İnformasiya sistemi kompüterlərdən, kompüter şəbəkələrindən, proqram məhsullarından, verilənlər bazalarından, insanlardan, müxtəlif növ rabitə vasitələrindən və s. ibarət olan muhitdir. İnformasiya sistemi, informasiya emalı sistemidir və burada əsas məqsəd informasiyanın saxlanması, sorğulara görə axtarışı və seçilən informasiyanı lazımi formaya salıb, istifadəçiyə çatdırılmasıdır.
Beləliklə, informasiya texnologiyası informasiya cəmiyyətində informasiyanın çevrilmə prosesləri haqqında müasir təsəvvürü ifadə edən daha geniş anlayışdır. İnformasiya sisteminin uğurla qurulmasının və fəaliyyətinin təminatı isə informasiya və idarəetmə texnologiyalarından birgə və bacarıqla istifadə olunmasıdır.
Hazırki dövrdə mövcud olan informasiya texnologiyalarını iki əsas növə ayırmaq olar:
1) verilənlərin emalı texnologiyası;
2) idarəetmənin informasiya təminatı texnologiyası.
Verilənlərin emalı texnologiyası lazımi ilkin verilənlərə malik olan, emal üçün alqoritmlər və digər standart prosedurlar olan yaxşı strukturlaşdırılmış məsələlərin həlli üçün nəzərdə tutulur. Bu səviyyədə informasiya texnologiyalarının və sistemlərinin tətbiqi əmək məhsuldarlığını artırır, onu hesablama əməliyyatlarından azad edir və bəzi hallarda işçilərin sayını azaldır.
İdarəetmənin informasiya təminatı texnologiyasının əsas məqsədi təşkilatın qərar qəbuletmə ilə bağlı olan bütün həmkarlarının informasiya tələbatını ödəməkdir. Həmin texnologiya idarəetmənin istənilən səviyyəsində faydalı ola bilər.
İnformasiyanın quruluşu dedikdə müəyyən məna daşıyan informasiya elementlərinin müəyyən məcmusu başa düşülür. Bu elementlər informasiya vahidləri adlanır. Onlar sadə və mürəkkəb olur. Sadə informasiya vahidlərini hissələrə ayırmaq mümkün deyil. Mürəkkəb informasiya vahidləri isə bir neçə sadə və mürəkkəb informasiya vahidlərinin birləşməsi nəticəsində yaranır.
Bütün obyektlər kimi informasiya da müəyyən edilmiş bir formada təsvir olunmalıdır. Təsvir olunmanı müxtəlif üsullarla, şifahi və yazılı formada əldə etmək mümkündür. İnformasiyanın təsvir olunmasının elementar vahidi siqnallardır. Siqnallara misal olaraq rəqəmləri, hərfləri və digər işarələri göstərmək olar. İnformasiya vahidlərinin təşkil olunduğu informasiya siqnallarının yazılı təsviri qeydiyyat adlanır. Qeydiyyatın maddi mühiti qeydedicilər və informasiya daşıyıcıları adlanır. İnformasiya daşıyıcılarını iqtisadi informasiyanın əsas təsvir forması adlandırmaq olar. İnformasiya qeydedicilərdən başqa indikatorlarla da əks etdirilirlər. Digər qeydedicilərdən fərqli olaraq indikatorlar informasiyanın diskret və ya rəqəm-hərf siqnalları ilə deyil, fasiləsiz siqnallar formasında göstərilmələrindən ibarətdir. .