İnvestisiya bankları – emissiya-təsisçilik fəaliyyəti ilə, yəni qiymətli kağızların buraxılması və yerləşdirilməsi əməliyyatları ilə məşğul olurlar. Onlar kapitalı öz səhmlərini satmaqla və ya kommersiya banklarının krediti hesabına cəlb edirlər.
Əmanət idarələri - əhalinin əmanətlərini yığır və pul kapitallarını kommersiya, mənzil tikintisi və i.a. sahələrə qoyur.
Sığorta şirkətləri – həyatın, əmlakın və mülki cavabdehliyin sığortası vasitəsilə əhalinin vəsaitlərini cəmləşdirir və iqtisadiyyatın uzunmüddətli maliyyələşdirilməsində istifadə edir.
Təqaüd fondlarının da sığorta şirkətləri kimi geniş təkrar istehsal prosesində rolu gündən-günə artan iqtisadiyyatın sığorta fondunu fəal surətdə formalaşdırır. Təqaüd fondları yığılmış pul ehtiyatlarına dövlətin və xüsusi şirkətlərin istiqraz və səhmlərini alaraq, bir qayda olaraq, onu dövlətin və iqtisadiyyatın uzunmüddətli maliyyələşdirilməsinə sərf edirlər.
İnvestisiya şirkətlərifərdi pul kapitalları ilə qeyri-maliyyə sferalarında fəaliyyət göstərən korporasiyalar arasında aralıq halqa rolunu oynayırlar.
Sahibkarlığın bütün cəhətləri: təşəbbüskarlıq, təsərrüfatçılıq vərdişləri, ağıllı risk etmək, maddi maraq və s. bu banklar üçün xasdır. Məsələn, müəyyən bir məhsuldar ideyanın sahibi hər hansı bir kommersiya bankına müraciət edərsə, bank tez bir zamanda həmin ideyanın ekspertizasını keçirir, müsbət nəticə əldə edilən halda isə onu maliyyələşdirməyi nəzərə alır. Bununla belə bank həmin ideyanın həyata keçirilməsinə razılıq verən müəssisənin də axtarıb tapılmasında köməklik edir.
Kommersiya banklarının sırf bank kimi yerinə yetirdiyi vəzifələr azad pulların qəbul edilməsi, müxtəlif bazar subyektlərinə müxtəlif məqsədlərlə müddətli kreditlərin verilməsi, tədiyyə dövriyyəsinə xidmət etmək və s. daxildir. Bir sıra ölkələrdə belə banklar həm də qiymətli kağızların alverini təşkil edir, dividendlərin və faizlərin verilməsi ilə məşğul olurlar.
Bazar infrastrukturlarının təsnifatında bank-kredit sistemi də mühüm rol oynayır. Bu sistemin bütövlükdə müasir bazar iqtisadiyyatının inkişafında rolu daim artmaqdadır. Bu həm təklifin və həm də tələbin daimi yüksəlişində özünü əyani surətdə təzahür etdirir. Burada həm bank kreditindən və həm də kommersiya kreditindən, onların oynadıqları roldan geniş bəhs oluna bilər. Ümumiyyətlə, bunlar sahəvi müxtəlif iqtisadi ədəbiyyatlarda, dərsliklərdə geniş işıqlandırıldığından onların üzərində çox dayanmağa ehtiyac yoxdur.
Bazar infrastrukturlarının ən geniş yayılmıştiplərindən biri gömrük sistemidir. Bu, hər bir ölkədə vahid gömrük qanunvericiliyi əsasında fəaliyyət göstərir. Burada əsas əməliyyatlardan biri gömrük bəyannaməsidir-deklorasiyasıdır. Gömrük sistemində xarici ölkələrə aparılan və xarici ölkələrdən gətirilən bir çox əmtəələr, məmulatlar üzrə qanunvericilik tarifi ilə rüsum alınır. Onun ərazisi həm quru, həm də hava məkanlarını əhatə edir. Ayrı-ayrı ölkələrdə azad gömrük zonaları və gömrük anbarları da yaradılır.
Gəmrük sistemi əmtəələrin, məmulatların, nəqliyyat vasitələrinin bir ölkədən başqa ölkəyə aparılmasında xidmətlər göstərilməsində mühüm rol oynayır.