S.Kazımbəyoğlu “Cavahirnameyi-Lənkaran” əsərində bu mahalın səfalı və şəfalı ab-havasından, bu yerin sakinlərinin vəba, taun kimi ağır xəstəliklərdən uzaq dolanmasından söhbət açır: ”hicri 1244-cü ildə (miladi-1866) bütün İran ölkəsini, xüsusilə Ərdəbili, Rəşti, Ərmağı, Qaracadağı, Şirvan mahalını, Qarabağı və qeyri-yerləri taun xəstəliyi bürüdü... Təkcə mahalına sirayət etmədi.
...Vəba xəstəliyi talış ab-havasından xaricdə yerlilərdən bir neçəsini qarmamalışdır. Amma talış ölkəsinin özündə bu xəstəlik bəzən görünmüşsə də, az müddətdə zəyifləyərək yox olmuşdur.
...Məlum olduğu kimi, bu qiymətli ərazi haqqında zəyif və qorxaq adamların ürəyində, əsas etibarilə, iki pis fikir vardır: birincisi, buranın palçıqlı, gölməçəli olması, ikinci də, bununla əlaqədər isitmə və qızdırmanın bu yerlərdə qismən kök salmasıdır... Başqa vilayətlərdə titrəmə, qızdırma və başqa ağır xəstəliklər bu yerlərdən daha çoxdur. Palçıq da hər yerdə vardır”.
Hələ tibb elminin zəif inkişaf etdiyi qədim dövrlərdə boradigahlılar loğman təbiətə üz tutmuş, təbii bitkiləri min bir dərdin dərmanı sanmış, xalq təbabətindən (türkəçarədən) müxtəlif xəstəliklərin müalicəsində istifadə etmişlər.
İqlim şəraitindən asılı olaraq bizdə nəmişlik və rütubətin çox olması yel, revmatizm, radikulit və s. xəstəliklərin yaranmasına səbəb olurdu. Xalq təbabətçiləri bu və digər xəstəliklərin müəlicəsi üçün təbii bitkilərdən, otlardan dərmanlar hazırlamış, eyni zamanda, Xəzərin qara qumlarının, Masallı istisuyunun əvəzsiz müalicə əhəmiyyətini də nəzərdən qaçırmamışlar.