“Kitabi – Dədə Qorqud” da tərbiyə məsələləri
Türkdilli xalqların bədii təfəkkürünün ən dəyərli məhsulu və ədəbiyyatımızın şah əsəri olan
“Kitabi – Dədə Qorqud” dastanı əsrlər ötsə də öz təravətini itirməmiş, həmişəyaşar və mükəmməl
bir abidə kimi nəsillərin həyat yoluna işıq saçmış və saçmaqdadır.
Şifahi və yazılı ədəbiyyatımızın öncülü və şah damarı olan bu sənət abidəsi soy kökümüzün sıx
tellərlə bağlı olduğu qədim türklərin, oğuzların adət və ənənəsini, məişətini və s. parlaq boyalarla
əks etdirir.
Dastanda mənəvi sərvətlər, ailə tərbiyəsi qırmızı xətlə keçir, ayrı – ayrı hadisələr əks olunur. Bu
bir həqiqətdir ki, insanın necə təşəkkül tapacağı, onun həyatda hansı mövqe tutacağıaldığı
tərbiyədən, ata – anaların, valideynlik vəzifələrini nə şəkildə yerinə yetirmələrindən çox asılıdır.
Bu mənada oğuzlar öz övladlarını yersiz əzizləmir, onları çətinliklərə, bərkə - boşa salırlar ki,
igid, çevik olsun.
Uşaq müəyyən yaş həddinə dolub özünü təsdiq edənə qədər ona ad qoyulmurdu. Həm də göstərdiyi
hünərin, cəsarət və qabiliyyətin müqabilində oğlana, qıza ad verilirdi. Bunun böyük tərbiyəvi
əhəmiyyəti vardı. Uşağı tənbəllikdən qoruyur, ona cəsurluq, çeviklik aşılayırdı. Dirsə xanın oğlu
üç kişinin sağ və üç kişinin sol yanından tutaraq meydana gətirdiyi dəmir zəncirli buğanı alnına
çəpəgi bir yumruq vurmaqla yerə sərib başını kəsdikdən sonra ona “Burğac” adı verildi. Başqa
sözlə, o öz hünəri ilə bu adı qazanır.
Həmin boyda tərbiyənin metodlarının bilavasitə adı çəkilməsə də, tərbiyənin həvəsləndirmə
metoduna toxunulur. Yaxşı əməlinə görə övladına mükafatlandırılması lazım bilinir.
Ümumiyyətlə götürdükdə, dastanda tərbiyə məsələlərinin qoyuluşunu bir neçə istiqamətdə
araşdırmaq mümkündür. Burada tərbiyənin metodlarına münasibət bildirilir, həm qızların, həm
dı oğlanların mənəvi keyfiyyətlərə yiyələnmələrində valideynlərin, ətrafdakıların şəxsi nümunəsi
məsələsinə toxunur.
Diqqət ailədə ər və arvad arasında qarşılıqlı hörmətin, anlama, səmimiyyət və mehribanlığın
mövcud olması zərurətinə yönəldilir. Qadın kobudluğu xoşlamır, gül ləçəyi kimi zərif və incə
olduğundan onunla xoş davranmalı, ona daim hörmət, mehribanlıq göstərilməlidir. Təsadüfi
deyildir ki, ulu babalarımızın qiymətli mirası olan “Kitabi – Dədə Qorqud” dastanında qadına
sevgi, onun qayğısına qalmaq vacib tələb kimi irəli sürülür.
Ər – arvad arasında səmimiyyətin, xoş ünsiyyətin olması ona görə vacibdir ki, bu bir tərəfdən
ailədə müsbət mənəvi və psixoloji iqlimin yaranmasına imkan verir, ikinci tərəfdən uşaqların
düzgün tərbiyəsindən ötrü əlverişli şərait yaranır.
Dastanda Qorqud Dədə yaxşı, ləyaqətli, həyalı, ədəbli, qayğıkeş qadını ailənin dayağı hesab edir.
Abır – həyasını itirmiş, ipə - sapa yatmayan qadını ər üçün, ailə üçün ləkə hesab edir.
Ailənin şərəfini qorumaq ailənin bütün üzvlərinin müqəddəs borcu, vəzifəsidir. Türk dünyasında,
Azərbaycan xalqında bu hiss son dərəcə güclüdür.
“Kitabi – Dədə Qorqud” dastanı gənc nəsildə ailə şərəfi, kişi qeyrəti, qızlıq qüruru, qadın ləyaqəti
və s. bu kimi məsələlər barədə aydın təsəvvür yaratmaq və bu müqəddəs keyfiyyətlərə
yiyələnmək üçün zəngin material verir.
Xalqımızda ailəyə, övlada bağlılıq, qadının isməti üçün cavabdehlik hissi qüvvətlidir. Məhz bunun
nəticəsində ölüm təhlükəsiz də bir ata, bir ər kimi kişiləri, bir övlad, bir qardaş və nişanlı kimi
bu cavanları qorxutmur.
Uşaqların ailə həyatına hazırlanması məsələlərinin dastanda qoyuluşu da diqqətəlayiqdir. Gənclər
ailə qurmamışdan əvvəl gələcək ailə sahibləri kimi bir – birini sınayır, bir – birinin xasiyyətinə,
hünərinə bələd olurlar.
Dastanda oğlan və qıza ömür – gün yoldaşı seçməkdə müstəqillik verilir. Deməli, ailə qurarkən
maddi mülahizələr deyil, azad sevgi, məhəbbət başlıca yer tutur. Lakin ağ saqqal, valideyn
məsləhəti də nəzərə alınırdı.
“Kitabi – Dədə Qorqud” dastanında uşaqlar arasında münasibətlərdə səmimiyyət, mehribanlıq,
birinin digərinin taleyi üçün narahat olmaq hissləri öz əksini tapmışdır.
Böyük sənət abidəsi, dərin, müdrik təfəkkürün məhsulu olan “Kitabi Dədə Qorqud” dastanının
yarandığı vaxtdan 1300 ildən artıq bir zaman keçir. Lakin buna baxmayaraq, o, hələ də öz
dəyərini itirməmişdir.
Dostları ilə paylaş: