Kamran NƏZİRLİ



Yüklə 1,21 Mb.
səhifə11/23
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#22560
1   ...   7   8   9   10   11   12   13   14   ...   23
Qara Pİşİk

Mən nəql edəcəyim çox dəhşətli və eyni zamanda adi əhvalata kiminsə inanacağını iddia etmirəm. Buna yalnız ağıl­dan kəm adam inana bilər. Vallah, bir azdan heç mən özüm də dediklərimə inanmayacağam. Amma mənim ağlım başımdadır, danışacaqlarım da əslində yuxu deyil.

Günü sabahdan mən artıq həyatda olmayacağam... və bu gün ürəyimi boşaltmaq, peşiman olduğumu etiraf etmək istəyirəm. Məqsədim ailə-məişət zəminində baş verən hadisələri müfəssəl şəkildə dünyaya çatdırmaqdır. Həm də deyim ki, bu hadisələr mənə faciədən başqa heç nə vermədi, dəhşət və fəlakət gətirdi, nəhayət, mənim evimi yıxdı. Hər halda, mənim bunları şərh-filan eləməyə fikrim yoxdur. Məncə, bu əhvalat bəzilərinə dəhşətdən daha çox əcayib görünsə də, məni yaman sarsıtdı. Gələcəkdə ola bilsin ki, hansısa bir düşünən adam mənim başıma gələn bu uydurma əhvalata sadəcə bir bədbəxt hadisə kimi baxsın. Daha çox məntiqi, daha çox soyuqqanlığı olan və əlbəttə ki, mənim kimi tez təsir altına düşməyən adam üçün bu, sadəcə təbii səbəb və nəticənin adi qanunauyğunluğudur.

Mən uşaqlıqdan sözə baxan və dərrakəli idim, xarakte­rim­də humanistlik vardı. Ürəyimin yuxa olmasına görə bəzən yaşıd­larım da məni qınayırdı.

Heyvanları xüsusilə sevirdim; valideynlərim mənim müx­təlif ev heyvanları saxlamağıma mane olmurdular. Mən demək olar ki, bütün boş vaxtlarımı ev heyvanlarına sərf edirdim. Bu mənə ləzzət verirdi; onları oxşayıb tumarlayanda və ye­diz­dirəndə elə bil mənə dünyanı verirdilər. İllər ötdükcə mə­nim xa­rakterimdəki bu keyfiyyətlər də inkişaf etdi; böyüyəndə artıq mə­nim zövq aldığım əsas həyat mənbələrindən biri də ev hey­vanlarına qarşı olan sevgim idi. Kim ki, it saxlayıb, kimin ki, sədaqətli və ağıllı itə bağlılığı var, bilir: it bu sevgiyə qarşılıqlı cavab verir. Bu təmənnasız və fədakar heyvanın sevgisində qəl­bi riqqətə gətirə bilən nəsə var: bunu hər adam bilməz, İnsana xas olan yalançı sədaqətlə, dostluğa namərdliklə dəfələrlə qarşı­laşan adamlar daha yaxşı anlayarlar.

Mən erkən evlənmişdim; xoşbəxtlikdən arvadım da mən xasiyyətdə idi. O da mənim ev heyvanlarına olan həvəsimə məm­nuniyyətlə qoşulur, ya da buna qətiyyən mane olmurdu. Bi­zim evdə quşlar, qızıl balıqlar, cins it, dovşanlar, meymun və bir pişik vardı. Bu pişik heyrətedici dərəcədə yekə və gözəl idi; tamam qara rəngdə olan pişiyimizin dərisində bir dənə ləkə yox idi. Ağıllıydı və bu barədə söhbət düşəndə mövhumatçı arvadım tez-tez qədimdənqalma xalq əlamətlərinə işarə vurardı və inanca görə bütün qara pişiklər qulyabani hesab edilir. Əlbəttə, arvadım bunu ciddi demirdi, elə-belə, sözgəlişi deyirdi. Mən bunu nahaq yerə xatırlamıram, çünki danışacağım əhvalata onun birbaşa dəxli var.

Pluton – pişiyin adı beləydi - mənim sevimli pişiyim idi və mən onunla tez-tez oyanyırdım. Onu həmişə özüm yedizdi­rir­dim və evdə hara gedirdimsə dalıma düşürdü. Pluton hətta küçədə-bayırda da məni izləyirdi və bəzən onu evə qaytarmaq üçün əziyyət çəkməli olurdum.

