Azərbaycan Respublikasının Dövlət Dili
Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili və onun əhaisinin əsas ünsiyyət vasitəsidir. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də ümumxalq referendum yolu ilə qəbul olunmuş Konstitusiyada (maddə21) Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili kimi təsbit edilmişdir.Hər hansı bir dilin dövlət dili status alması, şübhəsiz ki, hər bir dövlətin bir dövlət kimi formalaşması ilə bilavasitə bağlıdır. Dövlətin dili dövlətin əsas atributlarından biridir.Azərbaycan xalqının tarixində Azərbaycan dili XVI əsrdə Səfəvilər hakimiyyəti dövründə dövlət səviyyəsinə qalxsa da milli dövlətçiliyin itirilməsi nəticəsində həmin ənənə uzun müddət davam etməmişdir. Yalnız 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycan dilinin geniş tətbiq olunması yolunda böyük imkanlar açılsa da, gənc respublikanın ömrünün qısa olması Azərbaycan dilinin cəmiyyətdə dövlət dili kimi mövqelərinin tam bərqərar edilməsinə imkan olmadı.
Azərbaycanda Sovet hakimiyyəti yaradıldıqdan sonra qəbul edilmiş ilk konstitusiyada ,ümumiyyətlə dövlət dili haqqında heç bir maddə olmamışdır.1937-ci ildə qəbul olunmuş Konstitusiyada da belə bir maddə yox idi.Yalnız 1956-cı ildə Azərbaycan SSR Ali sovetinin qərarı ilə 1937-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə əlavə edildi.Lakin Respublikanın o dövrdəki rəhbərliyinin mövcud siyasi vəziyyəti lazımınca qiymətləndirə bilməyərək , hadisə- ləri sürətləndirmək cəhdləri bunun uğursuz nəticəsi ilə yekunlaşdı.
1978-ci ildə H.Əliyevin təkidi ilə Azərbaycan SSR Konstitusiyasına” Azərbaycan Respublikasının Dövlət dili Azərbaycan dilidir” adlı maddə(maddə 73) əlavə edilsə də,bu Moskvanın etirazına və gizli qəzəbinə səbəb olmuşdu.Nəhayət, “Mərkəz”in bütün maneələrinə baxmayaraq Respublikanın 1978-ci ildə qəbul edilən konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddənin daxil edilməsi müyəssər oldu.Bu həmin dövr üçün çox cəsarətli və qətiyyətli addım idi.
Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilinin inkişafı yolunda geniş imkanlar açıldı. 1993-cü ildə xalqın təkidi ilə Müstəqil Azərbaycan Respublikasının prezidenti olan H.Əliyev dilimizin dövlət səviyyəsində qorunması üçün 5 fərman (19.04.2001, 18.06.2001, 04.07.2001, 30.09.2002, 05.01.2003) imzaladı.30 sentyabr 2002-ci il dövlətçilik tariximizdə olduqca əhəmiyyətli bir gün kimi yaddaşlara həkk olundu.Ümummilli lider H.Əliyev tərəfindən “Azərbaycan Respublikasının dövlət dili haqqında” Qanun təsdiq olundu.Qanunda göstərilir ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.Bu qanun konstitusiyaya uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur.Azərbaycan dili ölkənin siyasi ictimai iqtisadi elmi və mədəni həyatının bütün sahələrində işlədilir.Azərbaycan Respublikası dövlət dilinin işlənməsini, qorunmasını və inkişafını təmin edir.Azərbaycan Respublikasında dövlət hakimiyyət orqanlarında, yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, hüquq-mühafizə orqanlarında, qeyri-hökumət təşkilatlarında bütün kargüzarlıq işləri dövlət dilində aparılır.Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla və xarici dövlətlərin nümayəndələri ilə yazışmalar Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq xarici dildə- Azərbaycan dilinə tərcümə olunmaq şərti ilə aparıla bilər.Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının,dövlət qurumlarının keçirdiyi bütün rəsmi mərasim və tədbirlər,təhsil Azərbaycan Respublikasının dövlət dilində aparılır.Başqa dillərdə təhsil müəssisələrinin fəaliyyəti qanunvericilikdə müəyyən edilmiş qaydada həyata keçirilir.
Azərbaycan Respublikasının ərazisində təsis edilən və fəaliyyət göstərən,mülkiyyətindən asılı olmayaraq,bütün televiziya və radio yayımları dövlət dilində aparılır, bütün kanalların aparıcılarının dövlət dilini mükəmməl bilməsi və bu dildə səlis danışıq qabiliyyətinə malik olması vacib şərtdir.Dublyaj olunan filmlər və verilişlər dövlətin müəyyən etdiyi dil normalarına uyğun gəlməlidir.
Ümumilli lider H.Əliyev 18 iyun 2001 tarixdə “Dövlət dilinin işinin təkmilləşdirməsi haqqında imzaladığı fərmanda deyilir:”Azərbaycan Respublikasının dövlət dili tətbiqi Azərbaycan dilidir, müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır“.
Azərbaycan dilini sevmək, qorumaq; onun işləkliyini təmin etmək; dilimizi təbliğ etmək barədə ulu öndər olduqca dəyərli fikirlər söyləyib: ”Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.Mən keçmişdə də demişəm və bu gün də deyirəm şəxsən arzum ondan ibarətdir ki, hər bir azərbaycanlı çox dil bilsin.Ancaq birinci növbədə öz ana dilini –dövlət dilini yaxşı bilsin.Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var “.
Ümummilli lider H.Əliyevin rəhbərliyi altında işlənib hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası, və “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanı dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirmişdir.
Dil siyasətini uğurla davam etdirən prezident İlham Əliyev 2012 –ci il mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında”,17 iyul 2018-ci il tarixdə “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında”imzaladığı Sərəncamları Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.1 noyabr 2018-ci il tarixdə imzaladığı “ Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”Fərmanda müstəqilliyimizin bərpasından sonra Azərbaycan dilinin cəmiyyətin ictimai-siyasi sosial-iqtisadi elmi və mədəni həyatında müstəsna rolu və maeəsiz inkişafı haqqında fikirlərini ifadə etmişdir.
Yuxarıda haqqında bəhs olunan fərman və sərəncamlar Azərbaycan Respublikasının Qanunu və dil siyasəti sahəsində digər normativ hüquqi aktlar, eləcə də tədbirlər Azərbaycanda dilçilik sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən edir.Bu gün Azərbaycan dilinin istifadəsi və əsaslı tədqiqi ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılmışdır.
Dil siyasətini uğurla davam etdirən prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində atdığı addımlar təqdirəlayiqdir.Dövlətimizin başçısının imzaladığı fərman və sərəncamlar ana dilimizin saflığını qorumaq və inkişaf etdirmək yönündə mühüm əsas olmaqla yanaşı eyni zamanda milli identikliyi də gücləndirən əhəmiyyətli amildir.Ana dilimizin inkişafı və zənginləşməsi dövlət başçısının diqqət mərkəzində saxladığı mühüm məsələlərdəndir.Hər bir azərbaycanlı ən böyük mənəvi sərvətimiz olan ana dilimizi sevməyə, onu qorumağa və inkişafı üçün əlindən gələni etməyə borcludur.
Dostları ilə paylaş: |