VII fəsil. Jurnalistin statusu və akkreditəsi
Maddə 46. Jurnalistin hüquqları
Jurnalistin aşağıdakı hüquqları
vardır:
1) informasiya axtarmaq, toplamaq,
hazırlamaq, istehsal etmək və yaymaq;
2) öz peşə vəzifəsini yerinə
yetirməsi ilə əlaqədar dövlət orqanlarına,
bələdiyyələrə, idarə, müəssisə və təşkilatlara,
ictimai birliklərə, siyasi partiyalara, vəzifəli
şəxslərə müraciət etmək və ya sorğu vermək;
3) qanunvericiliklə nəzərdə
tutulmuş hallar istisna olmaqla, hər hansı faktı
hər vasitə ilə, o cümlədən audiovizual
vasitələrdən və kino-foto çəkilişindən istifadə
etməklə qeydə almaq;
4) əqidəsinə zidd olan məlumat və
materialları hazırlamaqdan və öz imzası ilə dərc
etdirməkdən imtina etmək;
5) redaktə zamanı, onun fikrincə,
məzmunu təhrif olunmuş məlumat və
materiallardan öz imzasını çıxarmaq;
6) baş redaktorun (redaktorun) və ya
redaksiyanın verdiyi tapşırıq qanunun pozulması
ilə əlaqədar olduqda belə tapşırıqdan imtina
etmək;
7) hazırladığı materialı öz imzası,
təxəllüsü ilə, yaxud imzasız dərc etdirmək;
8) jurnalist vəsiqəsini təqdim
etməklə qəza, təbii fəlakət zonalarında,
fövqəladə vəziyyət elan olunmuş yerlərdə,
mitinqlərdə və nümayişlərdə olmaq;
9) öz imzası ilə dərc etdirdiyi
materiallarda şəxsi fikir söyləmək və qiymət
vermək;
10) qanunla qorunan sirlər istisna
olmaqla, sənəd və materiallarla tanış olmaq,
onların surətini çıxarmaq.
Jurnalist,
həmçinin Azərbaycan Respublikasının kütləvi
informasiya vasitələri haqqında
qanunvericiliyi ilə müəyyənləşdirilmiş digər
hüquqlardan da istifadə edə bilər.
Maddə 47. Jurnalistin vəzifələri
Jurnalistin aşağıdakı vəzifələri
vardır:
1) əmək münasibətlərində olduğu
kütləvi informasiya vasitəsi redaksiyasının
nizamnaməsinə riayət etmək, onun fəaliyyət
proqramını həyata keçirmək;
2) ona verilən informasiyanın
doğru-dürüstlüyünü yoxlamaq;
3) informasiya ilk dəfə elan
edilirsə, onu vermiş şəxslərin kimliyini
göstərib-göstərməmək barədə onların xahişlərini
yerinə yetirmək;
4) hazırladığı xəbər və
materialların yayılması ilə əlaqədar irəli
sürülə biləcək iradlar və qanunla nəzərdə
tutulmuş digər tələblər barədə baş redaktora
(redaktora) məlumat vermək;
5) öz imzası, imzasız və ya
təxəllüslə doğru-dürüstlüyü təsdiq olunmamış,
yaxud böhtan və təhqir xarakterli informasiya və
materialları yaymamaq;
6) dərc etdirdiyi (efirə verdiyi)
mətnlərdə peşə etikasına riayət etmək, dövlətin,
vətəndaşların və təşkilatların şərəf və
ləyaqətinə, qanuni mənafelərinə hörmətlə
yanaşmaq;
7) peşə fəaliyyətini həyata
keçirərkən təşkilatlarda, müəssisələrdə və
rəsmi tədbirlərdə tələb olunduqda, redaksiya
vəsiqəsini və ya şəxsiyyətini və jurnalist
səlahiyyətini təsdiq edən digər sənədi
göstərmək;
8) vətəndaşlardan, vəzifəli
şəxslərdən, idarə, müəssisə və təşkilatların,
ictimai birliklərin nümayəndələrindən, siyasi
xadimlərdən məlumat alarkən audiovideo
vasitələrdən və kino-foto çəkilişindən istifadə
etmək barədə onların razılığını almaq;
9) vətəndaşın şəxsi həyatı
haqqında məlumat yaymaq barədə onun özündən və
ya qanuni nümayəndəsindən icazə almaq (ictimai
maraqları müdafiə etmək üçün lazım olan
hallardan başqa);
10) informasiyanın, yaxud onun
mənbəyinin məxfiliyini gözləmək;
11) öz məlumatlarında konkret iş
üzrə məhkəmə baxışının nəticələrini qabaqcadan
müəyyən etməmək, yaxud qətnamə və ya hökm qanuni
qüvvəyə minənədək məhkəməyə başqa tərzdə təzyiq
göstərməmək;
Jurnalist,
həmçinin Azərbaycan Respublikasının kütləvi
informasiya vasitələri haqqında
qanunvericiliyi ilə müəyyənləşdirilmiş digər
vəzifələr də daşıyır.
Maddə 48. Gizli lent yazıları
Gizli audio və video yazılardan,
kino və foto çəkilişindən istifadə etməyə və ya
hazırlanmış məlumat və materialları yaymağa
yalnız aşağıdakı hallarda yol verilir:
1) şəxsin və vətəndaşın bu barədə
yazılı razılığı varsa, habelə kənar şəxsin Azərbaycan Respublikasının
Konstitusiyası ilə müəyyən edilmiş hüquq və
azadlıqlarının qorunması üçün zəruri tədbirlər
görülmüşdürsə;
2) məhkəmənin qərarı ilə nümayiş
etdirilirsə.
Bu maddənin tələblərini pozaraq
gizli audio-video yazılardan, kino-foto
çəkilişindən istifadə olunması və onun
yayılması Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun şəkildə məsuliyyətə
səbəb olur.
Maddə 49. Jurnalist statusu
Jurnalistin
bu Qanunla müəyyən edilmiş statusu
aşağıdakılara şamil edilir:
1) kütləvi informasiya vasitəsinin
məlumat toplamaq, hazırlamaq, redaktə və
istehsal etməklə məşğul olan ştatlı
müxbirlərinə;
2) kütləvi informasiya vasitəsinin
məlumat toplanması, hazırlanması və redaktəsi
ilə bağlı tapşırıqlarını müntəzəm yerinə
yetirən ştatdankənar müxbirlərinə.
Maddə 50. Jurnalistin akkreditəsi (qeydə
alınması)
Kütləvi informasiya
vasitələri dövlət orqanlarının, idarə, müəssisə
və təşkilatların, ictimai birliklərin razılığı
ilə və müəyyən etdikləri akkreditə qaydalarına
əməl etməklə onların nəzdində öz
jurnalistlərini akkreditə etdirə bilərlər.
Həmin orqanlar akkreditə olunmuş
jurnalistə, qapalı tədbirlər istisna olmaqla,
iclas, müşavirə və başqa tədbirlər barədə
qabaqcadan məlumat verir, onun stenoqramlarla,
protokollarla və başqa sənədlərlə tanış olması
üçün şərait yaradırlar.
Jurnalist və ya redaksiya tərəfindən
akkreditə qaydaları pozulmuşdursa, yaxud
akkreditə etmiş təşkilatın şərəf və ləyaqətini
ləkələyən, yaxud təhrif olunmuş və ya həqiqətə
uyğun olmayan məlumatlar yayılmışdırsa və bu
məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə
təsdiq olunmuşdursa həmin təşkilat jurnalisti
akkreditədən məhrum edə bilər.
Kütləvi informasiya vasitələri
redaksiyalarının xüsusi müxbirlərinin
akkreditəsi də bu maddənin tələblərinə müvafiq
olaraq həyata keçirilir.
Fövqəladə vəziyyətin tətbiq
edildiyi ərazidə jurnalistlərin akkreditə
olunmasının xüsusi qaydası və onların iş rejimi
fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi
ərazinin komendantı tərəfindən
müəyyənləşdirilir.
VIII fəsil.
Kütləvi informasiya sahəsində beynəlxalq
əməkdaşlıq
Maddə 51. Beynəlxalq əməkdaşlıq
Kütləvi
informasiya sahəsində beynəlxalq əməkdaşlıq
Azərbaycan Respublikasının tərəfdar çıxdığı
dövlətlərarası müqavilələr əsasında həyata
keçirilir.
