Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə3/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   2   3   4   5   6   7   8   9   ...   189

1. ADƏT-ƏNƏNƏLƏR



Bizdə adət-ənənələr indi keçmişdəki kimi deyl. İndi çox şey dəyişib. Böyük-kiçik qalmayıb, ona görə də xeyir-bərəkət göyə çəkilib. Qabağlar qohum-ağraba axşamüstü bir-birinə otur­­mağa gedərdi. Baxardın ki, qışda ev adamnan dolub-daşır. Hamı mehriban idi. Qış gecələrində nağıl danışardılar, oyun oynayardılar. Qadınlar da öz aralarında beşdaş və başqa şey­lər oynardılar. Evdə də ailəlikcə ya kitab oxuyardıq, ya da uşaq­­lara nəsihət verərdik.

O vaxtlar doğumun, sünnətin, toyun, yasın öz adəti var­dı. Hətda təzə ev tikməyin də qayda-qanunu olurdu. Qonşular, qohumlar kərpic kəsər, evin himi qoyulanda xeyir-dua verər­dilər. Bu bir nöyü iməcilik kimi bir şey idi. İlk şalban qal­xanda da xələt aparardılar.

Toylar üç gün, üç gecə olardı. Toyxana qurulardı, sər­xeyr olardı, toyu o aparardı. Aşıq gələrdi, nağıl danışardı. İndi o da dəyişdi. Sünnətə kiçik toy deyərdik. E, o vaxtlar hər şey adətincə olardı.

Dəyişən adətlərdən biri də sünnət adətidir. Qabaxlar sün­­nəti dəllək eliyərdi, indi doktora kəsdirirrər. Sünnətdə ye­mək-içmək olurdu. Kirvə olurdu. Dəlləyə pul verirdik, xələt də. Kirvəyə də xələt verilirdi. Bizdə kirvə əmidən də, dayıdan da üstündü. Əminin, dayının qızı ilə evlənmək olar, kirvənin qızı ilə yox. Deyillər ki, qanı üstünə tökülmüş adam ikinci ata­­dır, onun ayləsi doğmadır, qızı bacın, oğlu da qardaşındır.
* * *

Ümümiyyətlə, ata babalarımızdan eşitdiyimiz adət ənə­nə­lərimiz ümümiyyətlə çoxdu. Həmin adət-ənənələrdən biri toy­dur, biri yasdı və orda deyilən ağıtlardı. Məsələn, hüzürlər dü­şən­də adətən qadınlarımız ağıt diyillər. Olar sırf bayatılar­dan istifadə eliyillər. Ağıt hansısa qadının hüzür məclisində istifadə elədiyi fikirlərdi. İndi də bu adət yaşamaqdadı. Ay­dın­dı ki, o bir az mərsiyyə xarakterlidi. Ağılar mərsiyyə xarakterlidi.

Qaldı, hüzürlərimiz indi çox qısalıb, mərasimlər çox qı­sa­lıb, qabaglar, indiki qırx gün, il söhbəti olub, hətta qəbir üs­tün­də bizdə çadır qurulub, vaxtı ilə. Orda molla otuzdurublar iki nəfər. Gecəni üç gün ərzində onlar orda oturublar.

Qaldı xeyir işlərimizə, xeyir işləri deyəndə aydındı ki, ni­kah məsələləri ortaya gəlir. Adətən qiz tərəfinə yaxın olan adam­lardan, kimsə qız evinə gedib, bu fikri söyləməlidi ki, ay­lə bilsln. Fılan aylə hansısa aylənin qızını nikaha dəvət eliyir. Belə.

Demək, yaxın adam, eşidilən adam seçilir, gizli yolnan, leqal yox, qeyri leqal şəkildə, yəni elan olunmamış şəkildə hə­­min kadınnanmı, yaşlı kişidirsə, onnan ünsiyyət saxlanılır. Hə varsa vədə alınır, hansı günü bu olacaqsa əvvəlcədən müəy­­yən olunmuş ağsakqallar, agbirçəklər, kadın, kişilər, se­çilir. Sora nişan vermə mərasimi kimi, yaylıx dyillər, qa­bax­lar, əvvəl yaylıx verirdilər. Oglan evi tərəfindən, qız evi tərə­fi­nə. Qız evinə verilirdi ki, bu mənimdi.

Yaylığ vermə mərasmi kimi verilirdi, onnan sora nişan müəyyyən olunurdu. Həmin nişan günü şirin gətirilirdi ortaya. Adətən şirinçay olurdu. Nə bilim o biri, bu biri. Şirniyyat pay­lanılırdı, bilinirdi ki, kətdə söz çıxırdı ki, filankəsin qızı, filan­kə­sə nişanlıdır. Onnan sora xınayaxdı mərasimi keçirilirdi, o da dəst paltarlarnan, qızılnan. Nə bilim, dəst paltarlar alınırdı və ziynət şeyləri elan olunurdu. Göstərilirdi. Bu gəlnin nə bi­lim, üzüyü, bilərziyi, nəyi, nəyi, filan paltarı, filan ayakqabısı.

Bundan sora aydındı ki, hər iki tərəf hazırlaşırdı. Onu da mən sizə deyim ki, dövlət səviyyəsində nikahdan əvvəl kəbin kəsmə mərasimi, indi də qalıb, o qalıb. Hər iki tərəfdən şahid­lərnən, demək, o nikahı kəsə bilən, kəbini kəsə bilən, daha dog­rusu molla yanına gedirlər. Aydındı ki, hər molla yox, se­çi­lən, o işi bacaran molla yanına gedrdilər.Və kəbin kəsilən­dən sora, üzr istiyirəm, bunu deməliyəm. Deməsəm mümkün de­yil, oglan qız arsında görüş təşkil olunurdu. Bunnan sora! Belə bir ata-baba qaydası var idi.

Soradan toy günümü, toydan iki gün əvvəlmi, ərazi nü­ma­yəndəliyində, indi bələdiyə, keçmiş kənd savetində, demək o indi toylara dəvət olunur, toy da elə nikah keçirilir. Bu da bi­zim toy adət-ənənəmiz.

Qaldı vaxti ilə, bunu mən demədim, toya qalmış, o mə­ra­si­mə qalmış, adətən qızbaşına toplaşardılar. Toplaşma nəyi­nən bag­­lı idi, adətən halaylar diyərdilər. Qızın şəninəmi, ogla­nın şə­­ninəmi deyilirdi, orda başqa şey iştirak eləmirdi , ancaq əlnən qaval olardi, üz-üzə durardılar, quruplar, bu diyərdi, o di­yərdi. Oglan tərəfi kimi, qız tərəfi kimi. Amma artıq bular yıgış­dırılıb.

Sora qız seçmə mərasimləri olub. Azərbaycanın bütün guşələrində də olub. O mərasimlər, demək, əvvəl bulağ başın­da olub, əvvəlki vaxtlarda, soralar bizdə demək iri agacların altında, küp asma olarmış, yəni indi yellənəcəklər. Qızlar orda yellənərmişlər. Bu da qız bəyənmək ücün bir məqam.

Sora qız toylarında, adətən belə idi ki, qız toylarında og­lanlar, kişilər iştirak eləmirdi. Məsuliyyəti ev sahibinin üzə­rin­də idi. “Mənim qızım sənin qapıva gəlibsə, kiminsə oglanı onu narahat etməməlidi,” bu baxımdan nəzarət təşkil olunar­dı. Sonra qazan üstüləri olardı, adətən xorəy bişirlən yerə belə diyərdilər. Ora nəzarətçilər qoyulardı, sora paylayıcılar, kən­din özündən cavanlar seçilərdi, stolamı diyim, sizə sıriyamı di­yim, nəzarət eliiyən bir şəxs gəzişərdi ortalıqda. O iş gör­məzdi, ancaq nəzarət edərdi. Adətən bizdə belə olub.

İndiki toylara gəldikdə isə bir az yıgcamlaşıb. Xına­yax­dı­lar da, bəzən nişanlarda, dəbdəbədən məhdudlaşıb, konkret­lə­­şib, ancaq biraz ifratçılıq var. Bütün yerlərdə var, biz də də var.

Tədricən bunu yıgışdırmağ doğru səy var, addımlar atı­lır, kəndinn seçilən adamları, sayılan adamları, ancaq indiki se­çilib, sayılmaq vara söykənib. Keçmiş seçilib, sayılan kişi­lər başqa olub. Yəni var-dövləti olmuyub buların. Buların var-dövləti buların sayılmagı olub. Belə adamlar olub. Yəni belə adamlar olub ki, bir dənə “sən öləsən” böyük iş görüblər. Ke­ciblər, ölmişin keciblər. Hal-hazırda isə bu götürülüb, yox sə­viyyəsindədi. İndi pulnan ölcülür, o da ki meyar deyil.

Mənim rəhmətlik atam, indiki embavuud şirkətinin sax­ladıgı atasından demək nişanlı olub, ama onu götürüb Şahbaz kişi saxlıyıb, kişiynən dost olublar. O varlı olub, bu kasıb. Bö­yük var sahibi olub o. Yalnız sözləri keçərli olub. Sən ölüm, həə, sən öl sözü.
* * *

Qədim adət-ənənələrdən, məsələn, üzür mərasimlərində, rəhəmətə gedən adamı basdıranda, onun üstünü örtmürdülər, yəni torpaqlamırdılar. Orda acığ idi, ancaq nətəhər qoçaq idi, demək, açığı o idi ki, örtülürdü qalırdı torpaq səviyyəsində. Tor­paq səviyyəsində qalırdı, yuxarıya qalxızmırdılar. Onu ona görə eliyirdilər ki, atalardan eşitdiyimi deyirəm, öz atam­dan, ona görə eliyirdilər ki, yəni birdən o, ürək tutmasından ölə bilər, məsələn, qan laxalanmasından ölə bilər və dirilə bi­lər. Hətta olub belə şeylər, məsələn, mən eşitmişəm olub.

Son zamanlar da bu ləğv oldi. O adət-ənənə indi demək olar ki, heç yoxdu. Həm çadır, heç bir şey yoxdu. Orda da üç gün molla olurdu, onun yanında köməkçi də olurdu. O molla ge­cə-gündüz, üç gün orda otururdu. Otururdu, özüdə üç gü­nün üçü­nü də, Qurani-kərimdən oxuyurdu. Onun yanında isə xüsusi adam qalırdı. Ondan başqa, olar iki nəfər olmalıydi müt­ləq, tək ola bilməzdi. Onun yanında bir nəfər də qulluq eliyən var idi. Məsələn, çayın qoyurdu, yeməyin verirdi, daha olar ordan, otur­duğu yerdən heç yerə durmurdular. Bax, belə bir adətimiz var idi. İndi ləğv oldu getdi, amma gözəl adət idi, pis adət deyildi.
* * *

Təqribən bu son yüz ildə olub. Bizim hüzür yerlərinin fər­qi demək olar ki, hamısınnan fərqlənir. Bax, bizdə hüzür məc­lisləri, Boradigahın özündə, yeddi gün davam edir. Üç, yed­didə ümumi ehsan verlir. Belənçisə, günurta ehsan verilir, axşam da ehsan verilir. Məclisdə də, ruhanilər əyləşir. Öz ru­ha­nilərimiz var, bizim Bordigahın savadli ruhaniləri var. Olar ali dini təhsil alıblar. Qəşəng də danışıllar. Belə hərtəfli sa­vad­li. Qabaq savadsız mollalar olub, amma indi ən savadlı mol­lalar bizim mollalar, bütün respublikada məəşurdular. Yax­­şı din xadimlərimiz var bizim.

Hüzürlərdə əlavə söz-söhbət olsun, belə şey ola bil­məz­di. Din xadimi danışər dini mövzulardan, yəni, müxtəlif möv­zu­lar­dan. Qonşuluğ, valideyn münasibətləri, ata-oğul münasi­bət­ləri, so­ra vətənpərvərli. Bax bu mözulardan danışallar. Yə­ni onu din­nnən əlaqəndirəllər. Oların əksəriyyəti gedib Suri­yada təhsil alıb.

* * *

Hər bir yerin milli xüsusiyətləri var və ona məxsus da folklor mədəniyyəti var. Məsələn, bizdə maraqlı adamlar çox olub. Əliməmməd adlı bizdə yumor hissi güclü olan bir adam olub. Onun haqqında mən ,,Boradigahım mənim” kitabımda yaz­­mışam. Bu adam çox mıx alana nə boyda xaraba tikirsən, deyir. Əksinə, ev tikənə xeyir-dua verəllər, bu diyir ki, bu boyda xaraba tikrsən.

Bizdə boşanmaya bir faciə kimi baxırdılar. Ona görə bo­şanmaların sayı bizdə çox azdı. İndi son vaxtlar bizdə də bo­şanma olur, amma vaxtilə demək olart ki, barmağla sayı­lar­dı. Çünki bizdə ayləyə müqəddəs bir varlığ kimi baxırlar. Ay­lələr də ki, təkcə məhəbbət əsasında qurulmur, ata-babaların rə­yi əsa­sında qururlur, köhnə adət-ənənələr əsasında qurulur və o sevənlərin ailə həyatınnan daha güclü olur. Bəzən deyil­lər ki, məhəbbət olmasa, aylə dağılar, düzdü, məhəbbət də ay­lə­nin şərtlərinnən biridi, ama adət-ənənələrin davamlılığı ki var ha, o davamlılığ, o iplərin möhkəmliyi bəlkə sevgi-məhəətdən də güclü ola bilər. Belə bi məsəl var, deyir, gözəldən qırx günə doymaq olar, gözəl xasiyyətdən qırx ilə də doymaq olmaz. Alışma var, aylənin təməli alışma ilə qoyulur.

