Kursun öyrənilməsinin əhəmiyyəti və məqsədi
Azərbaycan şifahi xalq yaradıcılığının tarixi min illəri əhatə edir. Xalqın istək və arzuları, gələcəyə
ümidləri, sevinc və kədəri, mübarizə əzmi, müdrikliyi, təbiət və cəmiyyət hadisələrinə
münasibətləri bu nümunələrdə özünün dolğun ifadəsini tapmışdır.
Kamil şəxsiyyət, nümunəvi davranış və əxlaq, böyüyə hörmət, insanlar üçün vacib bilinən mənəvi
keyfiyyətlər, milli dəyərlər, əməyə bağlılıq, şərəf, ləyaqət, ədalət və s. xalq yaradıcılığı
materiallarının başlıca mövzusu olmuşdur.
Həmin nümunələr, ata – babalarımızın müdrik kəlamları, atalar sözləri, nağıl, rəvayət, əfsanə, mif,
əsatir, bayatılar və s. əsrləri adlayaraq bu günümüzə gəlib çatmışdır. Tarixən mövcud olmuş,
qorunub saxlanmış qədim adət - ənənələrimiz haqqında da həmin nümunələrdən maraqlı
məlumatlar əldə edirik.
Şifahi xalq yaradıcılığına başqa sözlə, folklor da deyilir. Folklor ingilis dilində “xalq hikməti”
deməkdir. Bu hikmət və müdriklik xəzinəsindəki dəyərlər, tərbiyəvi fikirlər neçə - neçə gəncin
təşəkkül tapıb formalaşmasına təsir göstərmişdir.
Şifahi xalq yaradıcılığı xalqın təfəkkürünün məhsulu olduğundan ona xalq ədəbiyyatı da deyilir.
Xalq öz yaradıcılığında çox müxtəlif və rəngarəng növlərə müraciət etmişdir. Ata – babalarımızın
müəyyən hadisəni, bu və ya digər hərəkəti, əməli, davranışı və rəftar tərzini, insanlar arasındakı
münasibətləri nəzərdə tutaraq müvafiq fikirlər söyləmişlər.
Tarixən sınaqlardan keçərək gəlib bu günümüzə çatan atalar sözləri öz həqiqətini, doğruluğunu
özündə saxlayır. Ata – babalarımız dediyi bu və ya digər sözü, fikri, özünün təcrubəsində,
başqalarının həyatında dəfələrlə sınaqdan keçirdikindən, ölçüb – biçdikdən sonra meydana çıxarıb.
İnsan bu və ya digər vəziyyətə düşəndə, çətinlik çəkəndə, uğur qazananda hər hansı atalar sözü
xatırlana, yaxud bu və ya digər fəaliyyəti həyata keçirmək istəyəndə atalar sözü köməyinə gəlir.
Hər hansı bir cisim, təzahür çox müxtəlif xüsusiyyətlərin məcmusudur. Odur ki, özünün müxtəlif,
rəngarəng tərəfləri ilə faydalı olur. Bu faydalılıq onun dəyəridir. O, pedaqoji ədəbiyyatda pedaqoji
dəyərlər, sosial, qrup və şəxsiyyət dəyərləri kimi təsnif edilir. Şəxsiyyət dəyərlərinə dəyərlər,
keyfiyyətləri aid edilir. Tərbiyə də dəyərdir. Milli tərbiyədən danışanda milli – mənəvi dəyərlərə
diqqət yetirmək lazım gəlir. Xalq müdrikliyi əsasında folklor nümunələrimizin tərbiyəedici
imkanları əsasında tərbiyə alan nəsillər öz uşaqlarını da xalq müdriklərinə istinad etməklə
böyüdüb, yetişdirəcəklər.
Milli – mənəvi dəyərlərimiz arasında, böyüyə hörmət xüsusi yer tutur. Tarixən xalqımız da,
kiçiklər yaşca özlərindən böyüklərə, yaşlı adamlara, qocalara, böyük bacı – qardaşlarına,
valideynlərinə, qonşulara hörmətlə yanaşmış, onların üzünə ağ olmamış, yolunu saxlamış,
məsləhətlərini dinləmişlər.
Atalar sözləri və məsəllərimizdə deyilir:
“Böyüyə hörmət elə, sən də böyüyəcəksən”.
“Böyük danışanı kiçik götürər”.
“Böyüyün üzünə ağ olanı torpaq götürməz”.
“Böyüksüz evdə bərəkət olmaz”.
Vətən sevgisi milli – mənəvi dəyərlərdəndir ki, onun əsasında da vətənpərvərlik hissi durur.
Vətənpərvərlik hissi hər bir şəxsə xas olmalıdır. Bu hiss lap körpə yaşlarından uşaqlara təlqin
edilməlidir. Həm də Vətəni sözdə sevmək azdır, özünün hərəkəti, təəssübkeşliyi, dövlət
rəmzlərimizi, torpağımızı, maddi və mənəvi sərvətlərimizi, xalqımızı, dövlət başçılarımızı, tarixi
və mədəniyyət abidələrimizi sevmək, onlara görə iftixar və qürür hissi keçirmək, ölkəmizin
tərəqqisi, çiçəklənməsi və möhkəmlənməsi, Azərbaycanı dünyada tanıtmaq və şərəflə, ləyaqətlə
təmsil etmək, vətənimizi hər cür təcavüzdən qorumaq lazımdır.
Atalarımız demişlər:
“Vətənin yüz bir qışı, qürbətin yüz baharından yaxşıdır”.
“Doğma yurd şirin olar”.
“Vətənsiz vətəndaş olmaz”.
“Qürbət yer cənnət olsa, yenə vətən yaxşıdır”.
Ailəyə bağlılıq, qadının sədaqəti, kişi qeyrəti, qadın isməti, ailənin şərəfini qorumaq milli – mənəvi
dəyərlər arasında xüsusi yer tutur. Şifahi xalq yaradıcılığında da bu məsələlərə geniş yer
ayrılmışdır:
“Arvadın isməti, ərin izzəti”.
“Varını itirən az şey itirər, namusunu itirən çox şey”.
“Ağıllı gəlinin ailədə üzü ağ olar”.
“Ailədə yanılmaq yamanlıq gətirər”.
Şifahi xalq yaradıcılığında nəsihətlərin də öz yeri vardır. Ləyaqət, ismət, namus, ailə şərəfi kimi
milli – mənəvi dəyərlərimiz nəsihətlərdə özünün geniş əksini tapmışdır.
Diqqət yetirək: “Qeyrətsiz, namussuz yaşamaqdansa ölmək yaxşıdır”. “Ev düşmənindən qorx və
ehtiyatlı ol”.
Əxlaq tərbiyəsi, uşaqların tərbiyə məsələləri şifahi xalq yaradıcılığında diqqət yetirilən
məsələlərdən biridir. “Ata evin tərbiyə ocağıdır” atalar sözü deyilən sübutdur. Ata – babalarımız
tərbiyəçinin şəxsiyyətinə yüksək qiymət verir. Uşağın tərbiyəvi təsirlərə laqeyd qalmaması üçün
tərbiyəçinin, valideynin sözü də, əməlinin vəhdət təşkil etməsi, onun şəxsi nümunə göstərməsi
tələb olunur.
“Uşaq gördüyünü götürər”.
“Ana qızına taxt verər, ata oğluna baxt”.
“Ata oğlunun pisliyini istəməz”.
Şifahi xalq yaradıcılcğında şəxsiyyətin keyfiyyətlərinin inkişafı qayğısına qalmaq vacib tələb kimi
irəli sürülür. Düzlük, doğruluq, yoldaşlıq və dostluq, vətənpərvərlik, böyüyə hörmət, mərdlik və
qəhrəmanlıq, humanizm və s. bu kimi nəcib sifətlər təqdir olunur. Yalançılıq, pislik, yaltaqlıq,
namərdlik, satqınlıq, kobudluq, qəddarlıq xoşagəlməz və mənfi keyfiyyətlər tənqid edilir.
Atalar sözlərində müsbət keyfiyyətlər:
“Adama adamlıq lazımdır”.
“Doğruluq insanı heç vaxt utandırmaz”.
“Düz yaşa, yüz yaşa”.
“Dost dosta arxa olar”.
“Ən böyük gözəllik sadəlikdir”.
Mənfi sifətlər:
“Adam başından böyük danışmaz”.
“Alçaqlıqdan ölüm yaxşıdır”.
“Yalançılıq üz qızardır”.
Xalq təfəkkürünün ən gözəl, bariz nümunələrinin toplandığı folklor insanların mənəvi baxımdan
saflaşması, bir şəxsiyyət kimi kamilləsməsi, yetkinləşməsi üçün zəngin material verir. Şifahi xalq
yaradıcılığı nümunələrindən ailədə və məktəbdə uşaqların yeniyetmə və gənclərin tərbiyəsində
istifadə olunmalıdır.