M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ



Yüklə 499,8 Kb.
səhifə63/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   59   60   61   62   63   64   65   66   ...   76
İAK.Kitab.son

Diplomatik natiqlik.

Diplomatik natiqliyə dövlət başçısı və ya xarici işlər nazirinin BMT-dəki çıxışları, mətbuat konfranslarında siyasi məsələlərlə bağlı çıxışları və diplomatik müsahibələr daxildir. Diplomatik nitq öz xarakteri, forması və məzmununa görə ictimai-siyasi nitqdən ciddi fərqlənmir. Prezidentin nitqi dövlətin taleyüklü problemləri ilə bağlı olduğuna görə onda beynəlxalq səviyyəli məsələlərin qoyuluşu, respublikanın mənafeyi baxımından münasibəti öz əksini tapırsa, xarici işlər naziri BMT- də, ayrı-ayrı ölkələrdə keçirdiyi mətbuat konfranslarında öz ölkəsini siyasi baxışını dünya birliyinə çatdırır.

Hərbi natiqlik.

Hərbi nitqə aiddir:

a) Həqiqi hərbi xidmətə çağırılmış gəncləri, əsgərləri ruhlandırmaq, müqəddəs ana vətənimizi qorumaq, xalqımızın firavan həyatını, təhlükəsiz yaşamasını təmin etmək üçün hərbi komissarın, müdafiə nazirinin çağırış nitqi;

b) əsgərlərin andı;

c) Hərbi nizamnamənin şərhi;

ç) Komandirlərin hərbiçilər qarşısında çıxışı.




BƏDİİ ÜSLUB

Praktik tətbiqetmədə çox vaxt üslublar bir-birinə təsir göstərir, qovuşur, bu proses nitq axını adlanır. Mətnin üslubi mənsubiyyətini başa düşmək üçün əsas istiqamətini müəyyənləşdirmək lazımdır. Bədii üslubun əsas fərqləndirici xüsusiyyəti məzmunun obrazlı vasitələrlə verilməsidir; hisslərin, emosional duyğunun fəlsəfi nəticələrini çatdıran bədii üslub duyğusal fikir prosesidir. Bədii ədəbiyyatın dili ədəbi dilin inkişafına təsir edir, məhz yazıçı və şairlər əsərlərində ədəbi dilin normalarını formalaşdırır, milli dilin bütün imkanlarından istifadə edirlər, ona görə də ədəbiyyatın dili son dərəcə zəngin və elastikdir.


Bu üslub leksikanın bütün zənginliyindən, imkanlarından istifadə etməklə obrazlılığı, emosionallığı ilə xarakterizə olunur, oxucunun hisslərinə təsir edir. Bədii dilin əsas funksiyası estetiklik və poetiklikdir. Bu məqsədlə yalnız funksional üslublarla yox, həm də milli dilin ədəbi və qeyri-ədəbi ( dialektlər, loru sözlər, jarqonlar və s. ) formalarından istifadə etməklə nail olmaq mümkündür. Bədii ədəbiyyat nitq mədəniyyətindən savayı, milli dilin zənginliyi, imkanlarından istifadədə yazıçının istedadı və ustadlığıdır.
Bədii üslubun əsas funksiyası məlumat vermək, estetik təsir göstərmək və zövq formalaşdırmaqdır, emosional təsiri danışıq-məişət və publisistik üslublardan əhəmiyyətli dərəcədə fərqlənir; özünəməxsusluğu obrazlılığın yaradılması üçün gerçəkliyin təsvirinə güc, canlılıq verən orijinal nitq fiqurlarından, müxtəlif və həddindən artıq zəngin dil vasitələrindən istifadə etməkdir. Bədii üslub milli bədii təfəkkürün ifadəsi, obrazlı, emosional nitq formasıdır–funksional imkanlarının genişliyinə görə bədii üsluba ədəbi-bədii dil də deyilir.
Bədii üslubun obrazlılığı bütün dil səviyyələrində özünü göstərir. Fonetik səviyyədə bədii üslubun göstəriciləri alliterasiya, assonans, təkrar və intonasiyadır, onlar həm də nitqdə ritm yaradırlar.
Nitqdə avaz ahəngdarlığı gücləndirmək, intonasiyanı qüvvətləndirmək, habelə əyaniliyi canlandırmaq məqsədilə misra və ya cümlələrdə eyni və ya səs məxrəci yaxın olan samit səslərin təkrar edilməsinə alliterasiya deyilir. Məsələn: “Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir” atalar sözündə təkrar olunan yş samitləri nitqdə alliterasiya yaradır.
Ardıcıl sıralanan sözlərin tərkibində eyni və ya yaxın saitlərin bir-birini izləməsi, təkrarı assonans adlanır. Məsələn: “Azacıq aşım, ağrımaz başım” atalar sözündə aı saitlərinin təkrarı nitqdə assonans yaradır.
Təkrar eyni nitq vahidinin ( söz, heca, cümlə və s.) eynilə ən azı iki dəfə işlədilməsidir. Məsələn: Ağa Kərəm, paşa Kərəm, xan Kərəm; Alış Kərəm, tutuş Kərəm, ya Kərəm.
Nitqdə avazın dalğavari qalxıb-enməsinə və bu zaman formalaşan ritmə intonasiya deyilir. İntonasiya bir sıra prosodik ifadənin, məsələn: vurğu, intensivlik, ritm, melodiya, temp, tembr, fasilə və s.-nin kompleksindən ibarət fonoqrammatik hadisədir.
Bədii üslubun leksik və qrammatik səviyyədə göstəriciləri sinonimlər, antonimlər, omonimlər, frazeoloji birləşmələri və s.dir.
Sinonimlər müxtəlif fonetik tərkibli sözün yaxın məna bildirməsidir; ümumi distribusiyaya malik olur və müvafiq kontekstdə əvəzlənə bilirlər. Məsələn: enmək-düşmək, tutmaq-qamarlamaq, yarmaq-bölmək, eynək-çeşmək,ürək-qəlb.
Antonim bir-birinə əks, zidd mənalı, ümumi, zəruri semantik əlamətlərə görə qarşılaşdırıla bilən sözlərə deyilir. Məsələn: qış-yay, gecə-gündüz, səhər-axşam, alt-üst, sağ-sol.
Bir sözün əsas mənasından əlavə, vahid səs qabığı içərisində müxtəlif leksik-semantik variantları cəmləşir, onlar çoxmənalı sözlərdir. Bütün leksik-semantik variantlarda nüvə məna özünü göstərir. Məsələn: Vallah, gedərəm, dolanaram, gəzərəm, baxaram, bəyənərəm, seçərəm, bir qız alaram ki, adam baxanda aglı gedər ( Ü.Hacıbəyli ).
Eyni səs tərkibinə malik müxtəlif mənalı sözlərə omonim deyilir, eyni fonetik tərkibdə olsalar da, onların arasında heç bir məna əlaqəsi yoxdur. Məsələn: doğru “düzgün, həqiqi” mənasında sifət: Haşım bunları düz doğru adam bilib, bunlarla tanış oldu ( B.Talıblı ); doğru “istiqamət” mənasını bildirən qoşma: Tahir ona doğru gedib təşəkkür eylədi ( M.Hüseyn ).
Bədii üslubun qrammatik səviyyədə göstəriciləri:
-inversiya ( söz sırasının qəsdən pozulması ), ellipsis ( söz və ya şəkilçilərin ixtisarı );
- şeir, nəsr və dramaturgiya dili: şeir dili müəyyən ahəngə, ölçüyə və bölgüyə malik və qafiyələnən, nəsr müəyyən süjeti olan təhkiyənin (hekayə, povest, roman), dramaturgiya monoloq və dialoqlardan ibarət olan səhnə əsərinin dilidir.
Frazeologizmlər dilin inkişaf tarixinin müəyyən mərhələsində söz birləşmələrinin son kombinasiya formasıdır; iki müxtəlif leksik səviyyədə, mənada olan sözün bir araya gələrək, qətiləşdirilmiş birləşməsidir. Məsələn: dar göz, əli açıq, əli əyri, gözü ac, ürəyi açıq və s.
Sözün bədii funksiyası ən çox bədii təsvir və ifadə vasitələrində-məcazlarda özünü göstərir. Məcazlar obrazlı təsvir vasitələrindən biridir, nominativ deyil. əlavə mənalarda işlənən söz və ifadələrdir, nitq şəraitində subyektiv meyarlarla meydana çıxır. Məcazların əsas növləri aşağıdakılardır: epitet, poetik sözlər, metafor, metonimiya, sinekdoxa, anafora, epifora və s.
Epitet obrazlı bədii təyindir, qrammatik təyindən fərqli olaraq, məcaz növü hesab edilir-danışanın əşyaya, hərəkətə, əlamətə emosional münasibətini bildirir, onların haqqında canlı təsəvvür yaradır. Məsələn:
Bir nəğmə de, bu nəğmədə
Ağ hörüklü bulaqlardan bir içim su ( Məmməd Araz ).
Metafor bir şeyə xas olan əlamət və ya keyfiyyətin başqa bir əşyaya köçürülməsidir. Məsələn: İnsanın ayağı. Masanın ayağı. Stulun ayağı.

Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin