Millətçilik və dini fundamentalizm ilə bağlı məsələlərə daha çox diqqət yetirmək lazımdır. Öz şəxsi dəyərlərini qiymətləndirməyi bacarmayan, özünün cəmiyyətdə yerini və rolunu görməyən, öz yaşıdları olan başqa xalqların nümayəndələri ilə milli dəyərlərə əsaslanan söhbətlərdə xalqını layiqincə qiymətləndirməyə əmin olmayan, sözü və əməli hələ də bir-birinə uyğunsuzluq təşkil edən tələbəni yalançı “millətçi” ambisiyasından uzaqlaşmaq, sözün əsl mənasında milli hissləri aşılamaq üçün nə edilməlidir? Bir çox səriştəsiz adamların təşəbbüsü və kiməsə xoş gəlməsi xatirinə ali məktəblərdə, xüsusən texniki ali məktəblərdə dinin öyrənilməsinin ləğv edilməsi müasir gənclik və din arasında bir boşluq yaratmışdır. Özünün dinə olan marağını, din tarixini öyrənmək istəyini reallaşdırmaq üçün yaradılan süni maneəni dəf edən gənc ayrı-ayrı məqsədlərə xidmət edən sektalara üz tutmağa məcbur olur. Bunun qarşısını almaq gənclərin dinə elmi yanaşmasını təmin etmək üçün bu gün vacib vəzifələrimiz nədir?