5. Təhsil sisteminin məlumat bankının və biliklər bazasının təşkilini təmin edən mexanizmin yaradılması istiqamətində:
1998-ci ildən başlayaraq 150 nəfərdən artıq təhsil işçisi təcrübə mübadiləsi aparmaq, beynəlxalq forumlarda və konfranslarda Azərbaycanı təmsil etmək, qarşılıqlı əməkdaşlıq üçün zəmin hazırlamaq, təhsil sahəsində əməkdaşlıq haqqında protokollar imzalamaq və s. məqsədlərlə Təhsil Nazirliyinin xətti ilə Rusiya Federasiyası, Belarus, İrlandiya, ABŞ, Yunanıstan, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Avstriya, Qazaxıstan, Gürcüstan, Türkiyə, Özbəkistan, Macarıstan, Ukrayna, İran, Misir, Mərakeş, Hollandiya, Tailand, Seneqal, Polşa, Belçika, Bolqarıstan, Çin Xalq Respublikasına təcrübə mübadiləsi və xidməti səfərlərə göndərilmişdir.
Xarici ölkələrdə təcrübə mübadiləsində olmuş hər bir təhsil işçisinin hesabatı Nazirliyin mütəmadi olaraq keçirdiyi seminarlarda müzakirə edilmiş, onların verdikləri təkliflərdən Azərbaycanda təhsil problemlərinin həllində istifadə olunmuşdur.
6. Təhsil sisteminin idarə olunmasında səlahiyyətlərin bölüşdürülməsi, idarəetmənin demokratikləşdirilməsi mexanizminin yaradılması:
Təhsil sahəsində qarşıya qoyulan əsas vəzifələrdən biri də onun idarə olunmasının təkmilləşdirilməsi, həmin istiqamətdə məqsədyönlü tədqiqatların aparılmasıdır. Bu məqsədlə ağırlıq mərkəzinin yerlərə ötürülməsi, təhsil menecerlərinin hazırlanması, beynəlxalq təcrübə və müasir mexanizmlərin yerli şəraitə uyğunlaşdırılması, təlim-tərbiyə müəssisələrinin müstəqilliyinin təmin olunması, yerli idarəetmə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, idarəetmə funksiyalarının təkmilləşdirilməsi və s. sahələr üzrə müəyyən tədbirlər görülmüş, perspektiv fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir.
Təhsil sisteminin idarə olunmasında başlıca amillərdən hesab olunan kadrların seçilib yerləşdirilməsi işini yaxşılaşdırmaq üçün idarəetmənin müasir modelləri, əksmərkəzləşmə prinsipləri, yeni yanaşmalar, təhsili idarə edənlərin hazırlanmasının dövlət standartları, bələdiyyə idarəçiliyi şəraitində təlim-tərbiyə müəssisələrinin müasir idarəetmə mexanizmləri, ali təhsil müəssisəsi timsalında marketinq xidmətlərinin fəaliyyət mexanizmi, təhsilin pillələri üzrə pedaqoji kadrların işə qəbulu qaydaları, kadr hazırlığı prosesində "Təhsil alan-təhsil verən" münasibətlərinin tənzimlənməsi qaydaları, ixtisasartırma və yenidənhazırlanma təhsilinin təkmilləşdirilməsi strategiyası, diplomdansonrakı təhsil konsepsiyası əks olunmuş normativ-hüquqi sənədlər paketi hazırlanmış, onlardan bir çoxu təsdiq edilmişdir.
"Ali və orta ixtisas təhsili müəssisələrinin attestasiyası və akkreditasiyası haqqında Əsasnamə" hazırlanmış və Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. 2005-ci ildən təhsil müəssisələrinin akkreditasiyasına başlanması nəzərdə tutulmuşdur.
Hazırda 6 ali təhsil müəssisəsi özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərir. Elmi-pedaqoji potensialı və maddi-texniki bazası imkan verdiyi halda digər ali məktəblərin də bu prinsip əsasında fəaliyyət göstərməsi məsələsinə baxılacaqdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi haqqında qaydalar"a müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən pedaqoji işçilərlə yanaşı rəhbər işçilərin də attestasiyasının mərhələlərlə aparılması nəzərdə tutulmuşdur.
Dostları ilə paylaş: |