1. Pozitiv bədən dili. Əl hərəkətləri, duruşu və mimikası natiqin fikrini gücləndirməli, çıxışını maraqlı etməli, auditoriyanın diqqətini cəlb etməlidir. Bu baş verərsə, deyə bilərik ki, həmin insan pozitiv bədən dilindən istifadə edir. Təbəssüm, mənalı baxış, açıq əllər, başla işarə və düz durmaq pozitiv bədən dilinin ən yaxşı nümunələridir. Bir neçə pozitiv jesti təhlil edək:
Təbəssüm, gülüş- nitq prosesində danışanın həmsöhbətinə pozitiv münasibətini göstərir. Səmimi təbəssüm uğurlu nitqin başlanğıcıdır. Onun sayəsində münasibətlər inkişaf edir, işgüzar toplantılar rahat keçir, nəticələr daha yaxşı olur. Həmçinin təbəssüm və gülüş sağlamlığa da müsbət təsir edir, immun sistemini gücləndirir, ömrü uzadır, daha yaxşı ünsiyyət qurmağa, daha çox dost qazanmağa kömək edir.
Əlin açıq olması. Bu jest insanlara müsbət təsir göstərir; danışanın səmimiyyətinə, şəffaflığına və xoş məramına işarə edir. Açıq əllər, bir növ, “mən silahsızam” mesajını çatdırır. Dövlət başçıları, siyasətçilər çıxışları zamanı bu jestdən tez-tez istifadə edirlər.
2. Neqativ bədən dili.Elə hallar olur ki, natiqin bədən dili auditoriyanın diqqətini yayındırır, sözləri ilə üst-üstə düşmür və çıxışı darıxdırıcı edir. Bu halda natiq, böyük ehtimalla, neqativ bədən dilindən istifadə edir. Həmsöhbətin gözünə baxmamaq, auditoriyaya arxa çevirmək, qolları sinədə çarpazlamaq, əldə qələm oynatmaq- bunlar neqativ bədən dilinin nümunələridir. İki neqativ jesti təhlil edək:
Qolların sinədə çarpazlaşdırılması. Bu, neqativ bədən dilinin əsas nümunələrindəndir. Bu jest natiqi özünə qapanmağa, auditoriya ilə özü arasında məsafə qoymağa təhrik edir və belə təəssürat yaranır ki, danışan özündən əmin deyil.
İnsanın gözünə baxmamaq. Danışarkən dinləyicilərin baxışlarından yayınmaq natiqin ən böyük səhvlərindən biridir. Bu hərəkət natiqin mövzuyla maraqlanmadığının, dinləyiciyə güvənmədiyinin, hətta yalan danışdığının göstəricisi ola bilər.
Səs (səsin tonu, intonasiya, fasilə, vurğu və s.).Döyüşdə silah əsgərə nə qədər vacibdirsə, çıxış zamanı natiqin səsi də ona bir o qədər vacibdir. Səsin tonu, intonasiya, nitqin sürəti- bütün bu amillər çıxışın maraqlı, mənalı və nəhayət, uğurlu olmasında böyük rol oynayır.
Dahi yunan filosofu Sokratın yanına bir adam gətirib onun haqqında fikir bildirməsini xahiş edirlər. Filosof bir müddət ona baxandan sonra deyir: “Danış! Danış ki, səni görə bilim!”
Doğrudan da, səs qüvvətli alətdir. Onun tonu, yüksəkliyi, gücü sözlərimizə xüsusi məna verir. Səsimiz dinləyicilərin fikrini çıxışımızın önəmli məqamlarına yönəldir, emosiyalarımızı auditoriyaya çatdırır. Qısaca desək, səsimiz nitqimizi bəzəyir. Əgər səsimiz monoton, sərt və soyuqdursa, biz nəinki insanlara təsir göstərə, heç onları bizi dinləməyə vadar edə bilmərik. Darıxdırıcı səslə danışılan nitqə qulaq asmaq, duzsuz, ədviyyatsız xörək yeməyə, yaxud ağ-qara ekranda cizgi filminə baxmağa bənzəyər. Effektiv səs yalnız ictimaiyyət qarşısında çıxışlar üçün zəruri deyil. Yaxşı idarə olunan səs insanlarla gündəlik ünsiyyətdə təsirli alətdir. Səmimilik və mədəniyyəti əks etdirən təbii səs uğur qazanmağın vacib amilidir. Güclü səs dinləyicilərin diqqətini cəlb etməyə, onları inandırmağa, hörmətini qazanmağa şərait yaradır.
Yaxşı natiq səsindən maksimum faydalanmaq üçün aşağıdakı qaydalara əməl etməlidir:
1. Natiqin səsi məlahətli, səmimi və emosional olmalıdır. Auditoriyanın diqqətini özünə cəlb etmək və inandırmaq üçün, hər şeydən əvvəl, natiqin səsi məlahətli olmalıdır. Lakin məlahətli səs kifayət deyil, natiqin səsi həm də səmimi və emosional olmalıdır.
2. Sözləri düzgün tələffüz etməli, aydın diksiyaya malik olmalıdır. Diksiya – səslərin, sözlərin və ifadələrin dəqiq və aydın tələffüzüdür. Diksiyası yaxşı olan insanın nitqi də aydın olur. Bəzən natiq səsləri düzgün tələffüz etmədən, səliqəsiz bir şəkildə danışır. Nəticədə auditoriya çıxışa olan marağını itirir, çıxış edənin anlaşılmaz tələffüzündən baş çıxara bilmir. Adi danışıqda həmsöhbətlərdən biri o birinin sözünü başa düşməyibsə, o saat ondan nə dediyini soruşur. Böyük auditoriya qarşısında isə bu mümkün deyil, çıxış edənin sözünün aydın olmaması dinləyicilərin diqqətinin yayınmasına səbəb olur.
Düzgün diksiya bir çox peşə sahibləri üçün, xüsusən müəllimlər, diktorlar, jurnalistlər, həmçinin müğənnilər üçün vacib şərtdir.
3. Natiq intonasiya ilə danışmalıdır (monotonluqdan uzaq olmalıdır). “İntonasiya” – latın sözü olub, “ucadan tələffüz etmək” deməkdir. Ədəbi tələffüzün məzmununda intonasiyanın xüsusi yeri var. İntonasiya baxımından düzgün qurulmuş nitq insanların qəlbinə daha tez yol tapır, onları darıxmağa, yorulmağa qoymur, xoş əhval-ruhiyyə yaradır, maraq oyadır.
Doğrudan da, danışan öz hisslərini təkcə sözlərlə yox, müxtəlif intonasiyalar vasitəsilə ifadə edir. Psixoloqlar müxtəlif hissləri ifadə edən 20-dən çox intonasiya müəyyən ediblər: qorxu, həyəcan, sevinc, təəccüb, şübhə, narazılıq, heyranlıq, qəzəb və s. Natiq öz nitqində işlətdiyi ara sözləri, xitabları, həmcins üzvləri düzgün tələffüz etmək üçün, nəqli, sual, nida, əmr cümlələrini fərqləndirmək üçün də məhz intonasiyadan istifadə edir. Məsələn, sual cümləsinin sonunda səs tonunun qalxması, nəqli cümlənin sonunda tonun enməsi intonasiyadan asılıdır.
Bir sözlə, natiq nitqdə monotonluqdan, yəni nitqi eyni, dəyişməz tərzdə söyləməkdən yayınmalı, səs tonunu uyğun yerlərdə dəyişməli, intonasiya ilə danışmalıdır.
4. Natiq danışarkən əhəmiyyətli sözləri vurğulamalıdır. Dildə vurğunun xüsusi rolu vardır. Vurğunun yerini düzgün müəyyən etmək ədəbi tələffüz üçün əhəmiyyətlidir. Ədəbi tələffüzdə vurğunun düzgün qoyulmaması ən geniş yayılmış nitq qüsurlarından biridir. Nitqdə bu cür qüsurlar əsasən alınma sözlərin və terminlərin tələffüzü zamanı baş verir. Məsələn: kafedra (kafedra), opera (opera), allergiya (allergiya), market (market) və s. Natiq nitqində vurğunun bütün növlərinə qarşı (heca vurğusu, məntiqi vurğu, həyəcanlı vurğu) diqqətli olmalı, çatdırmaq istədiyi vacib fikirləri, məqamları və hissləri daha təsirli etmək üçün onlardan istifadə etməyi bacarmalıdır. Bu, ictimaiyyət qarşısında effektiv çıxışın ən sadə üsuludur.
5. Fikri vurğulamaq üçün natiq nitqdə fasilədən istifadə etməlidir. Fasilə (pauza) - tənəffüs məqsədilə danışıq və oxu prosesində edilən dayanacaqdır. Fasilə zamanı danışan nəfəs alır, fikrini tutmaq üçün vaxt qazanır, dinləyən isə eşitdiklərini mənimsəyir. Yazılı nitqdə durğu işarələrinin oynadığı rolu şifahi nitqdə fasilə oynayır. Fasilə davam etmə müddətinə görə fərqlənir. Məsələn, ən qısa fasilə vergüldən, ən uzun fasilə nöqtədən sonra olur.
6. Natiq ünsiyyət prosesində nitqin sürətinə- tempə də fikir verməlidir. “Temp” - latın sözü olub, mətni tələffüz etdiyimiz vaxt deməkdir. Danışan nitqinin tempini nizamlamalı, lakin bu zaman hüdudu aşmamalıdır, çünki çox sürətli nitq dinləyicilər tərəfindən başa düşülməyə bilər, asta nitq isə auditoriyanı darıxdıra və ya yora bilər.
7. Səsin tembrinin də nitqdə əhəmiyyəti vardır. “Tembr”- səs çalarıdır. Ona bəzən “səs rəngi” də deyilir. Tembrin vasitəsilə biz müxtəlif musiqi alətlərinin səslərini bir-birindən fərqləndirir və ya hər hansı bir tanışı üzünü görmədən səsindən tanıya bilirik. Danışanın əhval-ruhiyyəsi, yorğun və ya qəzəbli olması onun səsinin tembrinə təsir göstərir. Əlbəttə, səsin tembrini tamamilə dəyişmək olmur. Lakin onu yaxşılaşdırmaq mümkündür. Tembrlə bağlı qüsurlar təngnəfəslik, burunda danışmaq nəticəsində yaranır ki, bu da daha çox danışanın sağlıq durumu, düzgün nəfəsalma ilə bağlıdır.
Tədqiqatlar göstərmişdir ki, verbal yolla, yəni sözlər vasitəsilə məlumatın ancaq 10%-i, qeyri-verbal yolla, yəni səs (səs tonu, tembri və intonasiya vasitəsilə) və mimika və jestlər (bədən dili) vasitəsilə məlumatın 90 %-i çatdırılır. Deməli, danışarkən istifadə etdiyimiz səs tonumuz, üzümüzün müxtəlif ifadələri, bədən hərəkətlərimiz dinləyicilərimizə bəzən dediyimiz sözlərdən daha çox məlumat verir.