Götürülmüş uşaq üçün ən ağrılı nöqtə həqiqi övladlar tərəfindən ögeylikdə qınanmasıdır. Əgər doğma övladınızın “biz səni məcbur olub götürmüşük” sözlərinə şahid olsanız, dərhal hər iki uşağa bildirin ki, siz onu sevdiyiniz üçün qəbul etmisiniz.
Sual: Uşağımın bacı və ya qardaşa ehtiyacı varmı?
Cavab: Bu suala konkret cavab vermək çətindir. Amma mən bunu faydalı hesab edirəm. Sözsüz ki, bacı və ya qardaş yeni problemlər deməkdir. Əgər bu problemlər düzgün həllini taparsa, bacı və ya qardaş da övladınız üçün faydalı olar. Bacı və ya qardaşı olan uşaq başqaları ilə daha asan əlaqə qurur. O, bölgü aparmağı, paxıllığın qarşısını almağı, şəxsiyyətini formalaşdırmağı öyrənir. Ən əsası isə övladlar bir-birinə yardımçı olur, xaricdən tə’sirlər zamanı bir-birlərinə arxa dururlar.
Bacı-qardaşı olan uşaq sizin ayrı-ayrı uşaqlara fərqli münasibətinizi müşahidə edərək özünü düzəltməyə çalışır.
Bacı-qardaşı olan uşaqlar ailənin bir yerə toplanmasından daha çox ləzzət alırlar. İstənilən birimiz uşaqlıq dövründəki ad günlərini, bayram tədbirlərini xatırlayarkən sevinc hissi keçiririk. Ailə quran gənclər öz övladları üçün həmin tədbirləri keçirməklə öz uşaqlıqlarını xatırlayırlar. Ailədə uşaqların sayı nə qədər çox olarsa ailəvi tədbirlər bir o qədər təlatümlü keçər. Əgər ailədə həm bacılar, həm də qardaşlar varsa bu uşaqlar ailə qurduqdan sonra onların övladlarının bibisi, xalası, əmisi, dayısı olur. Ailələrarası münasibətlərdən asılı olmayaraq, bu uşaqlar arasında nəsil bağlılıqları yaşayır.
Onuncu fəsil
Övladınızın təhsili
Sual: Övladımı nə vaxtdan başlayaraq öyrədə bilərəm?
Cavab: Təcrübələr göstərir ki, yeni doğulmuş körpə öyrənməyə qadirdir. Əlbəttə ki, söhbət səthi bir işlərdən gedir. Körpə ətraf mühitə həssas olduğundan ötən hadisələri yadda saxlayır. Uşağın bu yaşda əldə etdiyi biliklər onun gələcəkdəki rəftarlarına çox tə`sir edir. Zənnimcə, körpəni doğulduğu gündən öyrətməyə başlamaq lazımdır. Əvvəlcə uşaq üçün onun hisslərini hərəkətə gətirəcək bir mühit yaratmaq lazımdır. Əgər belə bir mühit yaradılsa, onun yaddaşı daha da tutumlu olar. İlkin tə`limlərdə müxtəlif oyuncaqların rolu böyükdür. Bu oyuncaqlar ilk əvvəllər hissləri hərəkətə gətirən əsas vasitədir. Uşaq böyüdükcə daha çox əşya ilə oynamaq və ətrafını tanımaq istəyir. O, əşyaları götürməyi, onlara toxunmağı, onları yerbəyer etməyi öyrənir. Bütün bunlar uşaq üçün dəyərli təcrübələrdir. İkinci il boyu hərəkətli oyuncaqlar uşağın diqqətini daha çox cəlb edir. O, öz ətrafındakıları hərəkətə gətirməyi öyrənir. Uşağın oyuncağa olan ehtiyacını ödəmək çətindir. Cazibədar oyuncaqlar olduqca bahadır. Amma uşaq evdəki müxtəlif əşyalara, o cümlədən, mətbəx ləvazimatlarına böyük maraq göstərir. İstənilən bir yeni predmet uşağın diqqətini cəlb edir. Amma oyucağı uşağın hansısa rəftarına görə mükafat kimi vermək olmaz. Uşaq verilən oyuncağı məhəbbət ölçüsü kimi qəbul etməməlidir.
Bəli, dil açmamış uşaq üçün ən gözəl tə`lim oyundır. Dil açmış uşaq isə sual ardınca sual verir. Suallarına qənaətbəxş cavab alan uşaq suallarının sayını daha da artırır. Bir suala bir neçə dəfə cavab verən valideynə elə görünə bilər ki, uşaq sadəcə sual verməyə vərdişkar olmuşdur. Körpə valideyni danışdıra bilməsindən ləzzət alır. Düşünməyin ki, üç yaşlı körpə öz sualları ilə sizə əzab vermək istəyir.
