Əqlə, maarifə, biliyə inam bəşəriyyətin mənəvi həyatının əhəmiyyətli amili olmuşdur. Lakin xalqlarda inam doğuran Avropa maarifçiliyinin idealı qanlı hadisələrlə heçə endirildi; bu hadisələr ən sivil ölkələrdə belə təkrar olundu. Aydın oldu ki, elmin və texnikanın ən yeni nailiyyətlərindən adamlara ziyan gətirmək üçün də istifadə etmək olar. XX əsrdə avtomatlaşdırmanın imkanlarının artması əmək prosesinin də nadir - yaradıcı başlanğıcı sıxışdırıb çıxarmaq təhlükəsini yaratdı-insan əməyinin avtomatlaşdırılması kimi ənənə özünə yol açdı. Kompüter, informasiya və informasiyalaşdırma intellektual əməyi inqilabiləşdirməklə və insanın yaradıcı yüksəlişində mühüm amil olmaqla cəmiyyətə, insana, kütləvi şüura güclü təsir vasitəsinə çevrilirdi. Yaxşı təhsil almış xüsusi biliklərlə və yüksək texnologiyaya malik olan adamların hazırladıqları yeni növ cinayətlərə imkan yarandı.