Hər bir müəssisənin rentabelli fəaliyyətinin əsasında onun maliyyə təminatı dayanır. Zəruri maliyyə təminatını ödəmədən, qarşıya qoyulmuş strateji məqsədlərə nail olmaq qeyri-mümkündür. Bu baxımdan da, hər bir təsərrüfat subyektinin başlıca vəzifəsi lazımi maliyyə vəsaitlərini cəlb etməkdən ibarətdir;
Təcrübə sübut edir ki, maliyyə vəsaitlərinin əldə edilməsi nə qədər zəruridirsə, bu vəsaitlərin səmərəli idarə olunması da bir o qədər vacibdir. Ona görə də, vəsaitlərin əldə edilməsi və səmərəli idarə olunması məsələlərinə kompleks şəkildə yanaşılması daha məqsədəuyğundur;
Məlum olduğu kimi müəssisə maliyyəsinin əsasını müəssisənin öz vəsaitləri və müxtəlif istiqamətlərdən cəlb olunmuş kreditlər təşkil edir. Ona görə də, maliyyənin təşkilində hər iki istiqamətə diqqətlə yanaşılması vacibdir. Birinci istiqamət müəssisənin fəaliyyəti ilə əlaqədardırsa, ikinci istiqamət müəssisədaxili amillərlə yanaşı, bir sıra xarici mühit amillərindən də asılıdır;
Maliyyənin təşkili əlavə vəsaitlərin cəlb edilməsi ilə yanaşı, həm də onun səmərəli idarə olunmasını əhatə etdiyi üçün vəsaitlərin cəlb edilməsi, müəssisənin idarə olunması, vəsaitlərdən səmərəli istifadə və s. kimi məsələlərə kompleks yanaşılması daha əlverişli hesab edilir;
Maliyyənin təşkilində vacib amillərdən biri də maliyyə və ya investisiya mühitidir. Müəssisə, mövcud qanunvericilik çərçivəsində bu mühiti maksimum şəkildə əlverişli vəziyyətdə formalaşdırmalıdır. Bu, həm mövcud resurslardan daha səmərəli istifadəyə imkan verər, həm də yeni-yeni mənbələrdən vəsaitlərin cəlb olunmasını stimullaşdıra bilər;
Müəssisə maliyyəsinin kredit təminatının ödənilməsində başlıca məsələlərdən biri də maliyyə-kredit münasibətlərinin yaxşılaşdırılması və müəssisənin krediti qaytarabilmə qabiliyyətidir. Məhz bunları nəzərə alaraq, müəssisə, xüsusilə xarici mühit amillərinə məsuliyyətlə yanaşmalı, özünü etibarlı tərəfdaş kimi tanıda bilməlidir. Əks təqdirdə, müəssisə maliyyəsində müəyyən çatışmazlıqlar qaçılmaz olur;
Maliyyənin təşkili və idarə edilməsi müəssisənin strateji məqsədləri ilə uzlaşdırılmalıdır. Belə ki, maliyyə resurslarının idarə olunması strateji planların reallaşmasına xidmət etməlidir. Bu isə o deməkdir ki, maliyyənin təşkili və idarə edilməsi planlaşdırmaya əsaslanır. Başqa sözlə desək, dəqiq və əhatəli planlaşdırma olmadan, səmərəli maliyyə idarə edilməsi də qeyri-mümkündür. Bu baxımdan da, maliyyənin təşkili və idarə edilməsinə planlaşdırmanın bir tərkib hissəsi kimi yanaşılması mümkündür.