7. Təhsil sisteminin yeni iqtisadi modelinə keçidlə bağlı normativlərin müəyyən edilməsi və müvafiq şəraitin yaradılması istiqamətində:
II Kredit Sazişi çərçivəsində 2003-2007-ci illər üçün nəzərdə tutulmuş proqramda "Təhsildə bərabər imkanların yaradılması komponenti" daxilində adambaşına maliyyələşdirmə mexanizmləri üç pilot rayonunda (Əli Bayramlı şəhəri, Ucar və İsmayıllı rayonları) ekperimentdən keçiriləcəkdir.
Təhsil qruplarında (siniflərdə) şagirdlərin, tələbələrin sıxlığının normativlərinə "Təhsil haqqında" yeni Qanun qəbul olunduqdan sonra yenidən baxılacaqdır.
II MƏRHƏLƏ
1. Müxtəlif yönüm və səviyyəli təhsil müəssisələrinin inteqrasiyası, onların bazasında yeni tipli elm-təhsil mərkəzlərinin yaradılması, təhsil müəssisələri şəbəkəsinin yenidən qurulması istiqamətində:
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin təsviri sənət profilli fakültələrinin və Azərbaycan Dövlət Rəssamlıq Texnikumunun bazasında Azərbaycan Rəssamlıq Akademiyası və nəzdində İncəsənət Kolleci, Bakı Musiqi Akademiyasının xalq musiqisi profilli ixtisaslarının və Azərbaycan Dövlət Musiqi Texnikumunun bazasında Azərbaycan Milli Konservatoriyası və nəzdində Musiqi Kolleci təşkil olunmuşdur.
Bir sıra ali məktəblərin (SDU, GDU, ATU, BSU və s.) profilləri genişləndirilmişdir. Bu sahədə işlər müntəzəm davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli fərmanı ilə ilkin müəllim hazırlığını, pedaqoji kadrların ixtisasartırmasını və yenidənhazırlanmasını həyata keçirən Azərbaycan Müəllimlər İnstitutu və respublikanın 12 regionunda onun filialları yaradılmışdır.
Respublikamızda istedadlı şagirdlərin cəlb olunduğu yeni tipli təhsil müəssisələrinin - lisey və gimnaziyaların şəbəkəsi ildən-ilə inkişaf edir. 1998/1999-cu dərs ilində 11422 şagirdi əhatə edən 36 lisey və gimnaziya fəaliyyət göstərirdisə, hazırda onların sayı 47-yə, şagirdlərin sayı isə 22087-yə çatmışdır.
Dostları ilə paylaş: |