M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə173/184
tarix12.04.2022
ölçüsü0,71 Mb.
#55241
1   ...   169   170   171   172   173   174   175   176   ...   184
muhazire FELSEFEyeni (1)

Hissi idrak və onun formaları

İdrak prosesi mürəkkəb quruluşa malikdir. Onun tərkibində iki əsas səviyyəni ayırmaq olar: hissi və rasional idrak.

İdrak prosesinin dialektikasını belə bir sxemlə ifadə etmək olar:

Praktika - Hissi idrak - rasional idrak - Praktika

Belə ki, bu sxemdə praktika konkret idrak prosesinin həm başlanğıcında, həm də sonunda iştirak edir. İdrak prosesi duyğulardan başlayıb, hissi idrakın gedişində əldə edilmiş nəticə və faktları ümumiləşdirmək yolu ilə abstrakt təfəkkürə qədər yüksəlir.

Hiss və zəka insan idrakının iki əsas formasıdır. Genetik baxımdan hissi idrak rasional - məntiqi idrakdan əvvəl gəldiyi üçün hissi və rasionala müəyyən mənada idrak prosesinin pillələri kimi də baxmaq olar.

İdrak prosesinin ilkin, başlanğıc mərhələsi, birinci pilləsi hissi idrakdır. Hissi idrak xarici aləmin cisim və hadisələrinin insan beynində bilavasitə, konkret inikasından ibarət psixi prosesdir. Hissi idraka verilən bu xarakteristikadan aydın olur ki, idrak forması olmaq etibarilə hissi idrakın iki başlıca əlaməti vardır.

Əvvəla, hissi idrak gerçəkliyin bilavasitə inikasıdır. O, hiss üzvləri vasitəsilə xarici aləmdəki predmetlərlə tanışlıqdan başlanır. İnsan bələd olmadığı bir şeyi öyrənmək qərarına gəldikdə, hər şeydən əvvəl ona diqqətlə baxır, lazım gələrsə əli ilə ona toxunur, dadına, rənginə baxır və i.a. Şeylərin bilavasilə canlı seyri idrak yolunda başlanğıc mərhələ, birinci addımdır. Hiss üzvləri bir növ elə qapılardır ki, bunların vasitəsilə xarici aləm insan şüuruna daxil olur.

İkincisi, hissi idrak gerçəkliyin konkret inikasıdır. Bu o deməkdir ki, hissi idrakın elementləri, o cümlədən, duyğu və qavrayış konkret insana məxsusdur, rasional idrak formalarından fərqli olaraq hissi idrak formaları ümumiliyə malik deyildir. Anlayışlardan fərqli olaraq insan öz duyğu və təsəvvürlərini kiməsə olduğu kimi verə bilməz, onları maddiləşdirib başqaları ilə bölüşdürə bilməz.

Hissi idrak amorf olmayıb, mürəkkəb struktura malikdir. Hissi idrakın formaları duyğu, qavrayış və təsəvvürdür.

Duyğu insan idrakının və ümumiyyətlə, insan şüurunun ən sadə elementidir. Duyğu biliklərimizin yeganə mənbəyidir, duyğuların mənbəyi isə obyektiv reallıqdır. Duyğu predmetin ayrı-ayrı xassələrinin, xüsusiyyətlərinin, tərəflərinin insan şüurunda inikasıdır. Predmetlər isti və söyuq, hamar, yaxud kələ-kötür, acı və yaxud şirin ola bilər ki, onların bu və bir sıra başqa xassələri hiss üzvlərimizə təsir göslərərək bizdə müəyyən duyğular yaradır.

Duyğu obyektiv aləmin subyektiv obrazıdır. Duyğunun obraz olması göstərir ki, onda obyektiv və subyektiv momenllər vardır, başqa sözlə, duyğu obyektivlə subyektivin dialektik vəhdətidir.

Duyğu predmetin insana təsirini onun şüur "prizmasında" apardığı üçün o, əks etdirdiyi predmetin subyektiv, ideal obrazıdır. Duyğunun subyektivliyi aşağıdakı mənalarda başa düşülməlidir: əvvəla, bu o deməkdir ki, duyğu obraz kimi subyektə məxsus olub, ancaq onun şüurunda mövcuddur. İkincisi, həmin obraz özünün forması elibarilə subyektivdir. Adətən deyilir: "duyğu məzmunu etibarilə obyektiv, forması etibarilə subyektivdir." Məsələn, insanda ağrı duyğuları şüurdan kənarda mövcud olan hər hansı predmet və ya obyektiv qıcıqlandırıcı (determinator) tərəfindən yaradılır. Biz yanğı ağrısını ona görə duyuruq ki, dərimizə od, qızdırılmış cisim təsir etmişdir. Tamamilə aydındır ki, odun, qızdırılmış cismin özündə heç bir ağrı yoxdur, ağrı orqanizmin xarici təsirə xüsusi cavab reaksiyasıdır. Duyğu bir də o mə'nada obyektiv aləmin subyektiv obrazıdır ki, onda insan şüurundan kənarda mövcud olan cisim və hadisələrin insan orqanizminə təsiri sadəcə olaraq fikirləşmir, duyğuda həm də subyektlə ona təsir edən cisim və hadisənin obyektiv əlaqəsi əks olunur.

Duyğu eyni zamanda insanın hiss orqanlarının və bütövlükdə orqanizmin özünün fizioloji halından da asılıdır.

Duyğu predmetin ilkin, obrazlı inikasının ən elementar formasıdır. Hissi idrakın spesifikası bundadır ki, hissi inikasın tərkib ünsürləri olmaq etibarilə ayrı-ayrı konkret duyğular reallığın surətləri olsalar da, əslində bir-birindən ayrılıqda, müstəqil surətdə, predmetin və ya hadisənin bütöv obrazlı inikasından kənarda mövcud olmurlar. Odur ki, hiss orqanları vasitəsilə biz müxtəlif məkan formalarını, rəngləri, səsləri, qoxuları duysaq da, insanda bu duyğuları sintezləşdirən, onları sistemə salaraq qavrayışlara çevirən hissi qabiliyyət də təsir göstərir. Məhz qavrayışın hesabına predmet şüurda özünün bütöv predmet formasında, obyektiv, şüurdan asılı olmayan bütövlüyü şəklində əks olunur. Duyğunun obyektiv aləmin subyektiv obrazına çevrilməsi də ayrı-ayrı duyğuların hissi idrakın daha yüksək forması olan qavrayışa daxil edilməsi hesabına əldə edilir.

Qavrayış predmetin bütöv obrazıdır. Bu obraz insana məxsus bütün analizatorların, yaxud da onlardan heç olmasa bir neçəsinin birgə fəaliyyəti nəticəsində yaranır. Məsələn, gözümüz əlimizdə tutduğumuz almanın rəngi, forması, burnumuz onun iyi, dərimiz forması və temperaturu haqqında mə'lumat verir. Hiss orqanlarının verdikləri bu məlumatların birləşməsi nəticəsində şüurda almanın bütöv obrazı-qavrayışı yaranır. Sadə mülahizələr əsasında inanmaq olar ki, qavrayış duyğuların mexaniki "cəmi" deyildir. Qavrayış idraki və praktiki fəaliyyətin digər aktları ilə bağlı olub, predmetin müxtəlif təzahürlərinin fəal sintezi sayəsində yaranır. Buna görə də cismin qavranılması fəal və yaradıcı prosesdir. Məsələn, biz baxdığımız evin yalnız bir hissəsini görsək də, ev qavrayışı onu bir müstəvidə deyil, bütövlüyü halında əks etdirir. Cisim hətta bilavasitə verilmədikdə belə biz qavrayış mexanizminin mürəkkəb fəaliyyəti sayəsində onun şüurda bütöv obrazını yarada bilirik. Bu halda hissi idrakın qavrayışa nisbətən daha mürəkkəb və yüksək forması olan təsəvvür fəaliyyətə başlayır.

Həm duyğu, həm də qavrayış ancaq predmetlə bilavasitə təmasda yaranır. Lakin predmetin bizə təsirindən müəyyən vaxt ötdükdən sonra da biz beynimizdə onun obrazını canlandıra bilirik. Qavrayış əsasında yaranan bu hissi obraz təsəvvürdür.

Təsəvvür qavrayışın bir növ reproduksiyasıdır. Buna görə də cismin təsəvvürdə bərpa olunan obrazı qavrayışda verilən obrazından müəyyən cəhətlərinə görə fərqlənir:

Əvvəla, təsəvvür qavrayışa nisbətən daha ümumidir, idrakın məqsədəuyğunluğu təsəvvürdə daha güclüdür, təsəvvürdə predmetin insanı maraqlandıran cəhətləri ön plana çəkilir və qeyri-mühüm tərəflərdən sərfnəzər edilir. Buna görə də təkcə bilavasitə qavranılan predmetləri deyil, hətta heç bir zaman qavramadığımız predmetləri də təsəvvür etmək mümkündür, çünki təsəvvür yalnız yaddaş ilə deyil, həm də təxəyyul və fantaziya ilə bağlıdır. Məsələn, qədim yunan mifologiyası yarıadam-yarıat - kentavr haqqında təsəvvür yaratmışdır. Bu təsəvvürün tərkibinə nəzər salsaq görərik ki, o gerçəklikdə müşahidə etdiyimiz ayrı-ayrı varlıqların hissələrinin kombinasiyasından yaranmışdır. Təxəyyülün yaratdığı təsəvvürlər əslində real predmet və hadisələr haqqında təsəvvürlərə əsaslanır. Nəhayət, təsəvvür həmişə yaradıcı xarakter daşıyır, belə ki, insan gerçəklikdə mövcud olan elementlər əsasında real həyatda olmayan və yaxud da hələlik gerçəklikdə mövcud olmayan, lakin ya təbii prosesin, ya da praktikanın inkişafı nəticəsində gələcəkdə yarana biləcək yeni şeylər haqqında da təsəvvür yarada bilir.

Özünün adi mə'nasında işlədilən "hiss" sözü duyğu, qavrayış, təsəvvürdən başqa bir mə'na da kəsb edir; hiss anlayışı vasitəsilə biz insan emosiyasının qəzəb, qorxu, kədər, məhəbbət, nifrət, simpatiya, ləzzət, razılıq, narazılıq və s. növlərini də ifadə edirik. Hər bir adam digərindən həm də özünün emosional fərdiliyinə görə fərqlənir. Emosiyalar insanın bu və ya digər hadisəyə aydın, fəal münasibəti olub, hadisənin aşkar və ya gizli şəkildə qiymətləndirilməsini ehtiva edən "yaxşı", "xeyirxah", "ədalətli", "ədalətsiz", "gözəl", "ülvi" və b. anlayışlar vasitəsilə ifadə olunur.

Hissi idrak haqqında yuxarıda deyilənləri yekunlaşdırıb belə nəticəyə gələ bilərik ki, hissi fəaliyyətin və hissi idrakın başlıca formaları duyğu, qavrayış, təsəvvür, təxəyyül və emosiyalardır. Soruşula bilər: dünyanı dərk edə bilmək üçün insanın hiss orqanlarının sayı kifayətdirmi? Müasir elm sübut etmişdir ki, insanın hiss orqanlarının sayı dünyanı bir küll halında dərk etmək üçün kifayət qədərdir. İnsanın duyğu orqanlarının fəaliyyəti başa çatdığı yerdə onun rasional idrakı, məntiqi təfəkkürü fəaliyyətə başlayır. İnsan duyğular vasitəsilə dərk edə bilmədiklərini məntiqi təfəkkür, ağıl və zəka vasitəsilə dərk edir.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin