İnformasiyanın quruluşu dedikdə müəyyən məna daşıyan informasiya elementlərinin müəyyən məcmusu başa düşülür. Bu elementlər informasiya vahidləri adlanır. Onlar sadə və mürəkkəb olur. Sadə informasiya vahidlərini hissələrə ayırmaq mümkün deyil. Mürəkkəb informasiya vahidləri isə bir neçə sadə və mürəkkəb informasiya vahidlərinin birləşməsi nəticəsində yaranır.
Bütün obyektlər kimi informasiya da müəyyən edilmiş bir formada təsvir olunmalıdır. Təsvir olunmanı müxtəlif üsullarla, şifahi və yazılı formada əldə etmək mümkündür. İnformasiyanın təsvir olunmasının elementar vahidi siqnallardır. Siqnallara misal olaraq rəqəmləri, hərfləri və digər işarələri göstərmək olar. İnformasiya vahidlərinin təşkil olunduğu informasiya siqnallarının yazılı təsviri qeydiyyat adlanır. Qeydiyyatın maddi mühiti qeydedicilər və informasiya daşıyıcıları adlanır. İnformasiya daşıyıcılarını iqtisadi informasiyanın əsas təsvir forması adlandırmaq olar. İnformasiya qeydedicilərdən başqa indikatorlarla da əks etdirilirlər. Digər qeydedicilərdən fərqli olaraq indikatorlar informasiyanın diskret və ya rəqəm-hərf siqnalları ilə deyil, fasiləsiz siqnallar formasında göstərilmələrindən ibarətdir. . İnformasiya sistemi dedikdə, qərarın hazırlanması və qəbulu ilə bağlı olan informasiya proseslərini və idarəetmə servisini həyata keçirən aparat və proqram vasitələrinin, həmçinin informasiya resurslsrının əlaqəli məcmusundan ibarət texniki sistem başa düşülür. İnformasiya sistemlərinin işlənib hazırlanması və tətbiqindən əsas məqsəd şirkətin idarə edilməsi üçün müasir informasiya infrastrukturunun yaradılmasıdır. Müasir kompüterlərdə informasiyanın işlənməsi aşağıdakı ardıcıllıqla yerinə yetirilir. Əvvəlcə tədqiq olunan obyekt və ya proses ətraflı olaraq araşdırıldıqdan sonra əsas təsiredici amillər seçilərək toplanılır. Əldə olunan bu məlumatlar kompüterə daxil edilir. Daxil edilmiş məlumatlar ümumi qanunlar əsasında sistemləşdirilir və emala göndərilir. Emal prosesindən sonra alınmış nəticələr çıxış qurğularına və ya informasiya daşıyıcılarına göndərilir. Göründüyü kimi ümumilikdə informasiyanın müasir kompüterlərdə işlənməsi vahid proses olmaqla bərabər, ayrı-ayrı yerinə yetirilə bilən və özünəməxsus xüsusiyyətləri ilə seçilən proseslərdən ibarətdir.