Bə`zi valideynlər uşağı öyrənməyə məcbur edirlər. Onlar divardan əlifba yazılmış plakat asır, uşağın hərfləri əzbərləməsinə çalışırlar. Zənnimcə bu düzgün yol deyil və sizinlə övladınız arasındakı məhəbbət üçün təhlükəlidir. Uşağa bir şey öyrətmək istəyən valideyn aradakı məhəbbəti qorumalıdır.
Sual: Uşaq hansı yaşında təhsil mərkəzlərinə gedə bilər?
Cavab: Əksər uşaqlar üç yaşından başlayaraq belə bir hazırlığa malik olur. Çünki bu yaşda uşaqlar adətən süddən ayrılır, tualetə müstəqil gedə bilir, anasından bir neçə saatlıq kənarda qalmağı bacarır. Üç yaşdan aşağı uşaqların elmi mühitlərdə iştirakı məqsədəuyğun deyil. Bu yaşda olan uşaqlar kollektiv oyunlarda da özünü rahat hiss etmir. Onlar bir-birini yorur, oyun yoldaşı olmağı bacarmırlar. Kollektiv oyuna vaxtından əvvəl cəlb edilən uşaqlar gələcəkdə belə bir oyundan ləzzət almaq imkanını itirirlər. Ümumiyyətlə, uşaq üç yaşınadək özünü ana yanında daha rahat hiss edir. Uşaq elmi mühitə zor gücünə qatılmamalıdır. Bu məcburiyyət onun şəxsiyyətini sındırır. Əgər körpənin daxili ehtiyacları tam ödənsə, o heç bir məcburiyyət olmadan elmi mühitə can atacaqdır.
Sual: Kollektiv oyunlar uşağı məktəbə hazırlayırmı?
Cavab: Fərz edək ki, kollektiv oyun dedikdə hansısa qayda-qanunları olan, nəzarət altında keçirilən oyunlar nəzərdə tutulur. Bu oyunlarda uşaqların hər hansı bir bilik qazanması nəzərdə tutulmur. Bu oyunlar uşağa anadan kənarlaşmağı öyrədir. Uşaq kollektiv oyunlar vasitəsi ilə yeni uşaqlar və yeni oyun predmetləri ilə tanış olur. Zənnimcə uşaqların kollektiv oyuna cəlb olunmasında əsas məqsəd ananın bir müddət istirahət etməsidir. Uşaqların kollektiv oyununu tədrisi məqsədə çevirmək düzgün deyil. Bu oyunlar uşağın psixoloji inkişafında o qədər də əhəmiyyətli rol oynamır və onları mühüm hesab etmək yersizdir.
Valideynlərin əksəriyyəti övladı ilə oynamaqdan ləzzət almır, körpənin inkişafı üçün zəruri olan proseslərdə iştirak etmir. Belə valideynlər, adətən, göstərdiyi biganəliyə görə özünü qınayır. Bə`zi analar körpənin yanında qalsalar da , ona oyun yoldaşı ola bilmirlər. Bə`zi analar isə daim uşaqla olmağa çalışmırlar. Əgər bu münasibət biganəlikdən deyilsə, təqdirə layiqdir. Amma körpənin biganə ana ilə qalmasındansa, elmi mühitlərdə olması daha yaxşıdır. Əgər uşaq sizin yanınızda daha azaddırsa sizinlə qalmalı, kollektiv oyunda özünü rahat hiss edirsə, oyuna qatılmalıdır.
Sual: Uşağa məktəbə getmək haqqında nə deyilməlidir?
Cavab: Bir çox uşaqlar məktəbə gedəcəyi günü səbirsizliklə gözləyir. Bu həvəs üç yaşında baxçaya, beş yaşında məktəbin hazırlıq kursuna gedən uşaqlarda güclüdür. Övladınız məktəbli uşaqlarla tanış olduğu üçün onlar kimi olmaq istəyir. Siz öz övladınızı məktəbə daha da həvəsləndirməlisiniz. Ona bildirin ki, məktəbə nə vaxt gedəcək, orada hansı işlərlə qarşılaşacaq. Heç vaxt məktəbi tə`rifləməyin. Deməyin ki, məktəbdə ona daha rahat olacaq. Uşaq elə düşünə bilər ki, məktəbdə onu maraqlı oyunlar gözləyir. Məktəb haqqında yanlış təsəvvürə malik olan uşaqlar elə birinci dərs günü böyük narahatlıq keçirirlər. Hətta ağlayıb anasını istəyənlər də olur. Əvvəlcədən yaradılmış təsəvvürlə həqiqət arasında böyük fərq görən uşaq aldadıldığına əmin olur.