Bizim dostluğumuz bir neçə il davam etdi. Bu müddət ərzində sanki Şeytani Xislətin təsirindən mənim ehtiras və xa­rak­terim kəskin şəkildə dəyişdi (bunu boynuma almaqda xəcalət çəkirəm), özü də çox pis şəkildə dəyişdi. Mən günbəgün qəm-qüs­sə içində olurdum, nədənsə qıcıqlanmağa başlayırdım, qıcıq­landırırdım, ətrafdakı adamlara qarşı laqeyd olurdum. Hətta arvadımın üstünə də qışqırırdım, ona əl qaldırırdım. Məndə baş verən bu dəyişiklikləri ev heyvanları da duymuşdular.

Mən onlara da diqqətsiz olmağa başladım və hətta hey­vanlarla rəftarım sərtləşdi. Amma Plutona hələ də hörmət edirdim, onu incitmirdim. Məsələn, qarşıma çıxan dovşanlarla, meymunla, hətta itimlə yaman pis rəftar edirdim. Mən xəstələnmişdim, pis bir vərdişə - spirtli içkiyə qurşanmışdım. Bundan böyük bəla yoxdu dünyada. Hətta get-gedə yaşlaşan Pluton da bezmişdi məndən; o, mənim sərxoşluğuma dözə bilmirdi.

Bir dəfə gecə vaxtı evə sərxoş qayıtdım; şəhər ətrafındakı həmişə getdiyim qumarxanada möhkəm içmişdim. Yolda beynimə girdi ki, deyəsən pişiyim məndən qaçır. Evə gələn kimi pişiyi tutdum və mənim ona qarşı kobudluğumdan Pluton qorxdu. Əlimi yüngülcə dişlədi, yaramdan qan axmağa başladı və mən bərk qəzəbləndim. Elə bil şeytan məni yoldan çıxartdı və hiddətimdən cibimdən qələm yonan bıçağımı çıxartdım; artıq özümü ələ ala bilmirdim, hərəkətlərimə də cavabdeh deyildim. Bıçağı pişiyin düz boğazına dürtdüm, ürəyim soyumadı, sonra amansızcasına onun bir gözünü oyub yerə tökdüm. Bu şeytani vəhşiliyi qələmə alarkən mən indi xəcalət təri tökürəm, vicdan əzabı çəkir və kədərlənirəm.

Səhəri gün içkinin təsiri gedəndən sonra ayıldım; yaman peşiman olmuşdum. Vicdanımdakı bu ləkə məni incitməyə başladı və bu hiss getdikcə məndə qorxu və təlaş qarışıq peşimançılıq yaratdı. Lakin bunlar yalnız qarışıq, ikili hisslər idi. Beləliklə, törətdiyim əməl qəlbimdə heç bir iz buraxmadı və mən yenə içməyə başladım; tezliklə elədiyim hərəkətlərin bütün xatirəsini içdiyim şərabda boğdum.

Eyni zamanda Plutonun yaraları da yavaş-yavaş sağalırdı. Doğrudur, onun gözünün biri kor idi və bu görüntü adamı dəhşətli dərəcədə vahiməyə salırdı. Pişiyin ağrıları demək olar ki, getmişdi;o, evdə gəzib dolaşırdı. Lakin daha həmişəki kimi yox, qorxa-qorxa; məni görən kimi isə qaçıb aradan çıxırdı. Mən o qədər də daşürəkli deyildim və ilk vaxtlar mənə hədsiz bağlı olan bu varlığı incitdiyimə görə peşiman da olmuşdum. Lakin indi görürdüm ki, o, mənə nifrət edir və tezliklə pişiyin nifrəti qəzəblə əvəz olundu. Bu vaxt elə bil mənim axırım çatırdı və başım tamam pozulmağa başladı. Belə bir əhval-ruhiyyə barədə filosoflar heç nə bilmir. Lakin mən qəti əmin idim ki, başıpozuqluq insan qəlbinin primitiv impulslarından biridir - İnsan təbiətini müəyyən edən əzəli və ayrılmaz əsas keyfiyyətdir. Axı hansı bir adam həyatda heç bir səbəb olmadan yüz dəfələrlə alçaq, yaxud mənasız hərəkətə yol verməyib? Biz sağlam məntiqin əleyhinə olaraq daim Qanunu pozmuruqmu? Bəli, biz qanunu ona görə pozuruq ki, bu hərəkət qadağandır. Beləcə, mənim pozulmuş ruhi vəziyyətim öz sonumu mütləqləşdirdi. Elə bil ürək özünə ağlasığmaz işgəncə veriridi – elə bil ürək öz əzəli təbiətini zorlayır, yalnız şər xətrinə şərə xidmət etmək istəyində idi. Bütün bunlar məni dilsiz bir heyvana olmazın işgəncələr verməyə vadar etdi. Və bir gün səhər, necə oldusa, çox soyuqqanlı şəkildə pişiyin boğazına ilmə keçirib onu həyətdəki ağac budağından asdım. Gözüm yaşla dolsa da, qəlbim peşimançılıq hissi ilə döyünsə də Plutonu asdım. Aman Allah, o məni bir zamanlar necə möhkəm sevirdi! Mən onunla necə də ədalətsiz rəftar etmişəm! Çox böyük günah işlətdiyimi bilə-bilə pişiyimi öldürdüm, mən bununla da özümü ölümə məhkum etdim. Mən bilirdim ki, qəlbim rahatlıq tapmayacaq, mən dəhşətli uçuruma yuvarlanacaq, lənət yiyəsi olacağam, Allah-təalanın mərhəməti də mənə yetməyəcək, amma yenə də pişiyi asdım. Bəli, mən dəhşətli günah işlətdim və elə bu cinayəti törətdiyim gecə qəflətən qışqırtı səsinə oyandım. Kimsə “Yanğın!” deyə çığırdı. Çarpayımın üstündən asılmış pərdələr od tutub yanırdı. Ev büsbütün alov içindəydi. Arvadım, qulluqçu və mən az qala diri-diri yanacaqdıq, biz çətinliklə də olsa evdən çıxa bildik. Alov mənim bütün mülkiyyətimi külə döndərdi və elə həmin gündən bəxtim bağlandı, qəm-qüssə məndən əl çəkmədi.

Mən bu bədbəxt hadisəni amansız qəddarlığımla bağlamaq istəmirəm; səbəb və nəticəni araşdırmağa da halım yoxdur. Məqsədim hadisələrin zəncirvari təfsilatını izləməkdir. Mən bu zəncirin heç bir həlqəsindən, hətta şübhəli də olsa, qorxmuram.

Yanğının ertəsi günü mən külə dönmüş evimizə baxdım. Evin demək olar ki, bütün divarlarından əsər-əlamət belə qalmamaışdı. Təkcə ortadakı arakəsmə salamat idi. Mənim çarpayımın bir ucu elə həmin arakəsməyə toxunurdu. Burda suvaq alovla əməlli-başlı əlbəyaxa olmuşdu və demək olar ki, qalib gəlmişdi. Çünki divarın malası təzəcə vurulmuşdu. Arakəsmənin yanında çoxlu adam vardı və hamı gözlərini hansısa bir nöqtəyə zilləyib təəccüblə deyirdi:”Çox qəribədir!”, “İşə bir bax, bu, nədir belə?!”. Bu heyrət dolu nidalar məni də maraqlandırdı. Həmin yerə yaxınlaşanda nə görsəm yaxşıdı?! Arakəsmənin başındakı ağ bir müstəvidə yekə bir pişiyin silueti görünürdü. Necə qəribə və ağlagəlməz bir siluet idi. Siluetdəki pişiyin boynunda ilmə təsviri də vardı.

Əvvəlcə bu kabus – onu başqa cür adlandıra bilmirəm- məni dəhşətə gətirdi, az qala ağlım başımdan çıxacaqdı. Özümə gələndən sonra yadıma düşdü ki, axı mən pişiyi bağçada, evə birləşən taxtanın tinindən asmışdım. Alov baş qaldıran zaman mərəkə qopmuş, adamlar bağçaya girmiş, kimsə ipi kəsmiş və pişiyi pəncərəsi açıq qalmış otağıma vıyıldatmışdır. Bəlkə də bu yolla məni yuxudan oyatmaq istəmişlər. Divarlar uçulanda dağıntı zərbələri pişiyin meyitini təzə suvaq çəkilmiş arakəs­məyə çırpmışdı. Od-alov pişiyin meyitini də külə döndərmiş, lakin onun əksi arakəsmənin divarına həkk olunaraq qalıb.

Mən bir qədər sakitləşdim; içim rahatlanmasa da, soyuq başla düşündüm ki, bütün bu təfərrüatlar bir kabus kimi mənim qəlbimdə dərin iz buraxıb. Pişiyin qorxunc kabusu bir neçə ay məni izlədi. Bu müddət ərzində mənim qəlbim qarışıq, dumanlı hisslərlə dolurdu. Zahirən, yenə deyirəm, bu, peşimançılıq hissi kimiydi. Hətta itkiyə görə təəssüflənirdim də. Beləliklə, gün­lərin bir günü zir-zibil yerlərində həmin cinsdən olan pişik axta­rışına başladım. Düşünürdüm ki, bəlkə ona oxşar olan tapacağım pişik onu əvəz etdi.

Günlərin bir günü, gecə yarıdan keçmiş mən tək-tənha oturub dalğın fikirlərə qərq olmuşdum. Birdən yaxındakı həyətdə yekə bir çəlləyin üstündə nəsə qara bir şey diqqətimi cəlb etdi. Gözlərimi ora zillədim, bir qədər də təəccüb etdim ki, axı necə olub, bu qəribə şeyi indiyə kimi görməmişəm. Yaxınlaşıb həmin qara şeyə toxundum, qara bir pişik idi- lap yekəsindən, Pluton kimi; elə bil almanı ikiyə bölmüşdülər. Fərq bircə ondaydı ki, Plutonun dərisi tamam qaraydı və bir dənə də ağ zolaq yox idi. Bu pişiyin isə sinəsi demək olar ki, büsbütün ağ ləkələrlə doluydu.

Mən ona toxunanda pişik bərkdən miyoldadı, sonra bir qədər mırıldadı və bədənini əlimə sürtməyə başladı; görünür, ona toxunduğuma məmnun idi. Elə mən də belə bir pişik axtarırdım. Dərhal onu almaq istədim, lakin həyətin sahibi pul götürmədi; o, bu pişiyin hardan peyda olduğunu da bilmədi, dedi ki, heç əvvəllər də onu görməyib.

Pişiyi sığallamağa başladım; evə qayıtmaq istəyəndə gördüm ki, pişik mənim dalımca düşüb. O, yolboyu məni izlədi, hərdən əyilib pişiyə sığal da çəkirdim. Pişik evə çatan kimi özünü elə apardı ki, guya elə həmişə bu evdə yaşayıb. O, dərhal arvadımın süvimlisinə çevrildi.

Lakin getdikcə məndə pişiyə qarşı ikrah hissi yaranmağa başladı; heç özüm də bilmirəm bu necə baş verdi. Pişiyin mənə qarşı aşıq-aşkar sevgi nümayiş etdirməsi, məndə qıcıq və dilxorçuluq oyadırdı. Bu qıcıqlar tədricən nifrətə çevrildi. Mən çalışırdım ki, hər vasitəylə pişikdən qaçım. Onunla da haqq-hesab aparmamağıma səbəb mənim əvvəlki pişiyə qarşı etdiyim amansız hərəkətlərimdən miras qalan dumanlı peşimançılıq hisslərim idi; qabağımı kəsən məhz bu hisslər idi. Həftələr ötdü. Bu müddət ərzində pişiyə barmağımın ucuyla da olsa, toxunmadım, ona əl qaldırmadım. Lakin içimdə ona qarşı anlaşılmaz duyğular, yəni neqativ hisslər oyanırdı; bu hisslər tədricən, yavaş-yavaş mənim bütün vücudumu izaholunmaz vahiməyə bürüdü. Mən bu mənfur heyvandan taundan qorxan adam kimi dinməzcə qaçırdım.

Mən bu pişiyi bir də ona görə sevmirdim ki, onu evə gətirən günün səhərisi gördüm ki, Pluton kimi onun da bir gözü oyulub. Bu mənzərə arvadımın pişiyə olan sevgisini azaltmadı, əksinə, bayaq dediyim kimi, arvadım mənim lap əvvəllər pişiyə qarşı olan heyrətamiz humanizmimi nümayiş etdirir, pişiyin evdə olmasından məmnunluq duyurdu.

Lakin açıq görünürdü ki, pişiyə nifrət bəslədikcə, o, mənə daha çox yaxınlaşırdı, məni daban-dabana izləyir, dalıma düşüb gəzirdi; bunu təsvir eləmək çətindi. Bir də görürdün, gəlib gi­rir­di oturduğum stulun altına, ayaqlarıma sürtünür, quyruğunu yu­xa­rı qaldırıb mırıldanır, gah da dizimin üstünə çıxır, məni üşən­di­rici nəvazişləri ilə oxşamağa çalışırdı; durub getmək istə­yəndə ayaqlarıma dolaçırdı, az qala yıxılırdım. Ya da bir də görürdüm ki, iti dırnaqları paltarıma ilişdi, ya sinəmin üstündə oturdu. Be­lə vaxtlarda özümü güclə saxlayırdım, onu yerindəcə öldürmək istəyirdim, bundan əvvəlki qəddarlığım üçün çək­di­yim peşmançılıq hissi məni növbəti bir günah işlətməyə qoy­mur­du. Gizlətmək istəmirəm, açığı mən bu məxluqdan qor­xur­dum.

Bu qorxu əslində fiziki şeytan qorxusu da deyildi - bu hissi müəyyən etməkdə çətinlik çəkirəm - indi həbsdə olduxum vaxt bunu boynuma almaqda xəcalət çəkirəm. Xəcalət çəkirəm ki, bu dəhşətli bir kabusu mənim qəlbimə o pişik saldı, canımda ağlagəlməz vahimələr oyatdı. Arvadım pişiyin boynundakı yekə ağ ləkəni bir neçə dəfə mənə göstərdi; bu ləkə yeganə əlamət idi ki, onu Plutondan fərqləndirirdi. Oxucu yəqin ki, xatırlayır: bu ləkə həddən artıq yekə idi, lakin əvvəlcə o, dalğavari idi, ötəri görünürdü, ayırd etmək olmurdu, lakin sonradan bu ləkə bir qədər də böyüdü, aydınca görünməyə başladı. Elə buna görə də mən bu varlıqdan qorxmağa başladım, ona nifrət etdim. Bu kabusdan qurtulmaq üçün özümdə təpər tapa bilmirdim, ondan, lənətəgəlmiş bu şeytani varlıqdan xilas olmaq istəyirdim. Həmin gündən bu pişik mənim gözümdə Qan Çanağına döndü, qəddar, amansız bir Dəhşət, son dərəcə qorxunc Kabus, Zillət və Ölüm mücəssəməsinə çevrildi.

İndi ölümə məhklum edilmişlər arasında demək olar ki, ən bədbəxti mən idim. Bu zəhrimar və məlun pişik mənim öldürdüyüm o biri mənfur qara pişik kimi gözlərini bir an belə məndən çəkmir, mənə, Allahın yaratdığı Bəndəyə olmazın əzab verirdi; bunlar çox dözülməz idi. Heyhat!!! Mənim nə gecəm, nə də gündüzm vardı. Bu mənfur varlıq gündüzlər bir an belə məndən aralanmır; gecələr dəhşətli, iztirabverici yuxular görürdüm, ayılanda isə sifətimdə bu varlığın isti nəfəsini duyur, onun dözülməz ağırlığını hiss edirdim. Bu çox ağır bir cəhənnəm varlığıydı;onu üstümdən atmağa qadir deyildim. Pişik ürəyimin başında elə bil ağır bir daş olub oturmuşdu.

Bu iztirablar qəlbimdə qalan sonuncu xeyirxah hissləri də yuyub apardı. Mənim beynimdə indi yalnız amansız, qara-qura fikirlər dolaşırdı. Qüssəli durumum bütün canlı varlıqlara nifrətimlə əvəz olunmağa başladı; mən hətta insan cinsindən olan bütün varlıqlara da nifrət etməyə başladım; ən başlıcası isə heç nədən əsəbləşir, hirsimi cilovlaya bilmirdim. Bir yandan da məni arvadımın sakit təbiəti və sonsuz səbri qıcıqlandırırdı.

Bir dəfə hansısa iş üçün arvadımla birlikdə köhnə evimizin zirzəmisinə düşdük; kasıb vaxtlarımızda biz bu evdə yaşayırdıq. Pişik də mənim dalımca düşdü, əyri pilləkəni endikcə o da arxadan gəlib mənim ayaqlarıma dolaşdı. Mən büdrədim və az qala yıxılıb boynumu sındıracaqdım. Hirs vurdu təpəmə və baltanı götürdüm. Bir anlıq hər şeyi unutdum, məni indiyə kimi saxlayan qorxu hissi də uçub getdi və pişiyə elə bir zərbə vurmaq istədim ki, yerindəcə qalsın. Lakin arvadım qoymadı, əlimi tutdu. Hiddətdən rəngim ağarmışdı, əlimdəki balta ilə arvadımın başına necə möhkəm zərbə vurduğumu belə bilmədim. O, heç bir səs çıxarmadan yerə yıxıldı və öldü.

Bu dəhşətli qətli törətdikdən sonra çox soyuqqanlıqla meyiti gizlətmək barədə düşündüm. Arvadımın meyitini nə gündüz, nə də gecə evdən çıxarıb apara bilməzdim; böyük risk idi, qonşular görə bilərdi. Ağlıma min cür fikir gəldi. Əvvəlcə düşündüm ki, meyiti hissə-hissə parçalara bölüm, peçdə yandırım. Gah da fikirləşdim ki, onu elə zirzəmidə basdırım, lakin gah da düşündüm ki, yaxşısı budur onu həyətdəki quyuya atım, yaxud da yeşiyə qoyub ağzını mismarlayım, bir hambal tutum, yeşiyi də verim aparıb atsın zibilliyə. Nəhayət, ən münasib yol seçdim. Mən meyiti divara hörməyi qərara aldım; orta əsr monaxları da öz qurbanlarını beləcə divara hörürdülər.

Zirzəmi bu məqsəd üçün ən münasib yer idi; divarların hörgüsü o qədər də möhkəm deyildi, həm də onları bu ya­xın­lar­da malalamışdılar. Suvağın nəmliyi hələ çəkilib getməmişdi. Bundan başqa divarlardan birində ocaq və ya divar sobası üçün dəlik yeri vardı ki, onu da kərpiclə örtüb malalamışdılar. Şübhə etmirdim ki, bu kərpicləri mən asanlıqla çıxaracağam, orada meyiti gizlədib yenidən hörəcəyəm; belədə heç kəsin ağlına belə gəlməz ki, bura meyit hörülüb.

Mən yanılmamışdım, dərhal lingi götürüb kərpicləri çıxart­dım, meyiti üzüqoylu divarın içinə söykədim, sonra da çətinlik çəkmədən kərpicləri yerinə düzdüm. Qum və sementdən palçıq düzəldib səliqəylə hörgüyə başladım; əvvəlkindən heç də fərqli olmayan mala çəkdim. İşi qurtaran kimi əmin oldum ki, hər şey yaxşıdır. Sonra döşəməni təmizlədim, zir-zibili yığışdırdım və sanki qalib kimi ətrafa göz gəzdirdim, öz-özümə dedim:”Axır ki, əziyyətim hədər getmədi, hər şey yaxşı qurtardı...”

Mənim növbəti addımım pişiyi, mənə bədbəxtlik gətirmiş o pişiyi axtarmaq idi. Mən qəti əmin idim ki, onu da öldür­mə­li­yəm, əlimə düşsəydi onu gəbərdəcəkdim. Pişik mənim qəzə­bim­dən qorxub qaçmışdı, elə bil bu bic heyvan buxarlanıb yoxa çıxmışdı; siz təsəvvür edin ki, bu pişik yoxa çıxandan sonra mən necə də yüngülləşmişdim. Pişik bütün gecəni mənim gözü­mə görünmədi, həmin gecə ilk dəfəydi ki, mən rahatca yatdım; hə, bax, beləcə yatdım, amma sinəmdən elə bil böyük cinayət daşı asılmışdı.

İk-üç gün ötdü. Mənə iztirab və bədbəxtlik gətirən pişik hələ də görünmürdü; mən azad nəfəs almağa başladım. Dəhşətli kabus evimizdən əbədi olaraq çıxıb getmişdi. Mən onu bir daha görməyəcəkdim! Necə də rahat bir həyat sürəcəkdim! Törət­di­yim cinayətə görə peşimancılıq barədə düşünmək belə istə­mir­dim. Doğrudur, arada kiçik bir istintaq da oldu, lakin mən bu işin altından asanlıqla çıxdım. Hətta evi də axtarış elədilər, əlbəttə ki, heç nə tapmadılar və mən şübhə etmirdim ki, innən belə xoşbəxt yaşayacağam.

Qətl hadisəsinin dördüncü günü evə qəflətən polislər gəldi; onlar evi yenidən ələk-vələk etdilər. Mən isə arxayın idim ki, arvadımın meyitini tapa bilməzlər. Polislər məni də axtırışa qoş­du­lar. Onlar bütün künc-bucağı axtardılar, nəhayət, üçüncü, ya­xud dördüncü dəfə zirzəmiyə düşdülər. Mənim heç vecimə də de­yildi. Ürəyim aramla döyünürdü;rahatca yatıb durmuşdum. Mən də onlarla birgə zirzəmini gəzib dolaşdım, qollarımı çar­paz­layıb gah o başa, gah da bu başa gedib-gəldim. Polislər öz işlə­rini görüb qurtardıqdan sonra getməyə hazırlaşırdılar. Ürə­yim­də sevinirdim; sevincimi gizlədə bilmirdim. Bu təntənəni bütün varlığımla duymaq üçün polislərə nəsə bir xoş söz demək istəyirdim; sonuncu dəfə öz günahsızlığım barədə nəsə söylə­mək ürəyimdən keçirdi. Nəhayət, polislər əyri pilləkənləri qal­xarkən özümü saxlaya bilmədim, dedim:

- Cənablar, sizin şübhələrinizi dağıtdığım üçün məmnu­nam. Hamınıza can-sağlığı və bir qədər də nəzakətli olmağı ar­zu­layıram. Yeri gəlmişkən, cənablar, deyim ki, gördüyünüz bu ev... hə, bu ev çox möhkəm tikilidir (dediklərimə güclə hesabat verirdim); mən deyərdim ki, tikinti sadəcə olaraq çox gözəldir. Hələ bu divarların hörgüsü... Ah, siz tələsirsiniz, cənablar? Hə, nə deyirdim... bu divarların hörgüsündə bir dənə də olsun çat, ya da yarıq yoxdur.

Birdən mən sarsaqladım və əlimdə tutduğum əl ağacını arvadımın meyitini hördüyüm divara zərbələr vurdum.

Aman Allahım, məni şeytanın caynaqlarından qoru! Zər­bə­lər hörülmüş kərpiclərə dəyən kimi ordan səs gəldi!- ordan bir çığırtı qopdu! Əvvəlcə küt bir səs çıxdı, elə bil uşaq ağla­yır­dı; birdən bu səs fasiləsiz olaraq uğuldadı, bərkdən çığırdı. Bu, vəhşi səsiydi, insan səsi deyildi. Bu səs heyvan iniltisiydi, ada­mın ürəyini parçalayan ulartıydı; bu səsdə təntənə ilə qarışıq qor­xu və vəhşət də vardı; bu səs yalnız cəhənnəmdən gələ bilər­di; o cəhənnəmdən ki, orda bütün ölməyə məhkum edilmişlər əbə­di cəhənnəm əzabı çəkir və şeytanlar təntənəylə şadyanalıq edirlər.

Bu anda beynim dumanlandı; demək olar ki, bütün his­slər­dən məhrum oldum; qəşş edib qarşıdakı divara tərəf yıxıldım. Polislər bir anlıq quruyub qaldılar; onlar dəhşət və təəccüb için­dəydilər. Polislərdən bir neçəsi dərhal kərpic divarları uçur­t­mağa başladı; uçulmuş divarın içindən arvadımın artıq dağılmış və qan içində olan meyiti göründü. Meyidin kəlləsində qırmızı qan içində durmuş pişik tək gözünü bərəldib bizə baxırdı. Bu dəhşətli kabus məni arvadımı öldürməyə vadar etmişdi, hələ üstəlik öz iniltili fəryadı ilə mənim özümü də cəlladların əlinə verdi. Mən bu müdhiş varlığı divar qəbirə hörmüşdüm...



Uilyam Somerset Moyem


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin