Təcrübədə belə şəraiti katodu düzxətli közərmə telindən, anodu isə onunla koaksial silindrdən ibarət olan elektron lampasında reallaşdırmaq olar. Bu məqsədlə lampanı oxu lampanın oxu ilə üst-üstə düşən uzun solenoidin daxilində yerləşdirmək lazımdır (Şəkil 2). Burada anod (А), katod (К), solenoidin dolağı və onun maqnit sahəsinin qüvvə xətləri təsvir edilmişdir. Lampa daxilində elektronun hərəkətinin xarakteri solenoidin yaratdığı maqnit sahəsinin induksiyasının qiymətindən asılıdır. Şəkil 3-də hərəkət tryektoriyasının mümkün olan variantlari təsvir edilmişdir. Maqnit sahəsi olmadıqda (В=0) közərmiş katodun səthindən çıxan elektronlar katod və anod arasında yaranan elektrik sahəsinin təsiri ilə silindrik lampanın radiusu istiqamətində hərəkət edir və anoda çatır. Bununla anod dövrəsində cərəyan yaranır. Maqnit sahəsi yarananda elektronlara həm də Lorens qüvvəsi təsir edir və onlar çevrəyə yaxın trayektoriya üzrə hərəkət edirlər. Maqnit induksiyası artdıqca çevrənin radiusu da kiçilir.