Dialektik inkar və sintezlər-Sovet fəlsəfi ədəbiyyatında dialektikanın üç qanunu: əksliklərin vəhdəti və mübarizəsi, kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi və inkarı inkar qanunu göstərilmişdir. Bu qanunların şərhi zamanı müxtəlif müəlliflər müxtəlif əsaslarla bu və ya digər qanunu birinci verir və bunun da dialektik zərurət olduğunu sübut etməyə çalışırdılar. Biz də öz növbəmizdə həmin qanunların şərhində yeni yanaşma üsuludan istifadə edəcəyik. Hegel dialektikasını işləyib hazırlayarkən «inkar» anlayışından istifadə etmişdir. O, iqrar edirdi ki, mütləq ideyanın məntiqi inkişafında bir kateqoriya digərini “inkar edir”, lakin eyni zamanda onda qiymətli nə varsa qoruyub saxlayır. Marksist fəlsəfədə inkar dedikdə, inkişaf prosesində köhnə keyfiyyətin qanunauyğun surətdə ondan nəşət edən yeni keyfiyyətlə əvəz olunması nəzərdə tutulur. Çox vaxt inkişaf prosesində köhnə keyfiyyətin yeni keyfiyyətlə bu cür əvəz olunması şeyin öz əksinə çevrilməsi xarakterində olur. Bu qanuna tərif versək deməliyik: onun fəaliyyəti inkar olunanla inkar edən arasında əlaqə, varislik yaradır, buna görə inkar heç də keçmişdə inkişafın bütövünü rədd edən quru, əbəs bir inkar kimi deyil, qabaqkı mərhələlərin bütün müsbət cəhətlərini özündə saxlayıb hifz edən, çıxış pillələrinin bəzi cəhətlərini yüksək əsas üzərində təkrar edən və ümumiyyətlə irəliləmə xarakterində, mütərəqqi xarakterdə olan bir inkişaf üçün şərtdir. Marks yazmışdı ki, “heç bir sahədə, öz əvvəlki mövcudluq formalarını inkar etməyən inkişaf əmələ gələ bilməz”. İnkarın ən ümumi xarakteri həm dialektiklər, həm də mexanistlər tərəfindən etiraf edilir. Onlar praktikada hansı inkara əsaslanırlar? Bu məsələdə onlar müxtəlif mövqedə dururlar. İnkarın mexanist anlamlı iki formada çıxış edir:
1) inkişafın əvvəlki mərhələsi ilə varisliyi tam inkar etmək, dağılma (dağıdılma) momentinin mütləqləşdirilməsi;
2) inkişafda varislik momentinin mütləqləşirilməsi; birincisi nihilizmdir. Nihilizm quru inkar, yeniliyin köhnəliklə varislik əlaqəsinin və inkişafının keçmiş pillələrində kəsb edilmiş müsbət məzmunlu nə varsa, hamısını diqqətlə qorumaq lüzumunun başa düşülməməsi, nəinki nəzəri cəhətdən səhvdir, həmçinin əməli fəaliyyətdə də böyük yanlışlıqlara doğru aparır. Quru inkar, əbəs inkar, skeptik dialektikada xarakterik və mühüm deyildir. Dialektikadakı inkar ünsürü onun ən mühüm ünsürüdür. Dialektikada inkar əlaqə momentidir, müsbətin saxlanması ilə inkişaf momentidir. Lakin inkişaf bir hadisənin onu əvəz etməli olan digər hadisə tərəfindən “inkar edilməsi” ilə bitmir.
Yeni meydana gələn hadisənin özündə də ziddiyyətlər olur. İlk zamanlar bu ziddiyyətlər gözə çarpmaya bilər, lakin zaman keçdikcə hökmən həmin ziddiyyətlər aşkara çıxır. İndi yeni bünövrə üzərində mübarizə başlanır ki, bu mübarizə də ən nəhayət labüd olaraq yeni «inkara» gətirib çıxarır. Bütövlükdə obyektiv aləm əbədi və intəhasızdır, lakin onu təşkil edən şeylər məkan və zaman daxilində məhduddur, bunlar keçicidir və “inkara” məruz qalırlar. Əslində heç bir inkar axırıncı deyilir. İnkişaf kəsilməzdir və davam edir, ona görə də sonrakı “inkar” özü də gələcəkdə “inkar” edilir. İnkar vasitəsilə inkişafın irəliləmə xarakteri təmin olunur.
Həm təbiətdə və həm də cəmiyyətdə inkar varisliyi qorumaqla yanaşı, inkişafın spiralvari hərəkətini müəyyənləşdirir. Məsələn, cəmiyyət dairə üzrə və düzxətt ilə deyil, spiral xətti ilə inkişaf etmişdir, edir və edəcəkdir. Bu inkişaf keçmişin bəzi cəhətlərini təkrar edərsə də, müqayisəyə gəlməz dərəcədə yüksək inkişaf pilləsində təkrar olunur. Əslinə qalanda inkişafın dialektik anlayışının ən mühüm cəhəti elə budur. Keçilmiş pillələri sanki təkrar edən, lakin bunları başqa cür, daha yüksək bir əsas üzərində təkrar edən bir inkişaf (“İnkarı inkar”), düz xətt üzrə deyil, spiral xətt üzrə olan inkişaf dialektikanın ən mühüm prinsiplərindən biridir.
İnkişaf prosesində yüksələn xətdən kənara çıxmaq halların dolanbac yolları, geri getmək halları, müvəqqəti durğunluq dövrləri ola bilər və olur. Lakin bütün bunlara baxmayaraq, tarixin bizə göstərdiyi kimi, irəliyə doğru hərəkət nəticə etibarı ilə bütün bu müvəqqəti hallara və maneələrə üstün gələrək özünə yol açır. Əslində təbiətdə və ya cəmiyyətdə mövcud olan hər bir formanın çox uzun və ya uzaq keçmişdən başlayan tarixi vardır, bu forma uzun sürən inkişaf prosesinin, sadədən mürəkkəbə doğru, aşağıdan yüksəyə doğru irəliləmə hərəkətinin nəticəsdir.
Yuxarıda qeyd edildiyi kimi, iki tip inkar vardır: bunlar destruktiv (dağıdıcı) və konstruktiv (əməli, yaradıcı) tiplərdir. Çox vaxt inkarı inkar qanununu dialektik sintez qanunu hesab edirlər.
Bunun aydın olması üçün təsəvvür edək ki, müəyyən bir elmi məsələ barəsində iki tərəf arasında mübahisə gedir. Bir tərəf müəyyən bir müddəa irəli sürür (tezis), digər tərəf bu müddəanı inkar edir (antitezis). Yeni müddəa bir-birilə mübarizə edən əvvəlki baxışları inkar edərkən, əks rəylərin mübahisəsini, mübarizəsini kənar edir ki, bu rəylərin hər birində birtərəfli mövcud olan həqiqət ünsürlərini tullamır, o, mübahisənin inkişafının müsbət momentlərindən istifadə edən məlum bir sintez olur. Həm də sintezi əvvəl ayrılıqda mövcud olanın mexaniki bitişməsi kimi deyil, iki əksliyin xarici birləşməsi kimi deyil, inkişafda tamamilə yeni bir pillə kimi başa düşmək lazımdır. Bu yeni pillədə əksliklərin mübarizəsi sayəsində, hər bir pilləyə xas olan birtərəfliliklər aradan qaldırılır və yüksək həqiqət əldə edilir ki, əvvəldə müsbət nə vardısa hamısı bu həqiqətdə saxlanılır və bununla birlikdə, qeyri– həqiqi, keçici olanlar yox olur. Məhz bu yeni pillə inkarı inkar kimi meydana çıxır.
Hegel triadasında yaradıcı mübahisənin ideallaşdırılmış modeli təqdim olunur. “Qabaq - qarşı”, tərsliklə, güzəştə getməməklə olan mövqelərin (tezisin və onun inkarı - antitezisin) mübahisəsi sərt xarakter alır və məsələnin həllinin səmərəli irəliləməsinə imkan vermir.
Hegelin sistemində ağıl (dərrakə) bir sıra başlanğıc vəziyyətdən dialektik hərəkətə başlayır, bunu filosof “tezis” adlandırır. Daha sonra tezis inkara məruz qalır, özünün əksinə - antitezisə çevirilir. “İnkar” sözü özünün başlanğıc mənasında əks fikir (danışıq) aktını ifadə edir. İnkar aktı “yox”, “qeyri” sözünün istifadə olunması ilə bağlıdır, yəni inkar mülahizələrin qurulmasının məntiqi və qramatik üsuludur. Real aləmdə bu cür inkara oxşar aktlar – dağıdılma, məhv edilmə, məhvi, yəni bu və ya başqa predmetlərin, hadisələrin, proseslərin mövcudluğunun “üstündən xəttin çəkilməsi” (“pozulması”) aktıdır. Əlbəttə bu cür “inkar” varlığın müxtəlif növlərinə xasdır, ancaq onlarla təbii və ictimai həyatın inkişafı başa çatmır. Müxtəlif proseslərdə mühüm rolu dialektik əlaqə, keçidlər oynayır.
Nöqteyi-nəzərlərin toqquşması vəziyyətini dialektik mövqedən başa düşərək Hegel dialektik inkar anlayışını tətbiq edir. Bu anlayışda aşağıdakı tövsiyyələr vardır: bir sıra tezislərin inkarına onların ehkamcasına atılması kimi baxmaq olmaz. Antitezis yalnız başlanğıc vəziyyəti (tezisi) sadəcə olaraq pozmamalıdır, müəyyən mənada onu özündə mənimsəməlidir (daxil etməlidir). Tezisin məzmunundakı ağıllı, qiymətli şeyləri qorumaqla, saxlamaqla yanaşı fikir səhv təqdim olunanları silkələməli, dəf etməli, tənqid etməlidir. Bu cür inkar dialektik xarakter daşıyır və predmetin daha dərindən anlaşılmasına doğru hərəkət etməyə imkan verir. Tezis və antitezis dialektik əkslikdir. Əksliklərin dialektik vəhdətini anlamağı (tezis və antitezis) bacarmaq onların sintezini təmin edir.
Antitezisin irəli sürülməsi ilə (yəni tezisin inkarı ilə) həqiqəti axtarmaq prosesi başa çatmır: o davam edir, müəyyən vaxtdan sonra yeni inkar və ya inkarı inkar yaranır. Fikrin inkişafındakı bu üçüncü mərhələni Hegel sintez adlandırır. Hegelin dediyinə görə, fikir əvvəlki inkişaf mərhələlərində olan dəyərli, qiymətli fikirlərlə zənginləşərək elə bil başlanğıc vəziyyətə qayıdır. Ancaq bu sadə geri qayıtma, bağlanan “dairə” deyil, daha dəqiq “spiraldır”: nəticə özündə ikinci mərhələdə (antitezis) əldə olunan yeni nə varsa, inkişafın başlanğıc mərhələsində (tezis) olmayanları birləşdirir.
Fikirlərin, ideyaların inkişafının bu sxemi haradan götürülüb və onda nə isə dəyərli bir şey varmı? Mücərrəd formada onda təfəkkürün gerçək (həqiqi) prosesinin müəyyən xüsusiyyətləri təsvir olunub. Hər birimiz on dəfələrlə hər hansı predmet haqqında düzgün, həqiqi biliklərin nailiyyətlərində maraqlı olan adamların mübahisə etdiyini görmüşük. Bir nəfər ilkin başlanğıc kimi hipotezi qəbul edir. Digəri etiraz edir, mübahisə edir, öz dəlillərini (sübutunu) və fərziyyələrini (gümanını) irəli sürür. Nəticədə bir - birinə etiraz edərək və bununla yanaşı müsahibinin baxışlarında və dəlillərində olan bütün dəyərli şeyləri aydınlaşdırmağa cəhd edərək, mübahisə edənlər irəli sürülən nöqteyi – nəzərləri ardıcıl surətdə inkar etmək yolu ilə mübahisə gedişində aydınlaşdırılmış və müəyyən edilmiş bütün qiymətli və düzgün olanın yerləşdiyi ümumi nəticəyə gələ bilərlər. Təfəkkürün və idrakın məhz bu üsulu Hegel triadasında ideallaşdırılmış əksini tapır.
İnkarı inkar – dialektikanın ən ümumi qanunudur, gerçəklikdəki inkişafın perspektivlərini, meyllərini və istiqamətlərini, forma və nəticələrini bildirir. “İnkar” terminini fəlsəfəyə ilk dəfə Hegel gətirmiş, “inkar inkarı” bir ümumi dialektik qanun şəklində də Hegel işlətmişdir. İnkarı inkar qanununu səciyyələndirən əsas anlayışlar bunlardır: inkar, varislik və inkişaf. İnkarın anlaşılmasında əsasən iki münasibət – dialektik və metafizik mövqe fərqləndirilməlidir.
İnkarı inkar – gerçəkliyin bütün sahələrində (təbiətdə, cəmiyyətdə, idrakda) fəaliyyət təsirinə malik olan, inkişafın qarşısıalınmazlıq və varisliyini vəhdət halında əks etdirən, köhnənin bir çox cəhətlərinin yenidən təkrarlandığını ifadə edən bir çox cəhətlərinin yenidən təkrarlandığını ifadə edən ümumi qanundur.
Daxilən özünə əksliklərin vəhdətini və mübarizəsini birləşdirən “inkarı inkar” yalnız canlı mübahisə şəraitini deyil, həm də idrakın tarixi inkişafının dialektik prosesini əks etdirir. “Tezis – antitezis – sintez” sxemi dərin idrakı ziddiyətləri aşkar etməyə və onları həll etməyə uyğun gəlir. Antinomiya – problemlər “tezis” və “antitezis” arasındakı idraki münasibətlərin dialektik şəraitini daha kəskin formada ifadə edir. Onlar biliyin yeni səviyyəsini göstərən “sintezə” keçməklə həll olunurlar. Sintezə keçid formaları şəkli dəyişilmiş, müxtəlifdir, çünki müvafiq problem, vəziyyət eyni tipli deyildir. Lakin bir şey aydındır – tezis və antitezisin dialketik əksliyinin vəhdətinə nail olmaq çərçivəsində daha dəqiq mövqeyinin axatrılması yolunda hər dəfə sintez həyata keçirilir. Antinomiyanı müəyyən etmək və həll etmək - dialektin təfəkkürün xarakterik xüsusiyyətidir.
Dostları ilə paylaş: |