M Ü n d ə r I c a t bir neçə söz



Yüklə 3,15 Mb.
səhifə29/35
tarix31.01.2017
ölçüsü3,15 Mb.
#7248
1   ...   25   26   27   28   29   30   31   32   ...   35

SADƏ CÜMLƏ
Cümlə üzvləri


Mübtəda. Prof.Ə.Dəmirçizadə hələ vaxtilə müşahidə etmişdir ki, «Dədə Qorqud» mətnlərində başqa üzvlərlə müqayisədə mübtəda çox az işlənmişdir: «Kitabi-Dədə Qorqud» dastanlarında ən az işlənən cümlə üzvü, demək olar ki, mübtədadır. Çünki mübtəda ilə ifadə olunan şəxs məfhumu xəbərlərin hamısında ümumi surətdə bu və ya digər morfoloji vasitə ilə ifadə edilmişdir. Birinci və ikinci şəxslər üçün xəbərdə gələn şəxs sonluqları mübtədanın ən aydın təmsilçisi ola bilir». (24; 117-118) Dastanlarda təhkiyənin ümumi xarakteri belədir ki, obrazın adı bir dəfə çəkildikdən sonra çox zaman onun təkrarına ehtiyac duyulmamışdır. Bu hal hadisələrin intensiv inkişafını tə’min edir, mətnin əlaqəliliyi prinsipi ilə oxucunu düşünməyə, əhvalatları ardıcıl izləməyə vadar edir. Ona görə də professor düz müşahidə etmişdir - bə’zən müstəqil işlənən 15-20 xəbərə aid mətndə cəmi bir-iki mübtəda olur. Məs.:
Məgər xanım, oğuzda Duxa qoca oğlı Dəli Domrul deyərlərdi, bir ər var idi. Bir quru çayın üzərinə bir köpri yapdırmışdı. Keçənindən otuz üç aqça alurdı, keçməyənindən dögə-dögə qırq aqça alurdı. Bunı neçün böylə edirdi? Anunçın ki, «Məndən dəli, məndən gücli ər varmıdır ki, çıqa mənümlə savaşa,-deyirdi... » (79) - cümlələrində səkkiz xəbər, cəmi iki mübtəda (təkrar olunan «ər» sözü ilə) işlənmişdir.
Birinci və ya ikinci şəxslərdə olan xəbər şəxs şəkilçisinin köməyi ilə mübtədanı da müəyyənləşdirməyə kömək edir, ona görə də belə cümlələrdə mübtədanın işlənməsinə ehtiyac daha az olmuşdur:

Xan qızı, yerimdən turayınmı?


Yaqanla boğazından tutayınmı?..
Xan qızı, səbəbi nədir, degil mana!
Qatı qəzəb edərəm şimdi sana! - dedi. (35)

Mətnin daxilində yalnız üçüncü misrada (xəbəri III şəxsdə olan səbəbi nədir cümləsində) danışanı maraqlandıran və məntiqi vurğu altına düşən «səbəbi» sözü mübtəda vəzifəsindədir, qalan cümlələrin mübtədası şəxs şəkilçiləri ilə müəyyənləşir.


Məntiqi vurğu mübtədanın üzərinə düşdükdə işlənməli olmuşdur. Məs.:

Deməz olarsan,


qalqubanı yerimdən mən turaram,
Qara gözli yigitlərimi boynıma aluram,
Qan Abqaz elinə mən gedərəm,
Altun xaça mən əlümi basaram,
Qara gözli kafər qızın mən aluram,
Dəxi sənin yüzünə mən gəlmənəm. (68)

Bu misralarda bugünkü tələffüzlə daha çox xəbərlər aktuallaşardı. Lakin mətndə məqsəd mübtədanı aktuallaşdırmaq olmuşdur.


Yaxud: Qazan bəgün dünlügi altun ban evlərini biz yıqmışuz. Tölə-tölə şahbaz atlarını biz binmişüz. Qatar-qatar qızıl dəvəsini biz yetmişüz. Qarucuq anasını biz gətürmişiz.(43)
Mə’lumdur ki, xitabların forması ilə məzmunu arasında fərq vardır: formaca üçüncü, məzmunca ikinci şəxsə aid olurlar. Odur ki konkret olaraq kimə müraciət olunduğunu bildirmək üçün «Dədə Qorqud» üslubunda səciyyəvi cəhət şəxsi ümumi və qeyri-müəyyən şəkildə şəxs əvəzliyi ilə ifadə etmək yox, başlanğıcda xitab şəklində bir dəfə xatırlatmaqdır. Məs.:

Hey, Dirsə xan, bana qəzəb etmə!


İncinib acı sözlər söyləmə!
Yerindən urı turğıl!
Ala çadırın yer yüzinə dikdirgil!

Atdan-ayğırdan, dəvədən buğra, qoyundan qoç öldürgil!... (35)

Sintaktik bütöv axıra qədər bu şəkildə davam edir.
Xəbər xəbərlik şəkilçisiz ifadə olunduqda, yuxarıdakı vəziyyətin əksinə olaraq, mübtədanın daha təfsilatlı ifadəsinə ehtiyac olur. Bu cür hallar əslində xəbəri «yoq» sözü ilə ifadə olunan cümlələrə aiddir.»Yoq» sözü konkret bir mə’na ifadə etmir, yalnız mübtəda ilə ifadə olunanı inkar edir. Belə cümlələrdə mübtəda geniş məzmuna malik olsa da, yenə «yeni»ni xəbər ifadə edir; məs.: Mərə yigit, mənim atımı kimsə keçdigi yoq. Oxumı kimsə yardığı yoq. (55)
Birinci və ikinci şəxsi bildirən əvəzliklər mübtəda vəzifəsində işlənən ismi birləşmənin birinci tərəfi kimi də əksərən ixtisar edilmişdir. Bu zaman əvəzlik ikinci komponentdəki mənsubiyyət şəkilçisi ilə təsəvvür edilir:

Yata-yata yanımız ağrıdı. Tura-tura belümiz qurıdı. (42)


Yerli qara taqlarun yıqılmasun!
Kölgəlicə qara ağacın kəsilməsün!
Qamən aqan görkli suyın qurumasın!
Çaparkən ağ-boz atın büdrəməsün! (41)

Müasir ədəbi dilimizdə yiyəlik halda olan söz cümlədə təklikdə yalnız xəbər vəzifəsində işlənə bilir. Qalan hallarda ikinci tərəflə - mənsubiyyət şəkilçili sözlə birlikdə cümlə üzvü olur. Bu, dastanların dilində də belədir: Mənim də içində şişligim var. Mənim dəxi içində nişanlım var. Lakin dastanlarda canlı danışıq dilinə demokratik münasibət mübtədanın yiyəlik halda ifadəsinə də imkan yaratmışdır; məs.: Boynı uzın bədəvi atlar gedərsə, sənin gedər (41) - cümləsində «sənin» sözü mübtədadır və «sənin atların» şəklində təsəvvür olunur. Bu cür ifadə tərzi canlı danışıq dilində indi də qalmaqdadır. Belə cümlələrdə birləşmənin birinci komponenti ümumi və qeyri-müəyyən şəkildə ikinci komponenti də ifadə edir.


Mübtəda «yeni»ni bildirdikdə, rema kimi çıxış etdikdə, təbii olaraq, aktuallaşaraq xəbərdən sonra işlənmişdir:

Qanı dedigim bəg ərənlər? Dünya mənim deyənlər? (50)

Açuq-açuq meydana bənzər sənin alıncuğın,
Eki şəbçırağa bənzər sənin gözcigəzin,
Əbrişimə bənzər sənin yəlicigin,
Əri muradına yetürər sənin arxacığın. (60)
Mübtəda quruluşca sadə və mürəkkəb olmaqla, həm nitq hissələri, həm də ismi və fe’li birləşmələrlə, həm isim, əvəzlik və məsdərlərlə, həm də substantivləşmiş söz və birləşmələrlə ifadə olunmuşdur; məs.: Su qaçan xəbər versə gərək? (45) Qazan bir tumar ilə köpəgi urdı.(45) Kafərlər tərs tanışmışlar.(47) Bunun ardınca, görəlim, kimlər yetdi.(49) Hey, məni sevən yigitlər binsünlər! (53) Ərənlər əvrəni Qaracuq çoban sapanın ayasına taş qodı, atdı.(43) Qazan bəgün qarıcıq olmuş anası qara dəvə boynında asılu getdi.(43) Oğulda ortacım yoq, qartaşda qədərim yoq.(52) Alp ərə qorxu vermək eyb olur.(86) Ayaqlılar buraya gəldigi yoq. Ağızlılar bu suyımdan içdigi yoq.(56) Mərə yigit, mənim atımı kimsə keçdügi yoq. Oxımı kimsə yardığı yoq.(55) Nə görəyim, oğlı olan evərmiş, qızı olan köçürmiş.(55) Gün kibi şılayıb gələn Kafərin başının ışığıdır.(70) Qarğu cida oynadanlar ildirəmədi. Qayın oxı atanlar kar qılamadı.(100)

 

Xəbər. Fikir predmetinin hərəkət və ya əlamətini bildirən xəbər cümlənin mübtədadan sonra ən zəruri, təşkiledici üzvüdür. «Dədə Qorqud»un dili xəbərin ifadə vasitələrinə görə müasir dildən ciddi bir fərqə malik deyil. Quruluş xüsusiyyətləri ilə də fərqlənmir. Fərq daha çox xəbərin analitik və ya sintetik şəkildə formalaşmasında özünü göstərir. Birinci və ikinci şəxslərin tək və cəmində xəbər adətən müasir dildə olduğu kimi, şəxs sonluqları qəbul etmiş olur; məs.: Azğun dinlü kafərə bən varayım. (38) Dirsə xan, görürmisin oğlanı? (37) Biz sənin oğlunu necə gətürəlim? (37) Bəglər, mənim dəxi həqqimə bir dua eylən. (52)


Üçüncü şəxsdə isə xəbər müəyyən hallarda -dır şəkilçisini qəbul etmişdir: Oğlan aydır: Mərə, bəginiz oğlı kimdir? (53) Qazan aydır: - Məqsudun bumıdır, Baybörə bəg? (52) Allah-təala məni qarğayıbdır.(52)
Əmr formasının II şəxs təkində -ğıl,-gil,-sana şəkilçiləri, III şəxs təkində -sın,-sin,-sun,-sün şəkilçisi işlənmişdir: Qoy məni, qadın ana, çəngələ ursunlar! Qo ətimdən çəksünlər, qara qaurma etsünlər, qırq bəg qızının öginə ilətsünlər. Anlar bir yedikdə sən iki yegil!(47) Böylə oğıl nənə gərək? Öldürsənə! - dedilər. (37) Saqın, qadın ana! Mənim üzərimə gəlmiyəsən! Mənim içün ağlamıyasan! Son misallarda gəlmiyəsən, ağlamıyasan xəbərləri arzu formasında olub əmr, tə’kid bildirir.
Xəbərin analitik yolla, xəbərlik şəkilçisi olmadan formalaşdığı hallar dastanların dili üçün daha səciyyəvidir: Gördi gög çayırın üzərinə bir qırmızı otaq dikilmiş. (54) Oğlı olan evərmiş, qızı olan köçürmiş.(55) Bir buğa öldürmiş sənin oğlın... (36) Vallah, yəxşi yigit, mürüvvətli yigit! - dedilər. (53) Daz yerdə turğay atmağa yəxşi! (63) Beyrək aydır: «Dügün kimün?» «Yalançı oğlı Yalınçağın». (60) Qarşu yatan qara tağı sorar olsam, yaylaq kimün? Souq sularını sorar olsam, içət kimün? (61)
Xəbər «yoq» sözü ilə ifadə olunduqda ümumən xəbərlik şəkilçisi işlənməmişdir: Qazanın bu işlərdən xəbəri yoq. (47) Səninlə mənim işim yoq. (64) Qomağım yoq qırq namərdə. (41)
Xəbər II şəxsin cəmində saitlə bitən sözlərdə -yın,-yin şəkilçisini qəbul etmişdir. Lakin bə’zən şəxsli forma yalnız -n şəkilçisi ilə yaranmışdır: Qarusından ağ əllərini bağlan (74) - cümləsində bağla-yın məqamında bağla-n formasına rast gəlirik Bu forma Cəbrayıl şivələrində indi də işlənməkdədir. (31; 170-184)
Xəbər müasir dildə olduğu kimi, adətən, cümlənin sonunda işlənmişdir: Ol namərdlər dəxi bir yerdə qonmışlardı. Al şərabın istisindən içərlərdi. Buğac xan çapub yetdi. Ol qırq namərd dəxi bunı gördilər, ayıtdılar: «Gəlün varalım, şol yigidi tutub gətürəlim. İkisini bir yerdə kafirə yetürəlim»-dedilər. (40) Lakin mübtəda zonası və ya ikinci dərəcəli üzvlərdən biri aktuallaşdıqda, «yeni»ni bildirdikdə xəbər yerini dəyişmişdir: Yandı bağrım, göynədi içim. (61)
Ə.Dəmirçizadənin dediyi kimi, «Fe’l, demək olar ki, o zaman artıq tam mə’nasilə təşəkkül etmiş və daha sərbəst işlənə bilən bir nitq hissəsi olduğu üçün» (24; 119) xəbər vəzifəsində daha fəaldır. Professor bu cəhəti yaxşı duymuşdur - qədim dövrlərə aid şumer mətnlərində fe’l xəbər vəzifəsində bu cür səciyyəvi əlamətlərə malik deyildir və bu cür aydın formalaşmamışdır (II fəslə bax).
Xəbər fe’llərlə yanaşı, adlar və ismi birləşmələrlə də ifadə olunmuşdur; məs.: Qarşu yatan qara tağı sorar olsam, yaylaq kimün? (61) Mərə, dəli ozan, ərə varan qız mənəm. (64) Dəniz kibi qararub gələn nədir? (69) Qara dəniz kibi yayqanıb gələn kafərin ləşgəridür. (70)
Bə’zən xəbərin bir hissəsi saxlanmış, bir hissəsi buraxılmışdır: Ağız-dildən beş kəlmə xəbər mana! (69) Beyrək gedəli Bam-bam dəpə başına çıqdığım çoq. (65) Bu misallarda xəbər sözü «xəbər ver», çoq sözü «çox olubdur» deməkdir və xəbərin bir hissəsi ixtisar olunub. Bunlar elliptik cümlələrdir
Ə.Dəmirçizadə yazır: «Müasir Azərbaycan dilində mürəkkəb xəbərlərin çoxu bir əcnəbi (ərəb, fars və ya başqa dilə məxsus) söz ilə bir azərbaycanca fe’lin (ən çox «ol», «et», «eylə» fe’llərinin) birləşməsindən düzəlir. İki azərbaycanca sözün birləşməsindən əmələ gətirilən mürəkkəb fe’li xəbərlər bugünkü azərbaycancada çox azdır. «Kitabi-Dədə Qorqud» dastanlarında isə əks vəziyyət vardır; mürəkkəb fe’llərin çoxu azərbaycanca sözlərin birləşməsindən əmələ gətirilmiş, ərəb, fars sözlərilə əmələ gətirilən (məs.: «zəbun oldu», «zarlıq qıldı», «müstəcəb olurdu» və b. kimi) mürəkkəb xəbərlər nisbətən azdır». (24; 121) Bu dəqiq müşahidəni aşağıdakı misallar da təsdiq edir: Bir at bularsam, tutayım binəyim. (60) Adaxlusın ana verər oldılar. (60) Qarşu yatan (qara) tağı sorar olsan, Ağam Beyrəgin yaylasıydı. (61) Baqdı gördi qız qardaşları qaralı-gögli oturarlar. (62) Qaftanı sıyırdı götürdi, qızların üstinə atı verdi. (62) Dədəm Qorqud gəlür oldı. (36) Bu çoban bizim həpimiz qırar olamı? (44) Yumruğımda talbınan şahin bənim quşımı alur gördüm.(44)
Müasir dildə «fe’li bağlama + təsriflənən fe’l» şəklində ifadə olunan xəbərin dastanların dilində şərt şəkilçili qoşa fe’llə ifadəsi halları da vardır və bunlar arxaik formalardandır: Baqsa-görsə bir dərənin içinə qarğa-quzğun enər-çıqar (Baxıb gördü bir dərənin içinə qarğa-quzğun enib-qalxır).
Sadə cümlələrin sonunda xəbərin təkriri dastanın dilində lirizmə xidmət edir: Dan-danuşıx ilə yəxşi ərməğanlar aldılar. Baybörənin oğlıyçun bir dəniz qulunı - boz ayğır aldılar. Bir ağ tozlu qatı yay aldılar. Bir dəxi altı pərli gürz aldılar. (53) Bu üsuldan müasir nəsrimizdə geniş istifadə olunur.
Müxtəlif prosesləri ifadə edən xəbərlərin sadalanması dastanların dilini canlı danışıq dilinin ifadə tərzi ilə daha çox bağlamışdır: İç Oğuzı gördi, qız bulımadı, qayıtdı gerü döndi, evlərinə gəldi. (85) Qayıtdı, döndi Dəli Domrul, evinə gəldi. (79) Bu cür ifadə tərzi Mirzə Cəlilin nəsr üslubunda öz izlərini saxlamışdır.
«Qanturalı boyu»nda elə cümlələr işlənmişdir ki, mübtəda - xəbər əlaqəsinə görə müxtəlif şəkildə başa düşülə bilər:

Atlu batub çıqamaz anun balcığı olur.


Ala yılan sökəməz anun ormanı olur.
Göglə pəhlu uran anun qəl’əsi olur.
Göz qaquban könül alan anun görklisi olur.(86)

Bu cümlələrdə mübtədanın və xəbərin sərhədi mətnə nəzər salmadan çətin dərk olunur. Zahirən belə hesab oluna bilər ki, ön sırada işlənən fe’li sifət tərkibləri (atlu batub çıqamaz) mübtəda, qalan hissə xəbərdir. Amma həmin mətndəki: Oğul, sən varacaq yerün Tolamac-tolamac yolları olur - cümləsindən aydın olur ki, ‘sən varacaq yerün (tolamac-tolamac) yolları’ mübtəda, olur sözü xəbərdir - olur sözü vardır mə’nasındadır. Eləcə də ‘anun balcığı’ mübtədadır, ‘olur’ xəbər, ‘atlu batub çıqamaz’ sözləri mübtədanın ikinci tərəfinin tə’yinidir - ‘anun atlu batub çıqamaz balcığı’. Sonrakı misralarda da fe’li sifət tərkibləri mübtədanın ikinci tərəfinin tə’yinidir. Bu cür quruluşun alınmasının səbəbi uzlaşma-idarə əlaqəli birləşmənin daxilində işlənib ikinci komponentə aid olan fe’li sifət tərkiblərinin ismi birləşmənin əvvəlində işlənməsidir. Bu cür ifadə tərzi ona görə şirindir ki, anun sözü (birləşmənin birinci komponenti) intonasiya ilə aktuallaşdırılmış və məntiqi vurğu altına salınmışdır. Cümlələrin quruluşu şifahi nitqdə yalnız intonasiyanın köməyi ilə tənzimlənir.



 

Tamamlıq. Dilçilikdə cümlənin ikinci dərəcəli üzvü kimi nəzərdə tutulan tamamlığın müasir strukturunda olan bütün xüsusiyyətlər «Dədə Qorqud»un dilində də vardır. Lakin fərqli cəhətlər də mövcuddur. Fərqlər min ildən artıq bir dövr ərzində indiki quruluşun sabitləşməsi, təkmilləşməsi prosesində tədricən yaranmışdır.
Tamamlığı
n ifadə vasitələri eynidir: isim, əvəzlik, məsdər, ismi birləşmələr, isimləşmiş nitq hissələri və söz birləşmələri; məs.: Qaravaşa ton geyirsən, qadın olmaz. (31) Qara eşək başına üyən ursan, qatır olmaz. (31) Ac görsən, toyurğıl! Yalıncıq görsən, tonatğıl! Baba malından nə faidə, başda dövlət olmasa. (31) Getdikdə yerin otlaqların keyik bilür. (32) Varıb Bayburd hasarı bəginə xəbər verdi. (57) Təkəbbürlük eyləyəni tənri sevməz. (31) ...oğlı-qızı olmuyanı tənri-təala qarğayıbdır. (34) Beyrəkdən sonra başına bu hal gəlcəgin bilürdin. (65)
Bu misallarda qaravaşa, ton, üyən, başda sözləri isimlə, ac, yalıncıq sözləri isimləşmiş sifətlə, eşək başına, baba malından, yerin otlaqların - ismi birləşmələrlə, təkəbbürlük eyləyəni, oğlı-qızı olmuyanı, Beyrəkdən sonra başına bu hal gəlcəgin isimləşmiş fe’li sifət və fe’li sifət tərkibləri ilə ifadə olunmuş tamamlıqlardır.
Vasitəsiz tamamlığın müasir ədəbi norma hesab olunan tə’sirlik hal şəkilçili müəyyənlik bildirən və hal şəkilçisiz qeyri-müəyyənlik bildirən növləri dastanların dilində də normal şəkildə işlənmişdir; məs.: Dəpə kibi ət yığ, göl kibi qımız sağdır! (35) Altun başlu ban ev vergil bu oğlana! (36) Yarımasun-yarçımasun, kafərin casusu bunları casusladı.(57) Başındağı tulğulğanı nə ögərsən, mərə kafər? (43) Qırq yigidlən oğlum Uruzı gətürüb durursan, qulun olsun! (48)
Misallarda ət, qımız, ev sözləri qeyri-müəyyənlik, bunları, tulğulğanı, Uruzı sözləri müəyyənlik bildirən vasitəsiz tamamlıqlardır. Ə.Dəmirçizadə bunları - bu sonrakı tamamlıqları «tam şəkilçili tamamlıqlar» adlandırmışdır. Bu ifadə onunla əlaqədardır ki, tə’sirlik hal şəkilçisinin ixtisar olunduğu və ya müəyyən elementinin saxlandığı vasitəsiz tamamlıqlar da vardır və belələri dastanların dilində daha çox işlənmişdir. Bu cür tamamlıqlar yalnız yiyəlik birləşmələri ilə (yanaşma-uzlaşma və ya uzlaşma-idarə əlaqəli birləşmələrlə) ifadə olunmuşdur; məs.: Ayru-ayru yollar izin dəvə bilür. Yedi dərə qoxuların dilkü bilür. Ğafil başın ağrısın beyin bilür. Ağır yüklər zəhmin qatır bilür.(32)
Yollar izin, dərə qoxuların, başın ağrısın, yüklər zəhmin birləşmələri vasitəsiz tamamlıqlardır. Bunlar da müəyyənlik bildirən vasitəsiz tamamlıqlar sayılır. Bu birləşmələrin başlanğıc forması ‘yollar izi’, ‘dərə qoxusu’, ‘başın ağrısı’, ‘yüklər zəhmi’dir. Birləşmələrin sonunda işlənən «n» tə’sirlik hal şəkilçisinin qalığıdır. Bu cəhəti nəzərə alaraq Ə.Dəmirçizadə vasitəsiz tamamlığın bu növünü «şəkilçili müxtəsər tamamlıq» adlandırmışdır. (24; 123) Lakin bu, əslində, tamamlığın deyil, tə’sirlik halın müxtəsər forması sayıla bilər.
Onu da qeyd etmək lazımdır ki, müxtəsər tə’sirlik halda olan vasitəsiz tamamlıqların yiyəlik hal şəkilçili birinci tərəfinin işlənməsi həmişə vacib olmamışdır; birinci tərəfin buraxıldığı hallar da çoxdur: Vardılar. Bayındır xanın tövləsindən ol eki atı gətürdilər. Dədə Qorqud birin bindi, birin yetdi (55) - cümləsində «atın bir-i-(n)i» əvəzinə, «bir-i(n)» işlənmişdir.
Mənsubiyyət şəkilçisindən sonra «n» elementi özünü yiyəlik birləşməsinin tərəfləri III şəxsdə olduqda göstərir. I və II şəxslərdə mənsubiyyət şəkilçisi samitlə bitdiyindən (-im,-in) tə’sirlik hal şəkilçisinin qalığına ehtiyac olmur, lakin vasitəsiz tamamlıqda mə’na müəyyənliyi yenə qalır; məs.: Baq, baq, mərə dəli qavat. Mənim birligim bilməz.(79) Qafillicə sənin başın mən kəsəyinmi? (92)
Qeyd edilən birləşmələrin başlanğıc forması «mən-im birlig-im», «sən-in baş-ın» şəklindədir və burada tə’sirlik hal şəkilçisinin heç bir qalığı yoxdur. Bu cür tamamlıqların da yiyəlik halda olan birinci tərəfi «yeni»ni bildirmədikdə ixtisar edilmişdir: Qadın ana! Bağrımla yürəgim nə dağlarsan? Ağır xəzinəm, bol aqçam götürüb durarsan, sana xərclıq olsun! (48) Qara polat uz qılıcın vergil mana! Sadağında səksən oqın vergil mana! Ağ tozluca qatı yayın vergil mana! (46) Mərə, qolça qopuzım çalun, ögin məni! (89) Tavla-tavla şahbaz atların, qatar-qatar dəvələrin gətürmişiz, bizimdir. (49)- cümlələrində yürəgim, xəzinəm, aqçam, qılıcın, oqın, yayın, qopuzım, atların, dəvələrin - birləşmə keyfiyyətini itirərək mənsubiyyət şəkilçili sözlərlə ifadə olunmuş vasitəsiz tamamlıqlardır.
Yiyəlik birləşməsinin həm bütöv işləndiyi, həm də birinci tərəfinin ixtisar olunduğu hallarda müasir normalara uyğun olaraq tə’sirlik hal şəkilçisindən də istifadə edilmişdir: Keçmiş mənim günim-i nə andırarsan? (47) Ərəbi atlar olan yerdə bir qulun-ı olmazmı olur? (47) Dünligi altun ban evlərim-i gətürüb durarsan, sana kölgə olsun! (48)
Bu cür misallar göstərir ki, ədəbi dilimizdə indi işlək olan bütün formalar ilkin orta əsrlərdə də mövcud olmuşdur, lakin o dövrdə daha fəal olan «şəkilçili müxtəsər tamamlıqlar» sonralar fəallığını itirmiş, özünü canlı danışıq dilində saxlamışdır.
Tarixi inkişaf prosesində dil bə’zən öz ilkin daha düzgün ifadə tərzini dəyişmişdir. Üzərində iş icra olunan obyekti bildirən sözlər sonrakı inkişaf prosesində qeyri-müstəqim obyekt kimi çıxış etməyə başlamışdır. Sazı oda urdular (66) - cümləsində fikir düzgün ifadə olunmuşdur: Sazı (qamışı, qamışlığı) oda urdular, oda tutdular. İş obyekt üzərində icra olunur və nəticədə obyekt tam dəyişikliyə uğrayır, məhv olur. Lakin indi biz bu cür cümlələri «Qamışa od vurdular» şəklində işlədirik. Əslində, od vasitədir, alətdir, üzərində iş icra olunan obyekt saz’dır. İndiki şəkildə ifadə tərzinin səbəbi, yəqin ki, od vurmaq sözlərinin yandırmaq mə’nasında sabit birləşməyə çevrilməsidir.
Müasir dildə olduğu kimi, dastanların dilində də qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar ümumi isimlərlə, apelyativ sözlərlə ifadə olunmuşdur. Lakin bir cümlədə, əgər texniki qüsur deyilsə, xüsusi isim də həmin vəzifədə müşahidə olunur: Dəpəgöz sıçradı baqdı, Basat gördi, əlin əlinə çaldı, qas-qas güldi.(101) Buradakı Basat gördü - ‘Basatı gördü’ deməkdir və dastanların 1988-ci il çapında beləcə də işlənmişdir (1962-ci il çapında Basatı şəklindədir, s.117).
Dastanların dilində vasitəli tamamlıqlar da normalaşmış şəkildədir. Vasitəli tamamlıqların aktuallaşma prosesində xəbərdən sonra işləndiyi hallar da vardır: İmarətlər yapayım sənin içün. (83)

 

Tə’yin. İkinci dərəcəli üzvlərdən tə’yin müasir normalara müvafiq olaraq tə’yinlənən sözlərdən əvvəl işlənmişdir; məs.: Acı tırnaq ağ yüzinə aldı- çaldı. Küz alması kibi al yanağını yırtdı. (58) Qamın aqan yügrək sudan Bir oğul uçurdunsa, degil mana. (73) Ağ saqallu atanı, ağ birçəklü ananı sorar olsan, sağdır, Bamsı! (59) Apul-apul yürişindən, Aslan kibi turışından, Qanrıluban baqışından Ağam Beyrəgə bənzədürəm, ozan, səni! (62)


Son misalda müasir ədəbi dilimizdə müşahidə edilməyən arxaik forma vardır: fe’li bağlama fe’l əsaslı düzəltmə ismə aid olmuşdur - Qanrıluban baqışından. Bu hal göstərir ki, baqış (baxış) sözü müasir dilimizdəki bu cür düzəltmə isimlərdən fərqli olaraq, ‘qanrılıban baxmağından’ ifadəsinə uyğun şəkildə məsdər məqamında çıxış edən söz olmuşdur.
Ə.Dəmirçizadə hamıdan əvvəl müşahidə etmişdir ki, «Hətta bugünkü Azərbaycan dilində müstəsna hal olaraq tə’yinolunandan sonra gələn ictimai rütbə (titul) bildirən «ağa», «xan», «dədə» sözləri də «Kitabi-Dədə Qorqud» dastanlarında əsasən ümumi qanuna uyğun olaraq, tə’yinolunandan əvvəl yerləşmişdir». (24; 127) Məs.: Bəli, xan Qazan, məsləhətdir. Ağam Qazan, məsləhətdir. Dədə Qorqud gəlür oldu və s,
Müasir dildə uzlaşma-idarə əlaqəli birləşmələrin tərəfləri arasında işlənərək ikinci tərəfə aid olan tə’yinlər «Dədə Qorqud»un dilində birləşmənin əvvəlində işlənmişdir; məs.: Ağca mənim köksüm basub qondı. (81) Tatlu mənim canımı alur oldu. (82) Bu cür hallarda fikrin düzgün ifadəsi intonasiya ilə nizamlanır.
Şahbaz-şahbaz atlar Qarıyubdur, qulun verməz. Qızıl-qızıl dəvələr Qarıyubdur, köşək verməz (49) - tipli cümlələrdə sözlərin təkrarından ibarət olan mürəkkəb sözlə ifadə olunmuş tə’yinlər poetikliyə də xidmət edir. Bu üsulun ən qədim mənbəyi şumer dilidir.
Dilimizdə olan mühüm bir qayda - cümlədə müxtəlif nitq hissələri və söz birləşmələri ilə ifadə olunan mürəkkəb tə’yinlərdə əvvəl fe’li birləşmənin, sonra müxtəlif söz birləşmələri və nitq hissələrinin yerləşməsi qaydası ilkin formada «Dədə Qorqud»un dil sistemində özünü göstərir; məs.: Qarşu yatan qarlı qara tağlar Qarıyıbdur, otı bitməz. (49) Qamın aqan görklü suyın qurumasun! (51)
Qeyri-müəyyənlik bildirən bir sözü tə’yinlə tə’yinlənən arasında deyil, tə’yindən əvvəl işlənmişdir: ...tənri-təala bizə bir yetiman oğıl verməz, nədəndir? (35) Mənim dəxi içində bir əqli şaşmış, Biligi yetmiş qoca babam var.(41)

 

Zərflik İndi «zərflik» adı altında birləşdirilən bütün üzvlərin ifadə vasitələri və quruluş sxemi «Dədə Qorqud»da da vardır. Müasir dilimizdə olduğu kimi, dastanların dilində də zərfliklər əksərən fe’li, bə’zən ismi xəbərlə əlaqələnmişdir.


Dastanların dilində yer və zaman zərflikləri daha çox işlənmişdir.
Zaman zərflikləri çox vaxt determinant kimi cümlənin əvvəlində özünü göstərir; məs.: Rəsul əleyhissəlam zamanına yaqın Bayat boyından Qorqud ata diyərlər, bir ər qopdı. (31) Bir yazın, bir küzin buğayla buğranı savaşdırarlardı. (36) Məgər xanım, ol gecə Ulaş oğlı Salur Qazan qara qayğılu vaqeə gördi. (44)
Dastanların dilində bə’zi fe’li bağlama tərkibləri zaman bildirmə xüsusiyyətinə görə müasir dildəkindən fərqli çalara malikdir. Böylə digəc Qazan aydır. (44) Çoban böylə dikəc Qazan ah etdi. (44) Qazan bəg böylə dikəc çoban aydır. (45) Böylə digəc bazırganlar səxt oldı. (53) Bunlar böylə edicək Baybura bəgin acığı tutdı. (54) cümlələrində ‘dikəc’ sözü indiki qədər intensiv və sür’ətli zaman ifadə etmir, bu söz sadəcə olaraq «deyəndə», «dedikdə» fe’li bağlamalarının mə’nasına uyğun mə’na ifadə edir.
Zaman zərflikləri müxtəlif nitq hissələri və söz birləşmələri ilə ifadə olunmuşdur; məs.: Qurd qaçan xəbər versə gərək? (45) Bazırganlar dəxi gecə-gündüz yola girdilər. (52) Bu gəz oğlan şərab içərkən içməz oldı. (53) Mən qaraquç atıma binmədin ol binmax gərək. (55) Ağam Beyrək gedəli bizə ozan gəldigi yoq. (61)
Bu misallarda zaman zərflikləri sual əvəzlikləri, zərflər, fe’li bağlama və fe’li bağlama tərkibləri ilə ifadə olunmuşdur. İkinci misaldan göründüyü kimi, zaman zərfliyinin xəbərə daha yaxın yerləşdiyi hallar da vardır.

Yer zərflikləri də bə’zən determinant kimi cümlənin əvvəlində işlənmişdir: Gögdən ildırım ağ ban evim üzərinə şaqır gördüm. (44) Lakin yer zərflikləri əksərən xəbərin əvvəlində yerləşmişdir: Qalın Oğuz bəgləri yüz göyə tutdılar. (52) Bərü gəlgil, başım bəxti, evim təxti! (35) Beyrək qızdan ayrılıb evlərinə gəldi. (55) Dəlü Qarcar dəxi ağ ban evini, ağ otağını qara yerin üzərinə qurdırmış idi. (55) Misallardan hiss olunur ki, bu hal əksərən yer zərfliyinin aktuallaşdırılması ilə bağlıdır.


Müasir dildən fərqli olaraq, nadir bir hadisə kimi, yer zərfliyi fe’li bağlama tərkibi ilə də ifadə olunmuşdur. Aşağıdakı parçaya diqqət yetirək:

Ağ ban evim dikilində yurdı qalmış,


Qarıcıq anam olurunda yeri qalmış.
Oğlım uruz ox atanda puta qalmış. (44)

Bu misralardakı dikilində, olurunda, atanda sözlərini dik-il-in-də, ol-ur-un-da, at-an-da şəklində kök və şəkilçilərə ayırmaq olar. Əvvəlki iki sözdə kökdən sonra işlənən -il və -ur fe’lin növ şəkilçiləridir; -in,-un, -an fe’li sifət,-da,-də yerlik halın əlamətləridir. Fe’li sifət şəkilçisinin həm açıq, həm də qapalı saitli variantının olması (-in,-un, -an) bu şəkilçiləri çox qədim dövrlərlə bağlayır. Dikilində, olurunda - ‘tikilən yerdə’, ‘oturan yerdə’, atanda - ‘atdığı yerdə’ mə’nasındadır. Fe’li sifət şəkilçisi ilə hal şəkilçisi (-in-də) birləşərək fe’li bağlama kimi çıxış edir və yaratdığı tərkib yer zərfliyi vəzifəsindədir. Misallardan göründüyü kimi, -ində, -unda şəkilçisi məchul növün şəkilçisindən sonra işlənə bildiyi kimi, söz kökünə də artırılmışdır və bu baxımdan, əslində, üçüncü misradakı atanda sözünü ilkin variantına görə «at-ında» şəklində düşünmək olar.


Adətən, hal şəkilçisinin qoşulduğu fe’li sifət şəkilçisi fe’li bağlama kimi formalaşır. Gəldigində, keçdigində, dikilində, olurunda, atında sözlərinin fe’li bağlama olduğuna şübhə yoxdur. Lakin bu cür ifadə tərzi arxaikləşmiş olduğundan mübahisə törədə bilir.
Məkan bildirən fe’li bağlamaya müasir dilimizdə təsadüf edilmir. Ona görə həmin fe’li bağlamaları da ilk baxışda zaman mə’nalı hesab etmişlər. S.Əlizadə bu misraları belə müasirləşdirmişdir:

Uca evimin tikilisi, yurdu qalmış.


Qoca anamın oturduğu yer də qalmış.
Oğlum Uruzun ox atdığı nişan qalmış. (26; 142)

Başqa bir kitabda aşağıdakı kimi sadələşdirmişlər:

Uca imarətlərimin binəsi, yurdu qalmış.
Qoca anamın olduğu yeri qalmış.
Oğlum Uruzun ox atdığı nişan qalmış. (39; 46)

Birinci misrada «yurd» sözü həqiqi mə’nada başa düşülməməlidir. Əgər doğrudan da, yurdu qalıbsa, onda nə aparıblar? «Yurd» sözü ‘yurdun yeri’ mə’nasındadır. Dilimizdə ‘yurdu xaraba qalmaq’ mə’nasında yurdu qalıb ifadəsi işlənir. İkinci tərcümədə «Uca imarətlərimin binası, yurdu qalmış» şəklində fikir daha çox təhrif edilmişdir - dastanda daş binalardan yox, çadır evlərdən söhbət gedir və ona görə də Oğuz bəyləri istədikləri anda, istədikləri yerdə ağ ban otaqlar tikə bilirlər, Qazan xan ozana (Beyrəyə) ağ ban ev təklif edir, bə’zi səhifələrdə (68 və s.) aşkar şəkildə «çadır otaq»dan söhbət gedir və s.


Bizim fikrimizcə, bu misralar belə sadələşdirilməli idi:

Ağ ban evim tikilən yerdə yeri qalmış.


Qarıcıq anam oturan yerdə yeri qalmış.
Oğlum Uruz ox atdığı yerdə nişan qalmış.

Aşağıdakı cümlələrdə də fe’li tərkiblər zaman zərfliyi kimi düşünülür. Lakin bu tərkiblərdə gizli yer mə’nası daha üstündür:

Mərə ozan! Qarşu yatan qara tağdan
Aşub gəldigində-keçdigində
Beyrək adlu bir yigidə bulışmadınmı?
Taşqun-taşqun suları
Aşub gəldigündə-keçdigində
Beyrək adlu bir yigidə bulışdınmı? (61)

Misaldakı fe’li tərkiblərdən hiss olunur ki, «Bamsı Beyrək boyı» daha qədim boylardandır (son misradakı bulışdınmı sözü də inkarda olmalıdır). Tərkibi yaradan «gəldigində» (və eyni zamanda «keçdigində») sözünü gəl-dig-in-də şəklində morfemlərə ayırmaq olar: gəl - sözün kökü, dig - fe’li sifət şəkilçisi, -in II şəxsin mənsubiyyət şəkilçisi, -də - yerlik hal şəkilçisidir. Üç şəkilçi birlikdə -digində şəklində fe’li bağlama şəkilçisi kimi çıxış edir. Şəkilçinin tərkibindəki -in sözün məzmununa yer mə’nası əlavə edir - bu sözlər «gəldiyin, keçdiyin yerlərdə» mə’nasını ifadə edir. «Gəldigində-keçdigində» sözlərinin işləndiyi bu misralar S.Əlizadə tərəfindən belə sadələşdirilmişdir:

Ay ozan! Qarşıda uca dağları
aşıb gəldikdə, keçdikdə sən
Beyrək adlı bir igidlə rastlaşmadınmı?
Daşqın-daşqın suları
aşıb gəldikdə, keçdikdə sən
Beyrək adlı bir igidə rast gəldinmi? (26; 159)

Əslində isə bu misralarda fe’li bağlamalar aşağıdakı şəkildə məkan mə’nası ilə izah olunmalıdır:


Mərə ozan! Qarşı yatan qara dağdan aşıb


gəldiyin-keçdiyin yerlərdə
Beyrək adlı bir igidlə rastlaşmadınmı?
Daşqın-daşqın suları aşıb
gəldiyin-keçdiyin yerlərdə
Beyrək adlı bir igidə rast gəl(mə)dinmi?

Bunlar göstərir ki, fe’li bağlama müasir dilimizdə yer zərfliyi vəzifəsində işlənməsə də, qədim dövrlərdə işlənmiş və zaman bildirdiyi kimi, məkan mə’nasına da malik olmuşdur.

Tərz zərflikləri bə’zi zərflər, qoşmalı sözlər, yamsılamalar, fe’li bağlama və fe’li bağlama tərkibləri və s.-lə ifadə olunmuş, əksərən fe’li xəbərin yanında işlənmişdir. Məs.: Salur Qazanla Qaraca çoban çapar yetdi. (48) Ol buğa qatı taşa buynız ursa, un kibi ügidərdi. (36) Köpək Qazanın atının ayağına çap-çap düşər, sin-sin sinlər. (45) Qarıcıq anan qara dəvə boynında asılu keçdi. (45) Dəstmalın əlinə aldı, böggürü-bögür ağladı. (52) Savaşmadın, uruşmadın alı verəyin, döngil gerü. (40) və s. Qarğu kibi qara saçım uzanır gördüm. (44) - tipli cümlələrdə intonasiyanın verdiyi imkanlar əsasında araya başqa sözlər daxil olmuşdur. Əslində, cümlə belə dərk olunur: Qara saçım qarğu kibi uzanır gördüm.

Səbəb zərflikləri aid olduğu cümlədəki işin icrasının və ya əlamətin meydana çıxmasının səbəbini bildirir. Belə cümlələrdə nəticə xəbər vasitəsilə ifadə olunur; məs.: Bir ağzı dualının alqışilə allah-təala bir əyal verdi. (35) Bən bunın alnına niyə tayaq olurbən tururbən? (36) Beyrəgin qorqusından qaçdı, özini Tana sazına saldı.(66) Gedərkən ərəbə qıcırdısından Qazan oyandı. (116)


‘Bir ağzı dualının alqışilə’, ‘niyə’, ‘Beyrəgin qorqusından’, ‘ərəbə qıcırdısından’ sözlərinin və birləşmələrinin ifadə etdiyi iş onların işləndiyi cümlələrin xəbərlərinin ifadə etdiyi işin səbəbi kimi çıxış edir və prosesin baş verməsi e’tibarilə xəbərdəki iş və hadisələrdən əvvələ aid olur.

Məqsəd zərflikləri: Qarşu yatan qara tağını aşmağa gəlmişəm. Aqıntılı görklü suyını keçməgə gəlmişəm. (56) Bəglər, qardaş uğrına Dəpəgöz ilə buluşuram. (100) Arıq olsa, qulağın dələrdi avda bəllü olsun deyü. (104) Dinin eşqinə ol əri quyudan çıqar. (117) Bədəvi atım saqlardım bu gün içün. Qara polad uz qılıcım saqlardım bu gün içün. (70) Əziz tənri adına qudbə oqıtdılar.(67) Siz bu yolda bu taşı neçün yığırsız? (60) - cümlələrindəki ‘qarşu yatan qara tağını aşmağa’, ‘aqıntılı görklü suyını keçməgə’, ‘qardaş uğrına’, ‘bəllü olsun deyü’, ‘bu gün içün’, ‘əziz tənri adına’ ‘neçün’ söz və birləşmələri məqsəd bildirir və aid olduqları cümlələrin xəbəri ilə ifadə olunan işdən sonra icra oluna bilən və ya icrası arzu olunan işi nəzərdə tutur. İfadə vasitələri bugünkü ifadə vasitələrinə müvafiqdir.


Bə’zi cümlələrdə kəmiyyət və dərəcə zərfliklərinə də rast gəlmək mümkündür: Qazan sağına baqdı, qas-qas güldi. Soluna baqdı, çox sevindi. (68) On altı yaş yaşladın. (69) Oğuzın ol kişi təmam bilicisiydi. (31) Olasan, mərə, mən Qazanca olmıyasan, Basat! (100)
Müasir normalara uyğun şəkildə «Dədə Qorqud»un dilində də qarşılaşdırma zərflikləri xüsusiləşmiş tərkiblərlə ifadə olunmuşdur: Bunda minnətlə almaqdan isə, anda babam yanında minnətsiz almaq yegdir! (53) Böylə oğıl olmaqdan olmamaq yegdir. (37) Qədəmi qutsız gəlin deyincə, udsız gəlin desünlər. (112)
Bu misallarda ‘çoq’, ‘on altı yaş’ sözləri kəmiyyət, ‘təmam’, ‘ad qoyasınca’ - dərəcə, ‘bunda minnətlə almaqdan isə’, ‘böylə oğıl olmaqdan’,’qədəmi qutsız gəlin deyincə’ tərkibləri qarşılaşdırma zərflikləridir.
Sayılmaqla Oğuz bəgləri tükənsə olmaz. (50) Ata tururkən oğıl əlini öpərlər? (54) Tənrinin buyruğilə, peyğəmbərin qövlilə Aydan arı, gündən görkli qız qardaşın Banıçiçəgi Bamsı Beyrəgə diləməgə gəlmişəm! (56) - cümlələrindəki ‘sayılmaqla’, ‘ata tururkən’, ‘tənrinin buyruğilə, peyğəmbərin qövlilə’ sözləri və birləşmələri hansı şərtlə? sualına cavab verir, xüsusiləşmə imkanları ilə fərqlənir və şərt zərfliyi kimi çıxış edir. Qarağuca qıymayınca yol alınmaz. Ər, malına qıymayınca adı çıqmaz. Qız anadan görməyincə ögit almaz (31) cümlələrində fe’li bağlama tərkibləri də şərt zərfliyi vəzifəsindədir.
Cümlə üzvləri ilə bağlı bu qısa qeydlər və nümunələr göstərir ki, dastanların təşəkkül tapdığı dil quruluşuna görə müasir ədəbi dilimizin bütün modellərinə malik tam yetkin dil olmuşdur. Bu dildə müasir ifadə tərzindən fərqlənə bilən əsaslı quruluş bəsitliyi müşahidə olunmur.

 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin