Kimyəvi dərman müalicəsinin fəsadları və onların aradan qaldırılması
Şiş əleyhinə dərman preparatları yüksək sürətlə proliferasiya edən normal hüceyrələri də zədələdiyinə görə, qanyaradıcı orqanlara (sümük iliyi), həzm traktının selikli qişasına, ürəyə, ağciyərlərə və b. orqanlara zərərli təsir göstərir. Zərərli və ya əlavə təsirlər ən çox kimyəvi preparatların sistem şəklində işlədilməsi zamanı müşahidə edilir.
Şiş əleyhinə preparatların əlavə təsirlərinin 5 dərəcəsi ayırd edilir:
0 dərəcə – xəstənin əhvalında və laborator göstəricilərdə dəyişiklik yoxdur;
I dərəcə – xəstənin ümumi aktivliyinə təsir göstərməyən minimal dəyişikliklər olur, laborator dəyişikliklər cüzi olur və korreksiya tələb etmir;
II dərəcə – mötədil dəyişikliklərlə xarakterizə edilir ki, bunlar da xəstənin həyat fəaliyyətini pozur, laborator dəyişikliklər nəzərəçarpan olub, korreksiya tələb edir;
III dərəcə – aktiv simptomatik müalicə, kimyəvi terapiyanm təxirə salınması və dayandırılmasını tələb edən kəskin dəyişikliklərlə xarakterizə edilir;
IV dərəcə – həyat üçün təhlükə yaranmışdır. Kimyəvi terapiya dərhal dayandırılmalıdır.
AĞIRLAŞMALAR
Kimyəvi preparatların qanyaranmaya toksik təsiri
Kimyəvi terapiya zamanı şiş əleyhinə dərmanların toksik təsiri nəticəsində hemopoezin pozulması bu müalicənin ən çox təsadüf edilən ağırlaşması hesab edilir.
Bunun nəticəsində mielodepressiya (leyko- və trombositopeniya, anemiya) müşahidə edilir.
Kimyəvi preparatlar ən çox sümük iliyinin proliferasiyaedici hüceyrələrini zədələməklə, qanyaranma prosesinin çoxalmaqda olan hüceyrələrinin inkişafını ləngidə bilir. Qranulositar və trombositar hüceyrələr daha çox zədələnir.
Alkilləşdiricilər, antrasiklin antibiotikləri, karbamid törəmələri daha kəskin mielodepressiv təsir göstərir. Platin preparatları, metotreksat, xlorbutin kimi preparatlar, seçici olaraq, eritropoezə toksik təsir göstərərək, uzunmüddətli anemiya törədə bilir.
Qəbul edilmiş ümumi müalicə prinsipinə görə, kimyəvi terapiya aparmaq üçün periferik qanda leykositlərin miqdarı 4 × 109/l-dən, trombositlərin miqdarı 120 × 109/l-dən az olmamalıdır. Lakin bu göstəricilər şərtidir, əlavə təsirləri nisbətən az olan kimyəvi preparatlarla müalicəyə qanın formalı elementlərinin miqdarı daha az olduqda da başlamaq olar.
Ciddi infeksion ağırlaşmalara səbəb olan aqranulositoz (leykositlərin miqdarının 1 × 109/l-dən və ya qranulositlərin miqdarının 0,75 × 109/l-dən az olması) həyat üçün təhlükə törədir. Bu zaman adi halda virulentliyi zəif olan endogen və ekzogen mikrob florası orqanizmdə infeksion proses törədir, xəstəxanadaxili infeksiyanm rolu kəskin artır.
Kimyəvi preparatlar mədə-bağırsaq traktına toksik təsir göstərərək mukozitlər (stomatit, enterit), diarreya, ürəkbulanma və qusma törədir, eləcə də hepatotoksiklik müşahidə edilir.
Platin preparatları işlədildikdə ürəkbulanma və qusma daha kəskin olur və bəzən kimyəvi terapiyanın dayandırılması zərurəti yaranır. Kəskin ürəkbulanma və qusma kimyəvi preparatın infuziyası zamanı və ya infuziyadan 2-6 saat sonra müşahidə edilir.
Kardiotoksiklik antrasiklinlərlə (adriamisin, rubomisin və b.) müalicə zamanı digər sitostatiklərə nəzərən daha çox müşahidə edilir.
Kardiotoksik təsir nəticəsində törənən erkən dəyişikliklərə arterial təzyiqin enməsi, sinus taxikardiyası, aritmiya, sol mədəciyin disfunksiyası, ürək nahiyəsində ağrılar, gecikmiş ağırlaşmalara (müalicə başlandıqdan bir neçə həftə və ay sonra) isə ritm pozğunluqları, sol mədəciyin funksional pozğunluqları və bəzən də miokard mfarktı, miokardit və perikardit sindromları aiddir. Miokardit əlamətlərinə taxikardiya, təngnəfəslik, ürəyin hipertrofiyası və nəticədə onun ölçülərinin artması, qan dövranının dekompensasiyası aiddir. Miokardit müalicə başlandıqdan dərhal sonra və ya 6 aya qədər müddətdə inkişaf edə bilər.
Bir sıra dərman preparatları (bleomisin, busulfan, mitomisin, metotreksat) müəyyən hallarda ağciyərlərə toksik təsir göstərir. Məsələn, bleomisinlə müalicə zamanı 5-20% hallarda belə ağırlaşmaya təsadüf edilir. Ağırlaşma əsasən özünü pulmonit şəklində göstərir. Pulmonitlər siklofosfan və mielosanla müalicə zamanı da müşahidə edilir.
Sidik ifrazı sisteminin zədələnmələri
Kimyəvi terapiya vasitələrindən platin preparatları və metotreksatın yüksək dozaları nefrotoksik təsir göstərir. Platin preparatları böyrəklərin funksiyasına xüsusilə ağır təsir göstərir.
Kimyəvi preparatların böyrəklərə zədələyici təsiri birbaşa sitotoksikliklə və zədələnmənin autoimmun xarakterdə olması ilə əlaqədar olur.
Sitotoksinlərin böyrəkləri zədələmə dərəcəsi preparatın dozasından, qaraciyərdə metabolizmin dəyişməsindən, böyrəklərin yanaşı patologiyasından, diurezin miqdarından asılıdır.
Siklofosfan və ifosfamid sidik kisəsinin qıcıqlanmasını (kimyəvi sistit) törədə bilər.
Sidik turşusu nefropatiyası
Şiş kimyəvi terapiyaya yüksək dərəcədə həssas olduqda, bu müalicə nəticəsində şiş kütləsi tez bir vaxtda əhəmiyyətli dərəcədə kiçilir ki, bu da hiperurikemiya (qan serumunda purin əsaslarının parçalanmasının son məhsulu olan sidik turşusunun miqdarının artması) ilə müşayiət oluna bilər. Hiperurikemiya allopurinolla profilaktika edilmədikdə obstruktiv sidik turşusu nefropatiyası inkişaf edə bilər ki, bu da 1% hallarda letal nəticə ilə sonlana bilir.
Allergik reaksiyalar demək olar ki, bütün kimyəvi preparatlarla müalicə zamanı 5-10% hallarda müşahidə edilir. Lakin ən çox taksanların (taksol, taksoter) və L-asparaginazanın istifadəsi zamanı müşahidə edilir.
Bir sıra kimyəvi preparatlar (vinkaalkaloidlər, prospidin, natulan, etopozid, platin preparatları, taksanlar) neyrotoksik təsir göstərərək, sinir sistemində dəyişikliklər törədə bilər. Neyrotoksiklik ən çox preparatın intratekal yeridilməsi və ya HEB-i keçən bir sıra preparatların (siklofosfan, metotreksat, sitozar) yüksək dozada işlədilməsi nəticəsində inkişaf edir.
Xəstələrdə baş ağrıları, başgicəllənmə, ürəkbulanma, qusma, sinir köklərinin zədələnməsi simptomları, parez, müvazinətin və huşun pozulması müşahidə edilə bilər. Preparatlar intratekal yeridildikdə nadir hallarda araxnoidit, paraplegiya, ensefalopatiya törənir.
Mərkəzi neyrotoksiklik nəticəsində diqqətin, yaddaşın pozulması, emosional pozğunluqlar əmələ gəlir.
Periferik neyrotoksiklik polineyropatiya xarakterli olur; bu, barmaqların yüngül paresteziyasından başlayıb, sonradan periferik sinir sisteminin davamlı pozğunluqlarına (nevritlər, bağırsaqların parezi, distal polinevritlər və s.) keçir. Nadir hallarda ciddi ağırlaşma – hallyusinasiya və oyanıqlıq müşahidə edilir. Belə ağırlaşma olduqda psixiatrın konsultasiyası təyin edilməlidir.
Dəri və onun artımlarının zədələnməsi
Dərinin toksik zədələnmələrinin əksəriyyəti allergik xarakterdə olur. Bu zədələnmələrin erkən əlamətləri kimi eritema, urtikar səpgilər, dəri qaşınması, temperaturun artması, paresteziya və s. müşahidə edilir. Gecikmiş dövrdə bu dəyişikliklər fonunda hiperkeratoz, deskvamasiya, hiperpiqmentasiya müşahidə edilə bilər.
Əksər kimyəvi preparatların tətbiqi nəticəsində dəri artımlarının toksik zədələnməsi ilə əlaqədar alopesiya müşahidə edilir.
Bleomisin, L-asparaginaza, sitozar, adriamisin, flüorurasil və b. preparatlarla müalicə zamanı toksik mənşəli hipertermiya müşahidə edilə bilər.
Kimyəvi preparatları bir neçə dəfə eyni vena daxilinə yeritdikdən sonra özünü vena damarı boyunca müşahidə edilən ağrılardan tutmuş, flebit, tromboflebit və flebosklerozların inkişafına qədər reaksiyalarla göstərən toksik flebitlər müşahidə edilə bilər. Dakarbazinin ehtiyatla vena daxilinə yeridilməsi belə ağrı törədə bilər.
Antrasiklinlər, nitrozokarbamid törəmələri, dakarbazin, aktinomisin, vinkaalkaloidlər, mitomisin preparatları ilə kimyəvi terapiya zamanı preparatın dəri altına düşməsi və nekroz müşahidə edilə bilər ki, bu da kontraktura ilə nəticələnə bilər.
Kimyəvi preparatlarla müalicə zamanı gecikmiş ağırlaşmalar müalicədən sonra bir il ərzində və daha gec inkişaf edir. Bu ağırlaşmalara müxtəlif preparatların və ya onların kombinasiyasının teratogen, kanserogen və mutagen təsiri nəticəsində törənən dəyişikliklər aiddir.
Qlükokortikoidlərlə müalicə zamanı osteoporoz, siklofosfan və ifosfamidlə müalicə zamanı sidik kisəsi selikli qişasının zədələnməsi (bu fonda şiş də törənə bilər) müşahidə edilə bilər.
Uzun müddət kimyəvi terapiya və (və ya) şüa müalicəsi almış xəstələrdə ikincili şişlər inkişaf edə bilər. Bundan başqa, gecikmiş dövrdə davamlı sitopeniya, sümük iliyinin hipoplaziyası, immunosupressiya, kardiomiopatiya, pnevmoniya müşahidə edilə bilər.
PROFİLAKTİKA VƏ MÜALİCƏSİ
Bu məqsədlə aşağıdakı prinsiplərdən ibarət tədbirlər kompleksi həyata keçirilməlidir:
xəstənin hospitalizasiyası və stasionarda uzun müddət qalması üçün şərait yaradılması, onkoloji şöbələrdə epidemioloji tədbirlərin həyata keçirilməsi;
şiş hüceyrələrinin kəskin lizisi sindromu ilə bağlı ağırlaşmaların qarşısını almağa yönəldilmiş tədbirlər;
infeksion ağırlaşmaların profilaktikası və müalicəsi;
infuzion və çoxkomponentli transfuzion müalicə;
parenteral qidalanma, sedativ və digər simptomatik terapiyanın (qusma əleyhinə, analgeziyaedici, metabolik pozğunluqların korreksiyası) təyin edilmə qaydalarına riayət etmək.
Hiperkaliemiya, hiperfosfatemiya, hipokalsiemiya və oliqo-anuriya kimi ağırlaşmalar daha ciddi hesab edilir və təcili hemodializ aparılmasını tələb edir.
Kəskin mielodepressiya və immunosupressiya müşahidə edildikdə aşağıdakı tədbirlər həyata keçirilməlidir:
antibiotiklər, antimikotiklər də daxil olmaqla selektiv müalicə aparılması;
aqranulositoz dövründə infeksion ağırlaşmaların müalicəsi üçün müxtəlif qrup antibiotiklər,
sefalosporinlər (fortum, sefabol, seftriakson), β-laktam penisillin qrupu preparatları (azlosillin, mezlosillin, tinarsillin və s.), flüorxinolonlar, tetrasiklinlər, antianaeroblar – müştərək tətbiq edilməlidir.
Aqranulositoz fonunda, hətta bir dəfə belə temperaturun qalxması infeksion ağırlaşma kimi qiymətləndirilməli, dərhal ümumi təsirli antibakterial terapiya başlanmalı və infeksiyanın xarakterini müəyyənləşdirmək üçün kompleks laborator müayinələr aparılmalıdır.
Antibiotikoterapiya zamanı kandidomikozların qarşısını almaq üçün göbələk əleyhinə preparatlar: nizoral, nistatin, levorin, flükonazol, amfoterisin B və s. təyin edilməlidir.
Periferik qanda leykositlər < 1×109/l olduqda, infeksiya əlamətləri olmadıqda belə, profilaktik antibiotikoterapiya aparılmalıdır.
Periferik qanda leykositlər > 1×109/l olduqda isə infeksiya əlamətləri yoxdursa, antibiotikoterapiyanın aparılması zəruri deyil.
Bədən temperaturunun, hətta cəmi bir dəfə 38°C-dən yuxarı qalxması və neytrofillərin miqdarının 1 × 109/l-dən aşağı olması ilə müşayiət edilən febril neytropeniya da antibiotikoterapiyanın təyininə göstərişdir.
Uzunmüddətli neytropeniya fonunda pnevmoniya, abses və s. formada toxuma infeksiyası müşahidə edilərsə, antibiotikoterapiya ilə yanaşı, koloniya stimuləedici amillər də təyin edilməlidir.
Qeyd etmək lazımdır ki, neytropeniya zamanı koloniya stimuləedici amillərin tətbiqi infeksiyanın inkişafı riskini azaldır. Koloniya stimuləedici amillərin kimyəvi preparatın infuziyasından sonrakı ilk 24-48 saat müddətində (qanda hələ dəyişikliklərin əmələ gəlmədiyi dövrdə) istifadəsi effekti daha da artırır.
Uzunmüddətli neytropeniya zamanı koloniya stimuləedici amilləri gec dövrlərdə də istifadə etmək olar. Bu zaman koloniya stimuləedici amillərlə müalicə aparılarkən əvvəlcə leykositlərin miqdarı azalmaqda davam edir, lakin 6-14 gün müddətində göstəricilər yaxşılaşmağa başlayır.
Kimyəvi terapiya zamanı müşahidə edilən neytropeniya zamanı infeksiya əleyhinə tədbirlərin aparılması ilə yanaşı, qeyri-absorbəedici preparatlarla həzm traktının selikli qişasının sanasiyası (bağırsağın selektiv dekontaminasiyası) aparılmaqla patogen və şərti patogen floranın baş qaldırmasının qarşısı alınmalıdır. Bu məqsədlə, amfoterisin B və polimiksin B ilə birlikdə per os aminoqlikozidlər (neomisin, gentamisin və s.) təyin edilməlidir.
Trombositopeniya əlamətləri müşahidə edildikdə (trombositlərin miqdarının 20 x 109/l-ə düşmesi kritik hədd hesab edilir) bəzən trombositar kütlənin köçürülməsinə zərurət yaranır. Bununla yanaşı, trombositlərin miqdarı çox aşağı düşmədikdə çox vaxt spontan remissiya müşahidə edilir.
Trombositopeniya əlamətlərinə selikli qişalardan qanaxmalar, yeni burun qanaxmaları, diş ətindən qanaxma, mədə-bağırsaq traktından və böyrəklərdən qanaxma və b. aiddir. Göz dibində qansızmanın olması da trombositar kütlənin transfuziyasına göstərişdir.
Qanda hemoqlobinin miqdarı 80 q/l-dən aşağı olduqda eritrositar kütlə köçürülür. Uzunmüddətli anemiya zamanı isə eritropoetin effektlidir.
Kimyəvi terapiya zamanı ağır mielodepressiya hallarında, bəzən sümük iliyinin köçürülməsinə və ya əcdad hüceyrələrin transfuziyasına zərurət yaranır.
Kimyəvi terapiya zamanı müşahidə edilən ürəkbulanma və qusmanın qarşısını almaq və müalicə etmək üçün müxtəlif təsir mexanizmli preparatlardan istifadə edilir. Bunlardan nisbətən geniş yayılanı metoklopramiddir; preparat adətən kortikosteroidlərlə birgə işlədilir. Bundan əlavə, qusma əleyhinə spesifik təsir göstərən serotonin reseptorlarınm antaqonistləri (tropisetron, ondansetron, qranisetron) istifadə edilir.
Müşahidə edilən stomatitlərin müalicəsi üçün ağız boşluğu rivanol, furasilin, hidrogen-peroksidin 1—2%-li məhlulu, eləcə də 0,25-1%-li novokain məhlulu ilə yaxalanmalı, selikli qişanın kandidozla zədələnməsi hallarında göbələk əleyhinə preparatlar təyin edilməlidir.
Toksik enterokolitlər zamanı sandostatin preparatı yüksək effektivlik göstərir. Həmçinin disbakterioz hallarında kolibakterin, laktobakterin, bifidumbakterin təyin edilir.
Kimyəvi terapiya zamanı müşahidə edilən hepatotoksiklik hallarında kimyəvi preparatların dozaları azaldılmalı, hepatitə görə dərman preparatları təyin edilməli və pəhrizə riayət edilməlidir.
Kimyəvi preparatiarın kardiotoksik təsirinin qarşısının alınmasında kardioksan preparatı yüksək effektivlik göstərir.
Kimyəvi preparatların ağciyərlərə toksik təsirinin aradan qaldırılması üçün, ilk növbədə təyin edilən preparatın miqdarı məsləhət bilinən ümumi dozanı keçməməlidir. Toksik pulmonit müşahidə edildikdə isə, toksiklik törədən preparatın qəbulu dayandırılmalı, geniş təsir spektrli antibiotiklər, sulfanilamidlər, kortikosteroidlər A, C və E qrupu vitaminləri, bronxolitiklər təyin edilməlidir.
Nefrotoksikliyin qarşısını almaq üçün sidiyin ümumi müayinəsi və biokimyəvi göstəricilər üzərində daimi dinamik müşahidə aparılmalıdır. Kreatininin miqdarı artıq olduqda, proteinuriya, silindruriya və hematuriya müşahidə edildikdə sis-platin, metotreksat, mitomisin, prospidin, karmustin kimi preparatların yeridilməsi əks-göstərişdir. Digər preparatların qəbulu isə 50% azaldılır.
Sis-platinlə müalicə aparıldıqda böyrəklərin toksik zədələnməsinin qarşısını almaq üçün hiperhidratasiya yaradılır, metotreksatın yüksək dozası isə leykovorinlə birgə işlədilir.
Böyrək toksikliyinin müalicəsi üçün gücləndirilmiş diurez yaradılmalı (2,5-3 litr maye, mannitol və laziks preparatları ilə), kimyəvi sistitlərin qarşısının alınması üçün ifosfamid və siklofosfanın yüksək dozası uroprotektor ilə birlikdə yeridilməli, dərman sistitlərinin müalicəsində isə pəhrizə riayət edilməli, iltihab əleyhinə preparatlar və spazmolitiklər təyin edilməlidir.
Kimyəvi terapiya zamanı sidik turşusu nefropatiyasının qarşısını almaq üçün şiş əleyhinə preparatlarla birgə allopurinol təyin edilməlidir. Həmçinin bu məqsədlə allomaron preparatı da yüksək effektivlik göstərir.
Taksanların tətbiqi zamanı müşahidə edilən allergik reaksiyaların qarşısını alınması üçün bu preparatlar təyin edilməzdən əvvəl kortikosteroidlərlə premedikasiya aparılmalıdır. Taksol preparatı təyin edildikdə premedikasiya məqsədilə kortikosteroidlərlə yanaşı dimedrol və simetidin də təyin edilir.
Kimyəvi preparatların təyini zamanı neyrotoksiklik müşahidə edildikdə preparatın dozası azaldılmalı, bu əlamətlər qabarıq şəkildə olduqda isə preparatın qəbulu dayandırılmalıdır. Periferik neyropatiya əlamətləri olduqda qlütamin turşusu, prozerin, B qrupu vitaminləri, qalantamin təyin edilir.
Mərkəzi neyrotoksiklik hallarında isə sedativ preparatlar, trankvilizatorlar və s. təyin edilir. Müalicə neyropatiya əlamətləri dərin xarakterdə olduqda nevropatoloqun, hallüsinasiya hallarında isə psixiatrın nəzarəti altında aparılmalıdır.
Kimyəvi terapiya zamanı dəri tərəfindən müşahidə edilən toksik reaksiyalar kimyəvi terapiyanı dayandırdıqdan sonra öz-özünə tezliklə keçir.
Hiperkeratoz və hiperpiqmentasiya kimi dəyişikliklər kimyəvi terapiyanı dayandırılmasını tələb etmir.
Tüklərin tökülməsi şiş əleyhinə preparatın birinci infuziyasından 3-5 həftə sonra baş verir. Müalicə başa çatdıqdan sonra tüklərin çıxması bərpa olunur.
Kimyəvi terapiya zamanı başa soyuqlaşdırıcı dəbilqə geyindirib başın tüklü hissəsinin hipotermiyasını aparmaqla infuziya zamanı alopesiyanın qarşısını almaq və ya inkişafını zəiflətmək olar.
Kimyəvi preparatlarla müalicə zamanı müşahidə edilən toksik hipertermik reaksiyalar müalicənin dayandırılmasını tələb etmir, preparatın qəbulunu dayandırdıqda tezliklə keçir, müalicəsi antipiretik və antihistamin preparatlarla aparılır.
Kimyəvi terapiya zamanı toksik flebitlərin profilaktikası məqsədilə preparatların minimal konsentrasiyalı məhlulları yeridilir. Preparatın çoxlu miqdar mayedə damcı yolu ilə infuziyası, həmin preparatın yeridilmə üsulu kimi tövsiyə edilibsə, vena divarının zədələnməsinin qarşısının alınması üçün ən yaxşı üsuldur. Preparat şırınqa ilə yeridilərsə, 20-40 ml məhlulda həll edilməli, preparat yeridildikdən sonra vena natrium-xloridin izotonik məhlulu ilə yuyulmalıdır. Flebit və tromboflebitlər müşahidə edildikdə isə müalicə digər səbəblərdən inkişaf edən analoji xəstəliklərdən fərqlənmir.
Kimyəvi terapiya zamanı vena daxilinə yeridilən preparat dəri altına düşdükdə preparatın yeridilməsi dərhal dayandırılmalı, dəri altına düşmüş preparatın aspirasiyasına cəhd göstərilməli, zədə nahiyəsinə gündə 4 dəfə buz qoyulmalı, həmin nahiyə heparin və kortikosteroidlərlə deşik-deşik edilməlidir. Hidrokortizon məlhəmi ilə applikasiya da edilə bilər. Vinkaalkaloidlər dəri altına düşdükdə, zədə nahiyəsinə buz qoyulmur və ora hialuronidaza ilə yuyulur.
Ədəbiyyat:
1. Onkologiya (Tibb Universiteti tələbələri üçün dərslik). Ə. Əmiraslanov, A.Qazıyev. Bakı, “Təhsil”, 2010
Dostları ilə paylaş: |