Kütlə (camaat) və onun səciyyəvi cəhətləri



Yüklə 14,89 Kb.
tarix02.01.2022
ölçüsü14,89 Kb.
#40134
Kütlə


Kütlə (camaat) və onun səciyyəvi cəhətləri

Qeyd olunmalıdır ki, xalq birdən-birə yetişmir. Onun formalaşması və inkişafı bir neçə pillədən keçir. Belə mərhələlərdən birini onun kütlə (qara camaat) vəziyyəti təşkil edir. Buna görə də son vaxtlarda xalqı izah edərkən kütlə anlayışına da diqqət yetirilir. Qeyd edək ki, camaat (kütlə) anlayışı sözün geniş və dar mənasında işlənilə bilir. Birinci halda kütlə (camaat) dedikdə xalqın formalaşmasına qədər mövcud olan sosial-psixoloji səviyyə, yaxud da xalqın tənəzzülünü ifadə edən vəziyyət başa düşülür. Sözün məhdud, dar mənasında götürüldükdə "qara camaat" bir-birilə üz-üzə duran və birbaşa təmasda olan insanlar çoxluğu deməkdir. Bu anlayış ikinci mənada işlənildikdə insanların sabit sosial və ya etnik birliyini ifadə etmir. Maraqlıdır ki, ilk dövrlərdə "camaat" anlayışının bu iki mənası bir-birindən o qədər də fərqlənməmişdir. Məsələn, Platonun təsəvvür etdiyi ideal dövlətdə 5000 adamın olması nəzərdə tutulurdu. Onlar bir-birini tanıyır və oxlokratiya (camaat hakimiyyəti) idarəçiliyi yaradırdı. Platona görə o ən yaxşı dövlət idarəçiliyi idi. Sonralar cəmiyyətin miqyası və əhatə dairəsi genişləndikcə "camaat" və "kütlə" anlayışları da bir-birindən ayrıldı.



Psixoloji mövqedən yanaşdıqda camaat öz davranışına ağıllı nəzarətin zəif olması ilə səciyyələnir. Bunun nəticəsində camaatda (kütlədə) ehtirasların emosional-iradi coşqunluğu özünü göstərir. Aydın bilinməyən və qeyri-sabit xarakterli mənafelərə əsaslanan hərəkətlər baş verir. Kütlənin (camaatın) özünü aparması adətən mövcud ani əhval-ruhiyyə ilə müəyyən olunur. Bu prosesdə liderin, yəni kütlənin əhval-ruhiyyəsini başqalarından nisbətən daha tez və yaxşı hiss edən adamın təsiri çox güclü olur. Məhz lider kütlənin coşqunluğundan istifadə edərək onu ələ alır və lazım gəldikdə ondan öz məqsədlərinə uyğun istifadə edə bilir. Həm də lider kütlədə öz istəyinə uyğun əhval-ruhiyyə formalaşdırmağa çalışır. Qeyd olunmalıdır ki, məhdud saylı insanlar qrupu kimi götürülən camaat ilə xalqın sosial psixoloji vəziyyəti kimi nəzərdə tutulan camaat arasında bir sıra oxşar cəhətlər müşahidə olunur: məsələn, tez qıcıqlanmaq, coşqun enerjini ifadə etmək qabiliyyəti (qısa müddət ərzində olsa da) hərəkətlərinin törədəcəyi nəticələri qabaqcadan görə bilməmək bununla əlaqədar baş verən qeyri-sabitlik və mütəhərriklik; tez-tez bir ifrat həddindən və qütbdən digər ifrat həddinə, qütbə yuvarlanmaq və sair. Bəzən ədəbiyyatda camaatı yatmış vəziyyətdə olan süst, dağınıq, kobud kütlə kimi səciyyələndirirlər. Qeyd olunmalıdır ki, bu keyfiyyətlər camaatın özünün inkişafının müxtəlif pillələrini ifadə edir. Belə ki, süstlük və dağınıqlıq hələ oyanmamış kütləyə xas olan keyfiyyətlərdir. Lakin nəzərdə tutulmalıdır ki, oyanmış kütlənin özü də birdən-birə camaat səviyyəsindən kənara çıxmır.
Bəşəriyyətin tarixi göstərir ki, kütlə son dərəcə dağınıq və qeyri-sabit xarakterə malikdir. Tarixdə elə hallar baş vermişdir ki, kütlə müəyyən bir adamı ölümə məhkum edir, çox keçmədən isə onun ölümünə ağlayır. Başqa sözlə desək, kütlə çox kövrək təbiətə malikdir. O, həm kölə kimi xidmət etmək, həm də tez bir zamanda dəyişərək hökmranlıq etmək iqtidarındadır. Kütlənin hərəkətləri çox vaxt kortəbiiliyə əsaslanır. Bütün bu deyilənləri 90-cı illərin əvvəllərində Azərbaycanda baş verən mitinq hərəkatlarının nümunəsində yəqin etmək olar. Bu hərəkatlarda çox vaxt elə olurdu ki, bu və ya digər şəxs özünü lider kimi göstərməklə, xalqın emosiyalarına arxalanaraq, onu özünün arzu etdiyi istiqamətə yönəldirdi. Kütlədə demək olar ki, həmişə müəyyən sayda psixiki cəhətdən qeyri-sabit, müstəqil təfəkkürə, möhkəm xarakterə malik olmayan adamlar - fanatiklər mövcud olur ki, onlar çox asanlıqla təsir altına düşürlər. Yuxarıda adı çəkilən hərəkatlar göstərdi ki, kütlə stixiyasının coşduğu və böyük axına çevrilərək, çoxlu miqdarda insanları əhatə etdiyi hallarda, bu hərəkatın qeyri-yetkinliyi və qeyri-mükəmməlliyi daha aydın aşkara çıxır. Kütlə stixiyası nəticə etibarı ilə öz məhdudluğu üzündən məğlubiyyətlə nəticələnir. Çünki burada stixiyanı aradan qaldırmaq üçün tələb olunan aydın zəkanın təşəbbüsü demək olar ki, yoxdur. Narazı kütlənin xaosuna cəlb olunan insanların hərəkətləri də çox vaxt stixiyalı, qeyri-səhmanlı xarakter daşıyır. Belə hallarda arzuolunmaz nəticələrin baş verməsi istisna olunmur. İnsanlar yalnız xalq səviyyəsində olarkən müəyyən təşkilat və birliklərə arxalanır, qarşısına aydın məqsədlər qoymaqla hərəkət edirlər.
Kütlənin camaatdan çevrilərək xalq halına düşməsi sivilizasiyalaşma prosesinin ən mühüm nəticələrindən biridir. Bu nöqteyi-nəzərdən yanaşdıqda camaat səviyyəsində olan xalqın səciyyəvi cəhətlərini diqqətlə və dərindən öyrənmək lazımdır. Belə ənənə hələ F.Bekondan irəli gəlir (camaat və meydanla bağlı qalıqlar (idiollar) məsələsi). Lakin kütlənin (camaatın) xalqa çevrilməsi mexanizmi çox mürəkkəbdir. Təəssüf ki, bu proses hələ də tam elmi təhlil edilməmişdir. Bu prosesin öyrənilməsində marksiszmin müəyyən xidməti olmuşdur. Bunu danmaq ədalətsizlik olardı. Lakin hələlik məsələ bu günə qədər də özünün hərtərəfli elmi həllini tapmamışdır. Xüsusən də 80-ci illərin sonunda və 90-cı illərin əvvəllərində keçmiş SSRİ məkanında baş verən əsaslı dəyişikliklər bu problemi tam mənalandırmağı tələb edir. Yalnız buna əsaslanmaqla biz hazırki sosial-psixoloji vəziyyətimizi düzgün başa düşə bilirik. Bizim bir xalq kimi tarixi inkişaf yolumuzu düzgün müəyyən edə bilməmiyimiz də, bir çox cəhətdən bu məsələnin həllindən asılıdır. Əks halda belə bir təsəvvür yarana bilər ki, müasir dövrdə biz bir neçə demaqoqların və populistlərin ardınca fikirləşmədən hərəkət edən camaatıq.
Qeyd etmək lazımdır ki, 70 ildən artıq davam etmiş sovet rejimi onun ərazisində məskunlaşmış camaatın xalqa çevrilməsində çox az iş görmüşdür. Əksinə, kütləvi kollektivləşmə, zorakılıq və repressiyalar həyata keçirməklə bu prosesin qarşısını almağa çalışmışdır. Bürokratik rejimin, "kazarma sosializminin" hökmranlığı əhalinin sosial-psixoloji vəziyyətinə güclü pozucu təsir göstərmişdir. Nəticədə ikiüzlülük, yalan, şəxsi təşəbbüsün itirlməsi, birtəhər baş dolandırmaq, yuxarıların göstərişi ilə hərəkət etmək, daxildə düşmən axtarmaq, başqa insanlara münasibətdə inamsızlıq və şübhə ilə yanaşmaq kimi mənfi keyfiyyətlər geniş yayılmışdır. Bütün bunlar isə yuxarıda qeyd olunmuş əlamətlər (süstlük, dağınıqlıq, qeyri-mütəşəkkillik, və sair) ilə birlikdə xalqın vəziyyətini səciyyələndirir. Milli müstəqillik əldə edildikdən sonra Azərbaycan əhalisinin xalq kimi inkişaf etməsi üçün keyfiyyətcə yeni imkanlar açılır. Bu prosesdə kütlələrin, sosial təcrübə əsasında özünütərbiyə yolunu keçməsi mühüm yer tutur. Bu təcrübənin özü də birmənalı deyildir. Burada müsbət momentlərlə (kütlələrin siyasi mədəniyyətinin və fəallığının artması, siyasətdə iştirak etməyə artan maraq və sair) yanaşı müəyyən mənfi hallar da özünü göstərə bilir. Sonunculara misal olaraq kütləvi surətdə alverə qoşulmaq, yaşamaq naminə himayədarlıq əlaqələrindən istifadə etmək, yerliçilik və sairi göstərmək olar.

Zeynəddin Hacıyev "Fəlsəfə" (Ali məktəblər üçün dərslik) kitabından
Yüklə 14,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin