Qanadlı Qoca MƏLƏK
Yağış üçüncü gün idi ki, dalbadal tökürdü. Onlar çətinliklə də olsa evə soxulan onayaqlı dəniz xərçənglərini eşiyə qovurdular; Pelayo çubuqla xərçəngləri vurur, sonra su basmış həyətə daşıyır, daha sonra isə dənizə tullayırdı.
Ötən gecə təzə doğulan körpənin qızdırması qalxdı; görünür, nəmişlik və üfunətdən idi. Çərşənbədən bəri külli-aləm qəm-qüssəyə bələnmişdi; göy və dəniz sanki bozumtul, kül rəngli kütləyə dönmüşdü; adətən martda xırda qumcuqlar üstündə işıldayan sahillər və çimərlik indi palçıqlıydı, onurğasız, yumşaq cəmdəkli çürümüş heyvanların sulu horrasına çevrilmişdi. Günün günorta çağı hava elə qaranlıq oldu ki, Pelayo həyətdəki ləmin küncündə tərpənən və yanıqlı-yanıqlı inildəyən şeyə baxmağa macal tapa bilmədi. Bir qədər yaxına gəldi, gördü ki, bu, həddən artıq qocalıb əldən düşmüş bir məxluqdu; üzüqoylu palçığın içinə düşüb; görünür, ayağa durmağa cəhd edib, lakin nəhəng qanadları buna imkan verməyib.
Pelayo bu kabusdan qorxdu, xəstə körpəsinin alnına yaş sarğı qoyan arvadı Elisəndini çağırmağa qaçdı. Onlar ikilikdə palçığa batmış bu qəribə məxluqa kirimişcə baxdılar; elə bil hər ikisini don vurmuşdu. Qorxunc məxluq dilənçi kökündəydi. Onun rəngsiz tükləri yalın alnına tökülmüşdü, ağzında demək olar ki, bir dənə də dişi qalmamışdı; bütün vücudunda böyüklükdən əsər-əlamət yox idi. Amma qırğınınkına bənzəyən yekə, zavallı qanadları bu yarımbədbəxt həyətin keçilməz palçığında batıb qalmışdı. Pelayo və Elisəndi bu adama uzun müddət diqqətlə tamaşa etdilər, nəhayət, onun qəribə görkəminə alışdılar. Qəribə məxluq onlara hardasa tanış kimi də gəldi. Daha sonra ər-arvad ürəklənib hətta onunla danışmağa başladı. Lakin o, başa düşülməyən hansısa şivədə cavab verdi, səsi xırıltılı dənizçi səsinə bənzədi. Pelayogil məxluqun qanadlarını unudub dərhal düşündülər ki, bu, fırtına zamanı dənizdə batan hansısa xarici gəmidən düşmüş matros ola bilər. Hər halda, onlar hər iki dünyanın işlərindən başı çıxan çoxbilmiş qonşu arvadı çağırdılar. Qonşu arvad qorxunc məxluqa baxan kimi onların ehtimallarını alt-üst elədi, dedi:
-
Bu mələkdir; yəqin, onu uşağın dalınca göndəriblər, amma yazıq o qədər qocalıb əldən düşüb ki, belə leysana tab gətirməyib... yerə yıxılıb...
Çox keçmədi ki, Pelayonun doğruçu mələk tutması barədə hər yerə xəbər yayıldı. Çoxbilmiş qonşu arvad deyirdi ki, müasir mələklər nəsə başqa cür olur. Guya onlar lap qədimdən Allaha qarşı sui-qəsddə iştirak edib, buna görə də göylərin qəzəbindən qaçaraq yerdə daldalanıblar. Buna baxmayaraq, bu mələyi öldürməyə heç kəsin əli qalxmadı. Pelayo və arvadı günün qalan hissəsini mətbəxin pəncərəsi önündə qanadlı qoca mələyi izləməklə keçirdilər. Pelayo hər ehtimala qarşı əlində kəndir də tutmuşdu. Axşamçağı mələyi palçığın içindən dartıb çıxartdı və onu toyuq hininə salıb qapısını bağladı.
Gecə yarı yağış kəsdi. Pelayo və Elisəndi hələ də xərçənglərlə əlləşirdilər. Az sonra uşaq yuxudan durdu; yemək istədi, qızdırması düşmüşdü. Ər-arvadın ürəyi mərhəmətlə doldu. Onlar qərara aldılar ki, mələk üçün sal düzəltsinlər, ona üç günlük su və ərzaq versinlər, sonra da onu dalğaların ixtiyarına buraxsınlar. Lakin sübh tezdən həyətə düşəndə gördülər ki, qəsəbənin demək olar ki, bütün sakinləri bura yığışıblar. Camaat toyuq hininin qapısı ağzında durub mələyə tamaşa edir, dəmir şəbəkəli qapının deşiklərindən xırda çörək parçalarını içəri tullayırdı. Elə bil göylərin məxluqunu deyil, zooparkda heyvan yedizdirirdilər.
Saat yeddiyə yaxın Qonsak Ata gəldi. O, qeyri-adi xəbərdən çox təşvişliydi. Keşiş gələndə toyuq hininin qarşısına daha mötəbər adamlar yığışmışdı. Hamı əsir mələyin aqibətindən danışırdı. Sadəlövh qadınlar hesab edirdilər ki, qoca mələyi yer kürəsinin müdiri vəzifəsinə təyin edəcəklər. Daha dərrakəlilər güman edirdilər ki, mələyin bəxti gətirib, general olacaq, bütün müharibələri də udacaq. Bəzi xəyalpərvərlər isə məsləhət görürdülər ki, onu təbərrik kimi saxlasınlar; qoy bu mələk qanadlı və müdrik adamların yeni nəslini yaratsın. Bəlkə onlar dünyanı nizama salalar.
Qonsak Atanın keçmişi odunçu olmuşdu. Hinin məftil şəbəkəli qapısına yaxınlaşanda hər şey dərhal yadına düşdü; o, bunu xristianların şəriət kitabından öyrənmişdi. Qonsak toyuqlar arasında donub qalmış taqətsiz qorxunc erkəyə yaxından baxmaq üçün xahiş elədi ki, hinin qapısını açsınlar. Keşiş iri qanadları olan məxluqa yaxınlaşanda o, küncdə oturmuş, səhər yeməyi qırıntıları arasında qalmış açılmış qanadlarını günəşə sarı tutmuşdu. Qonsak onu latınca salamlayanda ətrafda baş verənlərə tamamilə laqeyd olan qoca mələk az qala tor basmış gözlərini güclə açdı və öz şivəsində nəsə mızıldadı. Məhəllə keşişi özünü narahat hiss elədi. Gördü ki, bu məxluq Allahın dilini başa düşmür və Allahın qullarına hörmət etməyi də öyrənməyib. Keşiş ona diqqətlə nəzər yetirdikdən sonra anladı ki, bu yalançı mələk daha çox insana bənzəyir; ondan dözülməz pintilik iyi gəlir. Qoca mələyin qanadlarında xırda qurdlar qaynaşırdı, iri tüklərini külək yolmuşdu və ümumiyyətlə, onun xarici görkəmində yüksək mənsəbə layiq məlakəlik yox idi. Qonsak Ata hindən çıxdı, həyətə yığışan sadəlövh adamlara təhlükə barədə moizə oxudu. Keşiş camaata xatırlatdı ki, şeytanın maskalanmaq kimi zibil bir xisləti var; şeytan sadəlövh adamları azdırır. Və sonda ədalət naminə qeyd etdi ki, əgər qanadlar qırğıyla təyyarə arasındakı fərqi müəyyən etmək üçün əsas element deyilsə, deməli, ən azı mələklərin tanınma əlamətləri ola bilərlər. Bununla belə, o, söz verdi ki, Yepiskopa məktub yazacaq, qoy o da Primasa yazsın; Primas da öz növbəsində Roma Papasına yazsın. Son hökm ən yüksək instansiyadan gələcək.
Keşişin ehtiyatlı olmaq barədəki çağırışları laqeydliklə qarşılandı. Əsir düşmüş mələk haqqında xəbər elə sürətlə yayıldı ki, bir neçə saatdan sonra həyət bazar meydanına döndü və hər an evi yerindən qopara bilən adamları dağıtmaq üçün ordu çağırası oldular. Elisəndinin zibil yığmaqdan beli ağrıdı, ağlına yaxşı bir fikir gəldi: həyəti çəpərləsin və mələyə baxmaq istəyən hər adamdan giriş üçün beş sentavo alsın.
Camaat hətta Martinik qəsəbəsindən gəlirdi. Uçan akrobatı olan səyyar sirk də gəlib çıxdı. Bu akrobat bir neçə dəfə camaatın üzərindən vıyıltıyla uçmuşdu, lakin ona bir elə əhəmiyyət verməmişdilər, çünki onun qanadları gecəquşununku kimiydi, mələk qanadları deyildi. Karib dənizinin sahil boyu ərazilərində yaşayan ümidsiz xəstələr də şəfa tapmaq ümidilə gəldilər; uşaqlıqdan öz ürəyinin döyüntülərini sayan, artıq bu döyüntülərin sayını itirən bədbəxt bir qadın, Yamaykadan guya ulduzların səsindən heç vəchlə yata bilməyən bir əzabkeş, daha sonra hər gecə yuxudan durub gündüz düzəltdiyi şeyləri dağıdan bir lunatik və beləcə digər az təhlükəli xəstələr axışıb gəlmişdi. Yeri də titrədən bu basırıqdan Pelayo və Elisəndi usansalar da, özlərini rahat hiss edirdilər. Onlar bu bir həftə ərzində yaxşı pul yığıb döşəklərinin içinə doldurdular. Mələyə baxmaq üçün növbə gözləyən zəvvarların sayı isə azalmaq bilmirdi.
Qoca mələk bütün bunlardan narazı idi; zəvvarların gətirdiyi lampa və şamların cəhənnəm istisindən zinhara gəlib hinin bir küncünə qısılır, özünə rahat yer axtarırdı. Əvvəlcə onu kəskin qoxulu kamfora ilə yedizdirməyə çalışdılar; əgər çoxbilmiş qonşu arvada inansaq, guya bunlar mələklərin əsas qidasıdır. Lakin qanadlı qoca mələk ondan imtina etdi; daha sonra zəvvarların gətirdiyi dadlı səhər yeməklərini də yemədi. Onun məlakəliyini anlaya bilmirdilər. Bəlkə elə o, yeməkləri qoca olduğu üçün rədd edirdi? Qoca mələk yalnız badımcan kürüsü yeyirdi. Belə görünürdü ki, onun yeganə yüksək keyfiyyəti təmkinli olmasıdır; xüsusilə ilk günlər toyuqlar onun qanadlarına daraşmış qurdları dimdikləyəndə, əlil və şikəst zəvvarlar qanadlarındakı lələkləri öz yaralarının üstünə qoymaq üçün dartıb çıxaranda və daha möminləri isə onu yerindən dəbərtmək üçün daşlayanda təmkinini pozmurdu. Mələyi yalnız bircə dəfə - dağbasan közərmiş şişi böyrünə sıxanda özündən çıxartdılar. O, uzun müddət tərpənmədi, camaat onun ölüb-ölmədiyini yoxladı. O, çırpındı, sonra dik atıldı, öz şivəsində nəsə çığırdı, gözlərində yaş gilələndi; qanadlarıyla bir neçə dəfə zərbə endirdi. Toyuq kimi qanadlarını yerə çırparaq tozanaq qopartdı və içində qəfil soyuq yel əsdi; bu yel ona o biri dünyanın nəfəsi kimi göründü. Lakin çox adam hesab etdi ki, onun bu hərəkəti ağrıya qarşı adi reaksiyadır, qəzəb deyil. Bundan sonra çalışdılar ki, onu incitməsinlər. Bəlkə də hamı qandı ki, onun səbri və lal-dinməz qalması təqaüdə çıxan serafimin30 passivliyi deyil, yatmış qasırğanın sakitliyi əlamətidir, vəssalam. Əsir məxluqun aqibətinin ən yüksək səviyyədə həll olunacağını gözləyən keşiş Qonsak öz dini ehkamlarını yeritməyə çalışsa da, buna nail ola bilmədi. Lakin görünür, Romada “təcili” sözü barədə anlayış belə yoxdur. Vaxt ona gedirdi ki, müəyyən etsinlər görək, həmin bu göydəndüşmə adamın göbəyi var, ya yox; görəsən dilində aramey31 dilinə bənzərlik varmı? Yaxud bu adamdan neçəsi iynənin sap keçən yerinə yerləşə bilər, bəlkə elə bu adam sadəcə qanadı olan norveçlidir? Əlbəttə, yuxarıdan o tərəf bu tərəf, təxminən əsrin sonuna yaxın, onun barəsində ətraflı məktub gələ bilərdi. Lakin günlərin bir günü qoca mələk məhəllə keşişinin bütün narahatçılığına son qoydu.
Bəs bu, necə baş verdi: deməli, həmin günlərdə məhəlləyə Karib sahillərindən səyyar attraksionlardan biri gəldi. Kədərli bir mənzərənin şahidi oldular: qadın hörümçəyə çevrilmişdi! O, valideynlərinin sözünə baxmadığı üçün bu hala düşmüşdü. Qadın-hörümçəyə tamaşa etmək qoca mələyə baxmaqdan daha ucuz başa gəlirdi; bundan başqa, qadın-hörümçəyə qəribə görkəmi barədə müxtəlif suallar vermək olurdu. Bu əcayib qadına hər tərəfdən baxmaq mümkün idi. Və onun belə sərt və müqəddəs qəzəbə düçar olması faktı heç kəsdə şübhə-filan yaratmırdı. Qadın-hörümçək qoyun boydaydı, qəmli sir-sifəti vardı, başı qız başına bənzəyən bədheybət bir böyə başı idi. Camaat bu cəhənnəm bədheybətinin görünüşündən daha çox, onunla bağlı həmin kədərli əhvalata heyrətlənirdi. Qadın-hörümçək öz bədbəxtliyini təfərrüatı ilə nəql edirdi; bir dəfə o, qız vaxtı valideynlərinin icazəsi olmadan rəqs etmək üçün evdən qaçıbmış. Bütün gecəni rəqs etdikdən sonra meşə cığırıyla evə qayıdırmış. Birdən göy üzündə dəhşətli ildırım çaxıb; elə bu anda da qarşıdakı çöllükdən gələn ildırım zərbəsi ona dəyib və qızı hörümçəyə döndərib. Yediyi yeganə şey ət farşıdır. Hərdənbir xeyirxah adamlar ona yemək tullayırlar. Belə bir möcüzə yalnız Yerdə baş verə bilərdi və bu, Allahın cəzası idi. Təbii ki, bu əhvalat və ondan “doğan” hörümçək qızın görkəmi ölümə məhkum sadə adamların diqqətinə demək olar ki, layiq olmayan özündənrazı qoca mələyi kölgədə qoymalıydı. Bundan başqa, camaat arasında onun haqqında min cür şaiyə də dolaşırdı; onu ağıldan kəm kimi qələmə verirdilər, ona şəfa tapmaq üçün uzaqdan gələn “kor qoca” deyirdilər. Gah da deyirdilər ki, görmə qabiliyyəti yoxdu, amma üç yeni diş çıxarıb; iflic olub, elə iflic olub ki, ayağa da dura bilmir; ya da deyirdilər ki, az qala lotoreyasına uduş duşəcəkmiş, yaxud onun mədəsinə xora düşüb... Bütün bunlar müqəddəslikdən daha çox gülünc yaradır, onu lağa qoymaq kimi görünür və nəticədə qoca mələyin nüfuzuna xələl gətirirdi. Qadın-hörümçək öz zühuru ilə qoca mələyin üstündən xətt çəkdi. Bax, elə bu zaman Qonsak Ata ona əzab verən yuxusuzluqdan birdəfəlik canını qurtardı. Beləliklə, Pelayonun həyəti lap əvvəllərdə olduğu kimi boşaldı.
Ev sahiblərinin taledən şikayətləri yox idi. Onlar yığdıqları pullara ikimərtəbəli bir ev tikdilər; balkon, bağ, qışda dəniz xərçənglərindən qorunmaq üçün hündür küləfirəngi düzəltdilər. Evin pəncərələrini dəmir çərçivələrlə şəbəkələdilər ki, mələklər uçub getməsin. Pelayo şəhərdən bir qədər aralı dovşan yetişdirmə məntəqəsi də açdı və o, alqvasil32 vəzifəsindən birdəfəlik imtina etdi. Elisəndi isə özünə hündür dabanlı lak çəkmələr, o dövrün ən məşhur senyoralarının bazar günlərində geydikləri ipək pal-paltarlar aldı. Toyuq hini isə yeganə yer idi ki, ora diqqət verilmədi. Əgər lap əvvəllər oranı yuyub təmizləyirdilərsə, yaxud içəridə ətirli qətran yandırırdılarsa, bunu mələyə görə yox, ordan gələn iydən qurtulmaq üçün edirdilər. Bu iy qorxunc bir ruh kimi təzə evin bütün künc-bucağını bürüyürdü. Uşaq təzə ayaq açanda çalışırdılar ki, o, toyuq hininə tərəf getməsin. Sonralar onlar yavaş-yavaş bu iyə də öyrəşdilər və bütün qorxu-hürkü də sovuşub getdi. Beləliklə, hələ süd dişləri tökülməzdən qabaq, uşaq hinin qapısının deşiklərindən oraya girib çıxmağa başladı. Qoca mələk ölümə məhkum digər adamlarla olduğu kimi uşaqla da yava davranırdı. Bu da vardı ki, o, uşağın bütün şıltaq əməllərinə it itaətkarlığı göstərir və dözürdü.
Hər ikisi eyni vaxtda suçiçəyi çıxartdı. Uşağı müalicə edən həkim qoca mələyə baxmaq üçün o qədər də həvəs göstərmədi; amma təyin etdi ki, mələyin ürəyi çox pis vurur, böyrəkləri də vecdən düşüb; təəccüblüdür ki, o, hələ də sağ-salamatdır. Həkimi daha çox heyrətləndirən onun qanadlarının quruluşu idi. Bu qanadlar insan bədəninə elə təbii yapışmışdı ki, deyirdin bəs, nə üçün o biri insanların da belə qanadı olmasın.
Uşaq məktəb yaşına çatdı. O, məktəbə gedən vaxtı günəş və yağış toyuq hinini tamamilə dağıtdı. Azadlığa çıxmış qoca mələk ora-bura vurnuxurdu, heydən düşmüş lunatikə bənzəyirdi. Onu gah yataq otağından, gah da mətbəxdən süpürgə ilə qovub çıxarırdılar. Belə güman etmək olardı ki, o, eyni vaxtda bir neçə yerdə peyda ola bilir. Ev sahibləri şübhələnmişdilər: mələk deyəsən ikiyə bölünüb, öz-özünü təkrar edir, evin hər yerində görünür. Hərdən Elisəndi hirslənərək çığır-bağır salırdı, deyirdi ki, bu mələklər basmış cəhənnəmdə yaşamaq əməlli-başlı işgəncədir.
Qoca mələk elə zəifləmişdi ki, yemək belə yemirdi. Çüxura düşmüş gözləri demək olar ki, heç nəyi ayırd edə bilmir, ayaqlarını sürüyə-sürüyə çəkirdi, tez-tez əşyalara ilişirdi; onun iri qanadlarından bir neçə qırıq lələk qalmışdı. Pelayonun ona yazığı gəldi, mələyi ədyala büküb talvarın altına apardı ki, yatsın. Bu vaxt gördülər ki, gecələr mələyin qızdırması qalxır və o, nə vaxtsa yerli balıqçıların sahildən tapdığı qoca norveçli kimi titrədir. Pelayo və Elisəndi təşvişə düşdülər; axı heç o çoxbilmiş qonşu arvad da deyə bilmədi ki, ölü mələklərlə nə etmək lazımdır.
Qoca mələk də ölmək barədə düşünmürdü; o, özünün ən ağır qışını yaşamışdı və ilk günəş şüası görən kimi sağalmağa başladı. Mələk bir neçə gün həyətdə hərəkətsiz qaldı, gözə görünməməyə çalışdı. Dekabrın əvvəllərində şüşə rəngli şəffaf gözlərinə işıq gəldi. Bu zaman qanadlarında elastiki lələklər əmələ gəlməyə başladı, elə bil bu lələklər yenidən örtük verirdi. Mələk isə, görünür, bütün bu dəyişikliklərin səbəblərini bilirdi, lakin bunu kənar adamlardan ehtiyatla gizlədirdi. Ayrı vaxtı əmin olanda ki, onu heç kəs eşitmir, ulduzlar altında astadan dənizçi nəğməsini zümzümə edirdi.
Bir dəfə tezdən Elisəndi səhər yeməyi üçün soğan doğrayırdı və birdən mətbəxdə külək qopdu; elə bil dənizdən gilavar əsirdi. Qadın pəncərəyə sarı döndü və mələyin Yerdəki son dəqiqələrini öz gözləriylə gördü. Mələk uçuşa hazırlaşırdı, özü də bacarıqsız bir şəkildə; yöndəmsiz və ləngərli sıçrayışları, kəskin və iti dırnaqlarıyla bütün bostanı tapdaladı. Günəşin zərrin şəfəqlərinin zəif-zəif sığalladığı qanadlarının zərbəsiylə az qala həyətdəki talvarı uçuracaqdı. Nəhayət, qoca mələk sürət götürüb uçuşa qalxmağa nail oldu. Mələyin uçuş zillətinin sona yetməsini sonsuz narahatlıqla izləyən Elisəndi bir qədər yüngülləşdi. Sonra gördü ki, mələk qəsəbənin sonuncu evinin damı üstündən uçdu; az qala qanadları dam örtüklərinə ilişəcəkdi. O, qanadlarını lap qoca qırğı kimi yellədirdi. Elisəndi hələ soğanı doğrayıb qurtarmamışdı, mələk gözdən itənə kimi onun dalınca baxdı. İnnən belə qoca mələk qadının həyatında əngəl olmayacaq; o, artıq qadın üçün dəniz üfüqündə görünən sadəcə xəyali bir nöqtə idi.
Dostları ilə paylaş: |