Molyusklar tipi, daxili orqanların topoqrafiyası
Yumşaqbədənlilər başqa heyvanlardan aydın şəkildə fərqlənən heyvanlar olmaqla, yüz ildən çoxdur ki, sərbəst tip kimi qəbul edilmişdir. Onların 130000-ə qədər növü məlumdur, böyük əksəriyyəti su heyvanlarıdır. Yumşaqbədənlilərin bir qismi dəniz və okeanlarda, qismən də şirin su hövzələrində və quru mühitdə yaşayır.
Yumşaqbədənlilər bilaterial simmetriyaya malik heyvanlardır. Onlardan ancaq qarınayaqlılarda asimmetriyalıq vardır. İbtidai quruluşlu az bir qismində buğumluluğun (metamerliyin) əlamətləri olsa da, həlqəvi qurdlardan fərqli olaraq yumşaqbədənlilərdə bədən buğumlu deyildir. Bədən üç hissədən ibarətdir - baş, gövdə, ayaq. Ayaq əzələlidir və gövdənin alt hissəsində yerləşərək hərəkətə xidmət edir.
Yumşaqbədənlilərin bədəninin üzəri birqatlı epiteli ilə örtülüdür. Onların əksəriyyətində qövqə vardır. Qövqə bütöv, lövhəşəkilli, ikitayqapaqlı formada ola bilir. Fəal həyat tərzindən asılı olaraq, yumşaqbədənlilərin bir qismində qövqə az və ya çox dərəcədə ixtisar olunmuşdur. Qövqə, yumşaqbədənlilər üçün səciyyəvi olan mantiya tərəfindən ifraz olunan maddədən əmələ gəlir və üç qatdan ibarətdir. Birinci qat elastiki üzvi maddədən ibarət olan periostrakum adlanan konxial qatdır ki, bu qövqənin xarici hissəsini əhatə edir. İkinci qat (orta qat) əhəngli maddədən ibarət olub, ostrakum adlanan çini qatdır. Üçüncü hipostrakum adlanan sədəf qatıdır ki, bu daxili hissəni əhatə edir və əhəngli tərkibə malikdir. Qövqə bədənlə əlaqəli olub, yumşaqbədənlilərin inkişafı ilə əlaqədar olaraq inkişaf edir və böyüyür.
Mantiya gövdə hissəni bel və yanlardan əhatə edən dəri büküşlü orqandır. Mantiya ilə bədən arasında qalan boşluq mantiya boşluğu adlanır. Burada qəlsəmələr, kimyəvi hiss orqanı olan osfradilər, anal dəliyi, ifrazat dəliyi yerləşmişdir. Bu orqanlar mantiya kompleksli orqanları əmələ gətirir.
Yumşaqbədənlilərin daxili orqanlarının arası çox yaxşı inkişaf etmiş yumşaq birləşdirici toxuma (parenxima) ilə dolmuşdur. Bununla belə yumşaqbədənlilər ikinci bədən boşluğuna (seloma) malik olan heyvanlardır. Onlarda perikardium adlanan ürəkətrafı boşluq və cinsi vəzlərin boşluğu aydın şəkildə qalmışdır.
Yumşaqbədənlilərin həzm sistemi üç hissədən - ön, orta və dal bağırsaqdan ibarətdir. Yumşaqbədənlilərin əksəriyyətinin udlaq nahiyəsində radula (sürtgəc) adlanan orqan vardır. Radula ancaq lövhəqəlsəməlilərdə olmur. Bu isə lövhəqəlsəməlilərdə baş və udlağın olmaması ilə əlaqədardır. Radulanın üzəri konxial dişciklərlə təchiz olunmuşdur və qidanın tutulmasına, qoparılmasına, xırdalanmasına xidmət edir. Udlağa həmçinin ağız suyunun vəzləri də açılır.
Dostları ilə paylaş: |