Məsələn, ata-ananın rəyi ilə qurullar, soradan bir-birinə alışıllar. Övladaların xətrinə, bu aylə daha davamlı olur.

Mənim bir xalam oğlu var idi, o mənə dedi ki, gərəy sev­diyin qıznan evlənmiyəsən. O mənə dedi bu sözü, mən fi­kir­ləşdim ki, axı nəyə görə deyir. Axı həmişə deyillər, sev­diyin adamla gərəy qovuşasan.

Mən öz-özümə xırdaladım ki, insan ki öz xəyalında o adamı ideallaşdırır, artıq onnan evlənirsən, o adam səninçün adiləşir. O mətbəx bir qadınına çevrilir. O ideal tamamilə yox olur. Ona görə o ideallıx itənnən sora o tamamilə sənin gö­zün­də kiçilir. Elə sevənlər bir-birinə qovuşmasa yaxşıdı ki, o ideallığı özündə qoruyub saxlıya bilsin. Bəlkə də elə kökü də elə burdan gəlir ki, sadəcə olaraq adi qaydada evlənir, yol­da­şına da yaxşı baxır. Onunçün əvvəlcə o ideal yox idi, o idealın puç olması da yoxdu və adi qaydada yaşıyıllar, həyatlarını davam edillər. Bir nüans da bəlkə burdan irəli gəlir.

Düzdü, sevib aylə quranlar da var, ama mənə elə gəlir ki, ata-ananın rəyi ilə evlənmək daha yaxşıdı. Həm də mən təc­rübəmdən görürəm ki, adi ata-babanın rəyiynən, el adə­tiy­nən sevib aylə quranların həyatı daha möhkəm olur.
* * *

Bizim adətlərimizdən biri də oğlan uşağına sünnət toyu eləməkdi. Sünnət toyunu gücü-quvvatı olanlar eliyirdi, kasıb­lar da eləcə uşağı sünnət elətdiridilər. Dəllək gətirirdük, bi övlad sünnət olunursa, bi dənə də xoruz kəsilirdi ki, qoy cüt olsun, tək uşaq sünnət eləmək olmaz. Yox iki uşaqdırsa, kəs­mirdilər. Sünnətdən sora dəlləyə xələtin-xarmanın verir­dun, qonağlığ olurdu. O vaxtı ev dolu olardı uşaxnan, bala. Oğlan uşa­ğıynan. Əmi, dayı uşaxlarının hamısı bi gündə sünnət olu­nar­dılar. Dəllək çəmədannan xələt alardı. Görün nə qədər uşax sünnət eliyirdi. Kirvəyə də xələt verirdilər, ya cibinə pul qoyurdular, ya evinə göndərirdilər. Kirvəyə paltar almaq adəti də vardı. Uşağın əlinə də ya dayı, ya əmi pul verərdi. Sora kir­vəlik olar­dı. Kirvə arvadı ilə, par-parça ilə gələrdi. Kir­və­li­yi eləmək çox çətindi, gərək həmşə kirvənin hörmətin saxlayasan.
* * *

Mənim hindiyə kimi yadımdadı, atam içəri girəndə biz hamımız bir nəfər kimi ayağa dururduq. Xörəyi bişirərdi nə­nəm, çəkərdi anam. Deyir, Peyğəmbərimiz deyib ki, qonşusu ac qalan bizdən deyil. Mənim dayım var, bizə qabda xörək sax­lamamağı o öyrədib. Bizim ixtiyarımız nə idi, ay bunu ye­mirəm, bunu istəmirəm, elə söhbət yoxdu. Mən hələ birinci onun yanında danışmamışam. Salam məleykim, sual verib ca­vab vermişəm. Bir dəfə gəldi bir söz dedi bir qulağı ağır eşidirdi. Dedi, filan şey filan oldu. Dedim, nə deyirsən, dedi, fi­lan şey filan oldu. Dedi, nə qışqırırsan, ə. Onnan da dayımın ya­nında bərkdən danışmağı tərgitdim.

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin