Yeniyetmə və gənclərdə addiktiv davranışın motivasiyası və təzahür



Yüklə 77,98 Kb.
Pdf görüntüsü
tarix07.04.2017
ölçüsü77,98 Kb.
#13569

 



Yeniyetmə və gənclərdə addiktiv davranışın motivasiyası və təzahür 



xüsusiyyətləri 

Nuralı Zərbalı oğlu Çələbiyev 

Azərbaycan Müəllimlər İnstitutunun  Şəki filialı 

n_chelebiyev@mail.ru 

 

Müasir cəmiyyət  ictimai  həyatın  bir  çox  sahələrində böhranlı hadisələrlə  xarakterizə  olunur. 



Adət  edilmiş  stereotiplərin  kəskin  dəyişməsi,  cəlb  edildiyimiz  Dağlıq  Qarabağ  münaqişəsi,  əmək 

bazarındakı vəziyyət, maliyyə vəziyyətinin qeyri-stabilliyi, dünyanın bir çox ölkələrində olduğu kimi, 

respublikamızda  da  əhalinin  əksəriyyətində  sabahkı  günə  inamsızlığa,  təhlükəsizlik  hisslərinin 

itirilməsinə və əhval düşkünlüyünə səbəb olur.  Gerçəklik qarşısında acizlik,  ümidsizlik və bunların 

yaratdığı  qorxu hissi bir çox insanlarda reallıqdan qaçış motivini gücləndirir. Yeni şəraitə adaptasiya 

potensialı zəif olan insanlar  bu risklərdən daha çox əziyyət çəkirlər. Fasiləsiz və sürəkli frustrasiya və 

stresslərdən müdafiə vasitələri axtaran bir çox insanlar addiktiv davranış strategiyasına-ilk növbədə 

alkoqol  və  narkotikadan  sui-istifadə  yolu  ilə  düşdükləri  psixoemosional  vəziyyətlərini  süni  yolla 

konpensasiya etməyə üstünlük verirlər. Statistikaya görə hazırda respublikamızda rəsmi qeydiyyatda 

olan    narkomanların  sayı  30  minə  yaxındır  ki,  onların  da  1344  nəfərini  15-17  yaşlı  yeniyetmə  və 

gənclər  təşkil  edir.  Bir  sıra  tədqiqatçıların  qənaətinə  görə  narkotik  vasitələrin  istehlakçıları  arasında 

yeniyetmə və gənclərin sayı sürətlə artmaqdadır, onlardan istifadə üsulları genişlənir. “Yeniyetmə və 

gənclər  deviant  davranışlara  ən  çox  meylli  təbəqə,  yaş  qrupu  hesab  olunur.  Deviantizmin  ən  çox 

müşahidə olunduğu və tədqiqat obyektinə çevirən də məhz yeniyetmələrdir. [ 11,səh.79] Kustar üsulla 

hazırlanmış  və  sintetik  tərkibli  pereparatlardan  bəzi  yeniyetmə  və  gənclər  diskotekalarda,  barlarda, 

müxtəlif  əyləncə  məclislərində  geniş  istifadə  edirlər.  Müasir  dövrdə  gənclik  narkotizmi,  sosial 

məzmun  daşımağa    başlamış  və  real  milli  təhlükəsizlik  probleminə,  davamlı  insan  inkişafına  əngəl 

olan sosioneqativ amillərdən birinə çevrilmişdir.  “İctimai inkişafın bu  və ya başqa qeyri-konstruktiv 

prosesləri,  cəmiyyətdəki  iqtisadi  situasiyalar,  qeyri-sabit,  ictimai  cəhətdən  davranış  yayınmalarını 

şərtləndirən mikromühit gənclərdə asosial davranış üçün münbit şərait yaradır”. [ 2,səh.301] 

 

Rus  psixoloqu  İ.S.Kon  yazırdı:  “deviant  davranış  müxtəlif  formalarda  təzahür  edir,  onların 



hamısı  qarşılıqlı  əlaqədədir.  Sərxoşluq,  narkotika  qəbulu,  aqressiv  davranış,  hüquqa  zidd  davranış 

vahid  blok  yaradırlar.  Yeniyetmənin  bir  deviant  davranış  növünə  qoşulması  onun  digər  növlərinə də 

cəlb olunma ehtimalını artırır”. [3,səh.251] 

 

Məlumdur ki, insanın həyatı onun davranışında və müxtəlif fəallıq formalarında təzahür edir. 



İstər  fiziki, istər  sosial, istərsə  də psixi fəallıq  formaları  bir-biri  ilə elə  mürəkkəb  qarşılıqlı  əlaqə  və 

asılılıq yaradır ki, onlar arasında kəskin sərhədlər qoymaq mümükün olur. İnsanın şüuru ilə davranışı 

arasındakı  vəhdət  və  asılılıq  onun  davranışının  xarakterini  şərtləndirir,  əşya  və  hadisələr  arasındakı 

əlaqələrin  intellektual  baxımdan  qiymətləndirilməsinə  imkan  yaradır.  İnsanların  kiçik  yaşlarından 

vərdiş etdikləri  hərəkətləri və davranış xüsusiyyətləri zaman-zaman təkrarlanaraq dinamik stereotipə- 

şərti reflekslərin möhkəmlənmiş sisteminə çevrilir. 

Cəmiyyətdə qəbul edilmiş mənəvi, hüquqi və sosial standartların və normaların pozulmasının 

səbəblərinə  və  onların  aradan  qaldırılması  problemlərinə  artan  diqqət  və  narahatlıq  sosiologiya, 

koreksiyaedici  pedaqogika  və  psixologiya  elmlərinin  qovuşuğunda  “deviantologiya”  adlanan  yeni 

elm sahəsinin yaranmasına gətirib çıxarmış, “davranış qüsurları” anlayışı yerinə “deviant”, “addiktiv”, 

“delikvient” davranış terminləri daha geniş işlənməyə başlamışdır.  

Yeniyetmə  və  gəclərdə  davranış  qüsurlarının  və  ya  müasir  terminlərlə  desək,  “deviant”, 



“addiktiv”  və  “delikvient”  davranışın  müxtəlif  təzahürlərinin    meydana  gəlməsi  psixoloji, 

psixofizioloji, və sosial –pedaqoji olmaqla kompleks səbəblərlə bağlıdır. 

Ailədə  kiçik  yaşlarından  uşaqlarda  faydalı  vərdişlərin  inkişafı  və  formalaşdırılmasına 

düşünülmüş  rəhbərlik  gələcəkdə  onların fiziki  sağlamlığı,  sağlam  həyat  tərzinə  yiyələnməsi  və  fərdi 

həyat  üslubunun  formalaşmasının  zəruri  şərtidir.  Sağlam  olmayan  ailə  özü  inkişaf  potologiyası 

yaradır. Yeniyetmə diqqət və qayğıdan kənarda qaldığı zaman “ailə çatışmazlığı”, “sosial aclıq” kimi 

hisslərlə  yaşayır  ki,  belə  zəruri  ünsiyyətin  olmaması  da,  onu  spirtli  içki  və  narkotik  maddələrə 

meylləndirir” [6,səh.29] 



 

 



İnsan    psixikası  çox  çevik,  tez  uyğunlaşma  qabiliyyətinə,  yüksək  səmərəliliyə  və  böyük 

ehtiyatlara  malik,  özünü  bərpa  edən  sistemdir.  Bununla  belə,  bu  qəribə  sistemin  özünəməxsus  zəif 

tərəfləri  və  müəyyən  həddə  qədər  dözümlülük  sərhədləri  vardır.  Bir  çox  hallarda  insanların 

qarşılaşdığı davamlı stresslər və psixotravmatik vəziyyətlər bu sərhədlərin dağılmasına gətirib çıxarır. 

Normal  vəziyyətlərdə  insan  psixikasının  müdafiə  mexanizmləri  qeyri-adekvat,  destruktiv  hərəkətləri 

tənzimləmək gücündə olsa da, kritik vəziyyətlərdə və uzun müddət psixikaya təsir göstərən destruktiv 

amillər  insanın  normal  psixi  həyatında    neqativ  dəyişkənliyə-müxtəlif  deviant  davranış  formalarının 

yaranmasına səbəb olur.  

Müasir    elmi-sosioloji  və  psixoloji  ədəbiyyatlarda  deviant  (normadan  kənar)  davranışın,  

addiktiv  (asılı),  destruktiv  (dağıdıcı)  və  delikvient  (hüquqa  zidd)  olmaqla  üç  əsas  tipi  fərqləndirir. 

Yaşadığımız zəmanədə insanlar, o cümlədən yeniyetmə və gənclər arasında addiktiv (addiction-zərərli 

vərdiş,meyl)  davranışın  müxtəlif  formalarına  heç  də  az  təsadüf  olunmur.    Zəmanəmizdə  deviant 

davranışın  digər  bir  sıra  formaları  kimi,  addiktiv  davranış  formalarının  da  yeniyetmə  və  gənclərin 

həyat  üslubuna,  yaşam  tərzinin  bir  hissəsinə  çevrilmə  riski  get-gedə  artmaqdadır.  Asılılıq  meylləri 

yaradan  addiktiv  davranışın  “internet-addiksiya”,  “kompyuter  addiksiyası”,  “qeyri-kimyəvi  və 

kimyəvi  addiksiya”,  “qumar  oyunları  addiksiyası”,  “televiziya  və  serial  addiksiyası”  və  s.  kimi 

formaları geniş yayılmaqdadır. “Addiktiv davranışın asılı davranışa keçməsi bu keçidi şərtləndirən bir 

sıra  amillərlə  müəyyən  edilir.  Bu  amillər  insanın  təbiətindən  asılı  olaraq  ənənvi  qaydada  sosial, 

psixoloji və bioloji olmaqla üç qrupa ayrılır. Sosial amillərə moda, məsuliyyət səviyyəsi, yeniyetmə 

qruplarının  təsiri,  psixoloji  amillərə  xarakterin  aksentuasiya  tipi,  meydana  çıxan  yeni  kəskin 

duyğuların  cəlbediciliyi,  həzz  almağa  yönəlişlik,  sosial  maraqların  olmaması  və  özünütəsdiq  cəhdi, 

bioloji  amillərə  isə  ilkin  tolerantlıq  səviyyəsi,  irsi  meyllilik,  beyində  üzvi  zədələnmələr,  xroniki 

xəstəliklər və qəbul edilən maddənin təbiəti aiddir. [4,səh.35-36] 

Addiktiv  davranış  problemini  təddiq  edən  bir  sıra  alimlər  (H.Selye,  E.P.İlin,  L.P.Qrimak, 

T.P.Korolenko,  A.S.Timofeyeva,  K.Chermin  və  b.)  bu  davranış  tipini  insanın  özünə  və  cəmiyyətə 

zərər  vuran  deviant  davranış  formalarından  biri  kimi  səciyyələndirirlər.  Addiktiv  davranış  dedikdə, 

insanın  öz  psixi  vəziyyətində  müxtəlif  vasitələrdən  -psixikaya  təsir  göstərən  formakoloji  və  qeyri-

formakoloji  vasitələrdən  istifadə  etməklə  reallıqdan  qaçma  cəhdləri  nəzərdə  tutulur  ki,  bu  da 

xoşagəlimli emosional vəziyyətlərin yaranmasında stimul rolunu oynayır. 

Psixologiyada  “motivasiya”  anlayışı  insanı  fəaliyyətə  yönəldən,  onu  müəyyən  edən, 

orqanizmin fəallığını təmin edən dərk olunan təhrik və konkret fəaliyyətin tənzimi prosesi kimi izah 

olunur.  İnsanlarda  motivasiyanın  ilkin  (təlabat,  meyl,  instinkt)  və  konkret  motiv  formasında təzahür 

edən ikinci olmaqla iki əsas növü özünü göstərir. 

Məlumdur  ki,  ABŞ  psixoloqu,  A.Malounun  “İnsan  təlabatlarının  icrarxik  strukturu”nda 

təlabatlar yeddi səviyyəyə bölünmüşdür. Bunların sırasında yalnız şəxsiyyətə aid, onun şəxsi inkişafını 

təmin edən özünüaktuallaşdırma təlabatları ali təlabatlar, insanı heyvanlarla birləşdirən fizioloji (üzvi) 

təlabatlar isə aşağı təlabatlar kimi qeyd olunur. [5,səh.230] 

İnsanın davranış motivləri müxtəlif təhrikedici qüvvələrlə müəyyən edilir. Bu qüvvələrə üzvi 

təlabatlar, bəsit həvəslərlə yanaşı, mənəvi ehtiyaclarla bağlı yüksək maraqlar da daxildir. 

İnsanlarda  addiktiv  davranış  meyllərinin  meydana  gəlməsinin  motivləri  geniş    və  əhatəlidir. 

Burada insanaların fərdi xüsusiyyətlərinin  və mühit təsirlərinin  xarakteri başlıca amil kimi nəzərdən 

keçirilə bilər. Zəif sinir sitemi tipinə və psixikaya malik olan insanlar gündəlik həyatda qarşılaşdıqları 

çətinliklər  qarşısında    daha  çox  acizlik  göstərir,  əhval  düşkünlüyünün  yaratdığı  diskomfort 

vəziyyətlərdən  çıxış  yolunu  əhvalı  yüksəldən  müxtəlif  stimullyantlardan    istifadə  də  görürlər.  Belə 

vəziyyətlərdə insanların daha çox istifadə etdikləri addiktiv vasitələr alkoqol  narkotikadır. 

Deviant    davranışın  digər  formaları  kimi,  addiktiv  davranışın  da  yaranmasının  özünəməxsus 

motivləri vardır. Gənclik və yaşlılıq illərində bunların sırasında sosial cəhətdən  çətin, əlverişsiz həyat 

şəraiti,  əvvəlki  həyat  ideallarının  itirilməsi  və  “xəyal  qırıqlığı”  kimi    psixotravmatik  vəziyyətlər, 

yanlış rol gözləmələri, ailənin dağılması, iş yerinin itirilməsi, sosial təcridolunma, doğma adamların və 

dostların itkisi, adət edilmiş həyat stereotiplərinin kəskin dəyişməsi və s. aparıcı yer tutur. 

“Natamamlıq  kompleksi”  haqqında  təlimin  yaradıcısı,  məşhur  Avstriya  psixoloqu  Alfred 

Adler  öz  həmkarı  Zidmund  Freyddən  fərqli  olaraq  insanlarda  destruktiv  hərəkətlərin  meydana 

çıxmasının  motivlərini  seksual  təhriklərdə  deyil,  şəxsi  və  sosial  amillərdə  görürdü.  Onun  fikrincə, 



 

insanların  destruktiv  davranışlara  (məsələn,  alkoqol,  narkotikadan  istifadə  və  s.)  yönəlməsinin 



mənbəyində  öz  köməksizliyini  və  cəmiyyətdə  yadlaşmasını  kompensasiya  etməyə  imkan  verən 

özünümüdafiə mexanizmləri durur. A.Adlerə görə, alkoqol asılılığı olan şəxsin sərxoşluğunun kliniki 

mənzərəsinin  simptomatikasının etiologiyası bütövlükdə narkotika və toksiki maddələrdən  istifadəyə 

aludə olan şəxsin mərkəzi sinir sisteminin patofizioloji qanunauyğunluğunun yaratdığı eyni mənbədən 

başlanğıc  götürür.  K.Horney,  E.Fromm  kimi  neofreydistlərin  mövqeyini  dəstəkləyən    A.Adler 

Freydin  panseksualizmini  inkar  edərək    qeyd  yazırdı  ki,  alkoqolizm  insanın  öz  mühitində 

yadlaşmasının, tənhalaşmasının, ətraf real gerçəklik qarşısında qorxusunun və aciz qalmasının izidir. 

Bu  mövqe    mövcudluq    fəlsəfəsinin-ekzistensializm  və  ya  antropoloji  təhlil  nəzəriyyəsinin 

nümayəndələri  Yaspres,  Heideger,  Sartr  və  s.  nəzəri  görüşləri  ilə  uyğunluq  təşkil  etdiyindən, 

psixoterapevt    və  psixiatrlar  Binsvanger,  Stransky  və  b.  alkoqolizmin  müalicəsində    və  özlərinin 

müalicə  praktikasında    qeyd  olunan  mövqedən  çıxış  edirdilər.  Müasir  dövrdə,  postsovet  psixiatriya 

məktəbinin    bir  çox  nümayəndələri  (V.E.Rojnov,  İ.V.Strelçuk,  N.V.İvanov,  Q.S.Belyayev  və  s.) 

addiktiv davranışın aşağıdakı formalarının geniş yayıldığını qeyd edirlər: 

-

 



alkoqol və nikotin qəbulu

-

 



narkotika  da  daxil  olmaqla  insanın  psixi  vəziyyətini  dəyişdirən  müxtəlif  maddələrdən, 

dərmanlardan, toksiki vasitələrdən istifadə; 

-

 

kompyuter oyunları da daxil olmaqla müxtəlif qumar oyunlarında iştirak; 



-

 

seksual addiktiv davranış; 



-

 

yemək hərisliyi və acqalma; 



-

 

televizora bağlılıq, aşağı ritm tezlikli musiqi dinləmək; 



-

 

siyasət, din, sektantlıq, böyük idman; 



-

 

öz psixikası ilə manipulyasiya; 



-

 

“fentezi”, “qadın romanları” üslubunda yazılmış ədəbiyyatlarla qeyri-sağlam əyləncə və s. 



