6. Müəssisədə kombinələşdirmə İctimai əmək bölgüsü və istehsalın təmərküzləşməsi onun ictimai təşkili formalarından biri olan kombinələşmənin də yaranmasının əsas şərti kimi çıxış edirlər. Bir çox sənaye sahələri üçün səciyyəvi olan, istehsalın ictimai təşkili forması kimi kombinələşdirmə – texnoloji, iqtisadi, təşkilati baxımdan əlaqəli olan müxtəlif sahələrə məxsus ayrı-ayrı istehsalların, məhsul buraxmaq qabiliyyətlərinin proporsionallığını təmin etmək şərtilə, vahid istehsal kompleksində birləşdirilməsidir. Başqa sözlə, kombinələşdirmə maddi-texniki bazasına və ya texnoloji istehsal üsulunun ümumiliyinə və habelə xammal və materialların müştərək istifadəsinə görə müxtəlif istehsalların məkanca eyni ərazidə, bir müəssisədə təmərküzləşdirilməsidir. Kombinələşməyə daxil olan sahələrdən biri kompleksin əsasını və kombinatın profilini müəyyən edir. Kombinatı istehsalı xammalın ardıcıl və kompleks emalına əsaslanmayan, lakin həmcins məhsullar istehsal edən müəssisələrin bir ərazidə yerləşdirilməsindən yaranan birliklərlə qarışdırmaq olmaz; sonuncu təmərküzləşdirmə olsa da, kombinələşdirmə deyildir; o, ixtisaslaşdırmadır. Əmək predmetlərinin emalının ayrı-ayrı mərhələlərinin birləşdirilməsi xarakterindən asılı olaraq kombinələşmənin 3 forması mövcuddur.
1.Xammalın – hazır məhsulun alınmasına qədər – ardıcıl emalına görə. Kombinələşmənin bu forması üçün qara metallurgiya kombinatları daha səciyyəvidir. Bu istehsalda, xammal kimi istehlak olunan dəmir filizinin hasil edilməsi və zənginləşdirilməsindən sonra, metallurgiya kombinatında ardıcıl olaraq çuqun, polad və prokat (yayma, vərəqə polad) alınır.
2.Xammalın kompleks emalına görə. Məlumdur ki, mineral (üzvi) və kənd təsərrüfatı xammalı bir sıra müxtəlif faydalı komponentlərin (maddələrin) birləşmələrindən ibarətdir. Elmi-texniki tərəqqinin müasir vəziyyətində, xüsusilə kimyəvi və texniki proseslərin köməyilə, xammalın tərkibində olan bütün faydalı ünsürləri ayırmaq və istifadə etmək mümkün olur. Xammalın son faydalı maddənin alınmasına qədər emalı ondan kompleks istifadəni təmin edir.
3.Tullantılardan istifadəyə görə. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, təbiətdə monotərkibli mineral xammal yoxdur. Buna görə də, bu qəbildən olan hər hansı bir xammalın emalı zamanı həmin istehsal üçün həm əsas olan və həm də əsas olmayan məhsullar alınır və bir də texnoloji tullantılar yaranır. Buna misal olaraq misin alınması üçün kombinələşməni misal göstərmək olar.
Kombinələşdirmə müəssisədə istehsalların ən sıx əlaqələndirilməsinə əsaslanan istehsalın ictimai təşkili formasıdır. Kombinələşmiş müəssisələrdə texnoloji prosesin bir mərhələsindən digərinə keçid fasiləsiz və ən qısa yolla, az vaxt intervalında baş verir; istehsallardan birinin nəticəsi digəri üçün başlanğıc olur – birinin məhsulu digəri üçün xammal, material və ya yarımfabrikat rolunda çıxış edir. Bir qayda olaraq, kombinatlar ümumi istilik-enerji təchizatına, vahid nəqliyyat sisteminə malik olur və əksər hallarda bir ərazidə yerləşirlər.
Kombinələşmənin əsas şərti, artıq qeyd edildiyi kimi, müxtəlif profilli istehsalların eyni bir məkanda təmərküzləşdirilməsi olsa da, həmin «müxtəlif istehsalların» özlərinin ixtisaslaşmış istehsallar olmaları şəraitində kombinələşmənin səmərəli təşkilinə və yüksək təsərrüfat nəticələrinə daha çox təminat verə bilərlər. Elmi-texniki tərəqqi, xüsusilə onun kimyalaşdırma, elektrikləşdirmə, mexanikləşdirmə və avtomatlaşdırma istiqamətləri kombinələşdirmə üçün daha böyük imkanlar açır, onun texniki-iqtisadi göstəricilərini daha mütəhərrik edirlər. Elmi-texniki tərəqqinin kimyalaşdırma istiqaməti texnologiyasında kimyəvi və fiziki-kimyəvi emal əməliyyatlarının üstünlük təşkil etdiyi sənaye sahələrində, kombinələşmə üçün daha əlverişli imkanlar yaradır. Belə sahələrdən kimya, metallurgiya, neft emalı, neft-kimya, qaz, meşə, yüngül və yeyinti sənaye sahələrini göstərmək olar.