Poetik-dastançılıq örnəyimiz
«Dədə Qorqud» son dərəcə kamil bir ədəbi abidədir, xalis poeziya nümunəsidir. «Bu kitabı cəsarətlə Azərbaycan şifahi və yazılı ədəbiyyatının babası adlandırmaq olar».(26; 5) M.F.Köprülüzadə daha tutarlı demişdir: «Türk ədəbiyyatının bütün əsərləri tərəzinin bir gözünə, «Dədə Qorqud» o biri gözünə qoyulsa, yenə də «Dədə Qorqud» tərəfi ağır gələr.» (26; 15)
Tədqiqatçıların bir çoxunun fikrincə, dastanlar bütövlükdə mənzum şəkildə yazılmış, köçürmələr, əlavələr prosesində pozulmuşdur. Bu fikirlə razılaşmaq çətindir, çünki «Dədə Qorqud» bizim bütün sonrakı dastanlarımız üçün örnək olmuş, bütün qəhrəmanlıq və məhəbbət dastanlarımız «Dədə Qorqud» ən’ənələri əsasında yaranmışdır. Sonrakı dastanlarımızda nəsrlə şe’rin növbələşməsi «Dədə Qorqud» ən’ənələrindəndir.
Dastanların müqəddiməsində Dədə Qorqudun dilindən dörd şe’r verilmişdir. Bunlardan əvvəlki üçü aşıq dastanlarındakı ustadnamələrin əcdadıdır, sonuncusu isə islamiyyətin tə’siri ilə əlavə edilmişdir, Məhəmmədin, Əlinin, Osmanın, Həsənin, Hüseynin, Qur’anın, Məkkənin vəsfinə həsr olunmuşdur. Misraların ümumiləşdirmə gücünün zəifliyi də onların eyni hikmətlə yaranmadığını göstərir. «Ustadnamələr» silsiləsi ümumilikdə dastanların - boyların hamısına aiddir. Hər bir boyun sonunda Dədə Qorqudun gəlib «yum verməsi,» xeyir-duası dastançılıq ən’ənələrindəki duvaqqapmaların inkişafına səbəb olmuşdur. Bunlar göstərir ki, dastanların müqəddəməsi sonralar əlavə edilməyib, qədimdir, lakin daha çox dəyişikliyə uğrayıb.
«Dədə Qorqud» şe’ri sonrakı şe’r şəkillərinin formalaşmasına xüsusi tə’sir göstərmişdir. «Buğac boyu»nda Dirsə xan tanımadan oğlu Buğaca müraciətlə deyir:
Boynı uzun bədəvi atlar gedərsə, mənim gedər,
Sənin də içində binədin varsa, yigit, dekil mana,
Savaşmadın, uruşmadın alı verəyim, döngil gerü!
Ağayıldan tümən qoyun gedərsə, mənim gedər,
Sənin də içində şişligin varsa, degil mana,
Savaşmadın, uruşmadın alı verəyim, döngil gerü!..
Buğacın atasına cavabı:
Boynı uzun bədəvi atlar gedərsə, sənin gedər,
Bənim də içində binədim var,
Qomağım yoq qırq namərdə!
Qaytabanda qızıl dəvə sənin gedər,
Mənim də içində yüklətim var,
Qomağım yoq qırq namərdə!..
Bir-iki bəndini verdiyimiz bu şe’r parçaları aşıq şe’rindəki deyişmələrin ilk nümunələri - ulu əcdadlarıdır. Bəndlərin sonunda təkrar olunan misralar ilk bəndinin son misrası sonrakı bəndlərdə təkrar edilən qoşma və gəraylılar üçün yol açmışdır.
Onu da qeyd etmək lazımdır ki, dastanların çapı zamanı bə’zən şe’rlə nəsrin sərhədləri düzgün müəyyən edilməmişdir. Məsələn, «Salur Qazanın evi yağmalandığı boyı»nda (1988-ci il çapı) Kafərin sözləri aşağıdakı üç misradan ibarətdir:
Qaranqu axşam olanda qayğılu çoban!
Qarla yağmur yağanda çaqmaqlu çoban!
Südi, peniri bol qaymaqlu çoban!
Bundan sonra Kafərin nitqi nəsr şəklində verilmişdir. Halbuki «Dədə Qorqud» mətnlərində şe’r texnikasını nəzərə aldıqda Kafərin sonrakı sözləri də misralara düzülməli idi:
Qazan bəgün dünligi altun ban evlərini biz yığmışuz,
Tavlv-tavla şahbaz atlarını biz binmişüz,
Qatar-qatar qızıl dəvəsini biz yetmişüz,
Qarıcıq anasını biz götürmişiz,
Ağır xəzinə, bol aqçasını biz yağmalamışuz...
Şe’r texnikasında müasir aşıq şe’r strukturundan fərqli cəhətlər - alliterasiyanın üstünlüyü, qafiyə sisteminin zəifliyi, vahid hecalanma prinsipinə əməl edilməməsi dastanların qədimliyi, ilkinliyi ilə əlaqədardır.
Boyların üzünün köçürülməsində diqqətsizlik halları da olmuşdur. Bu cəhət dastanlara əlavələr zamanı da ola bilərdi. Məsələn, Buğac boyunda birinci söyləmə - «Salqum-salqum tan yelləri əsdigində» sözləri bir qədər sonra təkrar edilmişdir. Təkrar zamanı arada yalnız təzə bir misra işlədilmişdir: «Qalın Oğuzın gəlini-qızı bəzənən çağda» və hər iki halda, şe’r bitmədən, fikrin nədən ibarət olduğu yaxşı açıqlanmadan nəsrə keçilmişdir.
Həmin boyda başqa qüsurlar və məntiqsizlik halları da vardır. Boyun əvvəlində 40 namərdin yalnız Dirsə xanı tutub Kafərə aparmaqla məşğul olduğu göstərildiyi halda, sonda Dirsə xanın oğluna müraciətindən belə çıxır ki, namərdlər onun mal-qarasını, atlarını, dəvələrini, xəzinəsini, qız-gəlinini, hətta qarıcıq olmuş anasını da yağıya aparırmışlar və bundan heç kəsin xəbəri yox imiş, bunu yalnız Dirsə xanın qadını «duymuş» imiş. O. Şaik bu boyun dastanlara sonradan əlavə edildiyini güman etdiyini bildirmişdir: «Hekayeleri bir-birine dügünleyen Bayundur hanın varlığına rağmen bu konunun (Buğac boyunun - Q.K.) dastanlara sonradan sokulmuş olması mümkündür».
«Dədə Qorqud» nəsri çox tutumludur. Sonrakı dastanlarda müşahidə etdiyimiz bol-bol təsvirlər, sözdən qənaət hissi olmadan istifadə, artıq epizodlar, uzun-uzadı təhkiyələr «Dədə Qorqud»da yoxdur. Burada sözlərin yeri son dərəcə sıx, mə’nası çox-çox zəngindir. Ona görə hətta olduğu kimi müasirləşdirmə prosesində də fikrin dəqiq ifadəsi üçün müxtəlif sözlərdən, sinonim vasitələrdən istifadə edilməsi lazım gəlmişdir. «Dədə Qorqud» şe’rləri vəzni, quruluşu, qafiyəsi kamil aşıq şe’rindən bir də onunla fərqlənir ki, burada qafiyə xatirinə, hecanı tamamlamaq xatirinə artıq sözdən istifadə edilməmişdir. Əsl sərbəst şe’r «Dədə Qorqud» şe’ridir. Dastanlarda birinci minilliyin sonlarından ədəbiyyatımızda dərin kök salmış «əruz vəzni», «heca vəzni» anlayışları yoxdur.
Şəxsən bizim düşüncəmizə görə, bu dastanları sırf şifahi ədəbi dil nümunəsi saymaqla onun ədəbi dilimizin inkişafında rolunu azaltmış oluruq. Dastanlarda mənzum parçalar çoxdur və mə’lumdur ki, yazıyaalma və sonrakı köçürmələr prosesində şe’rdə çox cüz’i dəyişiklik edilə bilərdi. Nəsr hissəsi isə elə ümumiləşdirilmiş, monolit və hikmətli cümlələrdən ibarətdir ki, üzünü köçürərkən islam dini ilə bağlı əlavələr, arxaik elementlərin əvəzlənməsi və ya sinonim vasitələrlə şərhi kifayət etməli idi. Biz «Kitabi-Dədə Qorqud»u orta üslubun nümunəsi hesab edirik. Orta üslub isə müəllifsiz deyildir. Orta üslub dedikdə Şah İsmayıl Xətainin, Qurbaninin, M.P.Vaqifin, Aşıq Ələsgərin, S.Vurğun, H.Arif və b. sənətkarlarımızın yaradıcılıq xəttini nəzərdə tuturuq. Bu xətt həqiqi şifahi ədəbiyyatla yazılı ədəbiyyatı birləşdirən və xalq ifadə tərzini daha böyük ustalıqla mühafizə edən sənət yoludur. «Dədə Qorqud» bu üslubun başlanğıcıdır, ilk misilsiz nümunəsidir. Boyları söyləyən ozanın adı qalmasa da, aydın hiss olunur ki, o, böyük sənətkar olmuşdur. Dastanlara əlavələr edən ozanlar dil və üslub ən’ənələrinə sadiq qalmış, ilkin səviyyəni qorumağa çalışmışlar.
Bə’zi fonetik, leksik və morfoloji xüsusiyyətlər
Arxaik elementlərin çoxluğu dastanların dilini birinci minilliyin ortaları ilə bağlayır. Aydın təsəvvür üçün yalnız bir boyda - Buğac boyunda nəzəri cəlb edən bə’zi fonetik, leksik, morfoloji xüsusiyyətlərə diqqət yetirək.
Fonetik hadisələr sırasında müasir dilə doğru gəldikcə bə’zi samitlərin, xüsusən «t» samitinin cingiltiləşməsi, yə’ni müasir dildə «d» ilə deyilən bir çox sözlərin «Dədə Qorqud»da «t» variantı daha çox müşahidə olunur: turmışdı, tan (dan yeri), tağ (dağ), tar (dar), tatlu (dadlı), taş (daş, dış), toyırmaq (doyurmaq), tonatmaq (donatmaq, paltar geydirmək), toğurdı (doğdu), tayadı (dayadı), talusı (dalı, kürəyi), tam (dam), tayaq (dayaq), turı (duru), tamar (damar), tutsaq (dustaq), tuymış (duymuş), keçit (keçid). Az da olsa, əksinə hal da müşahidə olunur - müasir dildə «t» ilə başlayan bir sıra sözlər «Dədə Qorqud»da anlautda «d» ilədir: dökmək (tökmək), dəpə (təpə), dəpələsün (təpələsin, toplasın).
Müasir dildən fərqli fonetik xüsusiyyətlər:
Müasir dildə: «o» - DQ-da: «a» - av;
Müasir dildə: «b» - DQ-da: «p» - qapırğa;
Müasir dildə: «y» - DQ-da: «g» - bəg, günligi, yigirmisi;
Müasir dildə: «x» - DQ-da: «q» - yoq (yox), saqlatdı (saxlatdı), aqan (axan);
Müasir dildə: «m» - DQ-da: «b» - bin, binəd (minik), bən.
Söz əvvəlində «y» samitinin işlənməsi: yüzinə (üzünə), yildə (ildə), yigit, yılan, yuca;
Sağır «n» səsinin bol-bol işlənməsi: Bir Buğa öldürmüş səni(n) oğlı(n). Bayındır xanı(n) qatı(n)da sa(n)a qəzəb ola;
Söz əvvəlində «v» samitinin işlənməməsi: urmaq (vurmaq), uruşmaq;
Sözün «ı» saiti ilə başlanması: ısmarlayıb;
Sözün bir «q» ilə tələffüzü: saqallu (saqqallı);
Bə’zi sözlərdə «n», «r» sonorlarının olmaması: qılıcım, quşanar (qurşanar);
Boylarda adi hal kimi müşahidə edilən: turmışdı, günligi, yer yüzinə qurdırmışdı, kimün, oğlı, qondurın, gətürün, getsün, bilsün, bəgün, salqum-salqum, turıb kimi sözlərdə dodaq saitlərinin işlədilməsinin imla qaydaları və ya tələffüzlə bağlı olduğunu dəqiq söyləmək çətindir. Orxon-Yenisey abidələrində də bu cür hallar vardır (müqayisə et: kılıntukda, oğlınta, olurıpan, törüsin, konturmıs, kılınmaduk və s.) («Gül tigin abidəsi»).
Təkcə bir boyda - Buğac boyunda onlarca maraqlı arxaik sözə rast gəlirik. Bunların arasında fe’llər, isim və əvəzliklər nəzəri daha çox cəlb edir.
Fe’llər: qonmaq - məskən salmaq, sakin olmaq, oturmaq; sayramaq - ötmək, oxumaq; banlamaq - ucadan səslənmək, əzan vermək; ayıtmaq - demək, danışmaq, söyləmək; ulalmaq - ululaşmaq, böyümək; yenmək - məğlub olmaq; quvımaq - gözdən salmaq; yarçumaq - yarımaq; uğramaq - rast gəlmək, görüşmək; onəlmək - yaxınlaşmaq, sağalmaq; sımaq - sındırmaq, sözünü yerə salmaq; idmək - olmaq; döşürmək - dərmək; şeşmək -açmaq; qomaq - qorxmaq, irmək - çatmaq, yetişmək; yürimək - yüyürmək; varmaq - getmək; bulmaq - tapmaq; soqmaq - sancmaq; oyurulmaq - oyulmaq;
İsimlər: is - yiyə, sahib, başçı, ağa; cılasın -igid, pəhləvan; suç - günah; küz - payız; yəxni - kabab; qımız -at südü; iyə - yiyə, sahib; ordı - düşərgə, çadır, şəhər; kişi - adam; baba - ata; ayıl - yaylaq; qaytaban - dəvə salınan yer; təbər - söz, sov; tutsaq - dustaq; oda - ev, çadır; yen - ətək; uyxu - yuxu; gödə - gövdə; yum - xeyir-dua; ög - ön; turğay - torağay; yazı - çöl, səhra; yaban -çöl, səhra; xatun - qadın; köyki - kürəkən; yavru - bala, uşaq;
Sifətlər: iyəküli - yiyəli, sahibli; qatı - bərk, möhkəm; qalın - bərk, guclü; ağ - böyük, uca; ala - hündür; qara - böyük; ərcəl-fərsiz; arqurı - çılpaq; yeg - yaxşı; yalın, yalıncıq - çılpaq;
Saylar: biri(n) - bir-bir; tümən - on min, bir qaç - bir neçə;
Əvəzliklər: bənüm - mənim; ba(n)a - mənə; sa(n)a - sənə; anu(n) - onun; a(n)lar - onlar; ol - o; şoylə - elə; böylə - belə; kəndü - öz; qanda - harada; nerədən - haradan; qanı - hanı;
Zərflər: uru - erkən, tez; külük - iti; yayan - piyada; əsən - salamat; yarın - sabah; anda - orada; yılabıdaq -azacıq; şimdi - indi; qamın - iti.
Heç şübhəsiz, mütəxəssis olmayan geniş kütlə üçün ozan, keyik, qıvanmaq (güvənmək), sinirlə(n)mək (hirslənmək), toylamaq (yığıncaq etmək, iri məclis qurmaq), verək (dayaq) kimi sözlər, boy boylamaq, soy soylamaq, dişi əhli, azğun dinli, Qazlıq tağı, qolça qopuz, yum verəyin kimi birləşmə-ifadələr də işləkliyini itirmişdir.
Qeyd etdiyimiz sözlər uzun müddət klassiklərimizin bədii dilində işlənmiş, XVI əsrdən sür’ətlə arxaikləşməyə başlamışdır. Bir qismi yazı ən’ənələrinə görə hətta XX əsrin əvvəllərinə qədər işləkliyini saxlamışdır. Balaca bir boyda bu qədər arxaik sözün işlənməsi və bunlardan əlavə, Dədə Qorqud, Dirsə xan, Buğac, Bayındır xan, Qam Ğan kimi antroponimlər, İç Oğuz, Taş Oğuz, Ala Tağ, Qazlıq Tağı, Qazlıq at kimi yalnız dastanların dilində və dastanlardan bəhs edən elmi ədəbiyyatda məhdudlaşmış toponim, etnonim və zoonimlər çox qədim izləri mühafizə edib saxlamaqla bizi ümumxalq dilinin təşəkkül dövrünün leksika və frazeologiyası ilə tanış edir. Azərbaycan ərazisində qımızdan istifadənin təbii qadağan tarixi, yəqin ki, çox uzaq keçmişlə bağlıdır. «Bən bunun alnına niyə tayaq olurbən, tururbən?» kimi cümlələrdə bən şəxs əvəzliyi və şəxs şəkilçisi hələ şəxs əvəzliyindən şəxs şəkilçisinin tam diferensiasiyaya uğramadığını göstərir.
Dastanların dilində, o cümlədən Buğac boyunda bir sıra fe’li bağlama formaları da köhnəlmişdir:
-digində: əsdigində - əsdiyi yerdə;
-ubanı,-übəni: qalqubanı - qalxıb, gəlübəni - gəlib;
-ı,-i,-u: alı versin, öldüri görgilə - öldürüb gör; istəyü - istəyərək;
-a: çıqa gəlib - çıxıb gəldi;
-madın: savaşmadın - savaşmadan, uruşmadın - vuruşmadan;
-gəc: digəc - decək.
Arxaik şəxs şəkilçiləri:
Əmr şəkli I ş.t.: -ayım, -əyim: varayım, görəyim, öldürəyim;
Əmr şəkli I ş.c.: -alım, -əlim; -ayın, -əyin - tütalım, götürəlim, yonalalım; olayın, turayın;
Əmr şəkli II ş.t.: -ğıl,-gil, -gilə - turğıl, gəlgil, qoymağıl, yığnaq etgil, öldüri görgilə;
Əmr şəkli II ş.c: -n - döşən (döşəyin). Bu forma canlı danışıq dilində bu günə qədər özünü saxlamışdır. Soltanlı kənd şivəsində: qorxman - qorxmayın, getmən - getməyin, nigaran olman - nigaran olmayın; (31; 170-184)
Xəbər şəkli I ş.c.: -ız: qarğarız - qarğayarıq.
Dastanların dilində hər iki tərəfi təsrif formalı: baxdı-turdı, sürdi-gəldi kimi tərz birləşmələri ilə yanaşı, gəlür oldu - gəldi, geyər olsun - geysin, binər olsun - minsin kimi analitik formalar da işləkdir. Bacarıq tərzində «bilmək» fe’linin ixtisar şəkli bu fe’lin çox qədim bir söz olduğunu göstərməklə yanaşı, «Dədə Qorqud» dövrü dilimizin də qənaət imkanlarını üzə çıxarır: turamadı (dura bilmədi), cavab verəməz (cavab verə bilməz).
Qənaət və intensivlik şəkilçilərdə də müşahidə olunur. Saitlə bitən sözlərdə indiki zaman şəkilçisindən əvvəl bitişdirici samit əlavə etmək əvəzinə, şəkilçinin saitinin düşməsi: yersə (yeyirsə), böyür (böyüyür).
Tə’sirlik və növ mə’nalarının, məsdərin müasir dildən fərqli ifadəsi halları:
-məsdər əvəzinə fe’li sifət şəkilçisinin işlənməsi: gəzdigindən öldügin yeg - gəzməyindən ölməyin yaxşıdır;
-məsdərin -ış,-iş,-uş,-üş şəkilçisi ilə ifadəsi: at səgirdişin, qılıc çalışın, oq atışın;
-bə’zi fe’llərin tə’sirlik şəkilçisi ilə işlənməsi: toğırdı - doğdu; Dəpə kibi ət yığdım, göl kibi qımız sağırdım (sağdım);
-qayıdış növün şəkilçisi olmadan qayıdış növ mə’nasının ifadəsi: ağlı-qaralı seçən (seçilən) cağda.
-hal mə’nalarının sabitləşməməsi, sinonimliyi:
-vasitə halının işlənməsi: bir yazın, bir küzin, götin-götin;
-yerlik əvəzinə yönlük halın işlənməsi: talısının üstinə (üstündə) turdı;
-çıxışlıq əvəzinə yönlük halın işlənməsi: qomaqım yoq qırq namərdə (qırx namərddən qorxmuram);
-çıxışlıq əvəzinə yerlik halın işlənməsi: iki talusının arasında (iki kürəyinin arasından) urub;
-yönlük halın fe’llə qoşmasız əlaqəsi: Xızır mana gəldi (Xızır mənim yanıma gəldi), Oğlana hazır oldu (oğlanın yanında hazır oldu), Babasına vardı (babasının yanına vardı);
-tə’sirlik hal mə’nasının -n şəkilçisi ilə ifadəsi: ağzın (ağzını) sögdi, babasının qırq yigidin (igidini) anmaz oldı;
-yönlük əvəzinə yerlik halın işlənilməsi: Topuğunda (topuğuna) sarmaşanda qara saçlum;
-tə’sirlik əvəzinə yiyəlik halın işlənməsi: Anasının yanına alıb gəldi (anasını yanına alıb gəldi) (?).
Samitlə bitən sözə mənsubiyyət şəkilçisindən əvvəl «s» bitişdiricisinin artırılması: cilovsın (cilovun);
Tə»sirlik hal şəkilçisindən əvvəl saitlə bitən isimlərdə daha çox «y» bitişdiricisinin işlənməsi: qarğayı, oğuznaməyi, qızluyı;
III şəxs mənsubiyyət şəkilçisinin üst-üstə işlənməsi: yolısı (onun yolu).
Sağır «n» ilə yiyəlik halın mənsubluq bildirməsi: Boynı uzın bədəvi atlar gedərsə, səni(n) gedər - «Boynu uzun bədəvi atlar gedərsə, sən-in-ki (sənin atların) gedər».
Qeyd etdiyimiz morfoloji xüsusiyyətlər, xüsusən ismin halları ilə bağlı sinonim müvaziliklər əvvəlki fəsillərdən oxucuya tanış olmalıdır. Çünki bunların, demək olar ki, çoxuna (sonralar yaranmış katib şivəsi ilə bağlı olanlar istisna olmaqla) şumer dilinin morfoloji quruluşunda rast gəlmişik. Təkrara yol verməmək üçün bir-bir müqayisə aparmağı lazım bilmədik (ikinci fəslə bax).
«Dədə Qorqud»da tez-tez müşahidə edilən «kim» bağlayıcısı Orxon-Yenisey yazılarında qeydə alınmamış, yalnız «Kutadku bilik»də və sonrakı abidələrdə işlənmişdir. «Dədə Qorqud»da hətta «ki» forması da müşahidə olunur: Bənim suçum nə oldu kim, qara otağa qondurdu? Dilədi ki, oğlanı həlak qılaydı. Hiss olunur ki, bu bağlayıcıları dastanları köçürərkən əlavə etmişlər. Bu cür cümlələri bağlayıcısız işlətdikdə cümlə daha təbii səslənir.
İmla və yazı ən’ənənləri nəzərə alınmazsa, qeyd etdiyimiz bütün arxaik formalar «Dədə Qorqud»un dilindən keçərək sonralar yazılı ədəbiyyatımızda davam etmiş, milli mərhələnin başlanması ilə passiv fonda keçmişdir. Biz dastanların dilini hazırkı ədəbi dilimizlə müqayisəyə cəlb etməyi lazım bilmədik. Çünki elə bir fonetik, leksik, morfoloji və sintaktik hadisə yoxdur ki, Azərbaycan dilinin tarixində özünü göstərməmiş olsun. Dastanların dili bugünkü Azərbaycan dili ilə elə dərin köklərlə bağlıdır ki, əksər xarici tədqiqatçılar da onun Azərbaycanda yarandığını, Azərbaycan (oğuz-türk abidəsi) olduğunu e’tiraf etməkdədir. Məqsəd daha çox dastanların qədimliyini və Azərbaycan dilinin ilkin təşəkkülündə rolunu araşdırmaq olduğundan bir sıra arxaik formaları qeyd etməklə kifayətləndik. Buğac boyunun dastanlara hələ sonralar əlavə edilməsi ehtimalını və müasirləşdirmələri də nəzərə alsaq, dastanların dilinin I minilliyin ortalarının dil sistemini əks etdirdiyinə şübhə qalmır.
Oğuzların ölkəmizin ərazisində eradan çox-çox əvvəl məskun olduğu və hun dövründə yeni güclü axınları, hadisələrin cərəyan etdiyi ərazilərin dəqiqliyi və Azərbaycanın coğrafiyası ilə üst-üstə düşməsi, dastanların dilinin Orxon-Yenisey kitabələrinin dili ilə səsləşməsi, qam-şaman ən’ənələri və ozan sənətinin zirvə mərhələsi, arxaik formaların və sinonim müvaziliklərin bolluğu, poeziya nümunələrinin daha çox alliterasiyaya əsaslanması, ərəb və fars sözlərinin azlığı və ərəb-islam tə’limi ilə birgə dastanlara sonralar yol tapması və nəhayət, tarixin dərinliklərindən gələn aydın şüalar göstərir ki, «Kitabi-Dədə Qorqud» I minilliyin əvvəllərində - III-V əsrlərdə təşəkkül tapmaqla, əldən-ələ, eldən-elə gəzə-gəzə, tayfa dillərini ümumiləşdirmək, təmərküzləşdirmək, özünü zənginləşdirmək yolu ilə, orta üslubun nümunəsi kimi, ümumxalq Azərbaycan dilinin formalaşmasında misilsiz rol oynamış, VI-VIII əsrlərdə vahid Azərbaycan ədəbi dilinin kamil abidəsi kimi cilalanmış, saysız mədəni abidələrimizin məhvinə səbəb olmuş ərəb-islam caynağından qoparaq bu günümüzə qədər gəlib çata bilmişdir.
Hər bir ədəbi dilin milli orijinallığı daha çox onun sintaksisi ilə bağlıdır. İlkin feodalizm dövrü dilimizin sintaktik quruluşu ilə tanış olmaq üçün dastanların dilinin sintaktik quruluşunu bir qədər ətraflı nəzərdən keçirək.
«KİTABİ-DƏDƏ QORQUD» DİLİNİN SİNTAKSİSİ
«Dədə Qorqud» dilinin milli xarakteri dastanların dilinin sintaktik quruluşu ilə daha çox bağlı olsa da, bu vaxta qədər bu sahəyə kifayət qədər diqqət yetirilməmişdir. Ə.Dəmirçizadə boyların dilində cümlə üzvlərinin, sadə və mürəkkəb cümlələrin ən ümumi cəhətləri üzərində dayanmış (24; 116-143), T.İ.Hacıyev dastanların sintaksisinin milli səciyyəsində intonasiyanın, vəzn və quruluşun rolunu araşdırmışdır.(32; 161-175) Lakin praktik olaraq dilimizin tarixindən bəhs edən hər bir əsərdə sintaktik quruluşun izahı prosesində «Dədə Qorqud»dan kifayət qədər nümunələr verilmişdir. (bax; 33; 34; 36 və b) Müxtəlif dövrlərə, ayrı-ayrı sənət ustalarının dilinə həsr olunmuş əsərlərdə də bir qayda olaraq «Dədə Qorqud»un dil materialına müraciət edilmişdir. Dastanların poetik sintaksisi üzərində də araşdırmalar aparılmışdır.(37; 35 və s.)
«Dədə Qorqud» elə bir zəngin xəzinə, elə bir abidədir ki, bu və ya digər konkret bir dil məsələsinin tarixindən danışarkən kökləri onun dilində axtarılmış, dastanların dilini nəzərə almadan keçib-getmək mümkün olmamışdır.
Dastanların poetikliyi onun son dərəcə ahəngdar sintaksisi - söz birləşməsi və cümlə quruluşu ilə bağlıdır.
Dastan dili şifahi ədəbi dil nümunəsi sayılır. Lakin «Kitabi-Dədə Qorqud»dan danışarkən bir qədər başqa cür düşünmək lazım gəlir. Madam ki boylar sonuncu dəfə XV-XVI əsrlərdə köçürülüb, üzü köçürülərkən XI əsr nüsxəsi əsas götürülüb, həm də güman olunur ki, XI əsr nüsxəsi də hökmən başqa - daha qədim bir nüsxəyə əsaslanıb və müxtəlif dövrlərdə yazıya alınarkən dastanın sintaksisi ciddi zədə almayıb, onda «Kitabi-Dədə Qorqud»u bir sıra başqa folklor nümunələri kimi hərfi mə’nada şifahi ədəbiyyat və şifahi ədəbi dil nümunəsi saymaq doğru olmaz. «Koroğlu» dastanının dəqiq şəkildə nə vaxt yarandığını müəyyənləşdirmək çətindir. Bu əsər kifayət qədər toplu halda XX əsrdə ortaya çıxarılmış, yazıya alınmışdır. M.H.Təhmasibin toplayıb-tərtib etdiyi bu dastanda bir sıra tarixizmləri, orta əsr aşıq qoşma və gəraylılarını nəzərə almasaq, dastanın dili müasir dil nümunəsidir. Milli dilin müasir səciyyəsi isə XVI əsrdən başlayır. Əgər gələcəkdə - uzaq gələcəkdə bu əsərin dili (M.H.Təhmasib variantı) tədqiq edilərsə, ona, demək olar ki, XX əsrin və bir neçə əsr əvvəlin dil nümunəsi kimi baxıla bilər. Cümlə sintaksisi, söz birləşmələri də bu əsərdə çox müasirdir. Əslində, bu, dastan deyil, müasir bir romandır. «Dədə Qorqud»a da bu cür baxmaq lazımdır. «Dədə Qorqud» XI əsrdə yazıya alınmışsa, deməli, neçə əsr əvvəlin sintaksisini daşıyır. «Dədə Qorqud»un «...yaranma prosesi yazılı ədəbiyyatda olduğu kimi, müəyyən bir zaman müddətində, deyək ki, VII və ya VIII əsrdə başa çatmışdır (nə zaman yazıya alınmasından asılı olmayaraq)». (47;347) Beləliklə, «Dədə Qorqud» o biri dastanlardan fərqli olaraq, həm formalaşma işini çoxdan (azı 1300 il əvvəl) başa çatdırmışdır, həm də onlardan çox-çox - azı 1000 il əvvəl yazıya alınmışdır.
Şifahi ədəbiyyat nümunəsi ona deyirik ki, o bizim əsrə qədər ağızlarda dolaşa-dolaşa gəlib, bizim dövrdə və ya bir qədər əvvəl yazıya alınıb. «Dədə Qorqud»un isə, dediyimiz kimi, azı min illik yazı tarixi vardır. Və ikinci bir tərəfdən, «Dədə Qorqud» elə ustalıqla yaradılıb ki, əlimizə onun yaşıdı başqa bir əsər keçsə idi belə, yazılı ədəbi dil nümunəsi kimi, yenə o səviyyədə ola bilməzdi. Başqa sözlə, «Dədə Qorqud»un dili onunla bir dövrdə yarana biləcək ən kamil yazılı ədəbiyyat nümunəsinin dilindən daha kamil yazılı ədəbiyyat dilidir. Bir də əgər bizi xalq və onun dili maraqlandırırsa, elə bu əsəri öyrənməliyik və bu əsər VI-VIII əsrlərin Azərbaycan ədəbi dili haqqında bizdə aydın təsəvvür yarada bilər.
«Kitabi-Dədə Qorqud»un və eyni zamanda onunla səsləşən, lakin çox təəssüf ki, az bir qismi gəlib çatan «Dastani-Əhməd Hərami» kimi əsərlərin dili göstərir ki, VI-VIII əsrlərdə - ədəbi dilin təşəkkülü dövründə alban-azəri dili XIII əsr nümunələri ilə müqayisədə çox təmiz olmuş, ərəb və fars dillərinin təzyiqi altında izafət tərkibləri və əcnəbi dil sintaksisi nümunələri ilə yüklənməmiş, orijinal türk sintaksisini mühafizə edib saxlamışdır. XIII-XVI əsrlərin klassik ədəbiyyat dilinin sintaksisi ilə müqayisəedilməz dərəcədə saf və təmiz olan «Dədə Qorqud» sintaksisi həmin ara mərhələdən sonrakı dövrün - bugünkü ədəbi dilin sintaksisi ilə daha çox səsləşir.
Bu gün dilimizin sintaktik quruluşunun əsas mexanizmi nədən ibarətdirsə, o, «Dədə Qorqud»da vardır. Yə’ni «Dədə Qorqud» dilinin sintaksisi elə kamil formadadır ki, keçən 1500 ilin ərzində söz birləşməsi və cümlə strukturunda əsaslı bir dəyişiklik baş verməmişdir. Bütün yeniliklər təkmilləşmə, zənginləşmə və səlisləşmə istiqamətində olmuşdur. Sözlərin söz birləşməsi və cümlə şəklində, cümlələrin mətn şəklində əlaqələndirilməsi texnikası yalnız təkmilləşmə, zənginləşmə istiqamətində irəliləmişdir. Sintaktik əlaqələr, ismi və fe’li birləşmələr, sadə cümlələr, genişlənmiş sadə cümlələr, sadə quruluşlu mürəkkəb cümlələr müasir dildə olduğu kimidir. Sonralar, təbii olaraq, söz birləşməsi və cümlə modelləri zənginləşmiş, yönlük, yerlik, çıxışlıq hallarının qrammatik mə’naları xeyli sabitləşmiş, fe’li tərkiblər inkişaf etmiş, qarışıq tipli mürəkkəb cümlə modelləri və mətnin sintaktik-semantik bağlılığını tə’min edən vasitə və üsullar çoxalmışdır. «Məgər Dirsə xan deyirlərdi, bir bəgün oğlanı-qızı yoxdı» tipli cümlələrdə birinci komponent müasir dildə daha çox fe’li sifət tərkibi şəklində («...Dirsə xan deyilən...») ifadə olunur. Bu hal monopredikativ quruluşun təkmilləşməsi, səlisləşməsi nəticəsidir.
Sintaktik əlaqələr
Dastanların dilində cümləni təşkil edən sözlər arasında qrammatik əlaqələr müasir dildə olduğu kimidir - tabesizlik və tabelilik əlaqələrindən ibarətdir. Tabesizlik özünü sadə cümlənin həmcins üzvləri, tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında göstərir. Məs.: Qalqubanı xan Bayındır yerindən turmış, bir yerə ağ otaq, bir yerə qızıl otaq, bir yerə qara otaq dikdirmiş. Hünəri oğul atadanmı görər, ögrənər, Yoxsa atalar oğuldanmı ögrənür? - cümlələrindən birincisində həmcins üzvlər, ikincisində həmcins üzvlər və tabesiz mürəkkəb cümlənin komponentləri tabesizlik yolu ilə əlaqələnmişdir.
Həmcins üzvlərin və tabesiz mürəkkəb cümlə komponentlərinin əlaqələndirilməsində əsas vasitə prosodik vasitələrdir, fakt və hadisələrin sadalanması, qarşılaşdırılması, fərqləndirilməsi, bölüşdürülməsi üsullarıdır və bu prosesdə nitqin ritmik-melodik axını əsasdır; məs.: Mənim savaşdığım, mənim dögüşdügim, Mənim çəkişdügim, mənim qılıclaşdığım görgil, ögrəngil! (71)*
___________
*Dastanların 1988-ci il çapının səhifələridir.
Ox atdılar, batmadı. Qılıc urdılar, kəsmədi. Sügüylə sancdılar, ilmədi (99) və s. Hazırkı canlı danışıq dilində olduğu kimi, bir komponentə aid sözün öz yerində deyil, digər komponentlə işlənməsi halları da intonasiyanın təbii imkanlarından irəli gəlmişdir. Bəkil beş gün oldı, divana çıqmadı (106) - cümləsində ‘Bəkil’ sözündən sonra edilən aydın fasilə həmin sözü birinci komponentdən ayırır və ikinci komponentlə birləşdirir. Bu cür cümlələrdə sonralar canlı danışıq dilinə yol tapmış ‘amma’ bağlayıcısının işlənməsinə də ehtiyac olmamışdır.
Tabelilik əlaqələrindən ən qədimi olan yanaşma dastanların dilində ən mühüm əlaqə vasitəsi kimi çıxış edir. Müasir dildə olduğu kimi, yanaşmanın heç bir morfoloji əlaməti yoxdur və türk dillərinə məxsus «tə’yin + tə’yinlənən» modelinin yaranmasında həlledici əlaqə üsuludur: Məgər sultanım, Dəlü Qarcar dəxi ağ ban evini, ağ otağını qara yerin üzərinə qurdırmış idi. (55) Ol üç canvərin biri qağan aslandı, biri qara buğaydı, biri dəxi qara buğra idi. (85) - cümlələrində Dəlü Qarcar, ağ ban ev, ağ otağ, qara yer, ol üç canvər, qağan aslan, qara buğa, qara buğra birləşmələri yanaşma əsasında qurulmuşdur.
Bazırganlar dəxi gecə-gündüz yola girdilər. (52) Av avlarkən babasının tavlası üzərinə gəldi.(53) Bu gəz oğlan şərab içərkən içməz oldı (53) - cümlələrindən göründüyü kimi, zərfliklə fe’l arasında əlaqə natamam yanaşma şəklindədir.
Uzlaşma əlaqəsi də müasir normalara uyğundur. Şəxsə görə uzlaşma möhkəmdir. Fikir predmetini təşkil edən sözlər cəm olduqda xəbər də əksərən onunla kəmiyyətcə uzlaşmışdır. Məs.: Sayılmaqla Oğuz bəgləri tükənsə olmaz. Həb yetdilər. Ari sudan abdəst aldılar. Ağ alınların yerə qodılar. İki rük’ət namaz qıldılar. Adı görklü Məhəmmədə salavat götürdilər (50) - cümlələrində nəzərdə tutulan ‘Oğuz bəgləri’ mübtədası ilə xəbərlər arasında şəxsə və kəmiyyətə görə uzlaşma vardır.
Bu gün də arabir (daha çox rus təhsillilərin nitqində) müşahidə olunan bir cəhət - tə’yinin müəyyən miqdar sayları ilə ifadəsi hallarında xəbərin cəmlənməsinə «Dədə Qorqud»un dilində də təsadüf olunur: Yedi qız qardaşı ağ çıqardılar, qara tonlar geydilər. (57) Burada qırq yigit
Qanturalıyı ögmişlər. (88) Qalqubanı eki qardaş quca-quca görüşdilər.(115) Ol qırq namərdlər aydırlar.(37) Kök (ulu) dildən gələn bu üsul bir sıra dil ailələrində qalsa da, türk dillərində işləkliyini itirmişdir.
Xəbər şəxs əvəzliyi ilə ifadə olunduqda əlamətin daşıyıcısı ilə əlamət və hərəkəti bildirən sözlər öz yerini dəyişmiş olur, nəticədə cümlədə uzlaşma əlaqəsi əhəmiyyətini itirir, mübtəda - xəbər əlaqəsi söz sırası və intonasiya ilə tənzimlənir. Müasir dilimizdə olan bu cür ifadə tərzi «Dədə Qorqud»un dilində də vardır. Məs.: Qız aydır: «Yigit, Baybicanın qızı Banuçiçək mənəm».(55) ...altun yüzük mənimdir, ver mana, qız! - dedi.(65) Sevişdigim Bamsı Beyrək sən degilsən. (65) Sevişdigin Bamsı Beyrək mən degilmiyəm? (65) Mərə, al qanatlu Əzrayil sənmisən? - Əvət, mənəm,-dedi.(80) Bu misallarda mübtədalar 3-cü şəxsin təkində, xəbərlər 1-ci və 2-ci şəxslərin təkindədir və aralarında uzlaşma yoxdur.
Uzlaşma-idarə əlaqəli birləşmələrin birinci tərəfi cəm olduqda ikinci tərəf kəmiyyətcə tək olur. Məs.: Həm ölülərinizin yorğasın binərəm.(116) Bə’zən də birinci tərəf tək olduğu halda, ikinci tərəf cəmlənmişdir: Hər birinin başların sığadı. (107) Bunlardan birincisi dilin qanunauyğunluğu, ikincisi üslubun qüsurudur.
İdarə əlaqəsi fe’llərin adları və adların adları idarə etməsi şəklində təzahür edir. Müasir dilimizlə müqayisədə bu və ya digər halın tələb olunmasında fərqlər də vardır. Bu cəhət isim hallarının qədim dövrə məxsus sinonim müvazilikləri ilə bağlıdır, ona görə də fərqlər şumerə doğru çoxalır. Misallara diqqət yetirək:
1) sözün yerlik əvəzinə, yönlük halda tələb olunması: Bir yerə ağ otaq, bir yerə qızıl otaq, bir yerə qara otaq qurdırmışdı. «Kimin ki oğlı-qızı yoq, qara otağa qondırın...» demişdi. (34) İki talusının üstinə buğanın köpük turdı. (36)
2) yuxarıdakının əksinə olaraq, sözün yönlük əvəzinə, yerlik halda tələb olunması: Topuğında sarmaşanda qara saçlum! (35) Siz bu yolda bu taşı neçün yığırsız? (60)
3) zaman mə’nalı sözlərə artırılaraq ümumi vaxt bildirən -da,-də hal şəkilçisi əvəzinə, vasitə-birgəlik şəkilçisinin (-ın,-in,-un,-ün) işlənməsi: Bir yazın, bir küzin buğayla buğrayı savaşdırarlardı. Məgər sultanım, genə yazın buğayı saraydan çıxardılar.(36)
4) müasir dilimizdə qoşma ilə idarə olunan yönlük hal şəkilçili sözün fe’llə birbaşa (qoşmasız) idarə olunması: Buğa dəxi oğlana sürdi-gəldi. Buğa oğlana sürdi... (36) Oğlan anda yıqıldıqda Boz atlu Xızır oğlana hazır oldu. (39) Bunun əksinə olaraq, bə’zən lazım olmadığı halda, qoşma işlənməsi: Qazana qarşu gəldi. Qabaq qaldırdı. Qazanın yüzinə toğrı baqdı. (72)
5) müasir dildə müəyyən yiyəlik halda idarə olunan sözlərin bə’zən yanaşma yolu ilə əlaqələnməsi halları: Oğuz bəgləri gəlüb oğlan üstinə yığnaq oldular. (36) Bu cəhət hətta birinci tərəf xüsusi isimlərlə ifadə olunduqda da müşahidə olunur: Beyrək atı qızın atını keçdi.(55)
6) çıxışlıq hal məqamında sözün -da, -də şəkilçisi ilə işlənməsi: Dirsə xan Qorqut sinirli qatı yayın əlinə aldı. Üzəngiyə qalqıb, qatı çəkdi, uz atdı; oğlanı iki talusının arasında urub çıqdı, yıqdı. (37) ...otuz yeddi qəl’ə bəyinin məhbub qızlarını çalub bir-bir boynın qucan, yüzində-todağında öpən İlək qoca oğlı Alb Ərən çapar yetdi. (50)
7) məsdərin öz mühitindəki sözü idarə etmək əvəzinə, özünün idarə olunması; məs.: Daz yerdə turğay atmağa yəxşi! - dedi (63) - cümləsi müasir dildə «Daz yerdə torağaya atmaq yaxşıdır» şəklində işlənir.
Dostları ilə paylaş: |