Müasir  dövrdə  addiktiv  davranışın  geniş  yayılmış  formaları  içərisində  “sosial  şəbəkə 

asılılığı”, “mobil telefon”  “internet asılılığı” kimi yeni formaları diqqəti daha çox cəlb edir.  

Insanın düşdüyü problemli vəziyyəti addiktiv yolla həll etmək meyli psixikanın dərinliyində 

yaranır və emosional təlabatlara və əlaqələrə olan ehtiyacları başqa adamlarla  deyil, cansız əşyalarla 

və  ya  fəallıqla  təmin  etmək    təşəbbüsləri  ilə  səciyyələnir.  İnsan  emosional  istiliyə,  intimliyə  olan 

ehtiyaclarını  real  insanlardan  əldə  edə  bilmədikdə,  bu  cür  müxtəlif  süni  vasitələrə  əl  atır.  Addik 

davranışlı şəxslər ətrafdakı insanların belə davranışın onun həyatı və gələcəyi üçün zərərli və təhlükəli 

olması  haqqında  iradlarını  əksər  hallarda  formal-məntiqi  səviyyədə  anlasalar  da,    adətən  özlərini 

müdafiə  üçün  müxtəlif  arqumentlərə  istinad  edirlər.  Onların  “sakitlik  üçün  istifadə  edirəm”, 

“əsəblərimi sakitləşdirirəm”, “mənfi emosialardan azad oluram”, “alkoqol radiasiyadan müdafiə edir”, 

“alkoqol maddələr mübadiləsini yaxşılaşdırır” və s. kimi  mülahizələri əslində illüziyalardan başqa bir 

şey deyildir. Müasir tədqiqatlar təsdiq edir ki, insan orqanizmində elə bir orqan və toxuma yoxdur ki, 

alkoqol  ona  toksiki  təsir  göstərməsin.  Molekulyar  səviyyədə  alkoqol  zülal,  karbohidrat  və  yağların 

sintezinə müdaxilə edir, ferment metabolizmini pozur. 

Yeniyetmə  və  gənclərdə  davranış  qüsurlarının  meydana  gəlməsində  normal  yaş 



böhranlarının,  sinir sistemi tipinin, ailədaxili münasibətlərin, onların daxil olduqları sosial qrupların 

güclü  təsiri  vardır.  Bu  cəhətdən  əlverişsiz  həyat  şəraitinin,  ailə  tərbiyəsinin,  uşaq  və  yeniyetmə  ilə 

ünsiyyət üslubunun xarakteri daha təsirli  amil kimi tərbiyə işində daim nəzərə alınmalıdır.   Ailədə ata 

ilə ana,  valideynlərlə uşaqlar  arasında  qeyri-normal  münasibətlər  olduqda,  hər kəs  öz  mənafeləri ilə 

yaşadıqda,  uşaq  və  yeniyetmələrin  problemlərinə  etinasız  münasibət  bəslənildikdə,  onlar  diqqət  və 

qayğıdan  kənarda    qaldıqda  tədricən  mənəvi  baxımdan  öz  valideynlərindən    uzaqlaşır,  doğmalıq 

hissləri  zəifləməyə  başlayır.  Belə  münasibətlər  mühitində  böyüyən  uşaq  və  ya    yeniyetmə  tədricən 

ailədən    soyuyur,  tərbiyəvi  təsirlərə    biganəlik  və  ya  müqavimət  göstərir,  “deviant”  davranış  sabit 

xarakter almağa başlayır, ailədə nəsillər arasında konfliktlərə meydan açılır. 

Məlumdur  ki,  yeniyetməlik  və  erkən  gənclik  yaş  dövrləri  sosial-psixoloji  baxımdan  ən 

mürəkkəb dövrlər hesab olunur. Bu yaş dövrlərində sinir-psixi pozğunluqlar sırasında “deviantlıq” və 

ya  davranış  pozğunluğu  sindromu”  birinci  yerdə  durur.  Belə  davranış    əksər  hallarda  alkoqol  və 

müxtəlif toksiki tərkibli maddələrdən istifadə ilə müşayət olunur.  

İnsanı asılı həyat yaşamağa məhkim edən addiktiv davranış mexanizmlərinin kökləri uşaqlıq 

yaş  dövrləri,  ailə  tərbiyəsinin  xüsusiyyətləri  ilə  bağlıdır.  Evdə,  valideynlərin  mühitində  uşaq 



 

şəxsiyyətlərarası əlaqələrin və emosional münasibətlərin “dilini” öyrənir. Əgər uşaq valideynlərindən 



dəstək, emosional istilik görmürsə, onda psixoloji müdafiəsizlik hissi baş qaldırır. Uşaq böyüdükcə, bu 

hiss  onun  həyatda    qarşılaşdığı  insanlara  köçürülür  və  yaranmış  diskomfort  yeniyetmə  və  gəncləri 

fəallığı artıran, süni komfort  və eyforiya vəziyyəti yaradan müxtəlif maddələrdən istifadəyə təhrik 

edir.  Bu,  əvvəlcə  yeniyetmə  və  gənclərdə  ilk  sınaqlardan  başlanır,sonda  faciəvi  sonluqla  başa  çatır, 

yəni tam asılı davranış tipinə çevrilir. Rus sosioloqu Y.Qlinskinin qənaətinə görə, yeniyetmə yaşında 

olan oğlanların 75%-nin alkoqolla tanışlığı var və belə içkilərin “dadını” bilirlər. 

 

Addiktiv  şəxsiyyətin  baza  xarakteristikasında    “asılılıq”  sindromu  əsas  yer  tutur.  Addiktlər 



özünümüdafiə  üçün  psixoloqların  “istək  üzrə  təfəkkür”  adlandırdıqları  mexanizmdən  məharətlə 

istifadə  edirlər  ki,  bu  zaman  təfəkkürün  məzmunu  emosiyalara  tabe  vəziyyətdə  olur.  Belə  hallarda 

qedonistik  (həyat  zövq-səfa  üçündür)  ustanovkalar  güclənir,  sərvətlərdən  istənilən  yolla  həzz  almaq 

cəhətləri baş qaldırır. 

Addiktiv davranışlı yeniyetmə və gənclərdə şəxsi avtonomiya və gənclik subkulturası ilə bağlı 

motivasiya  üstünlük  təşkil  edir  və  real  həyatda  onların  çoxunda  passiv  qiyam,  az  bir  qismində 

emansipasiya reaksiyaları, bir qismində isə öz “mən”-ini müdafiə motivasiyası daha yüksək səviyyədə 

ifadə olunur. 

Addiktiv davranış insanların öz yaşıdları, real həyatda başqa adamlarla  emosional qarşılıqlı 

münasibətlərin pozulmasına gətirib çıxarır. Bu, real ünsiyyətin azalmasında, reallıqdan qaçışda, başqa 

adamlardan  artan təcridolunma hallarında özünü  biruzə verməyə başlayır, bir ısra hallarda hətta ev 

heyvanlarına  qarşı  addiktiv  münasibətlə  əvəzlənir.  Addiktiv  davranışlı  insanlara  cəmiyyətin 

münasibəti həmişə birmənalı olaraq neqativ qiymətləndirilir. Onların asılı olduğu canlı və  ya cansız 

əşyalar və fəallıq formaları ekzissensial insan ünsiyyətini əvəz etdiyindən belə adamlar zəif iradəli və 

meyl  pozğunluğu  olan  psixopat  sosial  persepsiya  obyekti  kimi  qavranılır.  Addiktlərə  qarşı  yönələn 

neqativ sosial qiymətləndirmə nəticəsində onlar cəmiyyətdə sosial təcrid vəziyyəti ilə üzləşirlər. 

Addiktivlik probleminin mahiyyətinin düzgün dərk edilməməsi insanlar, bütövlükdə  cəmiyyət 

üçün  çox  ciddi  mənfi  nəticələrə  gətirib  cıxara  bilər.  Alkoqolizm,  narkomaniya,  siqaret  aludəçiliyi, 

toksikomaniya kimi addiksiyalar doğurduğu fəsadlara görə daha ağır nəticələrə səbəb olur. 

Addiktiv  davranışın  yaranması  uzunmüddətli  və  mürəkkəb  prosesdir.  O,  “ilk  sınaqlar”, 



“addiktiv  ritm”,  “addiktiv  davranış”,  “addiktiv  davranışın  tam  hakimiyyəti”    və  “fəlakət” 

adlanan beş ardıcıl mərhələdən keçir. “Fəlakət” adlanan sonuncu mərhələdə şəxsiyyətin deqradasiyası, 

onun yalnız psixi deyil, bioloji planda da  dağılması baş verir. 

Addikt  alkoqolik,  toksikoman  və  narkomanların  bu  zərərli  vasitələrlə  imitasiyası  onların 

müxtəlif  bədən  orqanları    və  sistemlərinin    zədələnməsinə  gətirib  çıxarır.  Bu  mərhələdə  addikt 

alkoqolik və narkomanlar asılı olduqları vasitələri əldə etmək üçün oğurluq etmək, qarətlər törətməklə 

ictimai  asayişi  və  hüquq  normalarını  tez-tez  pozurlar.  Belələrində  özünəqəsd  (suisid)  riski  həmişə 

yüksək olur.  Alkoqol və narkotika alışqanlığı nəticəsində insanlarda müxtəlif ruhi pozqunluqlar, fiziki 

rahatsızlıqlar,  cinayət  və  intihar  təşəbbüsləri,  hətta  ölüm  hallarına  heç  də  az  təsadüf  olunmur. 

[1,səh.103]  Addiktlər  cəmiyyətdə  sosial  nüfuzlarının  itirməklə  yanaşı,  həyat  boyu  “əyləncə 

patologiyası”nın qurbanı olurlar. Düşdükləri vəziyyət onlarda yadlaşma, çarəsizlik, tənhalıq, dünyadan 

təcrid  olunma  kimi  davranış  pozğunluqlarına,  aqressiya,  azğınlıq  və  qəzəblilik  kimi  emosional 

pozulmalara gətirib çıxarır. 

Addiktiv davranışı şərtləndirən motivlər sırasında  ataraktik motivasiya aparıcı yerdə durur. 

Addiktiv davranışlı insanların əksəriyyəti belə hesab edir ki, istifadə etdikləri maddələr və ya vasitələr 

onlara  düşdükləri  emosional  diskomfortdan  azad  olmaqda  və  ya  onun  yumşaldılmasında    kömək 

göstərir,  normal  emosional  vəziyyətə  qayıtmaqda  yardımçı  olur.  Qedonistik  (dünyaya  zövqü  –səfa 

kimi  baxan)motivasiyalı  addiktlər  istifadə  etdikləri  maddələri  (alkoqol,  narkotika)  onlara  adi  əhval-

rihiyyədən  fərqli  olaraq,  yüksək  məmnunluq  hissi  (eyforiya)  bəxş  etdiyini  söyləyirlər.  Hiperaktiv 

davranış motivasiyasına istinad edənlər isə qeyd edirlər ki, bu maddələr fəallaşdırıcı (məsələn, cinsi 

fəallığın stimulyasiyası) təsir gücünə malikdir. Psevdomədəni motivasiyalı addiktlər isə dünyagörüşü  

ustanovkalarına  və  şəxsiyyətin  estetik  zövq  mənbələrinə  üstünlük  verir,  belə  davranışa  özünütəsdiq 

təlabatını təmin etmək vasitəsi kimi baxırlar. 


 

Mürəkkəb həyat situasiyaları, psixoloji diskomfort vəziyyətləri insanları addiktiv reaksiyalarla 



təhrik  edir.  Tədricən  belə  davranış  vərdişə  çevrilir,  yəni  şəxsiyyətin  yeni,  asılı    xüsusiyyətləri 

formalaşır.  

 

 

 



 

 

Ədəbiyyat  

1.

 



Alparslan Özyazıçı. Alkoqollu içkilər, siqaret və digərləri, Ankara-1997,   112 səh. 

2.

 



Ahmet  Duysak.  Müasir  şəraitdə  gənclərdə  asosial  davranışın  bəzi  sosial-psixoloji  xüsusiyyətləri.//  Azərbaycan 

Dillər Universitetinin Elmi Xəbərləri. Bakı.2013, N 3, səh.301-307. 

3.

 

Кон И.С.Психология ранней юности, Просвещение, Москва-1989.255 стр.  



4.

 

Личко А.Е, Битенский В.С. Подростковая наркомания. Медицина, Ленинград-1991,287 стр. 



5.

 

Немов Р.С.Психология, Просвещение, Москва-1990, 301 стр. 



6.

 

Mehdi Farizoğlu. Narkomanlığı aludəçiliyin ictimai-səbəbləri // Dövlət və din, İctimai fikir toplusu, Bakı- 2010, N 



4, səh.26-33. 

7.

 



Петровский  А.В.,  Петровский  В.А.  Категориальная  система  психологии.//  Вопросы  психологии.,  Москва-

2000, № 2, стр.9-13. 

8.

 

Педагогика здоровья, Педагогика-пресс, Москва-1992, 288 стр. 



9.

 

Психологическая работа с девиантными подростками: проблемы и возможности. Волгоградская Академия 



Государственной Службы, Волгоград-2009, 316 стр. 

10.


 

Воспитание  трудного  ревенка.  Дети  с  девиантным  поведением./  Под  ред.  М.И.Рожкова,  Владос,  Москва-

2003,240 стр. 

11.


 

Zəhra Moin Həsənqızı. Deviantizmin mahiyyəti və bəzi problemlərinin həllində din amili // Dövlət və din ictimai 

fikir toplusu. Bakı-2010, N6, səh.76-80 

 

Yeniyetmə və gənclərdə addiktiv davranışın motivasiyası və təzahür xüsusiyyətləri 



Xülasə 

 

Məqalə  yeniyetmə  və  gənclərdə  addiktiv  (asılı)  davranışın  formalaşmasının  psixoloji  mexanizmlərinin  və 



motivlərinin  araşdırılmasına  həsr  olunmuşdur.  Müəllif    yeniyetmə  və  gənclərdə  kimyəvi  və  qeyri-kimyəvi  addiksiyaların 

yaranmasını şərtləndirən risk amillərini  və onların doğurduğu sosial nəticələri təhlil etmişdir.  



Açar sözlər: addiktiv davranış, motivasiya, alkoqol asılılığı, narkomaniya, internet addiksiya, addiktiv ritm, gənclik  

                      subkulturası 



Yeniyetme ve genclerde addiktiv halin motifleri, onların ortaya çıkma özellikleri 

 

 



 

 

 



 

Özet 

 

Yazı yeniyetme ve genclerde bağımlı halların psixoloji mexanizma ve motiflerinin oluşdurmasının  incelenmesine 



ayırlanmışdır.  Yazar  yeniyetme  ve  genclerde  kimyasal  ve  antikimyasal  bağımlıklıların  ve  onları  şarta  bağlayan  sosyal 

sonucların risk faktörlerini çözümlümişdir.  



Kilitli sözler: bağımlı hal, motif,alkollü bağımlılık, uyuşturuluk, internet-addiksiya, addiktiv-ritm, genclik subkulturası 

Juvenile and additive features of motivation of the behaviors and appearance in (the) young 

Summary 

Article  juvenile  and  additive  (dependent  (on)  /thinning)  have  been  devoted  (dedicated)  to  (the)  investigating  of  the 

psychological  mechanisms  and motives of the forming of the behaviors in (the) young.  Author juvenile and in (the) young 

chemical  and  other  chemical  (the)  factors  of  risk  causing  (caused)  appearance  arising  and  he  (she,  it)  has  analyzed  social 

results their provoked (created).  

Key words: Addiktiv dependence of behaviour, motivation, alcohol, narcotism, Internet addiksiya, addiktiv rhythm, youth  

                     subkulturası 

 

 

Аддитивное поведение у подростов и молодѐжи и особенности их проявления. 



 

 

 



 

 

 



Резюме 

 

Статья  посвящена  исследованию  психологических  механизмов  и  мотивов  формирования  аддитивного 



поведения  у  подростков  и  молодѐжи.  Автор  проанализировал  рисковые  факторы  у  подростков  и  молодѐжи, 

обуславливающие  возникновения  химических  и  нехимических  аддукций  и  порождающие  их  социальные 

последствия. 

Ключевые слова: аддиктивное поведение, мотивация, алкогольная зависимость,наркомания, интернет-аддикция,  

                                аддиктивный ритм, молодежная субкультура



  

Yüklə 77,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin