Təhsil strateji sahədir
Təhsilin təşkili sahəsində müstəqilliyin təmin olunması işi, əlbəttə, kortəbii şəkildə, inzibatçılıq yolu ilə deyil, elmi surətdə əsaslandırılmış proqram üzrə həyata keçirilməlidir. Müstəqilliyə və yeni ictimai-iqtisadi münasibətlərə keçid Respublikamızda təhsil sisteminin real maddi və mənəvi bazasının, mövcud potensial imkanlarının yeni tələblər baxımından nəzərdən keçirilməsini, artıq qərarlaşmış təlim-tərbiyə işi ilə milli-mənəvi xüsusiyyətlər və adət-ənənə arasındakı uyğunsuzluqların tədricən aradan götürülməsini, lazımsız ixtisasların və fənlərin ləğv olunmasını və yeni ixtisaslar üzrə kadr hazırlanmasını, ali məktəb şəbəkəsinin genişləndirilməsini və təhsil müəssisələri arasında səmərəli rəqabət atmosferi yaradılmasını tələb edir.
Hazırda Azərbaycanda mövcud olan dövlət ali məktəbləri şəbəkəsi və burada verilən ixtisaslar sovet dövründəkindən çox az fərqlənir. Hələ yeni tələblərə cavab verən elm və təhsil konsepsiyası müəyyənləşdirilmədiyindən dövlət təhsil sistemində heç bir köklü islahat, heç bir ciddi struktur dəyişikliyi aparılmamışdır. Yeni konsepsiya yoxdur, keçmiş ənənəyə əsaslanan fəaliyyət isə özünü heç cür doğrultmur. Məsələn, sovet dövründə ali məktəblərə qəbul planı beşillik sosial-iqtisadi inkişaf planları əsasında Dövlət Plan Komitəsi tərəfindən müəyyənləşdirilirdi. İndi isə ölkəmizə hansı sahələrdə və nə qədər kadr lazım olduğu peşəkar səviyyədə araşdırılmadığı halda, yenə də plan təsdiqlənir və bu məsələni hansı isə dövlət kabinetində oturan bir məmur ağlı kəsdiyi kimi həll edir. Ali məktəblərin özünün verdiyi qəbul planlarının layihəsi həmin dövlət məmurunun öz kabinetindən çıxmadan və heç bir meyara əsaslanmadan apardığı redaktədən sonra qüvvəyə minir və icra üçün TQDK-ya göndərilir. Yeni iqtisadi münasibətlərə keçid dövründə kadrlara ehtiyacı bazar (tələb-təklif prinsipi) tənzimləməli olduğu halda, müəyyən dövlət orqanları buna heç cür yol vermək istəmir, planlı təsərrüfat strategiyasından əl çəkdiyimiz halda, mücərrəd plan əsasında kadr hazırlığından əl çəkmək istəmirik və hətta bu planları müəyyənləşdirməyin yollarını da düşünmürük. Ali məktəb qəbul planı verərkən ölkənin ehtiyaclarından deyil, özünün real potensialından, bu və ya digər sahədə kadr hazırlamaq imkanlarından və subyektiv amillərdən çıxış edir. Nəticədə gələcəyimiz keçmişimizin ayağına bağlanmış olur.
Bununla yanaşı, yeni imkanlar şəraitində Respublikamızın təhsil sistemində artıq müəyyən dəyişikliklər edilmiş, özəl universitetlər, kolleclər, liseylər açılmış, ilk dəfə məhz özəl ali məktəblərdə bir sıra yeni ixtisaslar üzrə kadr hazırlığına başlanmışdır. Ali təhsildə ikipilləli sistemə keçilmiş, qabaqcıl universitetlərdə magistraturalar açılmışdır. Bizcə, bu istiqamətdə tədbirlərin davam etdirilməsinə və bu işdə xarici ölkələrin təcrübəsindən geniş istifadə olunmasına böyük ehtiyac vardır.
Əlbəttə, yeni tipli məktəb və ya fakültələr açılması, ali və orta ixtisas məktəblərinin statusunun dəyişdirilməsi özlüyündə hələ heç nə vermir. Əgər təhsil sistemində həqiqətən ciddi dönüş yaratmaq istəyiriksə, əsas məqsəd yeni təhsil müəssisələrində tədrisin müasir tələblər səviyyəsində təşkili və sağlam mənəvi iqlim yaradılması olmalıdır. Bizcə, yeni açılan təhsil müəssisələrində bunu həyata keçirmək artıq mənəvi səfalət virusları ilə yoluxmuş ali və orta ixtisas məktəblərini müalicə etməkdən asan olar. Sonuncuların müalicəsi də ancaq sağlam rəqabət atmosferində mümkündür. Lakin nəzərə alınmalıdır ki, yeni təhsil müəssisələrinə təmiz mənəviyyatlı, yüksək ixtisaslı müəllim və təşkilatçı kadrlar cəlb etmək zəruri olsa da, kafi şərt deyil. Kənar təsirlərin qarşısını almaq üçün sağlam elmi-pedaqoji mühitlə yanaşı, sağlam iqtisadi maraq da təmin edilməlidir.
Təhsil sahəsində həyata keçirilməsi nəzərdə tutulan yeni tədbirlər içərisində ali məktəblərə onların real imkanları müqabilində müxtəlif statuslar verilməsi və məzunlara müxtəlif səviyyəli diplom vermək hüququ xüsusilə perspektivli görünür. Hələ indiyədək yaxşı oxuyan da, pis oxuyan da eyni hüquqlu diplom alır. Və çox vaxt iş elə gətirir ki, təhsili birtəhər başa vuranlar cəmi bir neçə il sonra xüsusi istedad sahibi olan keçmiş tələbə yoldaşlarına rəhbərlik edir, onlara yol-iz göstərirlər. Bu halın davam etməsi xalqın tərəqqisinə böyük zərbə endirir. Halbuki, bəzi xarici ölkələrdəki kimi, səviyyəsindən asılı olaraq məzunlara müxtəlif dərəcəli diplomlar vermək praktikası bizdə də tətbiq olunarsa, bərabərçilik bəlasından yaxa qurtarmaq üçün heç olmazsa potensial imkan açılmış olar. Tam şəkildə isə bu bəladan yalnız o zaman xilas olmaq mümkündür ki, attestat və diplom vermiş təhsil müəssisəsi məzunun sonrakı mütəxəssis fəaliyyətində üzə çıxan çatışmazlıqlar üçün məsuliyyət daşısın. Belə ki, üstünlüyü ancaq real bilik və vərdişlər verə bilər və bazar iqtisadiyyatı şəraitində bu, gec-tez yeganə amilə çevriləcəkdir. Hazırda mövcud olan müsabiqə və attestasiya sistemi, çox təəssüf ki, bu tələblərə cavab vermir.
Praktik həyatla məktəb arasında əks-əlaqə sistemi yoxdur. Hətta abituriyentin ali məktəbə qəbul zamanı yığdığı ballarla attestat arasındakı kəskin uyğunsuzluqlara görə heç bir tərəf məsuliyyət daşımır və ya heç olmazsa müvafiq araşdırma aparılmır.
Orta ümumtəhsil məktəblərində vəziyyət olduqca acınacaqlıdır. Biz təkcə məktəblərin düşmüş olduğu vəziyyəti, orta məktəb müəllimlərinin səviyyəsini və işə münasibətini nəzərdə tutmuruq. Bu gün müvafiq dövlət orqanları tərəfindən orta məktəb sahəsində yeridilən təhsil siyasəti ümummilli lider Heydər Əliyevin gənclərin tərbiyəsi sahəsində qarşıya qoyduğu vəzifələrlə bir araya sığmır. O, gənclərlə bağlı bütün söhbətlərində onlarda milli-mənəvi keyfiyyətlərin formalaşdırılmasını, vətəndaşlıq tərbiyəsini ön plana çəkir, gənclərin öz xalqına, Vətəninə məhəbbət ruhunda tərbiyə edilməsinin, tariximizlə, mədəniyyətimizlə bağlı biliklərə mükəmməl yiyələnməyin zəruriliyini dönə-dönə qeyd edirdi. Lakin bu gün orta məktəblərdə buraxılış imtahanlarına nəzər yetirsək görərik ki, ancaq təbiət elmləri üzrə imtahan aparılması nəzərdə tutulur. Halbuki orta ümumtəhsil attestatı alan şəxsin fizikanı, kimyanı, biologiyanı necə bilməsindən daha çox, tarixi, coğrafiyanı, cəmiyyətşünaslığı necə bilməsi yoxlanılmalıdır. Bizcə, hələ nə qədər ki, gec deyil, buraxılış imtahanlarında dəyişiklik edilməlidir. Ümumiyyətlə, orta təhsilin humanitarlaşdırılması işi müstəqil Azərbaycanın milli-mənəvi prioritetləri nəzərə alınmaqla yenidən qurulmalıdır.
Orta məktəbdə keçilən fənlər müəyyənləşdirilərkən sovet təhsilindən qalmış stereotiplər rəhbər tutulur və bura bəzən heç bir konsepsiyaya əsaslanmayan, çox vaxt təsadüfi və volyuntarist düzəlişlər edilir. Halbuki orta təhsilin məzmunu taleyüklü ümumxalq məsələsidir və vahid konseptual sistemə əsaslanmalıdır.
Bizcə, rus dilli (yaxud ingilis dilli və s.) məktəblərdə müvafiq dərslər başlıca olaraq Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətinə dair materiallar əsasında keçilməlidir. Uzun müddət ərzində rus dilli məktəblərdə Azərbaycan mədəniyyəti, əxlaqı və düşüncə tərzi əvəzinə kosmopolit dünyagörüşü təbliğ olunduğundan, hələ indi də müəyyən dairələrdə milli-mənəvi dəyərlərimizə etinasızlıq hallarına rast gəlinir.
Orta məktəbi bitirən şagirdlər bir ay ərzində iki dəfə imtahan verirlər: buraxılış imtahanları və ali məktəbə qəbul imtahanları. Həm də birinci imtahanlar əsasən formal surətdə keçirilir və ancaq attestat almağa xidmət edir. Orta məktəbi hətta əla qiymətlərlə bitirmək şagirdə sonrakı təhsil üçün heç bir hüquq vermirsə, buraxılış imtahanları görəsən nəyə lazımdır? Keçən il1 test üsulu ilə müvəffəqiyyətlə imtahan verib ali məktəblərə qəbul olunmuş bir sıra abituriyentlər xeyli müddət keçdikdən sonra guya attestatları saxta olduğuna görə xaric edildilər. Halbuki, orta məktəb attestatlarının 90%-dən çoxunun formal xarakter daşıdığını hamı bilir. Əgər belədirsə, artıq TQDK yoxlamasından yüksək balla keçərək özünü təsdiq etmiş abituriyentlərə qarşı belə qəddar münasibət özünü nə dərəcədə doğruldur?
Bizcə, orta məktəbin buraxılış imtahanları ilə ali məktəbə qəbul imtahanları əlaqələndirilməli və ya hətta birləşdirilməlidir. Daha doğrusu, buraxılış imtahanlarının nəticələri şagirdlərə bu və ya digər ali məktəbin qəbul müsabiqəsində iştirak etmək üçün əsas kimi götürülməlidir. Buraxılış imtahanlarının məktəb müəllimləri tərəfindənmi, yoxsa mərkəzləşmiş qaydadamı aparılması, canlı sorğu iləmi, yoxsa test üsulu iləmi keçirilməsi isə ayrıca bir məsələdir.
Yeri gəlmişkən, tələbə qəbulu zamanı istifadə olunan testlər çətinlik dərəcəsinə görə məktəblərin verdiyi real bilik səviyyəsindən çox fərqlidir. Görünür, testlər abituruyentlərin real bilikləri əsasında deyil, orta məktəb proqramları əsasında qurulur. Proqramlar isə yenə də sovet təhsil ənənələri əsasında hazırlanır və nəinki şagirdlərin, hətta müəllimlərin real səviyyəsini nəzərə almır. Proqramla gerçək imkanlar arasındakı ziddiyyət məktəbi fiksiyaya çevirir. Nəticədə məktəb kənarda qalır, yüksək bal toplamaq istəyən şagirdlər repititorlarla məşğul olurlar. Ona görə də, bizcə, indiki şərait tədris proqramlarında yüngülləşmə istiqamətində dəyişikliklər aparılmasını tələb edir.
Bəli, təhsil sahəsində problemlər çoxdur və keçid dövrünün ağır sınaqları şəraitində Azərbaycanda təhsil sistemini dağılmaqdan qoruya bilsək də, mövcud vəziyyət bizi heç cür qane edə bilməz. Təsadüfi deyildir ki, Heydər Əliyev Azərbycan Respublikasının Prezidenti olarkən təhsildə köklü dəyişikliklər aparılması zərurətini nəzərə alaraq "Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası" yaradılması barədə sərəncam vermişdi. Lakin bizcə, bütün ziyalıların, alimlərin, mütəxəssislərin səyləri səfərbər edilmədən ən mötəbər komissiya da belə məsul və taleyüklü vəzifəni həyata keçirməkdə çətinlik çəkər. Ümid edirik ki, təhsildə islahatların elmi əsaslara söykənməsi üçün bu sahədə geniş müzakirələr keçiriləcək və ilk növbədə mütəxəssislərin rəyi nəzərə alınacaqdır.
Dostları ilə paylaş: |