Azərbaycan Respublikasının kütləvi
informasiya vasitələri, peşəkar jurnalist
təşkilatları əcnəbilər və xarici təşkilatlarla
beynəlxalq əməkdaşlıqda iştirak edə və bu
məqsədlə sazişlər bağlaya bilərlər.
Maddə 52. Xarici mənbələrdən alınan
informasiyanın yayılması
Azərbaycan
Respublikası vətəndaşlarının xarici
mənbələrdən, o cümlədən kütləvi informasiya
vasitələrindən birbaşa məlumat əldə etmək
hüququ var.
Bilavasitə televiziya proqramlarının
qəbul olunmasının məhdudlaşdırılmasına
Azərbaycan Respublikasının bağladığı
dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş
hallarda yol verilir.
Təsisçisi və ya redaksiyanın daimi
yeri Azərbaycan Respublikasının hüdudlarından
kənarda olan xarici dövri mətbu nəşrin yayılma
qaydası Azərbaycan Respublikasının bağladığı
dövlətlərarası müqavilədə müəyyən
edilməmişdirsə, onun yayılması üçün müvafiq
icra hakimiyyəti orqanının razılığı tələb
olunur.
Maddə 53. Xarici kütləvi informasiya vasitələri
nümayəndələrinin Azərbaycan Respublikasının
ərazisində fəaliyyəti
Azərbaycan
Respublikasında akkreditə olunmuş xarici
müxbirlərin və xarici kütləvi informasiya
vasitələrinin digər nümayəndələrinin hüquqi
statusu və peşə fəaliyyəti Azərbaycan
Respublikasının qanunvericiliyi və müvafiq
dövlətlərarası müqavilələrlə tənzim edilir.
Azərbaycan Respublikasında xarici
kütləvi informasiya vasitələrinin
nümayəndəlikləri, dövlətlərarası müqavilələrdə
ayrı qayda müəyyənləşdirilməmişdirsə, müvafiq
icra hakimiyyəti orqanının razılığı ilə
açılır.
Xarici müxbirlərin Azərbaycan
Respublikasında akkreditəsi müvafiq
icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun
50-ci maddəsinə müvafiq olaraq həyata keçirilir.
Azərbaycan Respublikasında akkreditə
olunmuş xarici müxbirlərə jurnalistin bu
Qanunla müəyyən edilmiş statusu şamil edilir.
Azərbaycan Respublikasında müəyyən
edilmiş qaydada akkreditə olunmamış əcnəbi
müxbirlər xarici hüquqi şəxslərin
nümayəndəliklərinə şamil edilən hüquqlardan
istifadə edir və vəzifələr daşıyırlar.
Azərbaycan Respublikası kütləvi
informasiya vasitələrinin müxbirlərinin peşə
fəaliyyətini həyata keçirmək üçün öz ərazisində
xüsusi məhdudiyyətlər qoymuş dövlətin kütləvi
informasiya vasitəsi müxbirlərinə münasibətdə
cavab olaraq eyni məhdudiyyətlər qoyula bilər.
IX fəsil. Kütləvi informasiya vasitələrinin
iqtisadi əsasları
Maddə 54.
Kütləvi informasiya vasitələrinin
maliyyələşdirmə mənbələri
Kütləvi informasiya vasitələri:
təsisçinin vəsaiti;
satışdan əldə olunan gəlirlər;
sponsorun ayırdığı vəsaitlər;
ayrı-ayrı vətəndaşların və hüquqi
şəxslərin ianələri;
reklamdan əldə olunan gəlirlər;
kütləvi informasiya vasitələri
redaksiyalarının sahibkarlıq fəaliyyətindən
əldə etdikləri gəlirlər;
qanunla
qadağan olunmayan digər vəsaitlər hesabına
maliyyələşdirilə bilər.
Maddə 55. Vergi güzəştləri
Kütləvi informasiya vasitələri
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
nəzərdə tutulmuş qaydada əlavə dəyər
vergisindən azaddırlar.
Əvvəlki ildə zərərlə işləmiş
kütləvi informasiya vasitələri üçün sonrakı beş
il ərzində zərərin ödənilməsinə yönəldilmiş
mənfəət hissəsi Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada
vergi ödənişindən azad edilir.
Kütləvi
informasiya vasitələrinin kütləvi informasiya
vasitələri məhsulunun yayılmasından əldə etdiyi
mənfəətin əsas profili üzrə kapital
qoyuluşlarının maliyyələşdirilməsinə
yönəldilən hissəsi Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada
vergidən azaddır.
Maddə 56. Gömrük güzəştləri
Kütləvi
informasiya vasitələri, kütləvi informasiya
vasitələri məhsullarının ixracına, habelə
fəaliyyətlərinin təşkili üçün idxal etdikləri
avadanlıq, zəruri xammal və digər vasitələrə
görə gömrük rüsumundan azaddır.
Maddə 57. Güzəştlərin şamil edilmədiyi
kütləvi informasiya vasitələri
Bu
Qanunla müəyyən edilmiş güzəştlər reklam üzrə
ixtisaslaşmış və digər kommersiya məqsədli
kütləvi informasiya vasitələrinə, eləcə də təbii
inhisarçılara şamil edilmir.
X fəsil. Bu
Qanunun pozulmasına görə məsuliyyət
Maddə 58. Məsuliyyətin şamil edildiyi
subyektlər
Bu Qanunun tələblərinin
pozulmasına görə:
təsisçilər;
redaksiyalar (məsul redaktorlar);
naşirlər;
yayıcılar;
dövlət orqanları;
bələdiyyələr;
idarə, müəssisə və təşkilatlar;
ictimai birliklər;
siyasi partiyalar;
vəzifəli şəxslər;
jurnalistlər;
müəlliflər;
informasiya mənbəyinin sahibləri
qanunvericiliklə müəyyən edilmiş qaydada
məsuliyyət daşıyırlar.
Kütləvi
informasiya vasitəsinin məlumatın dərc
olunmasına (efirə buraxılmasına) məsul redaktoru
istintaqda və ya məhkəmə icraatında olan işlə
əlaqədar, qanunla müəyyən edilmiş hallardan
başqa, informasiya mənbəyini açıqlamağa məcbur
edilə bilməz. Bu halda müəllifi açıqlanmayan
təsvirə, məqaləyə, şəklə və ya karikaturaya görə
məsuliyyət buraxılışa məsul redaktorun üzərinə
düşür.
Maddə 59. Kütləvi informasiya azadlığının və
jurnalist hüquqlarının pozulmasına görə
məsuliyyət
Kütləvi
informasiya vasitələrinin təsisçilərinin,
naşirlərinin, redaksiyalarının (məsul
redaktorlarının), yayıcılarının və
jurnalistlərin qanuni fəaliyyətinə vətəndaşlar,
dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə
və təşkilatlar, siyasi partiyalar, habelə
ictimai birliklər və ya vəzifəli şəxslər
tərəfindən hər hansı müdaxilə, o cümlədən:
senzura tətbiq etmək;
peşə müstəqilliyini pozmaq;
kütləvi informasiya vasitəsinin
istehsalını və yayımını qeyri-qanuni
dayandırmaq, yaxud ona xitam vermək;
tirajı və ya onun bir hissəsini qeyri-qanuni
müsadirə etmək, yaxud məhv etmək;
jurnalisti informasiyanı yaymağa və
informasiyadan informasiyanı çap etdirməkdən
(efirə verməkdən) imtinaya məcbur etmək;
jurnalistə informasiya verilməsi üzərinə
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
qorunan məlumatlar istisna olmaqla,
məhdudiyyətlər qoymaq və ya informasiya
verməkdən imtina etmək;
jurnalist sorğusuna Azərbaycan
Respublikasının qanunvericiliyi ilə
müəyyənləşdirilmiş müddətdə cavab verməmək;
habelə jurnalistin bu Qanunla
müəyyənləşdirilmiş digər hüquqlarını pozmaq
Azərbaycan Respublikasının qanunvericiliyinə
müvafiq surətdə mülki, inzibati, cinayət və digər
məsuliyyətə səbəb ola bilər.
Maddə 60. Kütləvi informasiya azadlığından və
jurnalist hüquqlarından sui-istifadəyə görə
məsuliyyət
Kütləvi
informasiya vasitəsinin redaksiyası (məsul
redaktoru) və jurnalistlər (müəlliflər):
1) açıqlanması qanunla qadağan edilən
məlumatları açıqladıqda;
2) baş redaktor (redaktor) mətbu nəşrdə
çap olunan materialların bu Qanunun tələblərinə
uyğun hazırlanmasına nəzarət etmədikdə;
3) bu Qanunda göstərilmiş hallardan
başqa informasiyanı onun mənbəyini göstərmədən
yaydıqda;
4) vətəndaşların şəxsi həyatına qəsd
etdikdə;
5) pornoqrafik materialları dərc
etdikdə və ya efirə verdikdə Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq
surətdə mülki, inzibati, cinayət və digər
məsuliyyət daşıyırlar.
Maddə 61. Kütləvi informasiya vasitələri
haqqında qanunun digər pozulma hallarına görə
məsuliyyət
Kütləvi
informasiya vasitələri haqqında Qanunun
müddəaları aşağıdakı hallarda pozularsa:
1) təkzib, düzəliş və cavabdan əsassız
olaraq imtina edildikdə, məhkəmənin qanuni
qüvvəyə minmiş qərar və qətnaməsinə əməl
etmədikdə-redaksiya (məsul redaktor);
2) bu Qanunun 9-cu, 11-ci, 13-cü, 21-ci və 28-ci
maddələrinin tələbləri yerinə
yetirilmədikdə-təsisçi, redaksiya, naşir və
yayıcı;
3) çap məhsulunun qanuni əsaslarla
yayılmasına mane olduqda, dövri mətbu nəşrin
tirajının pərakəndə satışına qeyri-qanuni
məhdudiyyətlər qoyulduqda-vəzifəli şəxslər;
4) xarici ölkələrin dövlət
orqanlarının, hüquqi və fiziki şəxslərinin
Azərbaycan Respublikasının ərazisində istehsal
olunan (yayımlanan) kütləvi informasiya
vasitələrini qanuna zidd şəkildə
maliyyələşdirmələrinə yol verdiklərinə
görə-təsisçi və baş redaktor (redaktor);
5) istehsalın və yayımın
dayandırılması və ya ona xitam verilməsi barədə
məhkəmə qətnaməsindən sonra redaksiya və
nəşriyyat kütləvi informasiya vasitəsinin
məhsulunu qeyri-qanuni hazırladıqda və
yaydıqda-naşir, yayıcı və redaksiya (redaktor,
baş redaktor) Azərbaycan Respublikasının
qanunvericiliyinə müvafiq surətdə mülki,
inzibati, cinayət və digər məsuliyyət
daşıyırlar.
Maddə 62. Məsuliyyətdən azad edilmə halları
Kütləvi informasiya
vasitəsində yayılmış həqiqətə uyğun olmayan
məlumat:
1) rəsmi dövlət orqanları və ya onların
mətbuat xidmətləri tərəfindən yayılmışdırsa;
2) informasiya agentliklərindən və ya
idarə, müəssisə, təşkilat, siyasi partiya və
ictimai birliklərin mətbuat xidmətlərindən
alınmışdırsa;
3) digər kütləvi informasiya
vasitəsindən götürülmüş və təkzib
olunmamışdırsa;
4) Milli Məclis deputatlarının, dövlət
orqanlarının, bələdiyyələrin, idarə, müəssisə,
təşkilat və ictimai birliklərin
nümayəndələrinin, habelə siyasi xadimlərin və
vəzifəli şəxslərin rəsmi çıxışlarında olduğu
kimi təkrar edilmişdirsə;
5) canlı yayımla efirə gedən çıxışlarda
deyilmişdirsə, yaxud bu Qanuna müvafiq surətdə
redaktə edilməli olmayan mətnlərdə getmişdirsə,
redaksiya (məsul redaktor), eləcə də jurnalist
buna görə məsuliyyət daşımır.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 7 dekabr 1999-cu il
№ 769-IQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (13
fevral 2000-ci il, № 34) .
23 noyabr 2001-ci il tarixli, 219-IIQD nömrəli; 28
dekabr 2001-ci il tarixli, 247-IIQD nömrəli; 30 aprel
2002-ci il tarixli, 315-IIQD nömrəli; 30 dekabr 2003-cü il
tarixli, 568-IIQD nömrəli; 13 yanvar 2004-cü il tarixli,
588-IIQD nömrəli; 4 mart 2005-ci il tarixli, 856-IIQD
nömrəli qanunlara əsasən dəyişikliklər və
əlavələrlə .
Dostları ilə paylaş: |