Мцстягил тящсил сийасяти


Orta təhsil və onun strukturu



Yüklə 206,5 Kb.
səhifə4/4
tarix02.01.2022
ölçüsü206,5 Kb.
#1968
1   2   3   4
Orta təhsil və onun strukturu

Biz hamımız o quyudan su içmişik.

Heydər Əliyev


Müstəqil Azərbaycanın 1992-ci ildə qəbul olunmuş ilk Təhsil Qanununun həyata keçirilməsi prak­tikası nə göstərdi? Bu sətirlərin müəllifi o vaxt Təhsil Qanununu hazırlayan işçi qrupuna daxil oldu­ğun­dan həmin dövr­dəki müzakirə və mübahisə mövzularını yaxşı xatırlayır. Belə ki, müzakirə mərhələsində irəli sürülən bir sıra dəyərli ideyaların Qanunun son variantında öz qətiyyətli ifadəsini tap­maması və ötən dövrdə həyata keçirilməməsi həmin ide­yaların bu gün bir növ "unudulması" ilə nəticə­lənmiş və ya bu ideyaların guya özünü doğrultmadığı qənaəti yaranmışdır.

O vaxt "əsas təhsil" və onun icbariliyi haq­qında, orta təhsilin sonrakı mərhələsinin isə təmayüllü olması barədə ideya tam inkişaf etdirilmədi və Qanuna da yarımçıq, tam formalaşmamış halda daxil edildi. Əsas təhsilin başlıca missiyası düzgün dərk edilsə idi, onun 8 il yox, 9 il olması haqda təklif qəbul edilərdi. Bu, çox prinsipial məsələ idi. 6 yaşdan baş­lan­mış 8-illik təhsildə (14 yaşına qədər) hamı üçün zəruri olan ümumi təhsilin əhatə olunması mümkün deyildir. Bu mər­hələ istər-istəməz tamamlanmamış qalırdı. Digər tərəfdən, ayrıca tə­ma­yüllü liseylər aç­maq əvəzinə elə həmin məktəblərin yuxarı sinif­lərinin təmayüllü məktəb və ya yüksək orta məktəb pilləsi kimi qəbul olunması yeni sxemə doğru qətiyyətli addımlar atılmasına yol vermə­di. Nəticədə orta məktəblər Təhsil Qanununun açdığı yeni imkanlar­dan istifadə etmədi; köhnə təhsil forması saxlandı və 8-ci sinfi bitirənlər hamısı növbəti siniflərə keçməyə can atdı. Peşə liseyləri şəbəkəsi nəinki genişləndirilmədi, əksinə, sovet dövründən qalan texniki peşə məktəbləri də tədricən da­ğıldı, onların onsuz da aşağı olan nüfuzu bir az da aşağı düşdü. Halbuki, keçid dövründə yaxşı hazırlanmış peşə­kar sənət adamlarına, ustalara, texniklərə, orta təh­silli xid­mət perso­na­lına, kompüter işçilərinə və s. böyük ehti­yac vardır.

Xüsusən, Konstitusiya qəbul olunduqdan son­ra icba­ri ümumi orta təhsil müddəası təhsilşünas­larımız tərəfindən düzgün şərh edilmə­diyindən şagird­lərin bir qismini 9-cu sinifdən sonra peşə məktəblərinə yönəltmək daha da çətinləşdi. Halbuki, inkişaf etmiş ölkələrin ço­xun­da texniki peşə məktəbləri böyük uğurla fəaliyyət göstərir. Məsələn, Almaniyada orta məktəb şəbəkəsində peşə məktəbləri aparıcı yer­lərdən birini tutur.

Sovet dövründə bütün başqa sahələrdə olduğu kimi təhsil sisteminin də mərkəzində ideya-siyasi tərbiyə dayanmış, iqtisadi tər­biyə, ekoloji tərbiyə və ilk növbədə politexniki tərbiyə kölgədə qal­mışdır. Bu hal müxtəlif təhsil formalarına münasibətdə də öz əksini tapmışdır.

9-cu sinifdən sonra üç əsas istiqamət var: tam orta təhsil verən ümumtəhsil məktəbi (gimnaziya), o cümlədən təmayüllü məktəb, orta ixtisas təhsili verən məktəb, texniki peşə məktəbi. Etiraf edək ki, bu axırıncı təhsil forması əslində tam orta təhsil kimi nəzərdə tutulmur və uzun illər ərzində onun yarıtmaz təşkili bu təhsil forma­sına qarşı mənfi ictimai rəy yaratmışdır.

Real vəziyyət belədir ki, texniki peşə məktəbinə uşaq­lar müəy­yən sahədə xüsusi fərasətlərinə, müsbət ami­lə görə deyil, əksinə, ümum­təhsil üçün yararsız olduq­larına görə seçilir. Bu cür yanaşma isə cəmiyyət üçün çox lazımlı bir sahəyə qabiliyyətli adamları cəlb etməyə imkan vermir.

Bazar iqtisadiyyatı müəssisələrin yüksək ixtisaslı kadrların hazırlanması ilə maraqlanmasını, kadr hazır­lığına vəsait ayırmasını və kadrların peşə yönümünün real texnoloji imkanlara uyğunluğuna nəzarət etməsini zəru­rətə çevirir.

Xüsusən texniki peşə təhsilinin məhz bilavasitə si­fa­rişçi müəssisə tərəfindən maliyyələşdirilməsinə, sifa­rişçi müəssisələrdə praktika ke­çil­məsinə və onların nüma­yəndələrinin məzunların attestasiyasında iştirak etməsinə böyük ehtiyac vardır.

Dövlət tərəfindən maliyyələşdirilən və tam orta təhsil verən və ya peşə, sənət təhsili verən məktəblərə – li­sey və kolleclərə keçid tədrici olmalı, daha doğrusu, təd­ri­cən əvvəlki sistemə alternativ təhsil sistemi yaradıl­ma­lıdır.

Bunun üçün texniki peşə məktəblərindən bir qismi tədricən peşə və sənət liseylərinə çevrilməlidir. Bu liseylər dövlət maliyyələşdirilmə­sindən müəssisələr­lə birbaşa kon­traktlar əsasında təsərrüfat hesabına keçməlidirlər.

Təsərrüfat hesabı ilə işləyən və daha çox müs­təqilliyə malik olan, xarici ölkələrlə birbaşa əlaqələr ya­radan, öz əmlakını tədricən döv­lətdən satın almaqla özəl­ləşən peşə və sənət liseyləri ilə dövlət texniki-peşə siste­minin paralel mövcudluğu azad rəqabət şəraitində hər iki formanın inkişafına təminat verər.

Bizim ölkədə indiki şəraitdə orta məktəb məzun­larının çox az qismi ali məktəblərə qəbul olunduğundan texniki peşə məktəblərinin dirçəldil­məsinə böyük ehtiyac vardır. Lakin bunun əvəzinə Təhsil Qanununun yeni layi­həsində "peşə təhsili" ifadəsinin qarşısına "ibti­dai" sözü ar­tı­rılmaqla peşə məktəblərinin daha da nüfuzdan düş­mə­sinə şərait yaradılır.

İndiki mərhələdə ilk müstəqil Təhsil Qanununun artıq beş illik fəaliyyəti dövründə Azərbaycanda real təh­sil müstəvisində gedən prosesləri diqqətlə izləsək apa­rılan yarımçıq islahat cəhdlərinin çox vaxt uğursuz nəticə­ləndiyini qeyd etmək məcburiyyətindəyik. Lakin, bizcə, layihədə təklif edildiyi kimi geriyə çəkilmək yox, həmin ideya­ları daha mükəmməl və daha qətiyyətli surətdə hə­ya­ta keçirmək lazımdır. Bunun üçün 9 illik ümumi orta təhsilin (bu zaman icbari təhsil müddəti 15-16 yaşa qədər olur) vahid proqramı hazırlanmalı və o, təmayüllü lisey­lər, orta ixtisas məktəbləri, orta təhsil kollecləri və peşə liseyləri üçün baza rolunu oynamalıdır. Hazırda mövcud olan orta məktəblər öz funksiyasını 9 illik ümumi təh­sildən sonra bitir­məlidir. Lisey, kollec, peşə məktəbləri şəbə­kəsi isə ümumi orta təhsil­dən sonrakı pillə olmaqla müstəqil surətdə fəaliyyət göstərməlidir. Əsasən 2-3 illik təhsil müddətini əhatə edən təmayüllü məktəblərdə təhsil könüllü surətdə seçilməlidir. Burada – yüksək orta təhsil pillə­sində icbariliyə yol verilə bilməz, çünki bu, 16 yaşına çatmış gənclərin hüquqlarının tapdalanması olardı.

Digər tərəfdən, ümumi orta təhsil pilləsindən fərqli olaraq yük­sək orta təhsil pilləsində bələdiyyə məktəb­lərinin və özəl məktəb­lərin geniş şəbəkəsi yarana bilər ki, bu da büdcədən maliyyələşən lisey və kolleclərin gərgin rəqabət şəraitində fəaliyyət göstərməsinə, həm­çinin burada məsu­liyyət hissinin artmasına təkan verər. Bu baxımdan, xü­susi orta məktəblərin açılmasında dövlət özü maraqlı olmalıdır. Təsa­düfi deyildir ki, ölkə prezidenti müəllim­lərin qurultayında çıxış edərkən "şirkətləri, iş adamlarını təhsilə vəsait sərf etməyə və təhsilin inkişafına qoşulma­ğa" çağırmışdır. İş adamının təhsilin inkişafına qo­şul­ması müxtəlif formalarda ola bilər. Təhsilin məzmununa mü­da­xilə etmədən və tədrisin keyfiyyətinə heç bir şərt qoy­madan dövlət təhsil sisteminə sadəcə maddi köməklikdən fərqli olaraq, kim isə həm də məzmun baxımından fərqlənməklə, özünəməxsusluğu, özəlliyi olan ye­ni mək­təb­lərin açılmasını üstün tuta bilər. Əlbəttə, burada özəllik, kiminsə adı ilə bağlılıq mütləq pullu təhsil kimi başa düşülməməlidir.


* * *
Azərbaycan Respublikasının Konstitusiyasına "döv­­­lət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir" maddəsi daxil edildikdən sonra təhsil sahə­sində mütəxəssislərin bir qismi böyük narahatlıq hissi keçirməyə başladılar. Əlbəttə, bu müddəa Azərbay­canın bu günündən daha çox gələcəyi üçün nəzərdə tutulmuş­dur. Hələ keçid dövründə olan, keçmiş sovet iqtisadi mə­kanı və sosialist iqtisadi münasibətləri dağıldıqdan sonra yeni iqtisadi prinsip­ləri hələ təzə-təzə həyata ke­çirən və heç şübhəsiz, maliyyə qıtlığı hiss edən bir ölkə üçün bu, həddindən artıq böyük zinət sayıla bilərdi. Ona görə də, Konstitusiyanın layihəsi müzakirə olunarkən çox­ları ya icbarilik haq­qında dövlət öhdəçiliyinin çıxarıl­masını, ya da layihədə olduğu kimi, ancaq səkkiz illik natamam orta təhsilin icbariliyini təklif edirdi. Lakin Konstitusiyanın son variantına daxil edilən "icbari ümumi orta təhsil" şərti çoxlarını çaş-baş saldı. Ona görə də, vəziyyətdən çıxış üçün "icbari" sözünün heç də "məcburi" demək olmaması barədə, yaxud icbarilik şərtinin şagirdin təhsil almasına deyil, dövlətin təhsil üçün şərait yaratmasına aid olması haqqında yum­şaldıcı fikirlər, şərhlər irəli sürülürdü. La­kin nə üçünsə, "ümumi orta təhsil" ifadə­sinin dünya prak­tikasına uyğun olaraq yenidən mənalandırılması yada düş­mür­dü və indi də yada düşmür.

Belə ki, Kostitusiyada "ümumi orta təhsilin" neçə il olması ba­rədə heç nə yazılmamış və "ümumi" predika­tının açılışı da veril­mə­mişdir. Belə olan halda dünya prak­tikasını nəzərə almaq və müx­təlif ölkələrdə "ümumi orta təhsilin" necə qəbul olunduğunu öyrən­mək əvəzinə, onu qeyd-şərtsiz sovet dövründən qalmış 11 illik təhsil kimi başa düşməyin heç bir nəzəri və təcrübi əsası yoxdur.

İnkişaf etmiş Qərb ölkələrində icbari təhsil hüdud­larının dəyişil­mə xronologiyasına nəzər yetir­sək, görərik ki, texniki tərəqqinin, iqtisadiyyatın, maliyyənin, ümumi mədəni-mənəvi inkişafın səviyyə­sinə uyğun olaraq əvvəlcə ibtidai təhsil məcburi olmuş, sonra isə məcburi təhsil yaşı tədricən hər 20-30 ildə 1 yaş artırılmışdır. Məsələn, Böyük Britaniyada 1880-ci ildə 5-10 yaş arasında olan uşaqlar üçün məktəbə getmək məcburi oldu. 1918-ci ildən mək­təbdə 14 yaşına qədər oxumaq məcburi oldu. 1944-cü ildə qəbul olunan yeni Təhsil Qanununa əsasən məktəblər ibtidai və orta məktəblərə bölündülər və məcburi təhsil yaşı 15-ə qaldırıldı. Bütün uşaqlara orta təhsil verildi. 11 yaşında olan uşaqlar arasında test keçiri­lərək onları müxtəlif orta məktəblərə yerləşdirdilər. 60-cı və 70-ci illərdə bu sistem tədricən bütün şagirdləri əhatə edən ümumtəhsil məktəbləri ilə əvəz olundu. 1972-73-cü illərdə icbari təhsil yaşı 16-ya qaldırıldı.

Qeyd etmək lazımdır ki, təhsilə cəlbetmənin icba­rilik dövrü yuxarı yaşlara doğru deyil, aşağı yaşlara doğru genişləndirilir. Belə ki, icbari təhsil dövrü əvvəllər 6 yaşdan başlayardı, sonra 5 yaşdan, indi isə bir sıra ölkə­lərdə 4 yaşdandır. Bu sosial tələbatı çoxları hələ də dərk edə bilmir. Heydər Əliyev bu məsələdə də təhsilşünas alimlə­rimizi qabaqlayaraq diqqəti buna yönəltmişdir: "...Bəzən heç altı yaşına çatmamış uşaqlar var ki, çox istedadlı, hazırlıqlıdırlar və onları məktəbə qəbul etmək la­zımdır. Hesab edirəm, bu barədə də lazımi tədbirlər görülməlidir".

Hazırda ən çox inkişaf etmiş ölkələrdə, mə­sələn, ABŞ-da, icbari təhsil müddəti siniflə və ya tam orta təhsil anlayışı ilə deyil, yaşla müəyyən olunur və bir qayda ola­raq 16 yaşı keçmir. ABŞ-da da digər inkişaf etmiş öl­kə­­lərdəki kimi icbarilik təhsil səviy­yəsinin deyil, yalnız uşa­ğın orta məktəbdə təhsil alma­sının yaş həddini müəy­yən edir. Ştatların əksəriy­yətində məcburi yaş həddi 16-dır.

Fransada orta məktəb məhz icbarilik dövrü baxı­mından iki yerə ayrılır. 16 yaşa qədər icbari təhsil alan şagirdlər orta təhsilin bundan sonrakı mərhə­ləsində kö­nül­lü oxuyurlar.

Ölkələr arasında orta təhsilə ən çox vaxt ayıran (12-13 il ərzində tam orta təhsil verilir) Almaniyada da müxtəlif orta məktəb formaları içərisində ümumi mək­təblər önəmli yer tutur. Belə məktəblərdə uşaqlar ibtidai təhsildən sonra, 5-ci sinifdən 10-cu sinfə qədər oxu­yurlar. Almaniyada tam orta təhsil almaq üçün ümumi orta mək­təbdən sonra təmayüllü və ixtisas­laşmış məktəblərdə, xüsusən gimna­ziyalarda və peşə məktəblərində 2-3 il müd­dətinə təhsil davam et­dirilir.

İngiltərədə də ümumi orta məktəb və tam orta məktəb fərqləndirilir. Tam orta təhsil əsasən 18 yaşda başa vurulduğu halda, ümumi orta məktəb (middle schools) 14 yaşadək nəzərdə tutulur. Sonrakı illərdə təma­yüllü və ya ixtisaslaşmış təhsil verilir.

Türkiyədə də icbari ümumi təhsil pilləsindən sonra təmayüllü liseylər şəbəkəsi geniş yayılmışdır. Burada məs­lək liseylərinin (texniki peşə məktəb­lərinin) xüsusi payı ki­fayət qədər böyükdür.

Hələ keçmişdə böyük SSRİ imperiyasında təh­sil islahatına rəh­bərlik edən, başqa sahələrdə olduğu kimi, elm və təhsilə münasibətdə də çox incə məqam­ların ayırd edilməsində qeyri-adi fəhm nümayiş et­dirən ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Konsti­tu­siya Komissiyası o vaxt haqlı olaraq "8-illik əsas təhsil" və ya "natamam orta təhsil" anlayışını layihədən çıxarmış, "ümumi orta təhsil" anlayışı ilə əvəz etmişdir. Dərin mən­ti­qi təhlil "əsas təhsil" və "natamam orta təhsil" ifadələ­ri­nin nə dərəcədə uğursuz olduğunu aşkar etdikcə Kons­ti­tu­si­yadakı bu düzəlişin mənası və əhəmiyyəti də o qədər çox aydın olur. "Ümumi" sözü hamı üçün eyni olan, ha­mı­ya lazım olan və buna görə də, icbariliklə həmahəng olan mənanı çox gözəl ifadə edir. Belə ki, təmayüllü, ixti­sas və peşə yönümlü orta məktəblər üçün də ilkin ümumi təhsil pilləsi zəruri sayılmalıdır. Ümumi təhsil insan üçün ən zəruri bilikləri verməklə, müasir cəmiyyətin bərabər­hü­quq­lu üzvlə­rinin yetişmə­sinə, gənclərin bir vətəndaş kimi formalaşmasına ilkin zəmin yaradılmasına xidmət edir. Kimin gələcəkdə hansı sahədə ixtisas­laşmasından asılı ol­ma­dan insan­ların cəmiyyət üçün hazırlan­ması cəmiy­yə­tin insan qarşısında qoyduğu icbari şərtdir. Şagirdlərə icbari yolla differensial hesabını, triqonometriyanı, loqarifm cədvəlini, üzvi kimyanın təfərrüatlarını, mürəkkəb texniki bilikləri öyrətməyə lüzum yoxdur. Ümumi icbari təhsil proqramına daxil edilməli olan təbii-elmi biliklərin miq­dar­ca və məzmunca düzgün müəyyən edilməsi xüsusi bir məsələdir. Lakin bir şey aydındır ki, şagirdlər yaşadıqları cəmiyyətin qayda-qanun­larını, siyasi sistemini, əxlaq və hü­quq normalarını, mənəvi dəyərlərini, milli mənafeləri, döv­lət dilini və s. bilməyə borcludur. Ancaq hamı üçün ümu­mi olan biliklər icbari yolla öyrədildikdən sonra şa­gird­lər seçəcəyi ixtisaslara uyğun olaraq, təhsillərini təma­yüllü məktəblərdə başa çatdırmalıdırlar. Və ya bir çox öl­kə­lərin praktikasına uyğun olaraq yuxarı siniflərdə şagird­lə­rə fənləri könüllü surətdə seçmək üçün şərait yaradılma­lı­dır.

Bu gün bəzilərinin iddia etdikləri kimi, Konsti­tusi­yada düzəliş edərək onu guya gerçək vəziyyətə və gerçək imkanlara uyğunlaşdır­maq deyil, Təhsil qanu­nunda düzəliş edərək, "ümumi orta təhsil" an­la­­yışının daha düz­gün hüquqi və pedaqoji statusunu və elmi şərhini vermək vacibdir. Lakin çox təəssüf ki, Təhsil qanununun Milli Məc­lisin müzakirəsinə təqdim olunmuş layihəsində* real imkanlarla heç cür uzlaş­mayan variant saxlanmaqda davam edir. Yəni "ümumi orta təh­sil" anlayışı dövrün tə­ləb­lərinə uyğun surətdə müəyyənləşdiril­mir, hətta buna heç cəhd də göstərilmir. Halbuki, qanun Konstitusiyadakı mad­də­lərin açılışına xidmət etməli, Konstitusiyada artıq təsbit olun­muş terminləri rəhbər tutmaqla, təfsilatlı hüqu­qi mexanizm hazırlan­malıdır.

İcbarilik şərtinin 11 illik təhsilə aid edilməsinin hət­ta ən zəngin, ən çox inkişaf etmiş ölkələr üçün də çətin olması və buna görə də qabaqcıl ölkələrin əksəriyyətində icbariliyin ancaq 14-16 yaşa qədər tətbiq olunması faktı ilə yanaşı, məsələnin başqa bir aspekti də mütləq nəzərə alın­malıdır. Belə ki, artıq 16 yaşına çatmış şəxslərə, hətta on­ların öz xeyri üçün belə icbariliyin tətbiq olunması in­san hüquqlarına dair beynəlxalq tələblərə uyğun gəlmir.

Təhsil qanununun layihəsində Konstitusi­ya­dan fərq­li olaraq "ümumi təhsil" və "natamam orta təhsil" an­la­yışlarından istifadə edilir. Qanun layihəsində ümumi təhsil üç pilləyə bölünür: ibtidai siniflər (I-IVsiniflər), natamam orta təhsil (V-IX si­niflər) və orta təhsil (X-XI siniflər). Halbuki, "natamam orta təhsil" an­la­yışının tamam­lanmış təhsil pilləsi kimi qələmə verilməsi praktikası heç bir ölkədə yoxdur. Orta təhsil bir qayda olaraq, ibtidai təhsildən sonrakı mərhələni əhatə edir və 6-8 il olur. 2-3 illik son mərhələ isə "yüksək orta təhsili", "tam orta təhsili", "təmayüllü orta təhsili", "peşə təh­silini" və s. əhatə edir. "Natamam orta təhsili başa vurmağın" nə de­mək olduğunu, əlbəttə, məntiq çərçivəsində anlamaq müm­kün deyil. Orta məktəbi bitirdikdən sonra 3-4 il oxu­yub ibtidai təhsil almaq və bundan sonra təhsili orta peşə-ixtisas məktəbində davam etdirərək yeni­dən ümumi orta təhsil almaq haqqında müddəalar isə mən­tiqsizlikdən də o tərəfə keçir.

Ona görə də, layihədəki təfərrüatları təhlil et­mə­yə lüzum bil­mə­dən, bir daha yada salmaq istəyirik ki, qanun hazırlanmazdan əv­vəl vahid, mükəmməl konsepsi­ya olmalıdır və istifadə edilən anlayış­lar dəqiqləşdirilmə­li­dir. Məsələn, "ümumi təhsil", "təmayüllü təhsil", "pe­şə təh­sili" və "ixtisas təhsili" anlayışlarının elmi təhlilinə bö­yük eh­ti­yac vardır. Bunları aydınlaşdırmadan, olduqca qeyri-müəyyən "peşə -ixtisas" anlayışından istifadə edil­məsi yolverilməz haldır. "Peşə" və "peşə-ixtisas" anlayış­la­rı­nın fərqinə varmadan onların qarışıq şəkildə pillə­lən­mə­si məntiq qaydalarına uyğun gəlmir və istər-istəməz əlavə şərh tələb edir.

Təhsilin struk­tu­run­dakı dəyişiklik onun məzmu­nuna uyğun olaraq aparılmalıdır. Mübahisələr gedir ki, ibtidai təhsil neçə il olmalıdır, ümumi orta təhsil və tam orta təhsil müddəti neçə il ol­malıdır. Lakin bunu müəyyən­ləş­dirmək üçün əvvəlcə hər bir təhsil pilləsinə, onun məz­mununa qoyulan tələblər müəy­yənləşdirilməlidir. Hər bir təhsil pilləsi, əgər o doğrudan da ayrıca bir pillədirsə, mər­hələdirsə müəyyən bir məqsədin icrasına xidmət etməlidir. Məsələn, sual oluna bilər ki, ibtidai təhsilin məqsədi nədir və bu mər­hə­lə­ni bitirərkən uşaq nəyə nail olmuş olur? Bu pillədə əsas məqsəd heç şübhəsiz, oxuyub-yazmağın öyrədilməsidir. Lakin bu­nunla yanaşı, uşaqların ilk hesab əməliyyatlarını yerinə yetirməsi, rəsm və musiqi qabiliyyətlərinin inkişaf etdirilməsi, bir sözlə, ilkin zehni və estetik biliklərə və əməli vərdişlərə yiyələnməsi də ibtidai təhsil mərhələsində həyata keçir. Bu pillədə ən mühüm cəhətlərdən biri uşaq­la­rın sosial normalara, nizam-intizama uyğunlaşma­sı, əx­laq qaydalarını mənim­sə­məsi, tədricən cəmiyyətin bir üz­vü­nə çevrilmə­sidir. Biz hamısını sa­dalamırıq, lakin elə de­yi­lənlər də, ibtidai təhsil pilləsinin nə dərəcədə önəmli ol­du­ğunu göstərir. Ancaq ilkin forma­laşma mərhələsini keç­dikdən sonra uşaqlar elmi biliklərin sistemli öy­rə­nil­mə­si mərhələsinə qədəm qoya bilərlər.

İkinci mərhələdə uşaqların dünyagörüşünün, mə­nə­vi aləminin və məntiqi mühakimə qabiliyyətinin forma­laş­ması, onların bir vətən­daş kimi yetişməsi, habelə istəni­lən ixtisas sahəsinə getmək üçün ilkin hazırlıq mərhələsini keçməsi nəzərdə tutulur.

Üçüncü pillədə şagirdlər artıq seçəcəyi ixtisasın is­ti­qa­mə­tinə uyğun olaraq, təmayüllü məktəblərdə oxuyur və ali məktəbə daxil olmaq üçün hazırlıq mərhələsini ta­mam­layırlar.

Orta məktəbin axırıncı pilləsi (yüksək orta təhsil) ilə ali təhsilin ilk pilləsi məzmun və mahiyyətcə çox yaxındır. Bəzi ölkələrdə bunlar hətta üst-üstə düşür. Mə­sə­lən, Fransada təmayüllü kolleclər artıq bakalavr dərə­cəsi verir.

Sovet təhsilində (Azərbaycan təhsil sistemində də belədir) orta məktəbin ikinci və üçüncü pillələri keyfiy­yət­cə fərqlənmir. 9-cu sinifdən sonra (bəzən 8-ci sinifdən son­ra) ümumi orta təhsil pilləsində əldə edilmiş biliklər bir az dərinləşdirilərək, yenidən təkrar olunur. Yenə də bü­tün fənlər tədris olunur və heç bir təmayül verilmir. Nə­ticədə, ali məktəbə hazırlaşan şagirdlər orta təhsillə ya­na­şı əlavə bir hazırlıq kursu (adətən, repetitorların kö­məyi ilə) keçməli olurlar. Başqa sözlə, bizdə orta təhsilin yüksək pilləsi real həyati tələbata cavab vermir. Dünya praktikasında isə bu son pillə məhz konkret ixtisas istiqa­mə­ti üzrə ali təhsilə hazırlıq pilləsidir.

Ali məktəblərdə orta məktəb proqramları ilə əlaqə sistemli xarakter daşımır. Təhsilin permanentliyi itir. Çox vaxt ya məlum olanlar təkrar edilir, ya da keçid yaradıl­madan birbaşa yeni səviyyədə dərslər başlanır.

Biz indi ancaq təhsilin məzmunu ilə əlaqədar bəzi məsələlərə toxunduq. Lakin təhsilin məqsəd və vəzifələri təkcə sistemli biliklər öyrədilməsi ilə məh­dud­laşmır. Uşaqların cəmiyyətin bir üzvü kimi hazırlanması ictimai biliklərin öyrədilməsilə yanaşı fəal ictimai prak­tika da tə­ləb edir. Məktəb təkcə uşağın başına biliklərlə doldurmaq üçün deyil, həm də onu həyata hazırlamaq üçündür. Orta məktəb uşağı ümumiyyətlə həyata hazırlayır. Ali məktəb isə onu bir peşəkar kimi müəyyən bir sahənin mütəxəssisi olaraq həyata hazırlayır. Bu axırıncı mərhələdə həyata hazırlanmaq gənclərin ali məktəbi bitirdik­dən sonra çalışacaqları istehsal və ya xidmət müəssisələrindəki real şə­raitə və tələblərə uyğun surətdə əməli vərdişlərin mə­nim­sənilməsini nəzərdə tutur. Digər tərəfdən, tələ­bələrin həm də bir vətəndaş kimi ye­tiş­məsi, onların siyasi və hüquqi mədəniyyətlərinin formalaşması üçün ali məktəb bu sahədə sadəcə biliklər verməklə kifa­yət­lənməyərək, ictimai həyatın fəal iştirakçısı kimi fəaliy­yət göstərməlidir.

Çağdaş Azərbaycanda təhsil sisteminin qarşı­sın­da duran vəzifə­ləri düzgün müəyyənləşdirmək, təhsil sahə­sin­də zamanın tələblərinə uyğun islahat apara bilmək üçün əvvəlcə ümumiyyətlə təhsillə bağlı nəzəri və praktik bilik­lərin sistemləşdirilməsi, təhsilin təşkilati, sosial, iqti­sa­di müstəvilərdə nəzərdən keçiril­mə­si tələb olunur.



1 1998-ci il nəzərdə tutulur.

* 1999-cu ildə birinci oxunuşdan keçərək müzakirəyə çıxarılmış variantdan söhbət gedir.





Yüklə 206,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin