bilsin ki, o, özünü başqalarına nisbətən daha az aldadırdı; bəlkə də qəlbində adamlara gülürdü. Əgər beləydisə, onda düşünürdüm ki, bizim hər ikimiz fırıldaqçıyıq, bizi biri-birimizə bağlayan ümumi bir sirr var, onu da heç kim bilmir və ağlına belə gətirmir.
Mən Luizanı ərə getməmişdən qabaq tanıyırdım. Luiza çəlimsiz, arıq bir qız idi; onun qəmli, iri gözləri vardı. Valideynləri onu çox sevirdi; hansısa xəstəlikdən sonra, deyəsən yoluxucu idi, onun ürəyində problemlər yarandı və elə buna görə də ata-anası qızın üstündə əsməyə başladı, ona xüsusi diqqət göstərdi.
Tom Meytlənd Luizaya evlənməyi təklif edəndə valideynləri dəhşətə gəldi; axı qızları ailə həyatının ağırlıqları üçün hələ çox zərif idi, buna tab gətirə bilməzdi. Luizanın ata-anası güclə dolanırdı, yaşamaq onlar üçün çətin idi, Tom Meytlənd isə varlı adamıydı. Tom and içdi ki, Luiza üçün hər şey etməyə hazırdır, təki ona ərə gəlsin. Nəhayət, Luizanın valideynləri Tomun qızı yaxşı himayə edəcəyi vədinə inandılar. Tom Meytlənd boy-buxunlu, sağlam bədənli, qəşəng bir oğlan idi; o, həm də gözəl idmançıydı. Tom onu canı qədər istəyirdi; o, başa düşürdü ki, Luizanın xəstə ürəyi var və qız bu ürəklə çox yaşaya bilməz. Bununla belə, Tom nə qədər ömrü qalıbsa, bu müddət ərzində Luizanı xoşbəxt etməyi qərara aldı. Tom sevimli idmanından əl çəkdi; ona görə yox ki, Luiza bunu ondan tələb edirdi (Luiza onun uğurlarına sevinirdi). Çox qəribə təsadüf idi: Tom idmana, tutaq ki, qolf oynamağa, yaxud ova getməyə hazırlaşanda, bir də görürdün ki, Luizanın ürəyi getdi; o, bayılırdı.
Lakin hər hansı bir məsələylə bağlı onların sözləri çəp gələndə Luiza dərhal güzəştə gedirdi; bu qadın yer üzündə yaşayan bütün qadınlardan bəlkə də ən üzüyolası idi; lakin Luizanın ürəyi sözünə baxmırdı. Qadın bəzən bir həftə çarpayıda, yorğan-döşəkdə qalırdı. Belə vaxtlarda quzu kimi mülayim olurdu, şikayət-filan eləmirdi. Əlbəttə, Tom onun istəklərinin əleyhinə getsəydi, bu, qəddarlıq olardı. Tom arvadının yorğan-döşəyə düşdüyünə günahkar olduğunu boynuna alır, uzun müddət Luizaya inandırmağa çalışırdı ki, o, səhv edib. Qadın yalnız uzun çək-çevirdən sonra nəhayət razılaşırdı ki, öz bildiyi kimi hərəkət etsin. Bir dəfə Luiza Tomla gəzməyə çıxanda bizdən heç səkkiz mil aralanmamışdı ki, mən Toma dedim ki, Luiza ilk baxışdan zəif olsa da, səndən daha güclüdür. Tom başını buladı və az qala uçundu. Dedi:
-
Yox, yox, nə danışırsan? Sağlamlığı yaxşı deyil. Ona dünyanın ən yaxşı həkimləri baxıb; həkimlər deyir ki, Luizanın həyatı tükdən asılıdır. Sadəcə onun qeyri-adi iradəsi var, vəssalam.
Tom mənim Luiza barədə dediklərimi ona çatdıranda əzabkeş qadın belə dedi:
-
Günü sabah mənə göz dəyəcək, baxarsız, mən ölümün bir addımlığında olacağam...
Mən isə etiraz etdim:
-
Lakin mənə elə gəlir ki, sizin kifayət qədər gücünüz var; istək də olsaydı... pis olmazdı....
Mən çoxdan müşahidə etmişdim ki, şən məclisdə, arzu olunan tay-tuşlar arasında bu qadın hətta bütün gecəni yorulmadan rəqs oynaya bilir; əgər burada ona sərf etməyən darıxdırıcı bir şey, yaxud kimsə olsa, Tom mütləq onu evə aparır.
Deyəsən mənim cavabım onun xoşuna gəlməmişdi, Luiza mənə nəzakətlə gülümsədisə də, onun iri, mavi gözlərində ciddilik vardı. Nəhayət, Luiza dedi:
-
Siz, düzü, gözləyirdiniz ki, mən yıxılıb öləcəyəm və siz də baxıb həzz alacaqsınız...
Luiza ərindən çox yaşadı. Onlar yaxtada dəniz səyahətinə çıxmışdılar; Luiza donmamaq üçün yun şala bürünmüşdü. Tom isə möhkəm soyuqladı və öldü. Tomdan Luizaya yaxşı miras və bir qız övladı qaldı. Luiza ümidsiz idi və onun belə bir zərbəyə dözməsi də təəccüblüydü. Dostları Tomun ardınca onun da o dünyaya gedəcəyini gözləyirdi. Hamı Luizanın qızına acıyırdı; yazıq qızcığaz tənha qala bilərdi. Buna görə də dostlar Luizaya diqqəti ikiqat artırdılar; əlini ağdan qaraya vurmağa qoymurdular. Luizanın qayğısız və rahat olması üçün əllərindən gələni edirdilər. Başqa cür necə ola bilərdi?! Axı Luiza üçün hər hansı bir yorucu, yaxud maraqsız bir şey baş versəydi, dərhal ürəyini tutur, bayılırdı. Belə vaxtlarda o, ölümün bir addımlığında olurdu. Luiza deyirdi ki, onun qayğısını çəkə bilən adamın sadəcə olmaması onu məhv edə bilər, bəs o, sevimli Ayrisini bu zəif bədəni ilə necə böyüdəcək?! Hərdən, dostları deyirdi ki, yenidən ərə getsin. O isə ah-vay edir, cavab verirdi ki, bu xəstə ürəklə ərə getmək olar? Əlbəttə, sevimli Tomu da bu işi bəyənərdi, yəqin ki, Ayris üçün də yaxşı olardı. Eh, axı kim bu bədbəxt əlillə ailə qurar, onunla gün keçirmək istəyər, hə?
Qəribə də olsa, belə bir missiyanı öz üzərinə götürmək istəyən “ovçular” kifayət qədər tapıldı; Tomun ölümündən bir il keçmiş Luiza Corc Hobhaus adlı bir nəfərə ərə getdi. Corc qəşəng, ümidverici cavan bir oğlan idi; kasıb deyildi. O da Luizanın qulluğunda durmaqdan, bu çəlimsiz varlığa qayğı göstərməkdən əsir-yesir olur, bunu özünə şərəf hesab edirdi. Luiza isə ona deyirdi:
-
Darıxıb-eləmə, mənim ömrümə onsuz da az qalıb...
Corc şöhrətpərəst adam idi; hərbçiydi, ehtiyata buraxılmışdı. Luizanın sağlamlığı tələb edirdi ki, o, qışı Monte Karloda keçirsin, yayı isə Dovillada. Corc öz karyerasından dərhal əl çəkmək istəmədi, Luiza isə bu barədə əvvəlcə heç eşitmək belə istəmirdi; nəhayət, Luiza həmişə olduğu kimi güzəştə getdi. Beləliklə, Corc özünü bütünlüklə ona həsr etdi ki, heç olmasa arvadı qalan qısa ömrünü mümkün qədər xoşbəxt yaşasın. Luiza isə deyirdi:
-
İndi artıq ömrümə lap az qalıb. Mən çalışıram ki, sənə yük olmayım.
Xəstə ürəyinə baxmayaraq, növbəti iki-üç ildə Luiza demək olar ki, gözəl qiyafədə bütün gecə məclislərində, ziyafətlərdə kart oynayır, şənlənir, hətta gənc, qəşəng və hündürboylu cavan oğlanları bicliklə ələ almağa çalışırdı. Lakin Corc Hophaus Luizanın birinci əri kimi o qədər də dözümlü deyildi. O, Luizanın gündəlik qayğıları ilə yaşaya bilmirdi; buna görə də o, spirtli içkiyə qurşanmışdı. Görünür, Corc buna adət etmişdi və bu da Luizanın heç xoşuna gəlmirdi; lakin xoşbəxtlikdən (Luiza üçün), müharibə başladı. Corc hərbi hissəyə qayıtdı və üç ay sonra həlak oldu. Luizaya yenə ağır zərbə dəydi, lakin qadın başa düşürdü ki, belə vaxtlarda öz kədərinə qapılıb qalmaq olmaz. Onun ürəkkeçmələri baş versə də, bu barədə heç kəs xəbər tutmurdu. Fikrini dağıtmaq üçün Luiza Monte Karloda öz villasını sanatoriya elədi; bura sağalmaqda olan zabitlər üçün istirahət mərkəzinə döndü. Dostları Luizaya deyirdilər ki, o, bu cür gərginliyə dözə bilməz... Luiza razılaşırdı, deyirdi:
-
Əlbəttə, bu, məni öldürəcək... Bilirəm. Lakin problem də deyil. Mən öz borcumu yerinə yetirirəm...
Lakin bu iş də onu öldürmədi. Luiza həyatdan heç vaxt bu qədər ləzzət almamışdı. Onun sanatoriyası bütün Fransada ad çıxarmışdı.
Mən Luizanı təsadüfən Parisdə gördüm. O, “Rits” restoranında çox yaraşıqlı, hündürboy bir fransız gənci ilə səhər yeməyi yeyirdi. Luiza mənə dedi ki, bura sanatoriyanın işindən ötrü gəlib. Zabitlər ona qarşı son dərəcə nəzakətlidirlər. Onlar bilirlər ki, o, çəlimsiz, zəif qadındır; buna görə də onu əziyyət çəkməyə qoymurlar. Zabitlər ona lap sevən ər kimi diqqət və qayğı göstərirlər... Sonra Luiza ah çəkdi və dedi:
-
Yazıq Corc, kim bilərdi ki, mən bu ürəklə ondan çox yaşayacam?
-
...və yazıq Tom!- mən də əlavə etdim.
Bilmirəm nə üçünsə, mənim bu sonuncu sözlərim onun xoşuna gəlmədi. Luizanın üzünə adəti üzrə əzabkeş bir təbəssüm qondu və onun gözəl gözlərindən yaş axdı.
- Siz həmişə elə danışırsız ki, guya mənim günahım var... Mənə elə gəlir ki, siz məni qınayırsınız... Mənim ömrümə onsuz da az qalıb... və məncə, siz buna görə də məni günahkar hesab edirsiniz...
- Yeri gəlmişkən, sizin ürəyiniz artıq sağalıb....- dedim.
- O heç vaxt sağalmayacaq. Mən bu gün özümü bir mütəxəssisə göstərdim. Dedi ki, mən gərək hər gün, hər an hər şeyə hazır olam...
- Boş şeydi, siz artıq iyirmi ildi bu ölümə hazırlaşırsınız...
Müharibədən sonra Luiza Londona köçdü. O, hələ də arıq, çəlimsiz idi, gözləri iri, lakin solğun olmuşdu. Luizanın qırxa yaxın yaşı olsa da, heç kim ona iyirmi beşdən artıq yaş verməzdi. Ayris pansiondan çıxmış, artıq yekə qız olmuşdu; o, köçüb gəlmişdi Luizanın yanına və onunla birgə yaşayırdı.
-
Qızım mənim qayğıma qalacaq,- Luiza deyirdi.- Əlbəttə, onun üçün belə bir əlillə yaşamaq çətin olacaq; lakin Ayris şikayətlənən qız deyil... Axı mən də günlərimi sayıram, az qalıb ömrümə...
Ayris gözəl idi; ona bütün ömrü boyu demişdilər ki, anan ciddi xəstədir. Hətta uşaqlıqda səs-küy salmağa belə icazə vermirdilər. Qız həmişə başa düşürdü ki, anasına həyəcanlanmaq olmaz; hər cür rahatsızlıq ona ziyandır. Buna baxmayaraq, indi Luiza əminliklə deyirdi ki, heç vaxt razı olmaz ki, qızı özünü yaşlı, əldən düşmüş bədbəxt bir qadına həsr etsin. Ayris bunu eşitmək belə istəmirdi. Bu ki, özünü qurban vermək deyil?! Xoşbəxtlikdir! Yazıq anaya nədəsə kömək köstərə bilirsənsə, bundan böyük səadət olar?! Luiza isə dərindən ah çəkib onun xidmətini qəbul edirdi.
-
Mənə yardımçı olmaq Ayrisin ürəyincədir,-Luiza dedi.
-
Sizə elə gəlmirmi ki, Ayris daha çox adamlar arasında olmalıdır?- deyə soruşdum.
-
Mən elə bunu ona hər gün deyirəm. Onu əylənməyə məcbur edə bilmirəm... Allah görür, mən istəmirəm ki, kimsə məndən ötrü əziyyət çəksin.
Mən Ayrislə bu barədə söhbət edəndə, görün o mənə nə dedi:
-
Yazıq anam! Dostlarıma qonaq getməyimi, onlarla məclislərdə olmağımı istəyir...lakin mən harasa getmək üçün hazırlaşanda, o saat anamın ürəkkeçməsi tutur... Yaxşısı budur, elə evdə oturum...
Çox keçmədi ki, Ayris sevdi. Mənim bir tanışım vardı; çox yaraşıqlı, münasib bir gənc idi. O, sevgisini Ayrisə bildirdi və qız da ona könül verdi. Ayris mənim xoşuma gəliridi, buna görə də onun bu sevdasına sevindim. Sevinirdim ki, nəhayət, bu qızın da öz ailə həyatı olacaq. Görünür, Ayris əvvəllər heç ağlına gətirməzdi ki, belə şey ola bilər.
Günlərin bir günü Ayrisin nişanlısı məyus-məyus mənə dedi ki, toy qeyri-müəyyən müddətə təxirə salınıb. Ayris anasını tək qoymaq istəmir. Əlbəttə, bunun mənə dəxli yox idi, lakin buna baxmayaraq, Luiza ilə görüşməyi qərara aldım. Luiza adətən dostlarını çay süfrəsinə dəvət edirdi; indi bir qədər yaşlaşmış, ətrafına rəssamları və yazıçıları yığmağa başlamışdı.
-
Eşitmişəm Ayris ərə gedir,- deyə hal-əhvaldan sonra soruşdum.
-
Hələ məlum deyil. Hələ ki yox! Amma çox istərdim ki, o, ərə getsin. Mən onun ayaqlarına döşənib yalvardım ki, ərə getsin, o isə məni tərk etmək istəmədiyini bildirdi.
-
Sizə elə gəlmirmi ki, onun üçün çətindi?
-
Dəhşətli dərəcədə. Düzdür, mənim vaxtıma bir neçə ay qalıb; lakin düşünəndə ki, kimsə özünü məndən ötrü qurban verir, az qalır bağrım çatlasın...
-
Əzizim Luiza, siz artıq iki ər dəfn eləmisiniz, düzü, mən bir şeyi başa düşmürəm: axı nə üçün siz daha ikisini də basdırmayasınız?
-
Burda gülməli heç nə görmürəm,- qadın soyuqqanlıqla dilləndi.
-
Arzuladığınız niyyətlərə çatmağa sizin kifayət qədər gücünüz çatır: çox qəribədir, hansısa bir şey istədiyiniz kimi olmursa, o saat xəstə ürəyiniz sizə mane olur... Qəribə deyilmi?
-
Ah! Mən yaxşı bilirəm siz mənim barəmdə nə düşünürsüz. Siz heç vaxt mənim ciddi xəstə olduğuma inanmamısınız. Elə deyilmi?
Mən düz onun gözlərinin içinə baxdım. Dedim:
-
Heç vaxt! Hesab edirəm ki, bu iyirmi beş ildəki davranış və hərəkətləriniz başdan-ayağa saxtadır. Mən həyatımda sizin kimi özündənrazı və qəddar qadına rast gəlməmişəm... Siz iki bədbəxt adamın – sizinlə ailə quran adamların həyatını məhv etdiniz. İndi də doğma qızınızın həyatını cəhənnəmə döndərmək istəyirsiniz.
Əgər Luizanın ürəkkeçməsi tutsaydı, buna təəccüblənməzdim. Əmin idim ki, o, qəzəblənəcək, lakin Luiza sadəcə gülümsədi, sonra astaca dedi:
-
Mənim bədbəxt dostum, az qalıb o günə! Bax, bu sözləriniz üçün çox peşiman olacaqsınız...
-
Deyin görüm, Ayrisin ərə getməməsi barədə qərarınız qətidi?
-
Mən ona yalvarıram ki, oğlana ərə getsin. Əlbəttə, bilirəm ki, bu, mənim axırıma çıxacaq. Nolsun axı? Mən kiməm? Sadəcə yükəm yük... hamı üçün...
-
Və siz də ona beləcə dediniz ki, ərə getsə, siz öləcəksiniz?
-
Ayris özü məni buna məcbur etdi.
-
Guya sizi, niyyətinizə daxil olmayan bir işi görməyə məcbur etmək olar, hə?
-
Ayris istəyirsə, lap günü sabah evlənsinlər! Əgər bu, məni öldürəcəksə, qoy öldürsün, noolar!
-
Bəlkə risk edək?
-
Sizin mənə bir damcı da yazığınız gəlmir, hə?
-
Siz mənə gülünc görünürsünüz, nə yazığı gəlmək?
Luizanın bəbəkləri ağardı, orda azca ənlik göründü; bununla belə, o, hələ də gülümsəyirdi; Luizanın soyuq və kinli baxışlarını sezmək mümkün idi. Nəhayət, qadın hökmlə dilləndi:
-
Toy bir aydan tez olmayacaq! Və bir də... Əgər mənə bir şey olsa, ümidvaram ki, nə siz, nə də Ayris vicdan əzabı çəkməyəcəksiniz...
Luiza sözünün üstündə durdu. Toy günü təyin olundu, təmtəraqlı yer sifariş verildi, dəvətnamələr göndərildi. Ayris və gənc nişanlısı sevincdən işıq saçırdılar. Toy günü səhər saat on radələrində bu şeytan gəlinciyi Luizanın ürəkkeçməsi tutdu və o, dünyasını dəyişdi. Luiza öldü və onu öldürən Ayrisi alicənablıqla bağışladı...
Uilyam Folkner
Dostları ilə paylaş: |